Ali İzzətbeqoviçin 100 illiyi münasibətilə

 

Divanəliyə yoluxmuş bəxtiyar

 

O, bir müdrik idi... 1925-ci ilin avqustunda Bosniyada dünyaya göz açdı. Ailədə, ən çox da anadan dini tərbiyə gördü. Gənc ikən Qərb fəlsəfəsinə dair oxuduqlarının təsirilə inancı bir qədər sarsıldısa da, dinlə əlaqəsi heç zaman üzülmədi; Tanrısız aləm ona daim anlamsız göründü. Həmin vaxtlar onu Berqsonun "Yaradıcı təkamül", Kantın "Saf ağlın tənqidi" Şpenqlerin "Qərbin qürubu" əsərləri öz təsiri altına almışdı...

Məruz qaldığı fikri sarsıntı uzun sürmədi islami şəxsiyyəti onun gənclik həyatına yön verməyə başladı.

Liseyi bitirdiyi zamanlarda artıq onun təbiətində üsyankar ruh özünü büruzə verməkdəydi. Hərbi xidmətini başa vurmağa yaxın daha öncəki islami fəaliyyətlərinə görə onu arxadaşlarıyla həbsə atdılar. Bir neçə illik həbsdən sonra Sarayevo Universitetindəki çalışmalarına qayıtdı.

O aralar kommunist rejiminin təzyiqlərinə baxmayıb, bütün gücünü fəlsəfə İslamla bağlı düşüncələrini məqalələr şəklində qələmə almağa sərf etdi. Yazılarında İslami baxış bucağından anlatdıqları da Yuqoslaviyadakı müsəlmanlara təsirsiz qalmadı. Düşüncə fəaliyyətləri artıq onu hakimiyyətin hədəfinə çevirmişdi. 1970-də dostlarıyla birgə hazırladığı "İslam Deklarasiyası" geniş əks-səda doğurdu. Dünya müsəlmanlarına öz dindaşları qarşısındakı məsuliyyəti xatırladan Deklarasiya az sonra onu yazanların siyasi təzyiqlərə məruz qalmalarına yol açdı.

Titonun ölümünün ardınca Yuqoslaviyada vəziyyət lap ağırlaşdı İzzətbeqoviçi yenidən həbsə atdılar. O, qanuni hakimiyyəti yıxmaq üçün təşkilat qurmaqda günahlandırılırdı.

On dörd illik həbsə məhkum edilmişdi. 1987-də ona təklif elədilər ki, əfv diləsə bir daha siyasi fəaliyyətlə məşğul olmayacağına söz versə, azadlığa buraxılacaq. Amma o, təklifi rədd elədi. Kommunist rejimin dağılmağa üz tutduğu vaxtlar idi; beynəlxalq aləmin təzyiqləri nəticəsində azad olundu.

...1990-da partiya qurdu. Yuqoslaviya parçalandığı zaman siyasət meydanına atıldı, 1990-cı il seçkilərini qazandı Bosniya-Herseqovinanın dövlət başçısı oldu. O, indi bir xalq qəhrəmanı Avropanın yaşamaq haqqı tanımadığı müsəlman bosniyalıların incidilmiş qürurunun ağrılı-acılı səsiydi. Tarixdən bilirdi ki, XV əsrin son rübündə Əndəlüsdə üç milyon müsəlmanın qətlinə fərman vermiş Avropa indi - XX əsrin son rübündə Bosniyanı ikinci Əndəlüsə çevirmək istəyir...

1992-ci il referendumuyla Bosniya-Herseqovina müstəqilliyini elan elədi. Ölkəsi serblərin hücumuna məruz qalanda təmkinli davrandı, münaqişəni bitirməyə çalışdı. Müharibə zamanındakı serbləri nəzərdə tutaraq: "Niyə belə vəhşiliklərin qisasını almadınız? Avropa mədəniyyətinin bir parçası olduğunuz üçünmü?" - deyə soruşan alman jurnalistə cavabı bu olmuşdu ki, "inandığım Kitab buyurmur"... Mübarizəsi üç ildən çox sürən qanlı savaşa son qoyaraq, 1995-in axırlarında Bosniya-Herseqovinanın müstəqil dövlət kimi tanınmasını təmin etmiş Deyton müqaviləsi ilə nəticələndi.

...Xalqın çox sevdiyi, aydınların midrik bildiyi bir öndər idi. Savaş çağının, elə sonrakı illərin necə təzyiqlərinə dözdü, dayandı... 2000-də səhhəti ilə bağlı Ali Şuradan uzaqlaşdı. Hədsiz yorulduğunu, artıq sevgiliyə - Yaradanına qovuşmaq istədiyini deyirdi. ... 2003-ün oktyabrında haqqın rəhmətinə qovuşdu... Ruhu şad olsun...

 

***

 

Ali İzzətbeqoviç zamanın yetirdiyi nadir düşüncə adamlarındandı. Dünyanın vicdanını oyatmaq yolunu seçdi, ömrünü ali insani dəyərlərin inkarına qarşı mübarizəyə həsr elədi. Sanki yer üzünə İslam mədəniyyətinin gözəlliyini anlatmaqdan ötəri gəlmişdi. XX əsrin əvvəlində M. İqbal Şərq İslamı üçün necə bir dəyər idisə, o da əsrin sonlarında Qərb İslamı üçün elə dəyərliydi.

Ən mühüm əsərlərindən biri - 1960-larda başlayıb, 1980-lərdə tamamladığı "Şərq Qərb arasında İslam"dır; dünya mədəni düşüncəsinə yeni rəng qatan kitablardan olub, fəlsəfi dərinliyi ilə seçilir.

A.İzzətbeqoviç din olmadan insan olmağın mümkün olmayacağını düşünürdü. İslamiyyəti bir din olaraq sevmiş yaşamışdır. Deyirdi, Şərq dünyası ümumən ruhu, Qərb dünyası da maddəni əsas götürdüyü halda İslamiyyət hər ikisini birləşdirir. Onun fikrincə, İslami dəyərlər zamana sığmazdır, çünki zamana hökm edən Allahdan gəlir. Bir deyirdi, din əxlaq mədəniyyətin özülüdür; dinlə birləşən bir mədəniyyət insanı xeyirə aparar, dinsiz mədəniyyət isə əxlaqi yoxsulluğa sürüklər...

 

Cəlal BƏYDİLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 6 iyun, №20.- S.3.