Sevimli oğlum Turanın,
qızım Ayselin istəkli anası Yelena xanımın fani dünyadan vaxtsız köçünə ürəkdən
acıya-acıya sonsuz
təəssüflərimi dilə
gətirir, ruhumdan süzülüb gilələnən
qəmli misraları onun əziz və unudulmaz xatirəsinə ithaf edirəm.
Tanrım
Günahkaram bəlkə, ulu Yaradan?!
Əridirsən istəklimi şam
kimi.
Su tökürsən ocağıma
durmadan,
Yamanca dartırsan gərilən
simi.
Zülmünün yoxuymuş hüdudu-həddi,
Söküb bərbad qoydun sağlam canını.
Dizləri titrəyir, əyilir
qəddi,
Yazıq
şəfa sanır ölüm anını.
Gecə-gündüz qulluğunda dursam da,
Dava-dərman biçarəni bezdirir.
Gülüşdən, şuxluqdan saray qursam da,
Dəhşətli fəlakət özün
sezdirir.
Ana məhəbbəti, ana qayğısı
Oğlumu,
qızımı səfərbər
edir.
Məlhəmdi dərdinə övlad
sayğısı,
Toy görmək arzusu əlindən gedir.
Tanrım,
inayət qıl xəstə bəndənə,
Göstər möcüzəni, şəfa
ver ona.
Duaçıdır hər an Abuzər sənə,
Dirçəliş bəxş eylə gültək solana.
27.08.2024
Sevgilim
Günüm hər gün göy əsgiyə bürünür,
Gözlərimdə aləm zülmət görünür,
Ayım,
ilim dizin-dizin sürünür,
Həyatdan tamarzı gedən
sevgilim,
Ömrümü tarimar edən sevgilim.
"Uf" demədən qoyub getdin sərvəti,
Ev-eşiyi, varı-halı, dövləti,
Qəfil
gözdən düşdü
dünya neməti,
Parlaq çırağımız söndü,
sevgilim,
Dönəlgəmiz yaman döndü, sevgilim.
Oğlum,
qızım yetim qaldı anadan,
Sanki ayrı düşdü göllər sonadan,
Tərs
gətirib bəxtim əzəl, binadan,
Gedişin canımı aldı,
sevgilim,
Məni
yanar oda saldı, sevgilim.
Son qayğın, son sözün
balalar oldu,
"Uşaqlar" deyəndə
gözlərin doldu,
Dodaqlar səyridi, yanaqlar soldu,
Söylədin: "Onları qoru",
sevgilim,
Aydan arı, sudan duru, sevgilim.
Abuzərəm, yoxluğuna yanıram,
Gedən
bir də geri dönməz - qanıram!
Bunu Tanrı imtahanı sanıram,
Dözəcəm bu dərdə inan, sevgilim,
Balalar arxamdır hər an, sevgilim!
28.04.2025
Aman fələk
Aman fələk, nə durmusan qəsdimə,
Dağ üstündən dağlayırsan
sinəmi?
Əl çəkmirsən, hey dəyirsən
şəstimə,
Ağlar
qoydun mən yazığı, yenəmi?!
Gəncliyimdə aldın əldən
yarımı,
Nakam getdi bu dünyadan
sevgilim.
Qismətimdi hər nəsnənin
yarımı,
Kim qarğayıb, tilsimləyib,
nə bilim?!
Qoydun övlad tabutu da çiynimə,
Cavan oğul gömdüm qara torpağa.
Qəm libası geydim daim əynimə,
Qaxaclanıb döndüm quru
yarpağa.
Gecə-gündüz gah ağladım,
gah doldum,
Kərəminə yenə dua oxudum.
Ey süd əmmiş bir gözələ tuş oldum,
Məhəbbətdən təzə xalı toxudum.
Oldum oğul, qız atası, şükr etdim,
Baş endirdim, səcdə qıldım min kərə.
Ömrü boyu şərdən
qaçıb, düz
getdim,
Halal, hümmət toxum səpdim hər yerə.
Əzrayıla qismət etdin gülümü,
Yetmiş
yaşda tənha qoydun bəndəni.
Bir az ləngit mənə gələn ölümü,
Betərindən saxla, Rəbbim,
sən məni.
Qurban olum, nə salmısan
vurhavur,
Abuzər
də, Tanrım, özcə balandı!
Rəhmin
gəlsin, az döyəclə, dayan,
dur,
Fani dünya sonda kimə qalandı?!
15.05.2025
Təskinlik
Qan ağlama, qəmgin könlüm,
Qaçılmazdı, haqdı ölüm,
Omaxşıma için-için,
Nur çöhrəli yarın
üçün.
Qulaq kəsil, bir söz anla,
Öz-özünü azca danla,
Gələn gedər, qayda budur,
Soyuq torpaq bir-bir udur,
Əzraili bekar qoymur,
Hey üyüdür, yenə doymur.
Olacağa yoxdu çarə,
Külə döndü ciyərparə,
Haqq evinə uçub getdi,
Sən yazığı məyus etdi.
Yalvar
min yol bir Allaha,
Geri dönən deyil daha.
***
Sağlığında zövq alardın,
Ünsiyyətdən ucalardın,
Hər şey sənə bal dadardı,
Həyatında ləzzət vardı.
Cənnət imiş aləm
o vaxt,
Viran qaldı qurulu taxt.
Geri dönməz ötən çağlar,
İki gözün hey qan ağlar.
Yarla qoşa keçən illər,
Şəkər sözlər, şirin
dillər,
Hamısı bir nağıl
imiş,
Çərəz, məzə, noğul
imiş...
***
Xatirini saxla əziz,
Ol ruhuna sadiq kəniz.
Xəyalında camalını,
Müdrik,
yetkin kamalını
Qoru bir ərməğan kimi,
Dərd
əhlinə dərman
kimi.
Ürəyində məhəbbəti,
İşvə-nazı, xoş söhbəti,
Ar-namusu,
pak isməti,
Çinar kimi şux qaməti,
Şirin,
mübhəm xatirələr,
Daha nələr, daha nələr...
Bəlkə sənə yardım
ola,
Ovunasan
ala-tala.
Gah ağlayıb, gah güləsən,
Yaddaşını yurd biləsən,
Xatirədən ev qurasan,
Sakitləşib dinc durasan.
Eşq köhlənin səni yıxıb,
Qanad taxıb, yoxa çıxıb,
Tale sənə qurub tələ,
Təskinlik tap, tabla, lələ.
16.05.2025
Çinarım mənim
Nizami yurdunda çoxdu çinarlar,
Fəqət, mənə doğma
tək bir ağac var.
Danışım dərdimi, qoy hamı bilsin,
Kimsə
rəhmə gəlib,
yaşımı silsin...
Məktəb illərində, hər
bahar çağı,
Uşaqlar sevinclə qazıb
torpağı
Gəncə şəhərində ağac əkərdi,
Dibinə
də kəhriz suyu tökərdi.
Biz də sevgilimlə əkdik bir çinar,
Dedik, kölgəsində olluq bəxtiyar.
Qulluğunda durduq hər axşam-səhər,
Bir ilə boy verdi boyumuz qədər.
Bitirdik məktəbi, ayrıldı
yollar,
Kədərlə hicrana sarıldı
qollar.
Tale məni Gəncəmizdən
qopardı,
Dəhmərləyib uzaqlara apardı.
Hardan biləydim ki, mən başıdaşlı
Qalacam ömürlük gözləri
yaşlı?!.
Ayrılıq günündə tutub
əl-ələ,
Fidana baş çəkdik biz xiffət ilə.
Vəfalı olmağı dilə
gətirdik,
Qüssəli görüşü sona yetirdik.
Gözümün yaşını içimə
sıxdım,
Məni
heydən salan yollara çıxdım.
Şeytanmı ağlımı əlimdən
aldı?!
Eşqimlə çinarım Gəncədə
qaldı.
Qulluğunda durdu nazlı nigarım,
Pərvazlanıb çox boy atdı
çinarım.
Hər dönüşdə sevgilimlə
bərabər
Baş çəkərdik ona xürrəm, sərasər.
Məhəbbət bağından güllər
biçərdik,
Ayrılanda vəfa andı
içərdik.
Şahrızlanıb, qanad açıb uçardıq,
Hicranı da sevgi bilib qucardıq.
Üç ilin sonunda bəd xəbər aldım,
Nakam eşqim köçdü,
quruyub qaldım.
Vaxtsız ölüm sevgilimi
apardı,
Can mülkündən ürəyimi
qopardı.
Qəfil
əcəl aldı yarı əlimdən,
Ayrı
düşdüm gülşənimdən,
gülümdən.
Eşq adlı yarımçıq
bir dastan öldü,
Qəlbi
qan içində bir aslan öldü!
Əzrail
ox sancdı köksümə
mənim,
Hopdu varlığıma kədərim,
qəmim.
Deyirlər ki, zaman dərdə dərmandır,
Bu təsəlli, bu təskinlik yalandır.
Şəfa tapmaz, qaysaq bağlar yaralar,
Yar yarası qövr eləyər, yaralar.
Fələk qara yazdı, döndü növrağım,
Əbədi qaraldı yanan çırağım.
Qəlbimə xal saldı sevgimin dağı,
Ömrümə, günümə kəsildi
yağı.
Biryolluq
itirdim o gülyanağı,
Havalandı huşum Məcnun
sayağı.
Ondan nişan qaldı çinar ağacı,
Bir də eşqimizin quru qaxacı.
Pir oldu o gündən çinarım mənə,
Gəlib
səcdə qıldım
ona hər sənə,
Bir gözümdə qüssə,
birində ələm,
Varlığımda kədər, yanağımda nəm.
"Ölənlə ölməzlər",
deyib ərənlər,
Toxtayar kədərə sinə gərənlər.
Həsrətlə qol-boyun ötüşdü
illər,
Ömür bağçasında saraldı güllər.
Qocalmışam, şux qamətim
əyilib,
Deyiləsi sözüm çoxdan
deyilib.
Yuxu bezib məndən, ərşə çəkilib,
Bostanımda alaq, qanqal əkilib.
İllərin yığnağı yükdü belimdə,
Ağ boyanıb qapqaraca telim də.
Dizin heyi, gözün nuru yox olub,
Əzrail
qorxusu canıma dolub.
Qara çuxam yorğunlayıb
yatıbdı,
Deyəsən, köç vaxtı
gəlib çatıbdı.
Hazıram getməyə haqq
məkanına,
Məni
layiq bilsə, kərəm kanına.
Qoşalaşıb əbədiyyət çağında,
Vüsala
çatardıq Cənnət
bağında.
Abuzərin qəmi yoxa çıxardı,
"Oxay" deyib, yarı köksə sıxardı!..
25.05.2025
Abuzər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.10.