Dalğalı düşüncələr
komutanının idrak tankeri
Yusif NƏĞMƏKAR-70
Yusif Nəğməkarın indiyə kimi 20-dən artıq kitabı nəşr olunub. Və görkəmli şair "Qılınc və qələm", R.Rza, M.Müşfiq və Ş.Əkbərzadə adına mükafatlar laureatıdır. 2015-ci ildə tarixi Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala - Türkə qala" poeması ilə müsabiqə qalibi olub, həmin vaxt "Azərbaycan Bayrağı" media mükafatına layiq görülüb, "İlin şairi" adını alıb. Y.Nəğməkarın, ümumən ədəbiyyatımızda təzə görünən çoxlu sayda poetik axtarışlarının məhsulu olan tapıntıları, dünyəvi siqlətə, bəşəri duyğulara malik əsərləri toplanmış şeir kitabları geniş ictimai maraq doğurmuş, nüfuzlu ədəbiyyatşünas alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Onun poeziyaya gəlişi 1977-ci ildə "Ədəbiyyat və İncəsənət" qəzetinin 30 aprel tarixli sayında böyük novator şair Rəsul Rzanın "Təsadüf" adlı "Uğurlu yol"u ilə çap olunmuş "Oyuncaq mağazası" və "Ləpələr" şeirlərindən başlanmışdır. Sözə qısqanc R.Rza hər yazar haqqında "istedadlı" sözünü işlətməzdi. Yeri gəlmişkən, qeyd edək ki, R.Rzadan sonra Y.Nəğməkarın yaradıcılığı bizim digər filosof şairimizin - xalq şairi, akademik B.Vahabzadənin diqqətini cəlb edir. Bəxtiyar müəllim Y.Nəğməkarla Beyləqan şəhərinə səfər təəssüratı əsasında "Dünən, bu gün və sabah" şeirini yazır və onu "gənc şair qardaşım" deyə Y.Nəğməkara ithaf edir.
Zəngin yaradıcılıq yolu keçmiş Y.Nəğməkarın birinci kitabı "Sazın işığında" adlanır. Bu kitabda onun saza, sözə vurğunluğu ifadə olunur. İkinci kitabı - "Bilsəydim ayrılıqdır" isə R.Rza "üslub"unda "Vətən" şeiri ilə açılır.
Və böyük şairə həsr etdiyi "Rənglər" şeiri, "Dünya gecələyən yer" düşündürücü yazılardır. B.Vahabzadənin təhlil və təqdir etdiyi "Qanun" və "Nizami" şeirləri də bu kitabda yer alır.
1984-cü ildə yazdığı "Mənim təxəllüsüm" şair haqqında aydın təsəvvür yaradır:
Mənim bir əlimdə sivri qələmim,
Birində nəğməsi ulu sazım var.
Mənim bu aləmdə özgə aləmim,
Bu yazın içində başqa yazım var.
***
"Nəğməkar" sözünü təxəllüs etmək
Özümdən müştəbeh olmağım deyil.
Ünvanı bəllidir karsız köməyin,
Sözlə sürünənə söz qənim olsun...
Qaynayan çeşməyə bulaq deməyin
Varsa qəbahəti, qoy mənim olsun.
Ailə-məişət mövzusunda yazdığı "Bu evə oğul gərək" şeiri müəllifi zərif duyğular şairi kimi dəyərləndirməyə imkan verir. Kitabda anasının vəfatı ilə bağlı hər kəsi dərdli göz yaşlarına qərq edən "Gizlədin anamın paltarlarını", təbiətlə bağlı "Göy Göl lövhələri", "Dağlar" şeirləri vardır. Kitabın "Səndən özgəsini sevə bilmirəm" bölməsində lirik məhəbbət şeirləri yer alır:
Ağ kağızım oldu açılan səhər,
Ona göz yaşımla adını yazdım.
Eşqimlə bacara bilsəydim əgər,
Heç səni bu qədər arzulamazdım.
Sonra "Sevgilim", "Hey baxaram yollarına", "Hicrana dözmək olmaz" nəğmələri də könül oxşayandır. "Sibir duyğuları" silsiləsindən "Elə gülmə", "Tayqa gözəlinə" şeirləri ürəyəyatandır.
"Alın yazım" kitabı 2004-cü ildə çap olunub. Kitab xalq şairi B.Vahabzadənin Y.Nəğməkar haqqında "Sənətində şəxsiyyətini, şəxsiyyətində sənətini yaşadan şair" və "Mənim çox sevdiyim şair Yusif Nəğməkar haqqında söz" yazıları ilə açılır. Sonra müəllifin "Ön söz" yerinə yeni kəşf etdiyi "Ön ün" önləməsi gəlir. Kitab altı bölmədən və üç poemadan ibarətdir, 527 səhifədir. Bütün bölmələrdəki şeirlər mənalı, məzmunludur. "Yönü günəşə" adlı şeiri şairin doğulub boya-başa çatdığı Aşıqlı kəndinə həsr olunub. Arxasınca gələn "Bir körpə böyüdü" şeiri isə şairin körpəlik, uşaqlıq və yeniyetməlik çağını əks etdirir.
"Mənim millətimi hifz elə, Allah!..."
bölməsində o vaxt
hələ həllini
gözləyən Qarabağ
problemindən bəhs
olunur. Şair "Ulu
Tanrım, eşit mənim səsimi",
"Mənim millətimi
hifz elə, Allah!.." - deyə vəcdə gəlir.
"Atlar yəhərlənsin
gərək!" hayqıraraq
xalqımızı ayağa
qalxmağa, torpaqlarımızı
yağı düşmənlərdən
azad etməyə səsləyir. Haqqında
ustad şairimiz B.Vahabzadənin də yazdığı məşhur "Xor" şeiri də buradadır:
Səs qanadlı gerçəkdi,
Sükut
şirin bir yuxusa...
Amma nəğmələr içində
Xordan gözəl nəğmə
yoxdur,
Xalq oxusa...
"Sən şeir yazmağı tərgit, Füzuli!" şeirində
istedadsızların poeziyamızı
korladıqlarını, xalqa
xeyri olan bir iş görmək
əvəzinə, misradüzərliklə
vaxt keçirmək öz yerində, böyük ədəbiyyatın
klassik meyarlarına məhəl qoymadan zövqləri korlayanları
ittiham edir:
Ruhuma qış gəlib, xəbər yox yazdan,
İraq Bəxtiyardan, Məmməd
Arazdan,
Çoxları qələmi atar
bir azdan.
Sən şeir yazmağı tərgit, Füzuli!
"Ürəyim dərd dəyirmanı" bölməsində
"Gözəllik müsabiqəsi"
şeiri diqqət çəkir:
Allah bəndəsinə qiymət
yazılır,
Tanrı
yazısını pozmaq
üçünmü?!
Və yaxud;
Kim deyə bilər ki, kimdir ən gözəl?!
Gözəllər hər biri gözəldən gözəl!..
Əlbəttə, bütün dünyada
geniş yayılmış
ənənəyə bu
bir şair münasibətidir ki, hər
halda poetik məna-məzmundan məhrum
deyil.
"Yanıq Kərəmiyə
oynama" şeiri toy
şənliklərimizdə "Yanıq Kərəm" havasına oynayanlara kökü dərinlərdən
gələn elə etirazdır ki, zəngin mənəvi, ideya-estetik dəyərlərə əsaslanır.
Hicran köhləninin yatıb yalına,
Ziyadxan oğlunun ağla halına,
Oyna bu dünyanın qeylü-qalına,
"Yanıq Kərəmi"yə
oynama, qardaş!
Təbiəti sevən, onun qayğısına qalan şair "Gözəllik
- həyat" şeirində
yazır:
Bu yaşıl meşələr,
yaşlı meşələr
Ana təbiətin ağ ciyəridir...
Və yaxud
Gözəllik əridər min ahımızı,
Təbiət özünü bağışlar
bizə.
"Anasız ağılar"
silsiləsindən kitabda
"Yuxuma gəl, ay
Ana", "Anamdan yadigar
oxlov", "Bacım
Adiləyə", "Anasız
köçən gəlin"
kimi çox təsirli şeirlər yer alır:
Adın
nübardır, Ana,
Könlüm qübardır, Ana.
Sənə layla çalmaqdan
Dilim qabardır, Ana!..
Və yaxud
Ağımsan, bayatımsan,
Boyumda
boy atmısan,
Yuxumda həyatımsan,
Yuxuma gəl, ay Ana!
"Qərənfil yaddaşımız"
bölməsində çox
təsirli "Səsin
yurdu" şeirinə
diqqət edək:
Təkcə
Qarabağlı körpələrin
çiyələk dodaqlarından
qopan səsini
çıxarın yadların qənşərinə.
Dözsə, o səs dözəcək
Namərd
həmləsinin şərinə...
Və yaxud:
Səs
ki var,
Gülləbatmazdı.
Elə səs
bütün fəsilləri
dalğalarında çiçəkləndirmiş
gülüzlü yazdı.
"Öpərdim gözlərindən"
bölməsində lirik
məhəbbət şeirləri
yer alır. "Kişilər aldanır göz yaşlarına",
"Səndən özgəsini
sevə bilmirəm",
"Qızlar, aldatmayın
oğlanları siz",
"Qızların ürəyi
çiçəkləyəcək",
"Sənin gözəlliyin
nəyimə gərək?!",
"Azərbaycan gözəlləri"
və bu cür maraq doğuran şeirlər.
Y.Nəğməkar poema ustasıdır - xalq şairi R.Rzaya həsr olunmuş "Sizli", xalq artisti N.Musayevə həsr olunmuş
"Ah-Naz-"Şahnaz", 1990-cı il
20 Yanvar qırğınına
həsr olunmuş
"Şər Şənbə"
poemaları buna misaldır.
2007-ci ildə qələmə aldığı elat, tərəkəmə dünyasından
bəhs edən "Zal ağacı" poemasını şair Cəbrayıl rayonu, Xələfli kəndindən
didərgin düşən
Zalov Zal Əziz oğluna və onun timsalında
Qarabağdan - doğma
yurd-yuvasından zorla çıxarılan soydaşlarımıza
həsr edibdir. Poema önləmə ilə başlayır.
"Aran-Dağ", "Çöl
süfrəsi", "Sel",
"Basqı", "Ağac
davası", "Vətən
yaralı qaldı",
"Hikmət çırağı",
"Xələfli - Dünya"
bölmələrindən ibarətdir
və son ünlə sonlanır. Bu əsər tərəkəmə həyatı
ilə bağlı nümunəvi bir əsərdir - yüksək
poetik bir dillə yazılıbdır.
Şair səfalı,
vəfalı dağlarımızdan
ayrı düşən
soydaşlarımızın kədərini, qəmini, nisgilini orijinal bir üsulla öz qəlbinin süzgəcindən keçirərək
canlandırır, xalqımızın
dərdini dağlara söyləyir:
Ey qınaqçı, qəlbi
dağlar,
Harayınız qəlbi, dağlar.
Ağlar
dərə, kaha-ağlar
-
Gözlər, sizə əlim
çatmır.
Bəyaz
çən - döşə
yorğanlar,
Quzey buz - şüşə yorğanlar,
Sel yuyan yanaq yarğanlar
-
Üzlər, sizə əlim
çatmır.
"Altımışıncı yuxu"
kitabı 2015-ci ildə
çap olunub - şairin 60 illik yubileyi ərəfəsində.
Kitaba müxtəlif illərdə yazdığı
şeirlər və
"Çanaqqala - Türkə
qala" poeması daxildir. "Su, yuxunu mənə danış...", "Səs
xoşbəxti" şeirləri
əsl poeziya nümunələridir. Birinci
şeirin bəndlərindən
birində deyilir:
Çapar qəm, beli bükülü
Çəp yəhərdə düz
durmaqdan.
Üzümün suyu tökülüb
Göz yaşıma üz vurmaqdan.
İkinci
şeirdə isə şair qəlbinin, duyğularının həssaslığı,
zərifliyi "səslənir:"
İç səsimlə səslədiyim,
İç səsimin titrəyişi
-
Kəc əsimlə süslədiyim,
Səsin
gəldi qulağıma...
"Çanaqqala - Türkə
qala" poeması tarixi Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə keçirilən
ədəbi müsabiqənin
qalibi olmuşdur. Əsərin "Egey"
bölməsi qeyri-adi
bir dillə yazıldığına, Çanaqqala
(və Türkiyə)
tarixinin qanlı olduğu qədər də şərəfli məqamlarını xatırlatdığına
görə oxucunu tərpətməyə bilməz:
Su keçirdin dar boğazdan,
Keçməz namus, ar boğazdan.
Can çəkəndə car boğazdan
Baxma acı ögey-ögey,
Egey, Egey!
Yaxud:
Bəd minnət bel alığındır.
Qeylü-qal - səf qalığındır
Tavamdakı balığımdır -
Sümüyü boğazımda, hey! -
Egey, Egey!
"Nizami demiş..." kitabı eyniadlı lirik poemadır. Əsər böyük könül açıqlığı
ilə qələmə
alınıb. Millilik,
elmilik, ziyalılıq,
vətənpərvərlik və müasirlik ştrixləri ilə zəngindir:
Həmin
milliliyin, elmiliyin, ziyalılığın... klassiki
isə, heç şübhəsiz, Aşıq
Ələsgər idi.
Və yeni dövrün
dahi xalq sənətkarına həsr
etdiyi "Ələsgər
zirvəsi" poema-dastanı
Ələsgərşünaslığın
dəyərli işlərindən
biridir.
Y.Nəğməkar klassik şairlərimizin yolunu ləyaqətlə davam etdirərək bir-birindən
ötə əsərlər
yazmaqdadır. Onun son illərdə qələmə
aldığı şeirlərindən
birində deyilir:
Göl
Allah səbridir.
Göl sükutu an kimidir,
Susqun qeyzə gəlməyi var.
Taleyi insan kimidir -
Doğulmağı, ölməyi var...
Hayqırıb köpürməz hədər,
Nəfsini çökdürər gilə.
Fövqəl təlatümə qədər
Göl
Allah səbridir elə...
Poeziya Nəğməkarı növbəti
şərqisini susqunluğu,
öz sirrinə yorğanlığı, ləpə-ləpə
həzin ötməyi,
üstündən ötən
illərə tələsməzlik
şərti kəsməyi
ilə özünə
bənzəyən gölü
güllük, çölü
göllük, səssiz
səsi bölük-bölük,
dərdi sükutundan oxunan, nəğməsi neyin, udun sədası
kimi əriyən göllərə həsr etmişdir. Bu şərqini
yazan, bəstələyən
şairə göl gözəlliyi, su ömrü arzulayırıq.
Y.Nəğməkarın bir xeyli sayda əsərləri
var ki, bəstəkarlarımız onlara musiqilər yazmış, müğənni
və xanəndələrimiz
tərəfindən ifa
olunaraq qəlbləri
fəth etmişdir. Musiqi ilə nəfəs alan şair gözəl səs sənətçilərinə
də şeirlər həsr etmişdir. Hamımızın sevimlisi,
xalq artisti, ustad xanəndə mərhum Yaqub Məmmədovun "Mənsuriyyə"sini
dinləyərkən yazdığı
"Mənsuriyyə" şeirini
yada salaq:
Bu nə səsdir,
Nə həvəsdir,
Səsimi
əsir edən
Səs qəfəsdir,
Yaqub Əmi?!
Mat qoyub susdurmusan
Ecazınla aləmi.
Yandırıb dondurmusan
Qəlbimin əmanəti -
Əlimdəki qələmi...
"Mənsur" sözü ərəbcədən tərcümədə
"Qalib", "Zəfər
çalan" deməkdir.
Sufi şair Mənsur Həllac Səkr halında, yəni ruhunu və nəfsini təmizləməklə
Allahın böyüklüyünü
dərk etmək üçün Məkkədə
təvaf edərmiş,
yəni zikr və dua edə-edə Kəbəni 7 dəfə
fırlanarmış. Yaqub
əminin Habil Kamanın qeyri-adi müşayiəti ilə
oxuduğu "Mənsuriyyə"si
də, bax, beləcə dinləyicilərin
qəlbini ovsunlayır,
onları mənən
saflaşdırır, xoşbəxt
edir. Klassik təbirlə desək, şair Y.Nəğməkar
"Mənsuriyyə"ni yazmaqla çox çətin bir poeziya sınağına girib və sınaqdan
qalibiyyətlə, zəfərlə
çıxıbdır.
Yusifin bir şeiri də var. Və mən əziz qardaşım haqqındakı
növbəti yazımı
həmin şeirin son misraları ilə bitirmək istəyirəm:
Ey gəmili - gəmisiz sular,
Dumduru aydınlığında
Dəmadəm yoğur məni...
Bir tərəfdə "dayaz
fikirlərin
bulanıq sularında naviqatorsuz batan
gəmilər -
öz bəxtinə lövbər
salıb
yatan gəmilər -
xilassız,
əlacsız,
gəmilər"...
Bir tərəfdə "Dalğalı
düşüncələr komutanının
idrak tankeri"...
Başdan-başa bədii təsir və ifadə vasitələrilə süslənmiş düşündürücü, həm də nəğmə kimi səslənən qiymətli poeziya nümunəsi... Bir tərəfdə Səməd Vurğun, bir tərəfdə Rəsul Rza məktəbi... Və bu məktəblərin hər ikisinin təhsilini layiqincə almış Yusif Nəğməkar...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.16-17.