Salam, yurduna gedənlər...
İkinci
Dünya müharibəsinin
bitməsi İtaliyada
faşizmin məhv olması ilə nəticələndi. Müharibənin
ağır nəticələrini
çiyinlərində hiss edən İtaliya insanları bu dövrdə yeni ümidin
axtarışına çıxdılar.
Bu ümid özünü
kinoda - neorealizm cərəyanının təşəkkülündə
tapdı. Neorealizm, bir növ, sosial
sifariş kimi dünyaya gəldi. Çarəsiz, sadə insanlar kinonun qəhrəmanına çevrildi.
Neorealizmin ilk örnək filmi 1943-cü ildə Lukino Viskontinin çəkdiyi
"Vəsvəsə" filmi hesab edilir. Amma bu cərəyanın
manifest filmi Roberto Rosselinin 1945-ci ildə ekranlaşdırdığı
"Roma - Açıq şəhər"
ekran əsəridir. Neorealizm şəhər insanının acılarını,
onun yaşadığı
məhrumiyyətləri və
ondan çıxış
üçün aparılan
mübarizəni əks
etdirirdi. Neorealizmlə
filmlərdəki hadisələr
daha çox küçələrdə cərəyan
etməyə başladı.
Qaranlıq dalanlar, sonsuz küçələr,
meydanlar kinonun əsas məkanı oldu. Bununla yanaşı,
filmlərə xeyli sayda həvəskar insanlar da çəkilirdi.
Bunun əsas səbəblərindən
biri film sənayesinin dağılmasıyla bağlı
idi. Lakin filmlərə
həvəskarların çəkilməsi
ona marağı azaltmadı, insanlarda kinoya yeni rəğbət
oyatdı.
Vittorio De
Sika neorealizmin təməl
daşını qoyan
sənətkarlardan biri
idi. Onun yaradıcılığındakı əsas kredo sadə insanların ev arzusu idi.
Vittorio De Sika "Velosiped oğruları"
filmindən başlanmış
"Sevimli məhkum"una
qədər, istər
sosial dram, istərsə
də kriminal-komediya janrlı filmlərində
bu diləyi ustalıqla əks etdirmişdir.
Biz yuxarıda neorealizmin şəhər obrazından
danışdıq. Vittorio De Sikanın 1951-ci ildə İtalyan yazıçısı
və rejissoru Cezare Zavattinin "Toto
İl Buono" romanı
əsasında ekranlaşdırdığı
"Milanoda möcüzə"
filmi neorealizmin şəhərdəki
dini-mistik yönünü
insanlara çatdıran
örnək ekran əsəridir. İnsanlar
qədim zamanlarda olduğu kimi, müasir çağda da möcüzəyə ehtiyac
duyurlar. Bu film XX əsr
insanının möcüzələrə
münasibətini ifadə
edir.
"Milanoda möcüzə"
başlanğıcından etibarən bizi dini mətnlərin ağuşuna atır. Belə ki, yaşlı qadın Lolota kələm tarlasından bir körpə tapir. Bu məqam Musa peyğəmbərin
Nil çayına qayıqla
anası tərəfindən
göndərilməsinə bənzəyir. Lolota adını Toto qoyduğu
körpəyə əmanət
şüuru ilə qayğı göstərir,
onu yetişdirir. Ona bilgi və mərhəmət
bəxş edir.
Lolotanın ölümü Totonun
körpələr evinə
göndərilməsi ilə
nəticələnir. Biz Totonun
yetimlik dövrünü
görmürük. Lakin Totonun
körpələr evindən
çıxarkən insanlara
salam verib, təbəssüm göstərməsi
insanlar arasında sülh, sevgi yaratma diləyindən xəbər verir. Toto artıq missiya adamı kimi göz önündə dayanır. Çünki o
Lolota tərəfindən
mərhəmət ruhuyla
yetişib. Bu mərhəmət
özünü onun çantasının evsiz
Arturo tərəfindən oğurlanmasında
əksini tapır.
Toto Alfredoya mərhəmət
bəsləyir, onun ağır güzəranını
görərək çantasını
ona bağışlayır.
Toto da bu kişi kimi qəribdi, qalmağa yeri yoxdu. Bu zaman Toto Alfredo ilə
qədər yoldaşına
çevrilirlər. Onlar
bir yerdə gecəqondudakı çadırda
qalırlar. Toto səhəri
günəşin yalnız
bir yeri işıqlandırması ilə
açır. Vittorio De Sika burada fantastik mübaliğəyə yer
verir. Günəş
belə, tam nurunu insanlardan əsirgəyib. Savaşlar, sərvət uğrunda çarpışmalar
təbiətin də qəzəblənməsinə səbəb
olub. Vittorio De Sikanın
Günəşlə bağlı
bu kinematoqrafik həllini bu cür yoza bilərik.
Küləyin dağıtdığı gecəqondudan sonra yeni bir gün başlayır.
Bu dəfə Günəşin
tam parlaması həyatın
insanların üzünə
gülməyə başlamasından
xəbər verir. Günəş enerjisi fonunda Totonun sosial öndərliyində
yeni bir yaşayış
məskəni inşa
edilir. İnsanlar, deyəsən, səadətə
varmaq istəyirlər.
Bu səadət isə
sadə bir evin olması diləyilə bağlıdır.
Bunun fonunda Arturo kimi həyatından bezənlər
də var. Lakin Toto Arturo və
onun kimilərinin də həyatını xilas edir, onları
intihar pəncəsindən
qurtarır.
Toto və onu əhatə
edən cəmiyyətin
tikdiyi yaşayış
massivi zamanında Brambi soyadındakı şəxsin mülkü olub. Bu yerdə Yunus Əmrənin məşhur misraları
yada düşür:
Mal sahibi mülk sahibi,
Hanı
bu mülkün ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Burax, bir az sən
də oyalan.
İnsanların savaşdan öncə
mülk edilmiş torpaqlarda özlərinə
yuva qurması haqqının çatması
sadə bir yozumla tamaşaçılara
çatdırılır. Toto, əvvəlcə, bu ərazidəki uşaqlardan
vurma cədvəlini soruşur, ona qaneedici cavab tapmayanda, divardan vurma cədvəlindən nümunə yazaraq insanları maarifə dəvət edir. Daha sonra qadın
heykəli üzərində
mübahisə edən
tərəfləri barışdıraraq
ərazidə sülhü
bərqərar edir. Cəhllə vuruşma, insanları nəfsləri
uğrunda savaşdan çəkindirmə Totonun
liderliyini nümayiş
etdirir.
Brambi mülkünə təkcə
kasıblar yox, keçmiş zadəganlar
da pənah aparır. Demək, onlar da acı savaşın qurbanlarıdır. Lakin içlərindəki
hikkə hələ bitməyib. Biz bunu Martanın öz qulluqçusu Edviqaya münasibətində görürük.
Edviqa bilmədən Totonun üzərinə bir stəkan su atır. Marta buna görə onu qovacağını bildirir.
Toto Edviqanı qovulmaqdan
xilas etmək üçün üzərinə
bir vedrə su tökür. Toto-Edviqa sevgisi bu zaman yaranır. Bu sevgi ən ülvi,
mərhəmət hissi
üzərində qurulur.
Köhnə mülkə yiyəlik
etmək istəyən
yeni sahib peyda olur. Filmdəki sosial mübarizə xətti buradan başlamış olur. Mobbi kollektivin
torpaqlarını verməmə
iradəsini görür,
bu zaman o: "Mən də sizinlə bərabərəm", - deyərək
vəziyyətdən çıxır.
Lakin bircə Rappi Mobbiylə həmrəy kimi ona yaxınlaşır.
Sahibkarların əynindəki
təmiz paltolar, fraklar Rappinin gözlərini qamaşdırır.
O özünü adi əhalidən fərqləndirmək
üçün qismən
hündür yerdə
məskunlaşır.
Kasıb
ərazidə teatrın,
kinonun olmaması insanları Tanrının
yaratdığı Günəş
qürubunu film kimi izləməyə yönəldir.
Onların bir zaman həsrət qaldıqları
günəşi seyr etmələri Tanrını
yada salıb, ona şükür etmələrini
xatırladır. Sakinlər
bu şükür ayinindən feyz alırlar. Lakin bu feyzdən maddiyyat tərəfdarı Rappi məhrum qalır. Şükür ayinindən
sonra ərazidə neft tapılır, bu, Tanrıya edilən təşəkkürə
bir cavab kimi görünür.
Ərazidə neftin kəşf
olunması maddiyyat canavarını yenidən
oyadır. Neftin mövcudluğu Rappini öz
ruh tayına - Mobbiyə yönəldir. Rappinin verdiyi xəbər əsasında
Mobbi dayanmadan bu səadət yurdunu dağıtmaq üçün hərəkətə
keçir. Bu zaman Lolotanın
ruhu Totoya köməyə gəlir.
O, qeybdən Totoya göyərçin bəxş
edir. Bu göyərçin
bütün arzuları
yerinə yetirən vasitəyə çevrilir.
Toto artıq cəmiyyətin
bununla tək sosial deyil, mənəvi
liderinə də çevrilmiş olur. Göyərçin möcüzəsi
nəticəsində sərvət
düşkünləri ərazidən
uzaqlaşdırılır. Dünyəvi zövqün
tərəfdarı olan
Rappi də casus kimi bu yurddan
rədd edilir.
Amma və lakin. Möcüzə insanları
ciddi sınaqla üz-üzə qoyur. Quranda möcüzələrin
əksər hallarda insanları aliləşdirmədiyi,
adiləşdirdiyinə dair
mesajlar var. Totonun cəmiyyəti də bundan xali deyil.
Onlar göyərçini
özlərinin sərvət
arzusuna fəda verməyə başlayırlar.
İnsanlarda Mobbi Rappi kimi sərvət
arzuları baş qaldırır. Dünənə
kimi yalnız sadə yaşayış istəyən insanlar adları çəkilən
fərdlərdən daha
betər vəziyyətə
düşməyə başlayırlar.
Onlar dayanmadan milyonlarının olması
üçün göyərçindən
yardım diləyirlər.
Arzuların ümman kimi uzanan hüdudsuzluğu
Totonun sevdiyi Edviqasına sadə bir ayaqqabı tayını hədiyyə
etməməsi ilə
nəticələnir. Bu məqamda
Toto-Edviqa cütlüyü
təmizliyin nümunəsi
kimi görünürlər.
Quranın Həşr surəsinin
yeddinci ayəsində
insanlara "sərvəti
əldən-ələ dolaşan
dövlətə çevirməyin"
deyə mesaj var. İnsanlıq daim bu dolaşan sərvətin əsirinə
çevrilib. Sərvət
tutqunluğu göndərilən
göyərçinin mələklər
tərəfindən yenidən
göyə qaldırılması
ilə nəticələnir.
Totonun cəmiyyəti
sərvət sahibi Mobbi tərəfindən yurdundan çıxarılır.
İnsanların sərvətə
məğlub düşməsi
nəticəsində səadət
yurdundan məhrum edilməsi dünyadakı
cəzanın mövcudluğunu
xatırladır. Buna baxmayaraq,
yenə də möcüzə onlara kömək olur. Onları aparan həbs karetası göyərçin möcüzəsi
tərəfindən dağıdılır.
Xilas olan insanlar Toto-Edviqa cütlüyünün liderliyində
göylər aləminə
- baqi olan salam yurduna doğru
yüksəlirlər.
Film Kann kinofestivalında "Qızıl Palma" mükafatını
qazanıb. 2008-ci ildə
ekran əsəri İtaliya Mədəniyyət
Nazirliyi tərəfindən
100 dəyərli film siyahısına
daxil edilmişdir.
Ceyhun MİRZƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.32.