Keçmişə aid sözlər
Formanın müqəddəs sirri
Məlum
fikri xatırlayaq: dünyada heç nə orijinal deyil, bizim canfəşanlıqla
irəli sürdüyümüz
hər bir ideya - fikir hardansa
gəlir, hardansa qaynaqlanır. Başqa bir fikir də
var: nəyisə kəşf
etmək xam xəyaldır, bu kəşf adıyla təqdim edilən hər şey bu dünyada mövcuddur, sən sadəcə onu yatdığı yerdən
qaldırırsan. Gözəl
bir şeir oxuyanda səni təkcə onun rayihəsi və nəfəsi sevindirmir, həm də onun sənə qədər təmasda olduğu mənbələrdən
gələn meh yaradır
bu gözəlliyi. Başqa nəsə qatqı olmadan gözəlliyi təsəvvür
eləmək olmaz.
Jan-Lük Qodar necə deyirdi: məsələ bu ideyanı haradan götürməyində yox,
onu nəyə aid etməyindədir. Məsələ belədir
ki, informasiya sərhəd
tanımır, bir ideya minlərlə adamın ağlına gələ bilər və hər kəs bunu öz
aləmində şərh
edər. Həyat, yaşam və həqiqətlə bağlı
bu ideya ilk meydana çıxanda sanki səssizlik içində qəfil
fontanlar vurur, göyə millənir, ikincidə sükut çökür, sonrakılarda
plagiat da adlana bilər.
Şair
içinə daman nəsnələrdən
yazır. Məsələn,
Musa Yaqub içinə
daman duyğunun, ya nəyinsə "real əksi"ni
görmədən o şeiri
qələmə almazdı.
Onun üçün vizuallıq, görüntü
əsas şərtdir.
Gördüyünü yazan
Musa Yaqub oxucunun görmədiklərini də
ekrana sala bilirdi. İngiltərənin
ilk böyük şairi
Cefri Coser deyirdi: "Başqa şairlər artıq məndən əvvəl məhsulu yığıb
taxıl aparmışdılar".
Davam edirdi: Mənsə onların iziylə gedib yerə, orda-burda dağılan dənələri
toplayanda çox sevinirəm və hansısa gözəl sözün sünbülünü
yığa bilsəm,
çox xoşbəxt
olaram. Musa Yaqubda Xaqanidən, Saib Təbrizidən nələrsə
var, amma bu nələrsələr yerdən
toplanmış qızıl
toxumlardır...
Yəni,
kimisə təqlid eləmək, onun iziylə getmək yaxşıdır, başqa
bir alternativ də yox kimidir.
Məhz yerdən yığılan tək-tük
sünbülün hesabına
şair öz üslub və texnikasını kamilləşdirə,
onu başdan-binadan yarada bilər.
Bəzən belə də olur, kimsə, məsələn, elmdə
hansısa ideyanı irəli sürür, həm də bir az natamam
şəkildə, ancaq
onun "şərh"indəki
bütün səslər
dil açmır, lal və kar
qalır, kimsə gəlir ona büsbütün fərqli
don, libas biçir və həmin yüksəklikdən ideya
tam olaraq görünür.
Başqa heç nə. Onda dava
başlayır: "məndən
oğurlayıb". Axı
sən yaxşı yazmamısan, imkan ver, sözü tam, bütün ahəngiylə
eşidək.
İngilis ədəbiyyatının başqa bir nəhəngi - Alfred Tennisonsa
belə deyirdi:
"Biz rastımıza çıxan
nəsnələrin bir
parçasıyıq".
Amma hər kəsin məhz özünəməxsus
hekayəsi olmalıdır.
Hekayəsi olmayan şair, yazıçı
ola bilərmi? Əlbəttə,
yox. Hekayəsi, dərdi, dünyalarca kədəri olan sənətkar bütün
bunlardan qaçmaq üçün fantaziyalara
yelkən açacaq. Ya da hər şeyi öz adından deyəcək. Öz adından demək ən çətin məsələdir.
Bu texnikanı içində
yaratmalısan, həmin
estetika illər boyu sənin daxilində boy atmalıdır.
Etimad Başkeçidin
"Min yol mənə
söylər" romanında
olduğu kimi. Romandakı Edik həm müəllifdir, həm də deyil, Xıdır İlyaslı Tahir Aslanlının
yalnız bir tərəfidir.
Bu əsnada epoxanın dili problemi ortaya
çıxır. Aradan
o qədər də böyük vaxt keçmədən M.F.Axundzadənin epoxası
ilə Mirzə Cəlilin yaşadığı,
ömür sürdüyü
zaman fərqliydi, onların
anlatma dilləri də tam fərqlidir. Eliotun sözləri necəydi: "Sən keçmişə aid bir nəsnəni həmin keçmişin səsiylə
anlada bilərsən, gələn ilin sözləri isə başqa səsi gözləyir. Mirzə Cəlil bu sahədə
çox böyük ustadır. Bu hekayələrdə,
o cümlədən, Çexovun
hekayələrində sözə
uyğun səsi eşidirik.
Keçmişdən bəhs edən nasir, əvvəlcə, həmin
dövrə xas söz-səs ekvivalentini tapmalıdır.
Eliotun fikrincə, "sənətkarın
dühası süngər
kimi uducu olmasındadır; başqalarının
təcrübələrini və
yazılarını mənimsəyin
və başqalarına
ilham vermək üçün onları
realist əyləncələrə çevirin". Eliot daha sonra deyirdi: "Yaxşı şairlər
borc alır, böyük şairlərsə
oğurlayır".
Eliotu daim plagiatda günahlandırıblar. İlk şeirlərinin birində
- "Məhəbbət nəğməsi"ndə
Dante, Coser, Marvell və
bir sıra fransız şairlərindən
misralar var. Məsələ
belədir ki, bu halı onun məhz özünəməxsus
texnikası yaradırdı.
"Bəhrəsiz torpaq"da
bu "plagiat" məsələsi artıq
ən zil səsə qədər qalxmışdı. Özü
də Monroya yazdığı məktubda
deyirdi ki, tənqidçilərin
tanıya bilmədiyi sitatlar olanda məmnun oluram. Yusif Səmədoğlunun "Qətl
günü" nəşr
olunanda onu da "ikinci əl" adlandırırdılar ("Master və Marqarita"). Müəllifsə deyirdi:
onlar daha nələrdən istifadə
etdiyimi hələ bilmirlər...
Bu məsələləri niyə
yazıram? Bizdə, ədəbi çevrələrdə
həmişə kiminsə
kimlərdənsə oğurladığı
hallar sadalanır, Vaqif Səmədoğlu və Ramiz Rövşənin
"oğurladıqları" ideyalar haqqında fikirlər söylənilir.
Yaxud Səməd Vurğunun "Azərbaycan"
şeirindəki bəzi
misralar, ifadə və deyimlər... Yaxud Adil Mirseyidin bəzi şeirləri...
Fikrimizcə, bu ittihamlar zahiri oxşarlıqla sıx bağlı olan məsələlərdir.
Tanış olduğun
bir ideyanı ondan daha mükəmməl,
daha gözəl formaya saldınmı, sənin türkün hər yerdən səslənəcək, əks
halda, təsirlə yazılmış mətn
adlanacaq.
"Durna gözlü bulaqlardan..." misra-deyimini
kimsə S.Vurğundan
əvvəl də yaza bilərdi, ancaq bu oğurluqdurmu?
Əlbəttə, yox,
şeirin ümumi havası, onu doğuran gərginlik-dramaturgiya
elədir ki, şeirin
hər bir nöqtəsi S.Vurğun
möhürünü daşıyır.
Bizim ədəbiyyatşünaslıqda "plagiat" məsələsi
lazımınca araşdırılmayıb.
Yaxud
"hansı dildə
susasan..." deyimi, bu deyim Məstan
Günərdə də
var ("Şabadın sətirləri"ndə).
Yollar uzun, yollar gödək,
Nə fərqi var, hansı eldə,
Hansı
yolda azasan?!
Ellər
min-min, dillər min-min,
Nə fərqi var... hansı eldə,
...Hansı dildə susasan?!
Eliotun yuxarıda adını çəkdiyimiz poeması
allüziyalar, sitat, pastiş və digər mənimsəmələrin
kollajıdır. Sanskrit də
daxil olmaqla, yeddi dildən istifadə edir və akademik sitat üslubunda yazılmış bir neçə səhifəlik
qeydlərlə bitir. Eliotun öz yazı sistemi var, digər dillərdən və digər şairlərdən həmin
sistemə daxil edilən nə varsa, ilkin yaddaşını
itirmir, ancaq eyni zamanda bu
sistemin qanunlarına tabe olur, iki
nəsnənin bir yataqda uyuması yeni ideyaların doğmasına
səbəb olur.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.19.