Bir daha kişi
və qadın haqqında
Kişi
və qadın... Adəm və Həvva... Və onların törəmələri
- Leyli və Məcnun, Fərhad və Şirin, Romeo və Cülyetta... Dünyamızın həyat
mənbəyi olmasının
səbəbkarları. Və
təbii ki, adları,
əhvalatları dastanlara
yazılmayan milyonlarla
bu cür səbəbkarlar. Hər birinin öz hekayəsi öz ömürlərinin dastanına
çevrilən sevən
cütlüklər, yaxud
aşiqlər...
Mövzumuz Klod Leluşun əbədiyaşar "Kişi
və qadın"
filmi deyil. Bu dəfə
Teatr Xadimləri İttifaqının nəzdində
fəaliyyət göstərən
aktyor sənəti laboratoriyasının eyniadlı
tamaşasından danışacağıq.
Laboratoriyada mütəmadi
məşğələlər keçirilir və ildə iki dəfə
tamaşalar hazırlanıb
təqdim edilir. "Kişi və qadın" tamaşasını
Əli Əmirlinin pyesi əsasında laboratoriyanın rejissoru Məhəmməd Verdizadə
iki heyətlə qoyub. Bu tamaşaya qədər o, TXİ-nin aktyor sənəti laboratoriyasında "Avtobus"
(S.Stratiyev), "Bir qadının dueti" (Ə.Nesin), "Axırıncı
güllə" (M.Verdizadə)
tamaşalarına quruluş
verib.
"Kişi və qadın" tamaşasında
yalnız Əvəz Əzizov rolunun ifaçısı, Dövlət
Milli Gənc Tamaşaçılar
Teatrının aktyoru
Vüqar Məmmədəliyev
hər iki heyətlə Teatr Xadimləri İttifaqının
Mustafa Mərdanov adına
səhnəsinə çıxır.
Cəmil
bəy, Emma, Emmanın
əri Əvəz Əzizov üçlüyünü
məhəbbət üçlüyü
həm adlandırmaq olar, həm də olmaz - süjetə görə dünyanın az qala, bütün ölkələrini əhatə
edən fəaliyyəti,
biznesi sayəsində
çox imkanlı şəxslərindən birinə,
oliqarxa çevrilmiş
Cəmil bəy 38 gündür ki, sevimli, istəkli həyat yoldaşı Emma (Elmira) ilə
ayrı-ayrı dünyaların
insanlarına çevriliblər.
Sadə dillə desək, Emma vəfat edib və Cəmil
bəy bu itkinin ağırlığı
altında özünü
tamamilə itirib. Yaşamağa həvəsi
qalmayıb. Bütün
günü zahiri və daxili gözəlliyə aid cəhətlərin
hamısının mücəssəməsi
olan Emmasının fotoportretinə baxır, portreti bağrına basıb ağlayır. Belə məqamların birində işçisi Əvəz Əzizov gəlib çıxır.
Əvəz Əzizov Cəmil bəyin tam əksidir: xanımına dəfələrlə xəyanət
edib, özü də kənarda eşq macərası yaşadığı qadınlar
arasında həyat yoldaşının xalası
qızı və rəfiqələri də
var. Amma bununla belə
heç vaxt ömür-gün yoldaşını
onların "ayağına"
vermir, həyatının
qanuni qadını haqqında həmişə
hədsiz hörmətlə
danışır. Emma dərrakəli,
həssas qadın olduğu üçün
ərinin xəyanətlərindən
xəbərdardır; əlbəttə,
ümumi şəkildə.
Lakin müdrik, xanım-xatın
qadın olduğuna görə bu məsələni açıb-ağartmır.
Əvəz isə xəyanətlərini tam gizli
saxlamağa çalışır.
Əvəz Cəmilə təskinlik
verib sakitləşdirmək
cəhdlərinin nəticə
vermədiyini görəndə
rəhmətliyin fotosuna
baxmaq izni istəyir...və böyük bir şok keçirir - fotoportretdən ona öz xanımı baxır! Əvəz Əzizovun təbirincə
desək, "fantastikamı,
mistikamı olması anlaşılmayan" bu hal getdikcə daha böyük qəribəliklərdə ifadə
olunur. Əvəzlə
Cəmil arasındakı
söhbətdən Əvəzin
də həyat yoldaşının adının
Emma, daha doğrusu, əsl adı Elmira olaraq "Emma" deyə
çağırıldığı və bütün cizgilərilə Cəmilin
vəfat etmiş xanımının eyniliklə
oxşarı olduğu
aydınlaşan kimi Cəmil Əvəzin həyat yoldaşını
mütləq görməli
olduğunu deyir. Və bu məqamda
Əvəz dinc durmayan dilinin bəlasına düşdüyünü,
Cəmil bəyin vəfat etmiş xanımının fotoportretinə
baxmaq istəməsilə
artıq ondan asılı olmayan bir oyunun başladığını
anlayır. Amma ən böyük çətinliyin
bu ağlasığmaz
situasiyanı həyat
yoldaşı Emmaya necə izah edəcəyidir. Əvəzin
evinə qayıdıb
öz Emmasını müdiri Cəmil bəyin gəlib ona baxmaq istəməsi
kimi qəribə bir hala kökləməsi
doğrudan da, müşkül
bir işə çevrilir. Hətta Emma işdən və övladı olmadığına
görə hər gün baş çəkdiyi uşaq evindən yenicə qayıtmasına, yorğun,
ac-susuz olmasına baxmayaraq, Cəmil bəy gələnə qədər evdən çıxıb getmək
istəyir. Amma işgüzar,
dəqiq insan olan Cəmil bəy təyin olunan saatda gəlib
çıxır və
onlar qapıda rastlaşırlar. Bundan sonra qəribə bir məhəbbət üçlüyü oyunu
başlayır: Cəmil
öz Emmasının
eyniliklə oxşarına
rast gəlməsini (iki Emmaların, hətta qızlıq soyadları və nəsil şəcərələrinin
tarixçələri də
eynidir) taleyin Əvəz Əzizovun vasitəsilə onun üçün göndərdiyi
xilas yolu, yeni həyata başlamaq imkanı kimi qəbul edir və işçisinin həyat yoldaşına bütün varlığı
ilə bağlanır.
Emma Cəmil bəyin belə istiqanlı davranışının absurd olduğunu
anladığına görə
qəbul etmək fikrindən uzaqdır.
Lakin Əvəz onu inandırıb yola gətirməyə çalışır
ki, "Cəmil bəylə
mehriban davran, qoy o, elə bilsin ki, sən elə o Emmasan, onun Emması və beləliklə, mənim işlərim irəli getsin, onun var-dövlətindən,
xeyirxahlığından bəhrələnib
varlanaq". Təbii
ki, Emma belə mənəviyyatsızlığa
razılaşmır. Sadəcə,
əri İsveçrədə
sevgililərindən biri
ilə ezamiyyətdə
olduğu müddətdə
Cəmil bəylə mədəni istirahət məkanlarına, uşaq evinə gedir, lakin evdə onunla təkbətək qalmağa şərait yaratmır, hətta ərinin müdirini mədəni şəkildə
evdən qovur. Cəmil Emmaya ərindən boşanıb
onunla evlənməyi təklif etsə də, Emma yeni həyat qurmaq fikrindən və həvəsindən
çox uzaq olduğunu bildirir. Cəmil Əvəzin ona dəfələrlə
xəyanət etdiyini deməsi də vəziyyəti dəyişmir.
Amma ardınca Emma hər
iki kişini məzəli vəziyyətə
salan öz oyununu oynayır: Əvəz ezamiyyətdən
qayıdanda Cəmil bəylə onun tapşırıb getdiyi kimi davrandığını,
Cəmilin insan və kişi kimi çox təqdirəlayiq biri olduğunu...və...ondan hamilə qaldığını deyir.
Halbuki Cəmilin hər hansı yaxınlıq etmək cəhdinə Emmanın cavabı şillə olubmuş. Amma bunu artıq Cəmil özü Əvəzin qısqanclıq dolu ittihamlarının cavabında
deyir. Emmaya qalsaydı, ərinin xəyanətlərinin əvəzi
olaraq uydurduğu bu oyun davam
edəcəkdi.
Tamaşanı iki heyətin ikisinin də təqdimatında gördüyümə
görə təhlil müqayisəli olacaq.
"Kişi və qadın" melodramatik komediyadır. Və bu il martın 8-də
"Baxış" festivalının
yekun günündə
tamaşanın ikinci nümayişində (mənim
üçün birinci)
bu janr tam qüvvəsində idi.
İlk dəqiqələrdən aktyorlar arasında sinxron yaradıcı əlaqənin çox güclü olduğu duyuldu və qüvvədə qaldı.
Tamaşa özünəməxsus
tərzə, simaya
malik idi. Bu keyfiyyətlər
Emma rolunun ifaçısının
səhnəyə çıxması
ilə daha da gücləndi. Tamaşada
bir kinematoqrafiklik sezilir. Bir növ, film-tamaşa. Bu cəhət sadəcə sezilir, qabarmır. Və ilk təəssürat Avropa komediyalarına aparıb çıxaran assosiasiyalara
köklənir - bir az İntibah dövrünün, bir az XX yüzilliyin ortalarının melodramatik
komediyalarının nəfəsi
duyulur. Bakı Bələdiyyə Teatrının
aktyoru Elçin Murad,
müstəqil aktrisa Rəbbilə Ələkbərzadə,
Dövlət Milli Gənc
Tamaşaçılar Teatrının
aktyoru Vüqar Məmmədəliyevin iştirakilə
olan quruluş melodramatik komediyanın bütün tələblərinə
cavab verir - tamaşaçı yeri gələndə gülməkdən
uğunub gedir, yeri gələndə təsirlənib, hətta kövrəlib düşüncələrə
dalır. Tamaşa bütövlükdə həm
reallığı çətinliklə
təsəvvür edilən,
həm də tam əksinə, tamamilə gerçək təsir bağışlayan bir əhvalatı zövq və estetika ilə nəql edir.
Dublyaj aktyoru Mahir Mirişlinin
(Cəmil bəy), Uşaq və Gənclər Teatrının
aktrisası Könül
Şahbazovanın (Emma) və
Vüqar Məmmədəliyevin
(Əvəz Əzizov)
təqdimatındakı ikinci
quruluş komiklikdən
demək olar ki, tamamilə xalidir. Yaradıcı heyət melodramanın dram tərəfinə
meyillənməyə cəhd
edib. Amma bu cəhd darıxdırıcılığa
gətirib çıxarıb.
Və həm də komik davranış
və replikalar da qalıb. Amma onlar da yumor hissindən uzaqdırlar. Bütün bunlara görə əhvalat anlaşılmaz
təsirdə qalır.
İsmarışlar şüar
xassəsi ilə kifayətlənir. Yeganə
olaraq, hər iki heyətdə aktyorların yaş və görünüş
etibarilə oynadıqları
rollara və səhnə meyarlarına uyğunluğu danılmazdır.
Samirə Behbudqızı
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.30.