Almatıda "Az i Ya"nın
50 illik
yubileyi təntənə ilə qeyd olunub
Tədbirdə
Azərbaycan nümayəndə
heyəti iştirak edib
Mayın 27-də Almatı şəhərində YUNESKO-nun himayəsi altında fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi görkəmli qazax yazıçısı Oljas Süleymenovun "Az i Ya" əsərinin 50 illiyi ilə əlaqədar olaraq "Türk-slavyanşünaslığının doğuluşu" mövzusunda VII beynəlxalq konfrans keçirilib.
Azərbaycan nümayəndə heyətinin
tərkibində
tədbirdə
iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu konfrans barədə təəssüratlarını "Ədəbiyyat qəzeti"nin oxucuları ilə bölüşüb:
"Almatı Xalq Təsərrüfatı İnstitutunun böyük zalında təşkil olunmuş konfransda dünyanın bir
çox ölkələrindən tanınmış
alim, yazıçı
və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə
Azərbaycandan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini
Rafiq Həşimov,
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan,
professor, filologiya elmləri doktoru Telman Vəlixanlı, AMEA Folklor
İnstitutunun
şöbə müdiri,
filologiya elmləri doktoru Ağaverdi Xəlilov və
mən də iştirak edirdik.
Oljas Süleymenov zala daxil
olanda tədbir iştirakçılarının isti reaksiyası, necə deyərlər, sürəkli alqışlar artıq əfsanəyə çevrilmiş
bu böyük qazax
şairinə,
mütəfəkkirinə dərin hörmət və sevginin əlaməti idi.
İlk və əsas paneli Qazaxıstan Jurnalistika Akademiyasının prezidenti Saqımbay Kozıbəyov aparırdı.
Girişdə
Tatarıstan Respublikasının sabiq prezidenti, hal-hazırda dövlət müşaviri
Mintimer
Şaymiyevin məktubu oxundu. Daha sonra Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın, TÜRKSOY-un prezidenti
Sultan Rayevin, Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə müşaviri
Mixail Şvıdkoyun,
görkəmli tacik yazıçısı Timur Zülfüqarovun
video-müraciətləri təqdim
edildi.
Akademik Nizami Cəfərov ilk
panel iclasında geniş
və tədbir iştirakçılarının diqqətinə səbəb
olan məruzə etdi. O bir çox
diqqətçəkən məqamlarla
yanaşı, eyni zamanda bu fikirləri
də dedi: "Az i Ya"da öz
əksini tapmış
elə ideyalar var ki, müəllifin əvvəlki
araşdırmalarının məhsuludur, ancaq elə müddəalar da
var ki, burada - "Az i
Ya"da əsası qoyulur, daha geniş
izahatı isə müəllif sonrakı əsərlərində verir.
Əlbəttə, əlli il bundan
əvvəl olduğu
kimi, bu gün də "Az i Ya"nın müəyyən mülahizələri
ilə mübahisə
etmək olar, ancaq onun hər
cür dialoq-müzakirəyə
açıq olan elmi-intellektual (və metodoloji) "aura"sı
hələ də öz sağlamlığını,
təravətini itirməmişdir.
Və bu, tək müəllifin yox, uğrunda mübarizə apardığı
milli və ümumbəşəri
ideyaların da qələbəsidir..."
Yeri gəlmişkən, həm
akademik Nizami Cəfərovun, həm
professor Telman Vəlixanlının
"Az i Ya" ilə bağlı geniş məqalələri
"Ədəbiyyat qəzeti"ndə
dərc olunmuşdu.
İlk panelin sonunda mən Azərbaycan Yazıçılar Birliyinin
katibliyi adından Oljas Süleymenova birliyin yeni təsis olunmuş və ilk "Məhəmməd Füzuli"
medalını təqdim
etdim. Təqdimat zamanı qısa çıxışımda dedim
ki, biz hamımız "Manas", "Dədə Qorqud" və ya "Beovulf", "Odisseya"
və s. kimi dastanların yubileylərinin
qeyd olunmasına öyrəşmişik. Amma bu
gün biz əfsanəvi,
inqilabi, mahiyyəti və texnikası baxımından çoxqatlı
kitabın yubileyini qeyd edirik. "Az i Ya" bir
növ unikal elmi dastandır. Dedim ki, Oljas Süleymenova biz, eynən,
öz klassiklərimizə
- Anar, Elçin,
İsa Hüseynov, Yusif
və Vaqif Səmədoğlulara bəslədiyimiz
isti münasibəti bəsləyirik. Bakıda,
Azərbaycanda Oljas ağa hörmət və ehtiramlə anılır, sevilir. Onun Azərbaycanın, azərbaycanlıların çətin
anlarındakı dəstəyini
biz unutmuruq.
Azərbaycanın ümummilli lideri,
mərhum Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti,
hörmətli cənab
İlham Əliyev Oljas
Süleymenova həmişə
dərin ehtiramla yanaşıblar. Təqdim
etdiyimiz medal da həmin
hörmətin, sevginin
əlamətidir.
Sonrakı paneldə professor Telman
Vəlixanlı ""Az i Ya"da türk-slavyanşünaslığının
qaynaqları", doktor
Ağaverdi Xəlilov
" "Az i Ya" Avrasiyanın təməl kitabı", Azər Turan "Türk Birliyinin Zəfərini müjdələyən "Az i
Ya"" mövzularında
çıxışlar etdilər,
mən də
""Az i Ya": mütailə zamanı qeydlər" adlı bir çıxış etdim.
Tədbir
zamanı Qazaxıstan
Jurnalistika Akademiyasının
təsis etdiyi "Oljas Süleymenov" medalı "Ən yaxşı publisist" nominasiyası üzrə Xalq yazıçısı
Elmira Axundovaya verildi.
Elmira xanım tədbirdə
iştirak etmirdi deyə, medalı onun adından qəbul etmək mənə qismət oldu. Mən Elmira xanımı təbrik edirəm. Yeri gəlmişkən, Elmira xanım
Qazaxıstan Jurnalistika
Akademiyasının prezidenti
Kozıbayevaya məktub
ünvanlayıb. Həmin
məktubda çox isti, səmimi minnətdarlıq dolu sözlər var. Elmira xanım
yazır ki, türk dünyasının görkəmli
oğlu Oljas Süleymenovla dostluğumdan
qürur duyuram, o mənim "Heydər Əliyev. Şəxsiyyət
və zaman" adlı
çoxcildlik publisistik
epopeya üzərində
işləyərkən həqiqi
müəllimim, məsləhətçim
və himayədarım
olub...
Bir sözlə, "Az i Ya"nın yubileyi və bu yubileyə
həsr olunmuş konfrans çox maraqlıydı, çox yaxşı təşkil olunmuşdu və fikrimcə, çox vacib konfrans idi.
Və maraqlı, vacib məqamlardan biri də nəşr edilmiş və konfrans iştirakçılarına
paylanmış iki
kitab - "Az i Ya"nın
Oljas Süleymenovun əsərin üzləşdiyi
çətinliklərdən bəhs edən Ön sözüylə
yeni nəşri, bir də kitab ətrafındakı
təqib və repressiv addımların xronologiyasından müfəssəl
bəhs edən sənədlər toplusu -
"Bəxtsiz təyinatlı
sənədlər" kitabıydı.
Mən Oljas Süleymenovun köməkçisi və
Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq
Mərkəzinin xarici
əlaqələr və
elmi məsələlər
üzrə direktor müavini cənab İqor Krupkoya, mərkəzin bizi səfər boyu müşayiət edən
nümayəndəsi Səltənət
xanıma göstərilən
yüksək diqqətə
və qonaqpərvərliyə
görə təşəkkür
edirəm.
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.13.