Meyson KARRİ. "Dahilərin iş
rejimi"
kitabından seçmələr
Amerikalı
yazar Meyson Karrinin
2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı kitabı indiyədək 17 dilə çevrilib və 100 min ədədlik tirajı satılıb, tükənib. Haqqında "The New Yorker",
"The Guardian", "The Wall Street Journal" və "The
Believer" kimi nüfuzlu nəşrlərin müsbət rəy
çap etdiyi kitab NPR versiyası üzrə "İlin
kitabı" elan olunub. Kitabda keçmiş dövrlərdə
yaşamış və müasirimiz olan 161 dahi yazarın, bəstəkarın,
rəssamın, filosofun və digər məşhur insanın
iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında
oxuculara təqdim olunub. Maraqlananlar kitabın digər
bölümlərini qəzetimizin əvvəlki saylarında
oxuya bilər.
İohan
Volfqanq HÖTE
(1749-1832)
Gənclik
dövründə Höte günlər uzunu, həm də
fasiləsiz yazıb-yaradırdı, yaşlanınca isə
artıq fərqinə varmışdı ki, sadəcə səhər
saatlarında təbi daha güclü olur.
1828-ci ildə
o, bu barədə deyirmiş:
"Həyatımın
bəlli bir dönəmində mən günə bir çap
vərəqi qədər mətn yazmaq iqtidarında idim və
bundan ötrü özümü sən deyən də gücə
salmırdım. Halbuki indi, yəni "Faust"un ikinci hissəsi
üzərində işləyərkən, sırf sübh saatlarında
çalışmağa qadirəm: həmin vaxt yuxudan
artıq doyduğum üçün özümü xeyli
şövqlü sayıram, çünki gündəlik həyatın
mənasızlığı o ara məni bezdirməyə hələ
macal tapmır. Bu şərtlər çərçivəsində,
heç bilirsiniz, mən nə qədər iş görə
bilirəm? Bəxt üzümə gülərsə, səhifənin
yarısını güclə yazıb-doldururam, həvəsim
sönəndə isə nəticə bundan da az olur".
Ömrünün
son illərində ilham pərisinin üz çevirməsi
Goethe üçün çəkilməz bir iztiraba
çevrilmişdi, çünki ilham çınqısı
olmadan yazıb-yaratmağı o, özünə ar bildiyi
üçün etiraf edirdi:
"Yaradıcılıq
böhranına sürüklənən hər kəsə mən
gen-bol dincəlməyi, hətta saatlar boyu yatmağı məsləhət
görərdim, çünki belə dönəmlərdə
özünü yazmağa zorlayanlar ortaya qoyduqları əsərlərə
görə sonradan sadəcə xəcalət hissinə
qapılacaqlar".
Fridrix
ŞİLLER
(1759-1805)
Bu alman
şairi, tarixçisi, filosofu və dramaturqu öz kabinetindəki
bir qutuda çürümüş almalar saxlayıb: guya
onların ətri (ya da çürüntü qoxusu!) onu dərhal
ilhama, yaradıcılığa səfərbər edirmiş.
İstənilən maneə onu əlüstü təbdən
çıxardığı üçün Şiller, əsasən,
gecə saatlarında qələmə
sarılırmış. Yay mövsümündə isə
Yena şəhərinin kənarındakı kiçik evinin
qarşısında saldığı bağa
çıxırmış. İlk bioqraflarından biri
şairin çalışma gününün (daha doğrusu,
gecəsinin!) cədvəlini bu cür təqdim edib:
"Ara-sıra
boğazını yaşlaya bilsin deyə, onun yazı
masasında, ya acı qəhvə, ya şərab
şüşəsi ilə şokolad, əsasən də
Reyn, yaxud Şampan şərabı olurdu. Gecənin səssizliyində
ifadəli tərzdə oxuduğu şeirləri
qonşuları açıq-aydın eşidirdilər.
Kiçik vadidəki evinin arxa divarı təpələrə
söykəndiyindən şairin özünü görmək
elə də çətin məsələ deyildi: bu
yaradıcı işə göz qoyan birisi şairin otaqda necə
var-gəl elədiyini, uca səslə danışaraq,
hansı çılğınlıqla şeirlər
qoşduğunu, sonra böyründəki stəkandan nə isə
süzüb içdiyini görə bilirdi. Qışda bu həngamə
sübh saat 4-ə, 5-ə qədər, yayda isə saat 3-ə
qədər sürürdü. Sonra yatağına girən sənətkar
saat doqquza, hətta ona qədər yatırdı".
Gecə
saatlarında təkcə qəhvə, şərab və
çürümüş alma qoxusuyla deyil, daima tütün
çəkmək və qoxlamaqla da özünü oyaq tutma vərdişləri,
təbii ki, şairin sağlamlığını ciddi şəkildə
təhdid edirdi və gec-tez onu ağır xəstəliklərə
düçar edəsiydi. Həm də bu adətindən o, əsla
imtina eləyə bilməzdi, çünki məhz bu şərtlərdə,
yəni günün ancaq o saatlarında maneəsiz bir şəkildə
işləməyə hədsiz dərəcədə
alışmışdı.
Bir məktubunda
Şiller dostuna yazırdı:
"Sahib
olduğumuz ən dəyərli nemətin - zamanın qədrini
biz heç bilmirik. Əgər ondan ağıllı şəkildə
yararlanmağı öyrənsəydik, hər halda
dağı dağ üstünə qoyardıq".
Flanneri O'KONNOR
(1925-1964)
1951-ci ildə
O'Konnora qurdeşənəyi (dəri vərəmi - A.Y.) xəstəliyi
diaqnozu qoyan həkimlər yazarın uzaqbaşı, dörd il
ömrü qaldığını bildirirlər. Flanneri məyus
halda doğma ştatı Corciyaya dönür, anası ilə
birgə ailələrinə məxsus ferma ərazisində
yaşamağa başlayır. Bundan bir qədər əvvəl
isə dinləyicisi olduğu ustad dərslərinin rəhbəri
yaradıcılığa hər gün bəlli saatları
ayırmağı ona məsləhət
görübmüş. O da buna əməl edir. Corciyadan bir
dostuna ünvanladığı məktubda Flanneri
yazırdı: "Demə, yeknəsəkliyin özü də
elə həyatda qalmağın bir üsulu imiş".
Dindar
katolik kimi O'Konnor hər səhər saat altıda breviaridəki
(katoliklərin dua kitabı - A.Y.) duaları oxumaqla təzə
günə başlayırdı. Sonra anası ilə mətbəxdə
oturub, termosdakı qəhvədən süzüb içir,
hava barədə radioda verilən xəbərləri dinləyirdi.
Yeddi tamamda bu ana-bala dini icmanın səhər duasına
qatılmaqdan ötrü şəhərdəki Müqəddəs
Qəlb kilsəsinə yollanırdı. Dini ayinlərin
icrasından sonra isə o, öz yazarlıq fəaliyyətinə
köklənirdi. Hər gün saat 9 ilə12 arasında iş
otağına qapanmaqla, Flanneri yazıb-pozurdu və həmin
saatların bəhrəsi kimi ən azı üç səhifəlik
bir mətn ortaya çıxırdı. Bir jurnalistə etiraf
etdiyinə görə, bəzən səhəri gün bəyənməyincə,
həmin o üç səhifəni yazar "uf" demədən
cırıb-ata da bilirmiş.
Günortaya
doğru onun iş qabiliyyəti azalırdı. Yoluxduğu dəri
vərəmi ucbatından xanım yazar xeyli tez yorulurdu, onda
soyuqdəymə və ya qripə xas əlamətlər
özünü göstərdiyindən başı sanki
ağırlaşırdı. Belədə istirahət
üçün eyvana çıxır, özünün
sevimli məşğuliyyətlərinə çevrilən rəsm
və quşların baxımı ilə başını
qatırdı. Ana ilə qız fermada tovuzquşları da
saxlayırmışlar, elə bu səbəbdən də
O'Konnorun nəsrində biz ördək, qaz və toyuqlar ilə
yanaşı, bu quşların təsvirinə də
vaxtaşırı rast gəlirik.
Günəş
qüruba enəndə Flanneri də yatmağa
hazırlaşırmış. Bu barədə o, gündəliyində
yazırdı: "Saat doqquzda yatağa girirəm və bunu
candərdi yox, cani-dildən edirəm".
Yatmazdan əvvəl
o, bir neçə dua oxuyur, ardınca isə Akvinalı
Fomanın 700 səhifəlik kitabından bir neçə səhifəni
mütaliə edirmiş. Bunu özü belə yozurdu: "Mənim
nəsrim ilahiyyata dair oxuduğum o çoxsaylı kitablardan
güc-qüvvət alır".
Uilyam
STAYRON
(1925-2006)
1954-cü
ildə "Paris Review" jurnalına verdiyi müsahibədə
Stayron bildirmişdi:
"Əgər
həqiqəti etiraf etmək lazım gələrsə,
yaradıcılıq - əsl cəhənnəmdir. Elə ki
rahat yazırsan, adamın içini ilıq və xoş
duyğular bürüyür, amma eyni işə hər gün
təzədən köklənə bilib-bilməyəcəyini
düşünəndə dərin iztirablar adamın
yaxasını buraxmaq bilmir".
Bu
ağrılı tərəddüddən qurtulsun deyə,
Stayron özü üçün yetərincə qəribə
sayılacaq bir iş qrafiki qurmuşdu: o, ta günortaya qədər
yatır, oyanandan sonra daha bir saat yatağından qalxmadan nələrsə
oxuyub, düşüncələrə dalır və 13.30-da həyat
yoldaşıyla birlikdə nahar süfrəsinin başına
keçirdi. Sonra alış-veriş üçün evdən
çıxır, geri dönüb, poçtunu
araşdırandan sonra özünü səbirlə, həm də
tədricən yazı prosesinə kökləyirdi. Bu məsələdəki
həlledici rol isə dinlədiyi musiqilərə məxsus
idi.
O,
etiraflarında yazır:
"Yaradıcı
ovqata girmək və işə başlamaq üçün mən
bir saat boyu, bəzən isə daha çox musiqi dinləməyə
məcburam".
Saat 16
tamamda, ən nəhayət, o, ən azı dörd
saatlığa öz çalışma otağına
qapanır və adətən 200-300 sözlük bir mətn
yazırdı.
Axşam
saat səkkizdə Stayron öz doğmaları və
qonaqları ilə bir araya gəlirdi: hamılıqla kokteyl
içib, axşam yeməyi yeyirdilər. Bunun ardınca o, yenə
siqaret tüstülədərək, ta gecə saat ikiyə,
üçə qədər içki içir, kitab oxuyur,
musiqi dinləyirdi.
İçkini
daxili gərginliyi azaltmağın ən təsirli vasitəsi
saysa da, yazarkən Stayron dilinə içki vurmurdu,
yazacağı mətn barədə düşünərkən
isə alkoqol ona az-çox sərbəstlik bəxş edirdi:
o ara beynində doğan işartılar sonrakı yazı
prosesinə mütləq öz müsbət təsirini
göstərirdi.
Reportyorlardan
biri vaxtilə maraqlanmışdı ki, Stayronun dörd
uşağı və xanımı ilə Konnektikut və
Martaz-Vaynyarddakı iki ayrı evdə, yəni burjualara xas dəbdəbəli
bir şəraitdə yaşaması onun yaradıcılığına
faydalı olub, yoxsa, müəyyən sıxıntılara yol
açıb? Stayron bu suala belə cavab vermişdi:
"Yaşam tərzimin yaradıcılığıma
tarazlayıcı təsirini danmam əsl
naşükürlük olardı. Əsərlərimə həmişə
inqilabi ruh, zəngin təbəqələrə qarşı
etirazçı mövqe hakim olub. Bu səbəbdən də
özümü yaşadığım cəmiyyətin nə
qaymağı sayıram, nə də onun qazmağı. Ötən
illər ərzində mən kiçik yazı
otağımın divarından Floberdən seçdiyim bir
devizi asmışam: "Burjualar kimi oturuşmuş bir
ömür sürsən, yaradıcılığında da
çılğın və orijinal birisi olmağı
bacararsan". Mən də, bu qənaətə həmişə
riayət edirəm".
Filip
ROT
(1933-2018)
1987-ci ildə
Filip Rot belə bir etiraf eləmişdi: "Yazmaq -
ağır iş deyil ey, əsl məşəqqətdir.
Daş kömür şaxtasındakı işi ağır
saymaq olar, bu isə... dözülməz bir dəhşətdir.
Çünki özünəinamsızlıq daima səni dar
küncə qısır, suyun üzündə qalmaqdan
ötrü sən içindəki şübhələri yenməyə
və deməli, təskinliyə gərək duyursan. Yetkin bir
həkim öz peşəsinə hər an meydan oxumağa zərurət
duymasa da, peşəkar yazar gördüyü işlə
çarpışıb-vuruşmağa həmişə məcburdur.
İstənilən
peşədə görülən işin başlanğıc
qismi, ortası və sonluğu olur. Yazarlıqda isə
girişdiyin iş, sadəcə, başlanğıc mərhələyə
malikdir. Bizlər bu cür xəlq olunmuşuq və daima
yenilik axtarışındayıq. Bununla bərabər,
gördüyümüz iş yeknəsəklik və təkrarlardan
da xali deyildir. Hər bir müəllifin ən vacib özəlliyi
- yeknəsək və dəyişimlərdən uzaq bu iş
şəraitini durmadan davam etdirmək
bacarığıdir".
Bu
bacarığı Rot ən azı 1972-ci ildən etibarən
özünə aşılayıb, çünki həmin il
o, Konnektikut ştatının şimal-şərqindəki 60
akrlıq (24,3 hektarlıq - A.Y.) ərazidə yerləşən
və XVIII yüzildən qalmaqla, zəhmli bir görkəmə
malik malikanədə məskunlaşıb. Hər gün səhər
yeməyindən və idmandan sonra ikiotaqlı kottecdə yerləşən
yazıxanasına çəkilib.
Özü
bu barədə belə deyirdi: "Hər gün nahar etmək
və qəzetlərə göz atmaq məqsədilə mən
- bir saatlıq fasiləni də nəzərə almaqla, saat
10-dan 18-dək yazıram. Həyatımın yeganə mənası
da elə bundadır".
Uzun illər
boyu bu yaşam tərzini ikinci xanımı, aktrisa Kler Blum da
onunla bölüşüb. Ancaq 1994-cü ildə
ayrıldıqları vaxtdan etibarən yazar təkbaşına
yaşamağa məcbur qalıb və göründüyü
qədərilə, bundan bir kərə də şikayətlənməyib.
2000-ci ildə
Devid Remnikə müsahibəsində Rot deyibmiş:
"Yalqız
yaşadığım üçün nəyə görəsə
və kiminsə qarşısında artıq hər hansı
cavabdehlik-zad daşımıram. Bütün zamanım öz
ixtiyarımdadır. Adətən bütün
günümü yazı-pozuya həsr edirəm və əgər
nahardan sonra təkrar yazı masamın arxasına keçmək
istəyirəmsə, evdəki başqa birisi mənsiz
darıxmasın deyə, görəcəyim işi sonraya ertələməyə
gərək qalmır. Yəni illah, baş-başa qalıb,
onu əyləndirməyə, başını qatmağa məcbur
deyiləm. Odur ki, kabinetimə yollanır, daha iki-üç
saat yazıram. Çox nadir hallarda gecə saat ikidə, həm
də yuxum ərşə çəkiləndə
ağlıma maraqlı fikirlər gəlirsə, mən elə
yataq otağımdaca işığı yandırıb,
işləyirəm. Sarı vərəqli qeyd dəftərçələrimi
isə evin hər künc-bucağına düzmüşəm.
Həvəsim olanda, ta gec saatlara qədər də oxuya bilirəm.
Səhər saat beşdə oyandımsa və daha yuxum
qaçıbsa, öz otağıma qapanaraq işləyirəm.
Hə, hə, var gücümlə işləyirəm! Bir
"təcili yardım" həkimi kimi, mən də hər
an öz işimə köklənməyə hazıram.
Üstəlik, o əsnada həkim kimi davranmaqla yanaşı,
mən elə özümü də "təxirəsalınmaz
köməyə möhtac" bir pasiyent sayıram.
Meyson
KARRİ
Dilimizə
çevirdi:
Azad
Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.31.