Qaranlığın sükutu: simvol, mif,
el bilgisi və
çağdaş təfəkkür
işığında
Göz yumma Günəşdən, nə
qədər nuru qaralsa,
Sönməz əbədi,
hər gecənin gündüzü vardır!
Tofiq Fikrət
Qaranlığın yenidən oxunması
Qaranlıq uzun yüzilliklər
boyunca insan şüurunda qorxu ilə assosiasiya olunub, "yoxluq",
"ölüm", "bəlirsizlik"
kimi anlamlar daşıyan bir simvola çevrilib. Halbuki mədəniyyətlərin
dərin qatlarında,
ulusal gələnəklərdə,
miflərdə və gələnəksəl təbabətdə
qaranlıq tam da bu təkölçülü anlamı
inkar edir. O, bir bəsləyici, qoruyucu, yetişdirici mahiyyət daşıyır.
Biz bu yazıda qaranlığı bir
"işıqöncəsi mərhələ", bir
"nurun bətnindəki
dönəm" kimi dəyərləndirən anlayışlara
işıq tutmağa
çalışmışıq.
Gün hələ düşməyib...
Qaranlıq - varlığın bir
formasıdır; görünməzlikdə
var olmaq kimi... Bu anlamda, qaranlıq yoxdur - yalnız görünməyən işıq
var, - desək, qüsur
olmasın gərək...
Yəni
Gün işığının
hələ çatmadığı
yerlərdəki qaranlığı
"yoxluq" kimi deyil, "işığın
gələcəyi" kimi
düşünmək mümkündür.
Beləcə, qaranlıq
bir "keçid"
mərhələsinə çevrilir.
Gecə gündüzün
qarşısında duran
yoxluq deyil - onun sükutla hazırlanan başlanğıcıdır
sanki...
Qaranlıqda mayalanan: xalq bilgisi, loğman irsi
Gələnəksəl türk təbabəti (türkəçarə)
üzrə loğmanların
təcrübəsində - məlhəmlər 40 gün
qaranlıqda saxlanılırdı.
Bu, təsadüfi bir sürəc deyildi; burada həm doğal dönəmləmə,
həm də simvolik bir yetişmə
sürəci vardı.
Loğmanlar bilirdilər,
şəfa verən maddə qaranlıqlar içində - yəni dış etkidən uzaq, sakit, toxuntusuz
və içəriyə
yönəlik bir mühitdə formalaşır.
Qaranlıq burada (necə deyərlər) yetişdirici rahim rolunu oynayır.
Bu analogiyanı sadə məişət örnəyində
də görürük:
analarımız çalınmış
südü - yəni hələ qatıq olmayan, amma potensial
olaraq ona çevriləcək mayeni
- qaranlıqda saxlayırdı.
Bu örtülü saxlama
həm fiziki, həm də simvolik mahiyyət daşıyır. Qaranlıq
- bir növ, iç enerjilərin, gizli kimyanın baş verdiyi sahədir. Belə gizli kimyanın pozulmaması istəyi
"yumurtlayan (yaxud kürt yatan) toyuğun gözünə
baxmazlar" tapşırığında
da vardı...
Yeri gəlmişkən, "40 gün"ün
gizəmi - gələnəklərdə
qaranlığın qoruyucu
rolu başlı-başına
bir dərin mövzu olsa gərək.
Türk
dünyasında və
ümumən Gündoğar
mədəniyyətlərində təzə doğulan körpə, eləcə də yeni gəlin 40 gün ev-eşikdən el-obaya çıxarılmazdı.
Görünür, bu,
"40 gün" motivi
- həm kosmik dövrlə, həm bədən ritmləri ilə, həm də ruhi sabitliklə
bağlıdır. Körpə
hələ "dünyaya
düşməyib" - yəni
bədənlə ruhun
tam uyğunlaşması üçün
zaman tələb olunur.
Qaranlıq bu keçidi qoruyur.
Yeni gəlin də eyni şəkildə 40 gün "örtülü"
qalırdı. Bu örtü
- fiziki yox, (belə demək mümkünsə) sosial bir örtükləmədir.
Gözlərdən uzaq,
dil-düşüncə təmasından
qıraq, yeni bir yaşam formasına uyğunlaşmaq üçün
sükut məkanının
özü...
Ayrıca,
dastanlarımızı yada salaq - örnəyi, 39-a dözən Koroğlu bir azca da toxtaqlı
davransaydı, 40 günlük
qaranlıq bəsləmə
dönəmi tamam olacaqdı və... Qırat qanad çıxaracaqdı...
Çağdaş elmin sükuta dönməsi: ruh və zülmət
Yapon alimlərinin ruh üzrə apardığı
çağdaş araşdırmalar,
çox zaman tam sükut
və işıqdan uzaq qaranlıq laboratoriyalarda həyata keçirilir - bunu bir bilgili aydınımız
söyləmişdi. Burada
məqsəd ruhi reaksiyaların, beyin siqnallarının, bədən-ruh
və zehnin qarşılıqlı təsirinin
daha təmiz və necə deyərlər, toxunuşsuz
qeydə alınmasıdır.
Elm sanki qaranlığa
dönür - çünki
orada "səssiz olan"ı eşitmək,
görmək ilgi və imkanı var...
Bu da göstərir ki, qaranlıq
nə "ilkin ibtidai qorxu", nə də "bütün anlamlardan boş" məkan deyil. O, öyüdücü
(tərbiyələndirici), hazırlayıcı və
zərif enerjilərin
formalaşdığı bir
mərhələdir.
Mifik və kosmik yaddaşda qaranlığın
mahiyyəti
Mifologiyalarda kainatın yaranışı
qaranlıqla başlayır:
bir köynək yaxındakı - min ağac
uzaqlardakı coğrafiya
və zamanlarda "Qara kainat", "Qara su", "İlkin sular" - qaranlıq və xaos içindəki yaradıcı potensialı
ifadə edir. - Qaranlıq ilkin varlıq qatı, yəni yaradıcı enerjinin mərkəzidir. Qara sulardan torpaq
çıxar, qaranlıqdan
tanrıçalar doğular,
işıq ora yönəlməsə belə,
yaşamın özü
ilk oralarda mayalanar...
Qaranlıq burada ölüm
deyil - doğumdur.
Bəli,
qaranlığın dərin
üzü: mifdən ideologiyaya, dindən coğrafiyaya uzanır... Qaranlıq təkcə fiziki bir hal
deyil. Yəni o, insanlığın təbii
qorxularından biri, eyni zamanda ruhani
yolçuluğun ilk pilləsidir.
Dinlərdə günahın
simvolu olduğu kimi, sufizmdə "batin"in gizlinidir. Filosofların qəlbində
təzadların məkanı,
siyasətin tarixində
senzura və basqının pərdəsi,
qütblərdə yaşayanlar
üçünsə gündüzün
daha dəyərli görünməsinə səbəb
olan gecədir o...
Günah,
vəhy və təbərrük - səmavi
dinlərdə qaranlıq
Səmavi
dinlərdə - yəhudilik,
xristianlıq və İslamda səmavi qaranlıq çox vaxt şər və azğınlığın
metaforu kimi tanıdılır.
- "Tövrat"da qaranlıq,
Misirdəki on bəladan
biri kimi təqdim olunur: "Sonra Rəbb Musaya dedi: əlini göyə uzat, Misir torpağına qaranlıq gəlsin - elə bir qaranlıq
ki, hiss olunsun" (Çıxış
10:21).
- "İncil"in "Yuhanna"
kitabında deyilir:
"İşıq dünyaya
gəldi, amma insanlar qaranlığı
işıqdan çox
sevdi, çünki əməlləri pis idi" (Yuhanna 3:19).
- "Qurani-Kərim"də isə
qaranlıq həm fitnə və cəhalətin, həm də yaradılışın
ilkin mərhələsinin
simvoludur: "O, sizi analarınızın bətnində,
üç qaranlıq
(pərdə, uşaqlıq
və qarın) içində, bir yaradılışdan digərinə
salaraq yaradır (nütfəni laxtalanmış
qana, laxtalanmış
qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə
örtüb insan şəklinə salır)".
Burada ilginc bir dönüş
var: qaranlıq həm
yaradılışın bətnidir,
həm də cahilliyin pərdəsi... Söhbət, necə deyərlər, ikili
(dualist) doğadan - bətn
və fitnədən gedir.
Səmavi
dinlərdə qaranlıq
həm də sınaqdır - ya aydınlığa doğru
addımlayacaqsan, ya da
elə oradaca itib-batacaqsan...
Bir sözlə, səmavi dinlərdə qaranlıq yaradılışın başlanğıcı
kimi də, sınaq yeri kimi də - ikili anlamda çıxış
edir - bu dual doğa onun həm qorxuducu, həm də doğurucu funksiyasını
göstərir.
Qaranlığın doğurucu və gizəmli doğası - qeyri-səmavi
inanclarda:
Hinduizm,
buddizm, zərdüştilik
və şamanizm kimi dini-fəlsəfi sistemlərdə qaranlıq
daha çox kosmik dəngənin tərkib hissəsi, bəzənsə özünü
dərk etmənin qapısı kimi təqdim olunur.
- Hinduizmdə Kali tanrıçası
qaranlıqla bağlanır,
lakin o məhv edən yox, "keçidə hazırlayan"
ana simvoludur. Qaranlıq
burada "maya" - illüziyanı yaradan örtüdür.
- Zərdüştilikdə
isə Ahura Mazda işığı, Angra Mainyu isə qaranlığı təmsil
edir - ancaq bu, dualist öyüdücü
savaş formasında təqdim olunur, biri digərini yox etməyə deyil, onu tanımağa
yönəlir.
- Şaman inancında
qaranlıq - ruhun səfərə çıxdığı,
"alt dünya"ya
endiyi mərhələdir.
Şaman gözlərini
yumur, işığı
söndürür - deyir,
"həqiqət görünməzlikdədir".
Qaranlıq - fəlsəfi axınlarda
- ziddiyyətin özülü
kimi
Batı fəlsəfəsində
qaranlıq çox vaxt mənəvi təzadların məkanı
kimi çıxış
edir.
- Plotin (Plotinus
~204/5 - 270) və Yeni-Platonçular
qaranlığı "maddi
dünyanın kölgəsi"
kimi dəyərləndirir,
yəni ruhani kamilliyə əngəl olaraq...
- Yeni fəlsəfi
məktəb kimi yaşam fəlsəfəsinin
yaradıcısı sayılan
Fridrix Nitsşe
(1844-1900) isə qaranlığa
pozitiv yanaşır -
onun üçün
"öz dərinliyinə
baxan insan qaranlığın ona baxdığını anlamalıdır".
Burada qaranlıq - insanın öz kölgəsi ilə qarşılaşdığı andır.
- Fenomenologiya və ekzistensializmin önəmli nümayəndələrindən
olan alman filosofu Martin Haydeggerə
(1889-1976) görə, "zamanın
unudulmuşluğu"nda qaranlıq
"unutuş" və
"vəhy"in yanaşı
getdiyi məkandır.
O, işığı yalnız
qaranlığın kontekstində
anlayır və s.
Qaranlıq - düşüncənin sınırıdır
və ona yaxınlaşdıqda, ya fəlsəfə doğulur,
ya da şeir...
İctimai-siyasi formasiyalarda qaranlığın
ideoloji istifadəsi
Qaranlıq totalitar rejimlərin
metaforik sözlüyündə
sıxlıqla yer alır.
- Senzura, mətbuatın bağlanması, ictimai bilgidən yoxsunluq- bunlar "qaranlıq dönəmlər" adlandırılır.
- Corc Oruellin ünlü
"1984" romanında insanlar
daima "işıq"da
yaşasa da, həqiqət
onların gözlərindən
qaranlığa salınır.
Yəni "qaranlıq"
fiziki yox, epistemoloji - bilgiyə bağlı anlayışa
çevrilir.
- Sovet ideologiyası isə "qaranlıq feodalizm" anlayışı
ilə öz keçmişini inkar edir və "aydın sabahlar" şüarını önə
çəkirdi. Uzağa
getməyək - örnəyi,
respublikamızda 28 aprel
- işğal günü
"bayram edilirdi"...
Qaranlıq formasiyalar üzrə
ideoloji manevrdir - bir şeyin önünü bağlamaq,
digərini aydınlatmaq
üçün...
Coğrafi baxış: qütblərdəki
qaranlıq və ağ gecələr
Qaranlığın doğayla bağı bəzən onun qəbulunu da dəyişdirir.
Qütb
bölgələrində, özəlliklə
Norveç, İslandiya,
Sibir və bəzi b. yerlərdə qaranlıq qış aylarında 24 saat davam edir. Bu coğrafiyada yaşayanlar üçün qaranlıq
yaşamın ayrılmaz
hissəsidir, o artıq
qorxu yox, sükut və dərinlik məkanıdır.
Əksinə, "ağ gecələr"
- yəni Günəşin
batmağa "macal tapmadığı" dönəmlər
- qaranlığın dəyərini
artırır. Dostoyevskinin
"Ağ gecələr"
povestində olduğu
kimi, məhz gecənin içində duyğu dərinliyi yaranır...
Qaranlıq - yolun özüdür,
bəlkə?!.
İşıq - yönümüzdür, bəli; amma bəlkə qaranlıq yolun özüdür, başqa sözlə, yolun özü qaranlıqdan keçir, sıyrılıb-silkinib çıxır?..
Qaranlıq sükutdur,
Kölgələr özümüz,
Hər gecə bir rahimdir,
Sabah doğulmazdan öncə...
Qaranlıq - əslində qorxulu
deyil. O, işığa
çatmadan öncəki
yetkinləşmədir, tanrısal
susqunluqdur, iç səfərdir.
"Qaranlıqlar yarılsın,
Ürəyinizdə Günəş
olsun!" - Asif Atanın
bu çağırısı,
alqışı həm
şaman duasıdır,
həm maarifçi diləyidir, həm də (olsun ki) hər bir ruhun
öz içindəki
kölgə ilə barışmaq istəyidir.
Haşiyə-1:
Azərbaycan folklorunda qaranlıq
anlayışı həm
qorxulu, həm də qutsal anlam daşıyır. Bu anlayış alqışlar
(xeyir-dualar) və qarğışlar (lənətləmələr,
bəddualar) vasitəsilə
ifadə olunur.
Azərbaycanın müxtəlif bölgələrində,
özəlliklə İsmayıllıda
toplanan folklor örnəklərində qaranlıqla
bağlı alqış
və qarğışlara
çox rast gəlinir.
Digər
tərəfdən, qaranlıqda
baş verən hadisələr və ya qaranlıqla bağlı varlıqlar, qorxu və təhlükə
rəmzi kimi çıxış edir.
Yəni,
qaranlıq, Azərbaycan
folklorunda çoxşaxəli
bir anlayışdır.
Həm qoruyucu, həm də qorxulu anlam daşıyan
qaranlıq, alqış
və qarğışlarda
müxtəlif formalarda
ifadə olunur. Bu, xalqın qaranlığa olan münasibətinin zənginliyini və dərinliyini göstərir.
"İşığın azalmasın", "Gözünə
işıq gəlsin",
"Ocağın qaralmasın",
"Ocağın sönməsin"
deyən ulusumuzun qarğışlarını Tanrı
göstərməsin, heç
bura yazmaq belə istəməzdim...
Haşiyə-2:
Xalq yazıçısı İsa Muğanna
"İdeal"da Qapalı
dairədən və Yanar Ürəkdən söz açırdı.
İrəvan kökənli, Şəmkir
yaşamlı, Bakı
oxumlu
şair-həkim Paşa Qəlbinur,
Sumqayıt doğumlu, London yaşamlı
şair
Rauf Qaraişıq,
Sibir ellərində işləmiş
Bakı doğumlu
filoloq-alim
Yusif Günaydın...
isə (göründüyü
kimi) qaranlığa münasibətdə "xüsusi
təyinatlı" təxəllüslər
seçiblər...
Bu arada, "BakuTV"nin ünlü proqramlarından
biri"QAPQARA", RTV-nin
bir proqramı isə "Qaranlıqda həqiqət" adlanır...
(Haşiyələrin sonu).
Qaranlıq və qara rəngin sənətdə
təzahürləri
Rəssamlıqda qara rəng
Qara rəng, rəssamlıqda güc, sirr və dərinlik simvolu kimi istifadə
olunur. Azərbaycan rəssamlığında bu
rəngin istifadəsi,
özəlliklə çağdaş
dönəmdə müxtəlif
anlamlar daşıyır.
Örnəyi, rəssamlar
qara rəngi insanın iç dünyasını, emosional
durumunu və ya sosial qayğıları
ifadə etmək üçün istifadə
edir.
Belə
demək olarsa, qara rəng qaranlığı çəkməkçün
deyil...
Azərbaycan təsviri sənətində
qara rəng və qaranlıq motivi, yalnız rəng seçimi olmaqda qalmayıb, həm də dərin mənəvi və fəlsəfi anlamlar daşıyan bir ifadə vasitəsidir.
Ümumən, mənim şəxsən
tanıdığım, yaradıcılıqları
ilə mümkün miqdar tanış olduğum Azərbaycan rəssamlarının əsərlərində
qara rəng - yaddaşın toxunuşu kimidir... - baxırsan, qara - fon deyil,
nəfəsdir.
Örnəyi, gələnəksəl xalçalarda və ümumən sənət əsərlərində qara
- çox vaxt kontur, kölgə və ya necə
deyərlər, bədii
təmkin vasitəsidir.
Lakin biz bir çox sənətkarımızda, yeni nəsil rəssamımızda
bu rəngi belə görürük:
- kompozisiyanın sükunət
oxunu təşkil edir;
- bəzən parlaq rəngləri udaraq onları daha çox önə çıxarır;
- bəzən isə həddindən artıq parıltının qarşısında
duran bir sınır xətti rolunu oynayır...
Azərbaycanlı rəssamın fırçasından
süzülən qaranın
mənanın saxlandığı
boşluq kimi işləndiyini - rəngin
deyil, onun canlandırdığı bir
başqa (bəlkə
mistik) boşluğu görürük; mifik yaddaşın rəngini sezirik sanki.
Rəssamlarımız, ulusal mifdən, arxaik motivlərdən, qoruyucu simvollar və energetik düsturlardan bəhrələnir. Bu kontekstdə
qara rəng:
- Qoruyucu qat (şərdən,
"göz dəymədən"
müdafiə);
- sirr və gizlinlik
(xalçada "qara boşluq" - ilahi toxunulmazlıq zonası);
- mövcudluğun ilkin dumanı ("qara kainat" - yaradılışqabağı
xaos) və s. kimi funksiyaları daşıyır.
Mifolojidən danışsaq, sufi
simvolikaya da toxunmalıyıq.
Bəlli
olduğu kimi, sufi estetikada qara rəng:
- nəfslə üzləşmənin;
- varlığın özündən
keçmənin;
-"qara gecənin sabahı"na çatmaq
arzusunun simvoludur.
Bizim rəssamların bəzi kompozisiyalarında qara xallar - güllər, süs və naxışlar sanki Tanrıya gedən yoldakı "qaranlıq pillələr" kimidir.
Bu, həm də çağdaş insanın
mənəvi axtarışının
vizual ifadəsidir...
Bir baxıma, kompozisiyada qara - nəfəs ala bilən boşluqdur...
Örnəyi, gələnəksəl xalçalarda bütün
sahə "doldurulmuş"
görünə bilər,
lakin sənətkarlıq
odur ki, bəzən boşluqdan, yəni qara sahədən fəal istifadə edəsən - oranı, yaddaşın danışdığı
susqun məkan olaraq öz dərəcəsinə yüksəldəsən...
Bax, bu halda,
səssizliyin və məchulluğun estetikasını
dil açdırmış
olursan...
Bir sözlə, fəlsəfi
baxışı, mifik
yaddaşı və aydınlıq eşqi olan rəssamlarımızın
hər biri qara rəngi, qaranlıq motivini fərqli üslublarla, yanaşmalarla istifadə edərək, Azərbaycan
təsviri sənətində
zəngin və müxtəlif ifadə formaları yarada bilib.
Ədəbiyyatda qaranlıq
Azərbaycan və Türk ədəbiyyatında qaranlıq
tez-tez metaforik anlamda istifadə olunur. Şairlər qaranlığı insanın
iç dünyasının,
duyğularının və
ya toplumun sorunlarının ifadəsi
kimi tanıdır. Örnəyi, Gəncəli
Nizaminin "Leyli və Məcnun" əsərində qaranlıq,
Məcnunun iç dünyasının və
sevgi əzabının
simvolu kimi çıxış edir.
Sonrakı çağlarda yaşayıb-yaratmış,
o cümlədən, çağdaşımız
olan şairlər də qaranlıqdan istifadə edərək insanın psixoloji durumunu və ya sosial ədalətsizliyi
təsvir edirlər.
Yəni
qaranlıq, ədəbiyyatda
sadəcə fiziki yoxluq deyil, çox
vaxt metafizik boşluq, ruhi qarışıqlıq, ictimai
zülm, sevgidə məhrumiyyət, daxili qurtuluş axtarışı
və ya Tanrıya gedən yolda tənhalıq kimi təqdim olunur.
Klassik poeziyada qaranlıq - mistik tənhalığın
özüdür.
Artıq
vurğuladığımız kimi, Gəncəli dahinin "Leyli və Məcnun"unda qaranlıq:
- Məcnunun ruh halı;
- toplumun qəbuledilməzliyi;
və sevgidə bəxtsizliyin poetik fonudur.
Nizamidə qaranlıq həm
kədərin örtüyüdür,
həm də düşüncə məkanıdır.
Nəsiminin poeziyasında qaranlıq
motivi çoxqatlı
simvolik anlamlar daşıyır. Onun poetik dünyasında qaranlıq - sadəcə fiziki yoxluq, gecə, ya da işıqsızlıq deyil;
həm ruhani zahir-batinin, həm tanrısal idrakın, həm də irfani sirlər aləminin açarı kimi işlənir.
Nəsimi
üçün qaranlıq
- insanda ilahi həqiqətə qarşı
korluğun və nadanlığın metaforudur.
O, bu zülməti təkcə savadsızlıq
və ya bilgisizlik kimi yox, mənəvi korluq, öz mahiyyətindən xəbərsiz
yaşamaq kimi təsvir edir.
Hürufilikdə, özəlliklə Nəsimidə,
iç (batin)-dış (zahir) qarşıdurması önəmli
yer tutur. Dünya - dışarı
surətlərin, aldadıcı
görüntülərin hökm
sürdüyü qaranlıq
bir məkandır.
Əgər insan yalnız dışarını görürsə,
demək, qaranlığın
içindədir, çünki
içərini görmək
üçün mənəvi
göz açılmalıdır.
Füzulidə də gecə və qaranlıq ilahi eşqin yanğılı fonudur.
Füzulidə qaranlıq ilahi
hüzura çatmaq üçün keçilən
zülmət yoludur.
"Mən cahan mülkündə mütləq
doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim"... - Vaqifin
qaranlığa poetik vaqifliyidir... Bu beyt Molla Pənah Vaqifin dünyagörüşünün
və realist şeir üslubunun ən təmiz örnəklərindən
biridir. Sözlərindən
süzülən "qaranlıq
içində ayıq
baxış", haqq
axtarışı, bəşər
xislətinin tənqidi
- məhz Vaqifin poetik vaqifliyini təcəssüm etdirir. Bu beyt, dünyaya
ayıq baxışın,
sosial və mənəvi ədalətsizliyə
qarşı poetik etirazın ifadəsidir. Vaqif burada həm
fərdi qaranlıqla,
həm də toplumsal qaranlıqla qarşı-qarşıyadır. Onun bu qaranlığa
baxışı sadəcə
şikayət deyil, kəsərli, müşahidəçi
və sorğulayıcı
bir baxışdır.
XX yüzil ədəbiyyatında
qaranlıq - ruhun parçalanması kimi çıxış edir.
Cəfər Cabbarlının dramatik əsərlərində (örnəyi,
"Almaz", "Oqtay
Eloğlu") qaranlıq:
- cəhalətin;
- ulusun öyrətidən
(maarifdən) uzaq düşməsinin;
- patriarxal basqıların
simvoludur.
Rəsul Rzanın
poeziyasında qaranlıq
- intellektual metafordur.
Rəsul Rzanın
poeziyasında qara rəngi və qaranlıq anlayışı
müxtəlif anlamlarda
istifadə olunur. Onun ünlü "Rənglər silsiləsi"ndə
"Qara" belə görünür:
"Namərd düşmən.
Şüurdan gizlənmiş qorxu.
Əbədi ayrılığın ağrısı.
Yaşamaq üçün
sürünənlərin çoxu.
(Şikəst olub sürünənlər
xaric)
Ağ
yalan.
Dodaqları yandıran ah.
Edam gününə açılan sabah.
Ləkəli sözlər.
Gözlərin alovu.
Saçlar, qaşlar.
Qaranəfəs olmuş
ceyranın əti.
Bir də
bəzi insan niyyəti".
Bu isə
"Qaranın dərd çaları"dır:
"Həsrətli gözlər.
Pərişan saçlar.
Titrək dodaqlar.
Sürət yolunda dəstəbaşı
çolaqlar.
Söz eşidə bilməyən qulaqlar.
Sındırılmış puçurlu budaqlar.
Nəğməsiz dağlar
Kor bulaqlar.
Ovsuz ovlaqlar.
Odsuz ocaqlar.
Yaşamalı ölülər.
Ölməli sağlar.
Dili ali məclislərdən qovulan,
qolları buxovlu olan,
qəbilələr, xalqlar".
Qara rəngi və qaranlıq anlayışı
həm doğa təsvirlərində, həm də metaforik anlamlarda istifadə olunan Rəsul Rza şeirlərində bu anlayışlar insanın iç
dünyasının, doğanın və toplumun müxtəlif aspektlərinin poetik ifadəsi kimi
çıxış edir.
Çağdaş poeziyada qaranlıq - fərdi və
kollektiv yaralar kimi təcəlla tapır.
Məmməd Araz,
Məmməd İsmayıl, Zəlimxan Yaqub və digərlərində də qaranlıq bəzən köçkünlük, itki, yurd həsrəti,
bəzən də mənəvi boşluq kimi çıxış
edir.
Qaranlıqdan doğan işıq - metafizik ümid
Ədəbiyyatda qaranlıq təkcə
bir bəlirsizlik,
tənhalıq və ya faciə
rəmzi deyil, bəzən də ağrı içindən çıxmalı olan və
çıxan aydınlanmanın zəmini olur.
Qaranlıq, çox vaxt ünsiyyətə açıq olmayan gerçəkliyin fonu kimi təqdim olunur.
Onun arxasında,
ya səssiz bir üsyan, ya da Tanrıya dönük bir təslimiyyət yatır.
Musiqidə qaranlıq
Qaranlıq və qara rəng musiqidə də müxtəlif formalarda təzahür edir. Azərbaycan musiqisində bu, özəlliklə muğam
janrında özünü
göstərir. Muğamın
bəzi bölümləri,
örnəyi, "Segah"
və "Rast", dərin emosional ifadə və qaranlıq tonlarla xarakterizə olunur. Bəstəkarlar bu tonları istifadə edərək insanın hisslərini və yaşamın mürəkkəbliyini
əks etdirir.
Dahi sənətkar Üzeyir bəy Hacıbəylinin çıxarılmalı qaranlıqlardan
çıxardığı musiqimiz -
not-not, bəstə-bəstə, nəfəs-nəfəs
dünyəviləşdi...
Yüz illər boyu sükutun içindən
boy verən bir səs kimi...
O musiqi ki, zəminindən ayrılmadan zirvəyə
qalxmağı bacardı.
Bu, sadəcə musiqi təkamülü deyildi -
bu, bir dahilik hadisəsi
idi.
Dahilik
ki, millilikdən qopmadan
çağdaşlığı qucaqladı.
Qopmadı!
Çünki o musiqinin yaddaşında
ozan ruhu vardı, muğam vardı, bayatı vardı, elin nəfəsi vardı.
Gələnək idrakla qucaqlaşmışdı
yəni... Yəni klassika köklərlə danışmışdı...
Və bu
musiqi - Türk-İslam
Gündoğarının sükutlu
səhərlərinə elə
Gün kimi doğdu.
Günbatarla Gündoğarın arasında
savadlı bir körpü,
milliliklə dünyəviliyin iç-içə
keçdiyi irfanlı
bir dil yaradılmış
oldu.
Qara Qarayev.
Qaranlığın musiqidəki
səsləndirilməsi
Qara Qarayev
(1918-1982), dahi Azərbaycan
bəstəkarı olaraq,
əsərlərində qaranlıq
və qara rəngin simvolikasını
ustalıqla istifadə
edib. Onun "Yeddi gözəl" və "İldırımlı
yollarla" baletləri,
həmçinin "Leyli
və Məcnun" simfonik poeması, insanın iç dünyasının və
toplumun mürəkkəbliyinin
musiqi vasitəsilə
dərin ifadəsidir.
Qarayevin musiqisində
qaranlıq, yalnız kədər və ya qorxu deyil,
həm də düşüncə, introspeksiya,
yəni öz-özünə
baxmağın, içə
yönəlmənin və
insanın özünü
dərk etməsinin simvoludur. Onun əsərlərindəki qaranlıq
tonlar dinləyicini düşünməyə və
hiss etməyə təşviq edir.
Beləliklə, qaranlıq və qara rəng sənətin müxtəlif
sahələrində dərin
və çoxqatlı
anlamlar daşıyır.
Azərbaycan və türk dünyasında bu simvollar insanın
iç dünyasının,
toplumun durumunun və yaşamın mürəkkəbliyinin ifadəsi
kimi istifadə olunur. Qara Qarayevin
musiqisi isə bu simvolikanın ən parlaq örnəklərindən biridir,
onun əsərləri
qaranlığın musiqidəki
səsləndirilməsinin gözəl
örnəyidir.
Qaranlıq - işığın özü
olmadan işığın
yoludur
Qaranlıq, artıq
susqunluq deyil, səsin əvvəlidir. Gecə gündüzdən
öncə gəlir və gündüz onun içində doğulur. Biz qaranlığı yalnız
yoxluq kimi deyil, "olmaq üçün lazım olan sükut" kimi oxumalıyıq. Çünki ən dərin köklər torpağın zülmət
qatlarında uzanır,
ən təmiz məhlullar işıqdan uzaqda, amma onu
"düşünərək", ona köklənərək,
onu arayaraq... yetişir, ən zərif ruhlar qaranlığın bətnində
formalaşır...
Qaranlıq qaranlıq
deyil sanki - işıq bağıdır,
nur bostanıdır...
Nə bilim...
- Qaranlıqdır - işıq
varsa, yəqin o da vardır... "Ayrılıq sevdaya daxil" deyən Atilla İlhan "Qaranlıq işığa
daxil" demiş olmasın?..
Əkbər QOŞALI
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.26-27.