“Endirmə baş faniyə”
Yazıçılarımızın yaradıcılığına ümumi nəzər saldıqda görürük ki, onların bir
çoxunun ilk qələm təcrübəsi poeziya ilə
bağlı olmuşdur. Bəziləri hətta professional
şair kimi fəaliyyət göstərmiş, müəyyən
müddətdən sonra isə poeziyadan nəsrə keçid
etmişlər. Belə şair-yazıçılardan biri də
Zahid Sarıtorpaqdır. Bu baxımdan Zahid
Sarıtorpağın yaradıcılığını iki mərhələdə
müəyyənləşdirmək olar. Birinci mərhələ
onun şairlik fəaliyyəti ilə bağlı olmuş,
oxucu və ədəbi cameə onu məhz şair kimi
tanımışdır. Təsadüfi deyil ki, Zahid
Sarıtorpağın ilk kitabları da
“Üfürülmüş çırağın ruhu” və
“Tək işığın haləsi” adlı şeir
kitabları olmuşdur.
Zahid Sarıtorpağın poetik
mətnləri böyük əksəriyyətlə
sərbəst şeirlər olub dini-ürfani, neotəsəvvüfi
məzmun daşıyır. Onun bu qəbildən olan şeirlərində
təsəvvüfə qayıdış şairin üslubunda
özünəməxsus şəkildə ortaya
çıxır. Məcazlarla əhatələnən bu
şeirlər müəllifin fəlsəfi-poetik
düşüncəsinin məhsuludur. “Bütün
çırpıntıların Səs, Zaman, Məkan
üçbucağında Sözə çevrilməsi
şeirə baxışımı zaman-zaman dəyişir. Səsin
Sahibi məlum, Zamanın Sahibi məlum, Məkanın Sahibi məlum,
Sözün Yiyəsi isə Odur. Bəs, onda biz kimik? Odur ki, hərdən
biz yazarların kimin daş-qaşı ilə “beşdaş”
oynadığımızı düşünəndə az
qalır alnıma soyuq tər gələ...” – Zahid
Sarıtorpağın poeziyasında, əsasən, bu ruhu, bu
idraka canatmanı görürük. “Hər şey Sözdən
başlayır – qulu olduğumuz, əsiri olduğumuz, gündə
neçə yol Cəllad Kötüyü önünə gətirilirmiş
kimi qolları bağlı önünə gətirildiyimiz, diz
çöküb fərmanını dinlədiyimiz Sözdən.
Sözün Yiyəsi Odur!”, – deyən şairin şeirlərində
Söz kəlam, sirrli aləm, “könül adlı məbədlərin
qərib zəvvarı”, əvvəl və axır, tale və
alın yazısıdır...
Zahid Sarıtorpağın poeziyasında
bədii təsvir və ifadə vasitələrindən
geniş şəkildə istifadə olunur ki, bu da mətnin bədii-estetik
məziyyətlərinin artırılması, fikrin fərqli məna
çalarlarında, yaxud daha qabarıq, obrazlı və ya emosional-ekspressiv
ifadəsi baxımından maraq doğurur. Bunların içərisində
ən çox diqqəti çəkən isə
simvollardır. Zahid Sarıtorpağın şeirlərinin
poetik qəlibində təsəvvüf simvolikasına
geniş yer verilmişdir. Məsələn,“göy teştin
içində Gün yaşıl kəcavədə Gül”
misrası təsəvvüfdə İslam peyğəmbərini
simvolizə edən sözdən istifadə ilə
düzülüb-qoşulmuşdur. Rəmzi-məcazi ifadə
tərzi və müvafiq rənglərin uyumluluğunun
yaratdığı bədii-estetik görüntü də,
burada, ayrıca qeyd olunmalıdır.
Bəzən bu qəbildən
olan sözlər eyni mətn, hətta eyni
misra daxilində həm simvolik, həm də leksik-lüğəvi
məna içəriləyərək struktur-semantik
baxımdan maraqlı və mürəkkəb mənzərə
ortaya çıxarır: “canım qurtulmaz bu qafil
tünlüyündən // bütün qafillərin qəflətini
yaşayıram minacatımda” – dünyadakı qafillikdən, Həqiqətdən
uzaqlığın qəflətindən ruhən
yorulan,“bütün yazılanların yozulanlarını
yaşayıram minacatımda”, –deyərək alın
yazısından qaçmağın
mümkünsüzlüyünü ifadə edən şair
bütün müşküllərin çarəsi olan
Tanrıdan kömək istəyir – “bütün qafillərin
qıfıllarını açsın Tanrı”. Səs oyunu və
alliterasiyanın da müşahidə edildiyi bu nümunədə
“qafil” və “qəflət” sözləri kontekstə və
müəllif yanaşmasına uyğun olaraq məhz təsəvvüfi
və leksik-lüğəvi məzmun içəriləyir.
Dünyaya uyanların qafilliyidir
qəflət həm də burada, oysa ki,
maddi olan nə varsa fanidir və açılması
mümkünsüz olan ömür cığırının
torpaqda düşmüş son düyünündə
ilişib qalır.
Zahid Sarıtorpaq şeirlərində
ruhunun təpəri Eşq olan Aşiq
obrazına geniş yer verir, Məhəmməd Füzulini
xatırlayaraq bu böyük təsəvvüf şairini “Dədə
Aşiq” deyə təqdim edir. Onun maraqlı məcazlar
yaratdığı “budur saz dinir // kiprikdən
süzülüb qırılmaqda olan // bir damla göz
yaşının // heykəlinə oxşayan saz //
qanadları kəsilmiş qu quşu kimi // ustadların sinəsində
// çırpına-çırpına yaşayan saz // nolsun
balam // qafil oyanmır oyanmır” misraları assosiativ olaraq
İlahi vergili haqq aşiqlərini, badəli
aşıqları göz önünə gətirir.
Ümumiyyətlə, Zahid Sarıtorpağın lirik qəhrəmanı
dünyanın faniliyini dərk edən, olumla ölüm
arasındakı zaman məsafəsində Batildən Baqiyə
doğru səyyah olan Aşiq misali Yolçudur sanki. Bunu bir
çox hallarda “səfərim haradı bir Allah bilir // gedirəm
içimdə iman nəşəsi”, – deyən şairin lirik
“mən”i kimi də qəbul etmək olar. Onun özünətəlqin
və içindəki “mən”i ilə konuşma ruhunda qələmə
aldığı aşağıdakı nümunə də bu
baxımdan maraq doğurur:“nəyin dərdini çəkirsən
// alnına küləklərdə sınmaq
yazılmış // bir budaq misali qardaşım // sən
İnsan kimi – Şair // Şair kimi – göz
yaşlarını tanımış bir Aşiq // Aşiq kimi
– Ruhani // Ruhani kimi – “Siratəl-müstəqim”sən... //
sıxma yumruğunu heç yerdə // əlindən qələm
düşər // sıxma kipriyini heç yerdə... //
gözündən qaraca gilən düşər // endirmə
baş faniyə // başından bəlan düşər // nəyin
dərdini çəkirsən // məni içimin
küncünə sıxan qardaşım // içinə naləm
düşər // sıxma yumruğunu...”
Zahid Sarıtorpağın şeirlərində
həm varlığı, həyatı,
Ruhani aləmi dərk etmək cəhdini, həm də bunun
mümkünsüzlüyünün ifadəsini
görürük. Çünki “torpaq altındakı
ölü kimi // hər şey // bir daş altda // bir daş
üstdədi”. Bəlkə elə daha çox bu amillərdən
dolayıdır ki,onun poeziyasında yaşam və
ölümlə bağlı düşüncələr
qabarıq şəkildə müşahidə olunur – fanilik
içində batil, aldanış və bir çürük
kəndir kimi etibarsız olan yaşam və haqq olan ölümlə
bağlı: “itlər gecə uzunu // yüyürə-yüyürə
// ulduz axan tərəfə hürüşürlər // bir
qoca alının qırışlarından // soyuq tər //
sonuncu yazını yuyur // batan hıçqırtı dardan
qurtularaq // sakit bir ağıdan tutub dikəlir // hər
şeydən xəbərsiz // qaranlıqlardan yolçu gəlir
// ithürən tərəfə”. Canlı vizual təsvir
effekti yaradan bu kiçik şeir qeyri-ixtiyari olaraq insanın
birbaşa ruh halına təsir edir. Xalq təfəkkürünün
formalaşdırdığı inancdan və folklor mətnindən
gələn məqamdan yüksək sənətkarlıq və
həssas yanaşma ilə yararlanma, kontekstlə uzlaşan
yozum və mənalandırma burada, xüsusilə, diqqəti
çəkir. Bəzən yaşamla ölüm
arasındakı sərhəddin harada başlayıb harada
bitdiyi, harada kəsişdiyi düşüncələrilə
ritorik suallar verən şairin lirik qəhrəmanı “dirilərin
umuduna // ölülərin tabutuna” daş yağan bu ədalətsiz
dünyanı, acımasız həyatı deyil,“hər
ömrün sonunda // göydən bir ölüm
düşür // yüyürməyin üstümə”, –
deyib onsuz da gec-tez gələcək olan ölümü
seçir. “ruh bir eşqin sürgünündə ələmlərin
rəqsində // göylər suların təcəllasında
qəribliyin rəqsində // can fələyin aynasında nur
şəklində oynayır // yarpaq külək
dodağında vida rəqsində xoşbəxt... // qoşa rəqs
eləyər Olumla Ölüm // sağdışla
soldış kimi // Olum Ölümün rəqsində
xoşbəxt // Ölüm Olumun” – ədəbiyyatın
klassik mövzusuna özünəməxsus yanaşma sərgiləyən
bu nümunədə isə olum-ölüm
qarşılaşdırılmasını deyil, hərfi mənadab
və funksional mahiyyət etibarilə bir-birinin əksi olan bu məfhumların
bir arada, yanaşı təsvirini görürük. “bir
uçuq divardan // bir sınıq qapıdan başqa //
ölümlə nə durur aramızda”,– deyən şair bu
olumlu-ölümlü dünyada hər an yıxıla biləcək
o divarın və o qapının arxasında dayanıb anı
gözləyən ölümü yalnız bir son kimi deyil, həmçinin,
bir başlanğıc kimi alır. Çünki maddi
dünyada kiminin ovcunda gül ləçəyi, kiminin ovcunda
gül tikanı bir ayin kimi bitən cismani ömrün sonu
İlahi aləmdəki ruhani ömrün
başlanğıcı, ruhun azad olub göylər aləminə
uçması, Aşiqlərin həsrət acısından
xilas olub Eşqə yetməsidir həm də və ən əsası.
Zahid Sarıtorpağın şeirləri
böyük əksəriyyətlə
yozum və mənalandırma tələb edən şeirlərdir.
Burada, demək olar ki, durğu işarələrindən
istifadə olunmur, bütün misralar əvvəldən
axıra qədər kiçik hərflərlə
başlayır, yalnız sakral məzmun kəsb edən, təsəvvüf
simvolikasından gələn və xüsusi semantik tutumda
işlədilən sözlər, rəmzi-məcazi ifadələr...
mətn içərisindəki yerindən asılı olmayaraq
istisnalıq təşkil edir: “bir Ağ Yaylığın
üstdə // bir sıxma Yurd Torpağı // o
torpağın üstündə // bir Göyərçin
ölüsü // o Göyərçin ölüsünün
// bir qanadı ucunda paslı bir qıfıl // bir qanadı
ucunda bir gülöyşə Nar // bu mənim Sirrim // Taleyim
// Dərgahlara daşımağa // bundan başqa nəyim
var”. Sözügedən kontekstdə səciyyəvi olan bu
kiçik mətn azadlığa hesablanmış
çeşidli aspektlərdə yozum və mənalandırma
içəriləyir. Yeri gəlmişkən, onu da qeyd edək
ki, azadlıq məfhumu Zahid Sarıtorpağın şeirlərində
daha çox ruhi-mənəvi və təsəvvüfi məzmunda
alınır, bəzi şeirlərində isə, eyni zamanda,
vətənin və millətin azadlığı anlamında
təqdim olunur:
Azadlıq
– yalnız o
yalnız
və yalnız o
covhərləri dəyişər çalarları
duruldar
hilalı
hilal yerinə qoyar ulduzu ulduz yerinə
günbəzlərində könül məbədlərimizin
Onun
milli-tarixi səciyyəsi, bir sıra ayrıntılarla fərqlənən
poetik-üslubi mənzərəsi, mövzuya mifoloji və
tarixi yanaşmanın birgə təzahürü ilə diqqəti
çəkən “Çərxi-fələyin burula-burula
keçən ruzgarları”nda gözümüz önündə
əski zamanlar, geniş ərazidə yurd salmış
türk ulusunun mifləşmiş, dastanlaşmış tarixi
keçmişi canlanır, etno yaddaşdan “içimizin
bozqırlar”ı, “altaylar”ı, “turanlar”ı, “təbrizlər”i,
“ağrılar”ı, “dərbəndlər”i,
“xocalılar”ı... boy verir, Tanrının iradəsilə
açılacaq sabahın haqq yolumuzu aydınladacağına
inam hissi ifadə olunur:
bir bax
ruhunun sibirlərində əski bir hayqırtısı varmı yenə
altayların
buynuzlarının dibi mamırlı
sığınları gəlirmi dan
üzü
Ay doğduğunda qoca şamanlar ruhlara düyün
düşmüş kölgələrini
dua oxuya-oxuya çözürlərmi
tuvalarda
birinci köçün qabağınca
yürüyən qurdun
sonuncu köçün arxasınca
ulayan qurddan
xəbəri oldumu ulusun ilk
ölüsünə kəfən biçiləndə...
içinin turanlarında ala-taulardan
ağrılara
dərbəndlərdən egelərəcən
göylər burula-burula
bir nizamsızlıq içrə
çökdürdümü qıy vuran müştaqların
ruzgarlarını...
bir bax içinin xocalılarında
güllələnmiş qocanın açıla qalmış
dinclik dolu gözlərinə
baxarkən
çapa-çapa gəldiyin burula-burula
göyün ürəyinə
qayıtmadımı...
bir dur sabahların o üzündə
o bizik yəqin qayıdırıq öz yerimizə
şahlıq məqamındakı qul kimi
əlimizdə qırılmış zəncirlərimiz burula-burula...
Zahid
Sarıtorpağın poeziyasında, az sayda da olsa, müvafiq
qafiyə sistemi, ölçü, misradaxili bölgü və
ahəngdarlığın gözlənilməsilə qurulan
heca vəznli şeirlərə də rast gəlinir. Bəlkə
də, bu, öz-özlüyündə şairin “sərbəst
şeirdə doğulan // gec-tez ölür bayatıda”qənaətinin
təzahürü kimi ortaya çıxır. Onun bədii məziyyətlərilə
seçilən “şikəst qumru... körpə uşaq...
boş cığır...// eşidən yox istəyirsənlap
çığır... // üz qibləyə məni yerə
mən yıxır...// burax məni mən qurbanı mən kəsim...”,
yaxud “çəkilir sözün tətiyi // dərd
ölü düşür varağa// ömrün son nöqtəsi
deyil // vergülü düşür varağa...// hər
şey çökür çökür çökür
// çökməyən nə var min şükür // fələkdəmi
zülüm çəkir – // mürgülü
düşür varağa// əl götürür bu cür məndən
// hər şey hər şey köçür məndən
// o boyda yaz keçir məndən // bir gülü
düşür varağa” kimi maraqlı lirik mətnləri bu
qəbildən olub heca vəzninin poetexniki tələbləri əsasında
biçimlənmişdir.
Zahid Sarıtorpağın poetik
mətnləri müəllifin özünəməxsus
bədii təxəyyül, düşüncə və həssas
müşahidə bacarığının məhsuludur. Bəzən
insanın fərqinə varmadığı məqamlar
şairin təqdimatında özünün o qədər
içdən və təsirli ifadəsini tapır ki... –
“balıqların ölüm ayağında belə gözləri
qırpılmır // və girdə gözlərində
heç zaman yaş görünməz onların”, yaxud, “deyirlər
// atlar ömürləri boyu // bir dəfə də olsun dərdli
gözlərini qaldırıb // göy üzünə
baxmırlar // amma ölümqabağı // uzun-uzadı
baxırlar mavi dərinliklərə // baxırlar torpağa
çökənəcən” – nümunələrində
olduğu kimi.
Zahid Sarıtorpağın yaradıcılığını
səciyyələndirən əsas cəhətlərdən
biri də müəllifin düşündürmək məharətidir.
Şair həyatın sadə, məsum və məhrəm
gerçəkliyinin adi poetik ifadəsində də oxucunu sual
qarşısında qoyub düşündürməyə
müvəffəq ola bilir: “yer üzündə //
ömürlərində ilk dəfə gül rəsmi
cızmaq istəyən // yüz cocuqdan doxsan doqquzu // hökmən
çobanyastığına oxşar bir şey cızır //
bir-birindən xəbərsiz // amma tək bircəsi // bax o
bircəsi // bax o // soruşma cavabı ayrıdır
çünki deyər”. Burada forma məzmuna tabedir, başqa
sözlə desək, şair üçün önəmli
olan forma, qəlib deyil, məzmundur. Təsadüfi deyil ki,
nümunə misraları bəlləndirən bölgü
işarələri qoyulmadan yazıldıqda və müvafiq bədii
intonasiyaya riayət olunmadan söylənildikdə sanki nəsr
nümunəsi təsiri bağışlayır. Ümumi mənzərədən
də göründüyü kimi, Zahid Sarıtorpağın
poeziyasının başlıca xüsusiyyətlərindən
biri də şeirlərinin böyük əksəriyyətlə
daha çox yayqın olan ənənəvi şeir
texnikasından fərqli biçimlənməsidir.
Gördüyümüz kimi, Zahid Sarıtorpağın şeirlərində daha
çox gərdişi-dövrandan narazı (“gətir bir saz
havasına qıraq gərdişin simini... // görək təzədən
necə başlayır kərəmilər şikəstələr”),
haqqı arayan (“neynək // haqq da bir dərviş babadır
eşq kimi // bir gün də yolunu bizdən salar”), idraka
varmağa çalışan, fanidə qərib, yorğun və
məhbus ruhu qurtuluş və azadlığa can atan... lirik qəhrəmanı
görürük. Ruhi-mənəvi azadlıq – “mən
heç vaxt // göy üzündə uçan quşlara həsəd
aparmadım – // düşündüm// onsuz da bir gün ruhum
onlardan ucalarda uçacaq”, – deyən şairin lirik qəhrəmanı
və poetik “mən”i üçün, demək olar ki, əsas
kriteriyadır!
Aynur XƏLİLOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.18-19.