Torpağın bətnində böyüyən alov
"Roman nəzəriyyəsi"
kitabının müəllifi
Filip Stevik adı çəkilən əsərində yazır ki, "romançı
yer üzündə
bəşər övladının qurduğu krallığın içində
yer alan insanın yaşadığı
bütün macəraların tarixçisidir".
Roman fərdi, əsrar
dolu dünyanın imajıdır. Hüdudsuz azadlıq
romanın ən üstün xüsusiyyətidir. Roman bəzən
insanlara tarix kitablarından daha yaxın olur.
İnsanlığın tarixi həm də millətlərin
tarixidir. Qazax ədəbiyyatının
canlı klassiki hesab olunan Rollan Seysenbayevin "Ata həsrəti
yaxud dünyanın çökdüyü" gün
romanını oxuyarkən bu dəyişməz həqiqətə
bir daha əmin oldum.
Qazax ədəbiyyatı deyəndə
ilk olaraq Abay yada düşür, sonra Abay haqqında ölməz
"Abay yolu" romanını yazmış
yazıçı Muxtar Auezov xatırlanır. Bir də
hamımız üçün doğma və əziz olan bir
şəxsiyyət - Oljas Süleymenov personası
gözümüz önünə gəlir. Rollan Seysenbayev
qazax ədəbiyyatının ünlü simalarından olsa
da, indiyə qədər əsərləri Azərbaycan
oxucusuna tanış deyildi. Yazıçı-tərcüməçi
Nəriman Əbdülrəhmanlı onun bir neçə
romanını dilimizə çevirib. O əsərlərdən
biri də "Dünyanın çökdüyü
gün" romanıdır. Roman qazax xalqının taleyinə
yazılmış elegiyadır. Yazıçı nüvə
sınaqlarının dəhşətləri ilə
üz-üzə qalmış yurdunun və bu yurdun
insanlarının faciəsini həzin, kövrək dillə qələmə
alıb. Üslub və yazı manerası sentimental
tonallıqda olsa da əsərin hər cümləsində
yazıçının daxili üsyanı qabarıq hiss olunur.
"Körpə oğlan anasının bətnindən
çıxmaq, bu gurultu, çırıltıyla dolu
dünyaya gəlmək istəmirdi".
Mən bu cümləni oxuyanda böyük qırğız
yazıçısı Çingiz Aytmatovun "Kassandra
damğası" romanındakı kosmik rahib Filofeyin kəşfini
xatırladım; ana bətninə düşmüş
körpələr dünyaya gəlməkdən imtina edirlər,
bunun işarəsi kimi anaların alnında qırmızı
ləkə əmələ gəlir, bu, Kassandra
damğasıdır. Yazıçı ustalıqla bəşəri
fəlakətlərə qarşı etirazını bildirir,
insanlığı xəbərdar edir ki, təbiətə,
dünyaya qarşı nə qədər qəddar, amansız
olsanız, təbiət və dünya bütün bunların
qisasını sizdən alacaq.
Eyni zamanda rus yazıçısı
Georgi Pryaxinin "Xəzər yuxuları" romanında
babaları doğma yurdlarından didərgin
salınmış insanların yaşadıqları məşəqqətlər
xatırladım. Avtofioqrafik xarakter daşıyan roman birinci
şəxsin dilindən nəql olunur. Bu əsərlərin
üçünü birləşdirən bir cəhət var
- zülmün, qəddarlığın vətəni yoxdur.
Şərin hökmranlığı hər yerdə
dağıdıcı qüvvəyə malikdir.
"Dünyanın çökdüyü
gün" romanında
baş verən hadisələr qazax xalqının taleyindən
qara zolaq kimi keçir. İnsanları əsrlər boyu
yaşadıqları torpaqlardan başqa yerə
köçürürlər, qocalar isə bu deportasiya ilə
heç cür barışmaq istəmirlər.
"...Çingiz dağlarında
yaşayan adamları
bədbəxtlik əlli üçüncü ilin yayında
yaxaladı". Evakuasiya komissiyasının kəndə gəlişi
özü ilə böyük bir bədbəxtlik gətirdi. Təhkiyəçi-hadisələrin
canlı şahidi sərt həqiqətləri babasının
dilindən komissiya üzvlərinin üzünə şillə
kimi çırpır:
"Sən bu xalqın
başına nələr gəldiyini
bilirsən? Yox, bunlardan xəbərin belə yoxdur. Sən
bizim torpağımızın böyük, müqəddəs
adamların yurdu olduğunu bilmirsən. Dinc halda yurddan-yurda
köçə-köçə, kimsəni incitmədən
bu çöllərdə əsrlərcə
yaşamışıq. Bizim yaylaqlarımız burdadır.
Bizim Abayımız burada doğulub. ...Ən yaxşı
adamlarımız sürgünlərdə ölüblər.
...Sən aclığın nə demək olduğunu bilirsən?
Onun nə qədər can aldığı can
aldığından xəbərin var? ...Hə, de
görüm, ey dövlət adamı, bizim xalq nə vaxt insan
kimi yaşayacaq? Ümumiyyətlə, yaşayacaqmı?
Axı sən bizi ölümün ağuşuna qovursan".
Onları
ölməyə qoymayan
şərəf və ləyaqətləri
idi. Əsərdə köçürülən ata,
köçürən oğuldur. Oğul dövlət
adamıdır, o, əmrə tabedir, başqa cür hərəkət
edə bilməz. Sovet sisteminin şakəri idi ata ilə
oğulu üz-üzə qoymaq. "Oğul ataya cavabdeh
deyil" ifadəsi də o rejimin ən idbar "aforizm"lərindən
idi. Atanın isə öz qanunları var, aulda yaşayanlar
rişələri torpağa kök atmış, bu torpaqdan
yoğrulmuş adamlardır, onları kökündən necə
qoparmaq olar?! "Dünyanın çökdüyü
gün" romanı insanlığa haray salıb deyir: -
İnsanı kökündən qoparmaq olmaz, qoparırlarsa, fəlakətlər
baş verir. Bax, elə bu romanda olduğu kimi. Vətən -
kosmosdur, qürbət - xaos. İnsanların yollara səpələnmiş
ömür-günü bir süjet xəttinə
düzülüb.
Zavallı qızcığaz Kenje
əsərdə unudulmaz, insan qəlbində
dərin yara açan obrazlardandır. Süleyman Sani Axundovun
Qaraca qızı kimi bir qırıq ömründə tale
heç onun üzünə gülmədi. Köç qafiləsində
onun balaca canı uçunur, o, heç bir şey dərk
etmir. Niyə onları isti ocaqlarından
çıxarıblar, hara köçürürlər, bu
insanların günahı nədir? Balaca Kenje bütün
bunları anlamaq üçün balacadır, çox balaca...
Onun indi nəvazişə, qayğıya, sevgiyə
ehtiyacı var. O, bütün bunlardan məhrumdur.
"- Sən yaşamaq istəyirsən, Rollan? - Kenje qəfildən
soruşdu.
Bu sözlərin mənasını
anlamadan çaşqın nəzərlərlə
ona baxdım. Qızın solğun sifətində
parıltılar oynaşırdı, uzun kirpikləri
yarıyumulu idi, gözlərindən yaş axırdı.
- Ağlamaq olmaz, - dedim.
- Bilirəm, bu, bədbəxtlik gətirir, amma
özümü ələ almağı bacarmıram. - Qız
astadan hıçqırdı. - Sabah bombanı partladacaqlar. Mən
qorxuram! - O, heç cür əsməcəsinin
qabağını ala bilmirdi, ona görə də adyalın
üstündən kürk salası oldum. - Necə bilirsən?
Ölüm dəhşətli şeydir? - Qız soruşdu,
özü də cavab verdi. - Cürbəcür ölümlər
olur, çətin ölüm də var, asan ölüm də...
Məni çətin ölüm gözləyir..."
İtalyan yazıçısı Canni Rodari yazırdı
ki, "şıltaq bir uşağın göz yaşı
küləkdən də yüngüldür. Ac bir
uşağın göz yaşı isə dünyadakı
torpaq ağırlığındadır." Kenjenin
şıltaqlığını, körpə sevinclərini əlindən
almışdılar, onun üçün artıq ac
olub-olmamağın heç bir əhəmiyyəti
qalmamışdı. Onun gələcəyinə balta
endirilmişdi. Aulda partlayış nəticəsində
radiaktiv göllər əmələ gəlmişdi, bundan xəbərsiz
olanlar göldə çimir, tezliklə şüalanıb
ölürdülər. Onların kəndi ölü zonaya
çevrilmişdi. Kenje və onun kimilər çiçək
kimi saplağından qoparılıb atılmışdı.
Daha bu yerlərdə heç vaxt Kenje kimi çiçəklər
"bitməyəcəkdi".
Təbiətin insan qarşısında
qoyduğu suallar cavabsız qalır. Məqsədyönlü
şəkildə dehumanizasiya edilmiş -
insansızlaşdırılmış dövrün acı nəticələri
romanın hər səhifəsində ürək göynədir,
qəlb ağrıdır. Şüalanmanın izləri sonra
doğulan körpələri də təqib edir, onların da
ömrünə qənim kəsilir, bu dəhşətli kabus
həm də mənəvi zəhərlənməyə səbəb
olur. Ata yurdda qalmaq istəyir, oğul hökümət
nümayəndəsidir, o, əmrin icraçısıdır.
Ata ilə oğul arasındakı bu uçurumu yaradan da sovet
rejimidir. Atalar-oğullar qarşıdurması bu dəfə
ekofəlakət müstəvisində təqdim olunur.
Nəvə isə baş verənlərin şahididir, o, baş verənləri
gələcək nəsillərə danışacaq. Onun
uşaq yaddaşı zədələrlə doludur.
"Başımı babamın
dizləri üstünə
qoyub yuxuya getdim. Yuxumda qorxunc dağ qaplanının dəhşətli
kölgəsini gördüm. O kölgə başımın
üstündən asılmışdı, elə hey mənə
yaxınlaşırdı.
- Qorxma, məndən qorxma, - qəfildən kölgə insan səsilə
dilləndi. - Sizdən ötrü çətin olacaq, balaca,
amma dözməlisiniz. Yadında saxla, hər şeyi
yadında saxla, bala! Yadında saxla, yadında saxla, yadında
saxla! Çünki elə bir vaxt gəlib çatacaq, o
yaddaşındakılar səni gördüklərin barədə
həqiqəti dünyaya car çəkməyə məcbur
eləyəcək..."
Hidrogen bombası sınağının
ilk günahsız qurbanı zavallı Kenje olur. Onu uca bir təpənin
üstündə dəfn edirlər. Hələ dünənə
qədər bu altı yaşlı qızcığaz gələcəklə
bağlı xəyallar qururdu, qəddar rejim onun qönçə
arzularını gözündə qoydu, bapbalaca cismi torpaqlara
qarışdı. Qəddar adamlar ağır çəkmələri
ilə zərif çiçəkləri tapdayıb əzdikləri
kimi İblisin qanlı caynaqları onun bədənini
deşik-deşik etdi. "Dünyanın çökdüyü
gün" romanı bu dəhşətləri fəryad dolu
sözlərlə oxucuya çatdırır. Onlar
çıxıb gedəcəkdilər, Kenje isə əbədi
olaraq bu dağların qoynunda qalacaqdı.
1963-cü
ildə Moskvada
SSRİ, ABŞ və Böyük Britaniya höküməti
nümayəndələrinin arasında nüvə
silahları sınağının qadağan edilməsi
haqqında müqavilə imzalandı. Bu müqaviləyə
dünyanın yüzdən artıq ölkəsi
qoşulmuşdu. Bu dünya əhəmiyyətli tarixi hadisə
barədə sovet mətbuatında bircə kəlmə də
məlumat yox idi. Yazıçı yazır:
"Özünü dünyada ən humanist ölkə
adlandıran bir dövlət bu qələbə ilə
bağlı susurdu".
Rollan Seysenbayev öz xalqının taleyini bu qədər mükəmməl
formada qələmə almağı bacaran çox azsaylı
yazıçılardandır. Bu roman insanın hiss və
duyğularında dərin iz buraxır. Var gücüylə
bütün bəşəriyyətə üz tutub hayqıran
bir insan təsəvvür edin:
"...mənə yurd-yuvamı qaytarın! Atamın
tapşırdığı kimi, yaşıl otların
üstündə ayaqyalın gəzmək, göllərimizdən
su içmək, səfalı, münbit torpağın
üstündə uzanıb tərtəmiz, məhrəm səmaya
tamaşa eləmək istəyirəm. Ey Vətən, səsimi eşidirsən?"
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.29.