Eşqin rəngləri
Romandan hissə
(Əvvəli ötən saylarımızda)
Müəllif -
Gülçin - 32 yaşında,
istedadlı rəssam
Böyükkişi - 35 yaşında,
Gülçinin əri
Yalçın - 34 yaşında,
Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış
psixiatr
Nemət
Bəzən insanın daxilində
elə bir savaş başlayır ki,
onu nə tibb kitabları, nə də illərlə toplanan təcrübə izah edə bilər. Mən bu gün
həmin savaşın
mərkəzində silahsız,
hər hansı bir müdafiə mexanizmi olmadan dayanmışam. Bu savaş
ürəyimin ən dərin qatlarından başlayan, məni hər addımda sarsıdan və özü ilə yandırıb qovuran bir alova bənzəyir.
On ildən artıq psixiatr-həkim kimi çalışan, yüzlərlə
pasiyentin daxili dünyasına səyahət
etmiş biri olaraq - mən indi öz duyğularımın
içində çaşqınlıqla
azıb qalmışam.
Gülçin bir neçə həftə əvvəl mənim həkim kabinetimə sanki içimdəki bəndləri bir-bir qıran, mənim bütün psixoloji sərhədlərimi darmadağın
edən qasırğa
kimi gəldi. Onunla ilk seansdan bəri dərin bir dialoq qurulmuşdu
aramızda - mən isə bu dialoqu
özüm belə
tam anlamadan yaşayıb
gedirdim. O, bu seanslar ərzində öz sevgisini, ağrılarını anlatdıqca
mən də onun cazibəsinə qapılır, onun sevmək istedadına aşiq olurdum.
Xəstələrə soyuqqanlılıqla
diaqnoz qoyuram, dərmanlar yazıram, amma təkcə Gülçinə resept yazanda kağızın üzərində əlim
titrəyir, ürəyim
əsir. Hər dəfə otağıma daxil olanda adını
eşq qoymaqdan belə, qorxduğum, adı qoyulmamış, amma həmişə var olan o qəribə hiss baş qaldırır. Mən bir həkiməm
- pasiyentimə qarşı
duyğu hiss etməməliyəm,
soyuqqanlı, təmkinli,
obyektiv olmalıyam.
Amma Gülçin qarşısında
nə analiz, nə də nəzəriyyə qalır
- o, sadəcə nəfəsi,
baxışı, gəlişi,
hər bir incə jesti ilə məni içimdən titrədən
bir möcüzədir.
Bu axşam qərara gəldim. Bu, bəlkə də qərar deyil, həkim kimi məğlubiyyətim
idi. Daxilimdəki həkim peşəkarlığı
ilə duyğularımın
mübarizəsi daha
da ağırlaşmışdı, hər ikisi bir-birini şiddətli çarpışmada qanına
qəltan edən qladiatorlara oxşayırdı.
Gülçinlə növbəti
seansımızda buxovlarımı
qırmaq, daha doğrusu, ona sevgimi etiraf etmək istəyirdim. Daxilimdə hərdən həkimə, həkimliyə
yaraşmayan bir arzu da baş qaldırırdı: "Kaş
ki, Gülçin sağalmayaydı,
davamli olaraq seanslara gələydi, həmişə yanımda
olaydı". Bu arzuların
qeyri-insani və qeyri-peşəkar olduğunu
da bilirdim, amma qəlbim sözümə
baxmırdı. Artıq
özümə də
etiraf etməliydim: mən ona dəlicəsinə
aşiq olmuşdum. Növbəti seansdan sonra özümü ələ alıb inamlı səslə dedim:
- Gülçin xanım, bu gün əgər
vaxtınız varsa, işdən sonra bir qəhvə içməyə nə deyərsiniz? Sizinlə həkim-pasiyent kimi deyil, iki insan
kimi söhbətləşməyi
çox istərdim.
Gözlərində qəribə bir parıltı yarandı, ehtiyatla razılaşdı. İşdən
sonra az qala qanad açıb
vədələşdiyimiz vaxtda sahildəki kafeyə tələsdim. Dəniz kənarı, isti may axşamı və sükut... Təkcə fincanlarımızda
buxarlanan qəhvənin
ətri bizə yoldaşlıq edirdi. Onunla artıq həkim-pasiyent münasibətindən
çıxmışdıq. Gülçin sakit baxışlarla dənizə
baxır, mən isə onun çəhrayı
yanağında titrəşən
günəş şüasını
izləyirdim. Hər dalğanın sahilə vurduğu kimi, içimdəki hisslər
də bir-bir məni yuyur, təzələyir, amma eyni zamanda daha
da qarışdırırdı. Sözlər boğazımda
düyünlənmişdi. Nə danışacağımı,
haradan başlayacağımı
bilmirdim. Hisslərim peşə etikasının
divarlarını bir-bir
dağıdırdı. Nəhayət,
içimdəki fırtınanı
dayandıra bilmədim:
- Gülçin, bağışlayın...
Olar "sən" deyə müraciət edim?
- Olar, əlbəttə...
- Özün də şahidsən ki, bu müddət ərzində
mən daim sənə həkim kimi yanaşmağa çalışmışam. İllərlə
tibb elmindən öyrəndiyim nə varsa, seanslara tətbiq edirəm. Amma sənin hər gəlişində, hər
sözündə, hər
bölüşdüyün könül ağrısında
həkimlik sanki bir kənara çəkildi, kişi kimi sənə aşiq oldum. Həkimdən daha çox, insan olmağa, kişi olmağa başladım. Sənin gözəlliyinə,
zəngin daxili dünyana vuruldum. Sənə həmişə
yaxın olmaq istəyirəm... Daim səni görməyə,
səninlə danışmağa,
dinləməyə, dəstək
olmağa ehtiyac hiss edirəm. Xahiş edirəm, məni düzgün anla... Ailəli olduğunu da, başqasını sevdiyini
də, əlbəttə
ki, bilirəm, səndən
bir gözləntim yoxdur, sadəcə içimi gəmirən bu duyğuları səmimiyyətlə bölüşmək
istədim.
O, məsum tövrlə gözlərimə baxdı.
Baxışlarında heyrət,
anlayış və qəribə bir təskinlik ifadəsi vardı.
- Doktor, sizə hörmətim sonsuzdur... Duyğularınızı anlayışla
qarşılayıram, açığı,
mənim üçün
gözlənilməz oldu.
Amma özünüz
də bilirsiniz ki, mənim qəlbimdə artıq Yalçından başqa heç kimə yer yoxdur. İnsan
ürəkdən sevəndə
orada bir sevgidən başqasına
yer olmur. Əlbəttə ki, sizə olan ehtiramım həmişə
davam edəcək, sizin müalicəniz də, yazdığınız
dərman və psixoterapiya da mənə olduqca yaxşı təsir edir. Lakin əgər
mənə bəslədiyiniz
bu qarşılıqsız
sevgi sizin işinizə mane olursa, yaxud mənəvi
olaraq dalana dirənmiş hiss edirsinizsə, həkim-pasiyent
olaraq yollarımızı
ayıraq, bəlkə?
Onun təxminən,
belə cavab verəcəyini gözləyirdim,
amma yenə də o anda içimdəki bütün
ümidlər kədərin
rənginə boyandı.
Ancaq qəribədir -
onun etirazı belə incə və ləyaqətli idi. Məhz bütün bunlara görə onu belə sevməyə dəyərdi.
- Yox, Gülçin,
nə danışırsan,
mən əvvəlki qaydada sənin müalicəni davam etdirəcəyəm. Səndən
bir gözləntim yoxdur, görürsən, hətta bu söhbəti
belə klinikadan kənarda edirəm səninlə. Biz indi iki dost
kimi oturub danışırıq, klinikada
isə sən yenə pasiyent, mən isə həkim olmağa davam edəcəyəm. Xahiş edirəm, duyğularımdan ürkmə,
məndən sənə
ancaq sevgi, anlayış və dəstək gələ bilər, qətiyyən ziyan gəlməz, ona görə də, lütfən, terapiyaya gəlməyə
davam et. Mən sənin sağalıb tamamilə dinc, xoşbəxt halını görmək
istəyirəm, bunu mənə çox görmə.
O görüşdən evə qayıdarkən düşündüm: bəzi
eşqlər qarşılıqlı
yaşanmaq üçün
deyil, sadəcə, birtərəfli - ya sevmək, ya da sevilmək üçündür. Bəzən
ən güclü hisslərimizi ürəyimizdə
dəfn etməyə məcbur qalırıq. Mən Gülçinə,
sadəcə, qadın
gözüylə baxmırdım,
dəyərli sənət
əsəri kimi diqqət göstərirdim,
onu qorumağa çalışırdım. İndi
bilirəm ki, mənim içimdə yaşanan bu savaş heç vaxt bitməyəcək. Bu qarşılıqsız
sevgi, daxilimdəki bu savaş kişi
olaraq məni incitsə də, yenidən kamil insan kimi formalaşdıracaq,
daha yaxşı, peşəkar həkim olmağıma da zəmin yaradacaq. Gülçin isə artıq mənim həyatımın ayrılmaz
parçasına çevrilmişdi,
onu sağaldaraq, yəqin ki, özüm də şəfalanacaqdım...
Böyükkişi
Gülçinin mənə aid olmadığını çoxdan
bilirəm. Bu cümlədə nə kədər var, nə peşmanlıq. Sadəcə, bunu artıq dərk edib qəbullanmışam.
Həyat elə budur axı - bəzən bizə aid olmayanlarla illərlə bir dam altında yaşayırıq, ayrılmaq
əvəzinə, öyrəşməyi,
susmağı və razılaşmağı seçirik.
Gülçinlə evlilik
istəyərək deyil,
ehtiyac içində seçdiyim bir libas kimidir - əvvəllər üzərimə
tam oturmasa da, zamanla alışdım.
İndi isə artıq əynimdən sallanır - yenə də nə soyunuram, nə də dəyişirəm...
Son zamanlar
zavodda yeni bir əməkdaş işə başlayıb.
Adı İlkanədir.
Maliyyə şöbəsinə
təzə qəbul olunub. Özünəinamlı,
hər zaman səliqəli geyinən, sözlərini ölçüb-biçən,
gözündən gülən
gənc qadındır.
İlk günlər onu adi iş
yoldaşı kimi nəzərdən keçirmişdim.
Sənədləri vaxtında
təhvil verər, heç kimə qaynayıb-qarışmaz, hər
kəslə nəzakət
çərçivəsində davranardı. İstər-istəməz
səsi, duruşu, tərzi ilə diqqət çəkirdi.
Bir gün
dəhlizdə təsadüfən
üz-üzə gəldik.
Salamlaşdıq, o bir sənədlə bağlı
sual verdi. Danışığında qəribə
bir zəriflik vardı - elə bil insan onun
sözlərinə deyil,
səsinə diqqət
kəsilir. Deyəsən,
düşüncələrimdə Gülçin yavaş-yavaş
solur, İlkanənin
o sakit, incə varlığı yavaşca
özünə yer etməyə başlayır.
O anda bunu etiraf etmədim, amma indi anlayıram:
ona qarşı münasibətim dəyişməyə
başlamışdı...
Axşam
evə gələndə
Gülçin yenə
iş otağında idi. Qapı örtülü idi, içəridə dərin
səssizlik hökm sürürdü. Mətbəxdəki
çaydanı əlimlə
yoxladım, soyuq idi. Mən özüm
də bu evdə artıq soyuq çay kimiyəm - fincanda boyatlayıb rəngini dəyişən və artıq heç kim tərəfindən içilməyən soyuq çay... Üzümü
Gülçinin iş
otağına tərəf
çevirib, səsləndim:
"Heç olmasa, çay qoyaydın..."
Cavab gəlmədi, səssizcə çaydanı
qızdırıb özümə
çay dəmlədim.
İçib yatmağa
getdim.
Gülçin gözəldir, istedadlı
rəssamdır, düşüncəli
və zəkalı qadındır... Amma artıq
onun gözlərində
öz əksimi görmürəm. Onun
baxışlarında indi
başqa bir ad yaşayır - Yalçın. Mən onun sevgisini axtarmıram, çünki
bilirəm, bu eşq mənə aid deyil. İndi
dəqiq başa düşməyə başlamışam,
mən öz həyatımı, sevgimi yenidən qurmaq, içimdəki boşluğu
doldurmaq istəyirəm.
Bəlkə də işdəki İlkanə
ilə yaxından tanış olmağa dəyər?.. Üzümü
divara çevirib yuxuya getməyə çalışdım.
...İkinci dəfə
İlkanə ilə liftin önündə rastlaşdıq. O gün zərif
topuqlu tufli geyinmişdi. Ondan tənha bir yay axşamının yüngül
mehini xatırladan bir ətir vururdu
adamı. Salam verdi, gülümsədi. Mən
də gülümsədim,
ilk dəfə idi ki, ona bu qədər
diqqətlə baxırdım.
Otuz-otuz beş yaşlarında olardı.
İncə bədən
quruluşu, sarı saçları, səliqəli
geyimi, dinclik saçan davranışı
ilə sanki həyatın tələskənliyindən
xəbərsiz bir sadəlik daşıyırdı.
İşdə danışılanlara
görə, ilk evliliyi
alınmamışdı. Övladı
yox idi. Anası ilə birlikdə Bayılda yaşayırmış.
Mən uzun müddətdir ailədən kənarda ikinci bir evlilik
barədə düşünürdüm.
Həmişə içimdə
dərin bir ata olma istəyi
var idi - bu dünyada bir iz qoymaq, bir
övladın ilk "ata"
kəlməsini eşitmək,
onun ilk addımlarında
yanında olmaq, bütün bunlara fərəhlənmək mənim
də arzum idi. Gülçin bunu mənə verə bilməyəcəkdi.
İlkanə isə, bəlkə də bunu bacarardı.
O gün liftdəki baxışı - elə bil qəlbimdəki suallara cavab idi. Məni anladığını, mənə,
bəlkə də onu tanımağa cəhd etmək üçün bir şans verdiyini hiss etdim. "Hər şey bir baxışdan
başlayır", deyirlər.
O baxış içimdə
illərlə susmuş
bir istəyi oyatdı. İndi qərarımı
vermişəm. İlkanəni
bir müddət kənardan səssizcə müşahidə edəcəyəm.
Onu tanımağa çalışacağam - əslində
kimdir, nəçidir,
xasiyyəti necədir.
Əgər hər şey yolunda getsə, bir gün ona yaxınlaşıb
niyyətimi deyəcəyəm.
Gülçinlə olan
evliliyim davam edəcək - bu, aramızda çoxdan razılaşdırılmış, sükutla möhürlənmiş
bir məsələdir.
Onu boşamaq fikrim yoxdur. Amma bu, o demək deyil ki, mən sevib-sevilmək haqqımdan
imtina edəcəyəm.
Mən ikinci bir bahar yaşamaq
üçün bəlkə
gecikmiş, amma bu dəfə doğru olan bir hekayəyə hazırlaşıram. Özümü
yenidən bir qadının gözlərində
görmək, ata olmaq, həqiqətən, yaşadığımı hiss etmək istəyirəm...
Yalçın
Mən sevgidən, bir qadına bağlanmaqdan qorxurdum. Əvvəllər
Gülçinə qarşı,
sadəcə, bir ehtiras hiss edirdim, bu cazibəli qadının sirli baxışlarında gizlənən
alov məni özünə çəkirdi.
Onun gözləri kəskin baxırdı, sanki qarşısındakı
adamın düz ürəyinin içinə
boylanırdı. Amma getdikcə
bu ehtirasın qəlbimdə sahiblənici
bir sevgiyə çevrildiyini hiss edirdim.
Əvvəllər eşqi
zəiflik sayırdım.
İnsan birini sevirsə, demək ki, ona təslim olur. İndi deyəsən,
mən yavaş-yavaş
Gülçinə təslim
olmağa başlamışdım.
Qorxum da elə buradan doğurdu: içimdəki Yalçının
tanımadığım başqa
bir Yalçına çevrilməsindən qorxurdum.
Amma bu qorxuya baxmayaraq Gülçinlə
hər görüşdən
sonra artıq başqa bir varlığa çevrilirdim.
Anam isə bu dəyişimi görmək istəmir. Onun üçün sevgi - ailə albomlarındakı köhnə
şəkillər kimi
- ağ-qara və çərçivəlidir. Aylardır
eyni şeyi deyir: "Nilufərlə tanış ol", "Ailə dostumuzun qızıdır", "Tərbiyəli,
ağıllı, ailəcanlıdır",
"Yaşın keçir,
ay bala, vaxtında evlən, oğul-uşağa
qarış, mən də nəvə görüm". Bu söhbətlərdən
artıq beynim yorulub. Nilufər atamın dostunun qızıydı, neçə
illərdir bizə gəlib-gedirlər deyə,
qızı uşaqlıqdan
tanıyıram. Ağıllı,
sakit bir qızdır. Heç vaxt ona qarşı
marağım olmayıb.
Gülçinlə sevgi
macəramız başlandıqdan
sonra isə artıq Nilufər heç gözümə də görünmürdü.
Evlənmək məsələm
haqqında söz düşəndə atam,
adətən susur, amma onun susqunluğu
anamın sözləri
qədər sərtdir.
Onlar məndən
"ideal oğul" obrazı
istəyirlər - sabit,
planlı, sakit, "doğru" seçimlər
edən. Amma Gülçinlə
tanış olandan bəri mən heç bir qəlibə sığmıram,
sığa bilmirəm.
Onun varlığı
- saçlarına düşən
işıq, boynuna səpələnmiş rəng
damcıları, fırçanı
tutan barmaqlarının
zərif gərginliyi
- həyatın qaydasız,
amma gerçək üzünü mənə
göstərdi. Əslində
sevgi qaydasız döyüşə bənzəyir,
zərbənin haradan gələcəyini bilmirsən.
Onunla olmaq - hər an ölmək və yenidən dirilmək kimidir. Yaşım otuz beşi haqlasa da, evlənməyi düşünmürdüm,
bu da valideynlərimi narahat edirdi. Tək oğul övladları mən idim, bacım ərə gedib Kanadada yaşayırdı.
Ona görə onların
narahatlıqları başadüşülən
idi. Ancaq mən hələ ki ailə qurmaq istəmirdim. Bütün fikrim-zikrim Gülçində
idi, evlənsəm də, ondan əl çəkə bilməyəcəkdim. Emalatxanadakı
ilk görüşməyimizdən və ehtiraslı yaxınlığımızdan sonra gözüm ondan başqa heç kimi görmürdü... Onsuz hər saat darıxırdım,
yanında olmaq istəyirdim. Gün ərzində telefonla danışsaq da, daim onu görməyi arzulayırdım.
Günortadan sonra işdən
çıxıb, özüm
də bilmədim ki, nə vaxt Novxanı
yoluna düşüb
gedirəm... Bir də
baxdım ki, Gülçinin
emalatxanasının qapısının
ağzındayam. Düşünürdüm
ki, xəbər vermədən
gəlmişəm, görəsən
burdadırmı? Qapının
üzərinə yeni vurulmuş
lövhəciyə gözüm
sataşdı, keçən
dəfə yox idi, deyəsən, qapının üstünə
təzəcə bərkidilmişdi.
Lövhəcikdə müxtəlif
rəngli hərflərlə
yazılmışdı: "Eşqin rəngləri emalatxanası". Bu üç
kəlmə az qala iliyimə işlədi. Bu, sadə bir qapı lövhəciyi
deyildi, Gülçinin
mənə olan eşqinin izharı idi. Bu, artıq bir tale yazısı idi. Yavaşca qapını itələdim,
açıldı...
İçəri daxil olanda elə bil mənim
üçün zaman durdu.
Gülçin tamamilə
çılpaq halda əlində palitrası tablonun qarşısında
işləyirdi. Yerimdə
donub qaldım, elə bil canlı
Venera heykəli özü
emalatxanaya təşrif
buyurmuşdu. Saçları
çiyinlərinə dağılmışdı
- yumşaq dalğalarla,
sanki küləyin xəfif öpüşləri
onlara toxunmuşdu. Onun kürəyindəki incə xətlər bir rəssamın ömür boyu çəkə bilməyəcəyi
qədər mükəmməl
idi. Barmaqları fırçadan zərif, amma qətiyyətli tərzdə yapışmışdı.
Sanki rənglərlə ürəyinin
sirrini kətana çəkirdi. Ağappaq
bədəninin füsunkar
əzalarında geniş
pəncərəyə vurulan
tüllərin arasından
süzülən işıq
şüaları oynayırdı.
İncə beli, çanağının üstündə
olan iki bel qəmzəsi insanın ağlını başından
alırdı. Dolu, mütənasib baldırları,
ağappaq budları və zərif topuqları ilə o, Renessans dövrünün
qadın heykəllərinə
bənzəyirdi. Ayaqları
yalın idi - yerə təmas edən barmaqları belə, hansısa incə bir melodiyanın
ritmini təkrarlayırdı
və buna uyğun olaraq bədəni yüngülcə, ehtiraslı
şəkildə titrəyirdi.
Hənirtimə geri çevrildi, gülümsədi,
qarşımda boydan-boya
bütün çılpaq
gözəlliyi ilə
durduğu üçün
heç çəkinmədi.
Toppuş döşlərinin
şirəli şanı
dənəsinə bənzər
gilələri yuxarıya
meyillənərək sanki
zamana, dünyaya və mənə meydan oxuyurdu. Ağappaq, yumru və gözəl göbəyi gümüş
qədəhə bənzəyirdi,
baxdıqca adamı məst edirdi. Bütün bədənim,
ürəyim bu misilsiz gözəllik qarşısında titrədi,
sanki ovsunlanmışdım.
Nə edəcəyimi
bilmədim, bütün
bədənimi xoş
bir istilik bürüdü. Ona baxanda
anladım: Tanrı bu anı yaratmaq
üçün elə
bil əsrlərlə
gözləmişdi. Bütün
kainat - ulduzlar, fəsillər, mövsümlər,
səslər, rənglər
- onun ətrafında toplaşmışdı. Donub
qalmışdım, heç
bir söz deyə bilmirdim, eləcə baxırdım
- susqun, aciz, heyran şəkildə!
İçimdəki bütün düşüncələr, narahatlıqlar,
qorxular birdəfəlik
silinib getdi. Yalnız o qaldı - rənglərin içində,
çılpaq və azad! Mənə doğru addım atdı, elə bildim bütün dünya mənimdir. Bu dəlisov, yalnız öz duyğuları, öz qaydaları və öz prinsipləri ilə yaşayan qadını sanki min il idi gözləyirdim və o, nəhayət ki, gəlib çıxmışdı. Yaxınlaşıb
yavaşca boynumu öpdü, köynəyimin
düymələrini aça-aça
pıçıldadı:
- İstəyirəm ki, burada
sən də mənim kimi çılpaq, azad və özün olasan, əzizim...
Gülçin sadəcə qadın
deyil. O, məni yenidən yaradan əfsanəvi bir qüvvədir. Mənə
elə gəlirdi ki, Gülçindən öncə
heç yaşamamışam...
Gülçin
Kətan
qarşısında dayandığım
anlarda vaxt və insanların düşüncələri mənim
üçün yox olur. Yalnız mən, fırçam və rənglər qalır. Amma bu gün - bu isti,
nəfəs daraldan gündə - hər şey bir az
fərqlidir. İndi ağlımda
Yalçın da var. Yalçın
mənim yalnız bədənimə toxunmadı,
ruhuma sığal çəkərək ora
bir qapı açdı. O qapının
arxasında sevilmək
istəyən, gözləriylə,
sözləriylə deyə
bilmədiyini rənglərlə
çəkən unudulmuş
bir qadın dayanmışdı. Emalatxanadakı
keçən görüşümüzü
- bədənimizin iç-içə
keçdiyi, nəfəsimizin
bir-birinə qarışdığı
o çılğın, ehtiraslı
anları xatırlayırdım...
Bir an olsun yadımdan çıxmır. Onun dodaqları boynuma toxunanda mənim qadınlığım bütün
dolğunluğu ilə
oyanmışdı. Onunla
birlikdə içimə
işləmiş qızğın
hərarəti indiyəcən
heç kimlə yaşamamışdım. Həmin
gecədən sonra özümü daha canlı, daha bütöv hiss edirdim. Bu gün
bir az mesajlaşdıq,
ondan sonra səs-səmir kəsildi.
Görəsən, hardadır?
Necə də darıxıram onsuz! Dəlicəsinə darıxıram...
Amma özümü ona xatırladacaq qədər zəif olmaq istəmirəm. Onun özünün məni arzulamasını istəyirəm - könüllü,
ehtirasla, ürəyilə...
Mən çağırmadan,
özünün varlığıma
ehtiyac duyaraq gəlməsini arzulayıram.
...Bu rəng niyə tabloda belə alındı? Gərək
başqa bir rəng qatım buradakı çaları dəqiq ala bilmək üçün. Aman Allah, hava
da necə istidir, bəlkə üstümü
çıxarım, həmişəki
kimi çılpaq çəkim? Fırçamı,
palitramı kənara qoyub nazik, uzun
yay donumu çiyinlərimdən
sürüşdürüb soyundum. Alt paltarımı
da bir sıyırımla
çıxarıb atdım.
Oxxay! İndi rahatam, işimə davam edə bilərəm! Bayaqdan soyunmuram ki, rahatca işimi görəm. Onsuz da təkəm, kimdir məni görən?!
...Böyükkişidən nəsə
axır vaxtlar gözüm su içmir. Çox sakitləşib, demək olar ki, məndən tamamilə əl çəkib. Görəsən,
Yalçın ona nəsə deyib? Gərək soruşum bir gün özündən...
Deyəsən, daha bəxti ilə barışıb ki, mən
onun qadını deyiləm. Artıq o
da məndə yox, başqasında güvən və istilik axtarır, bunu hiss edirəm.
Onu qısqanmıram, heç vaxt da qısqanmamışam. Onun hansısa qadınla münasibət qurmasını, başının
başqa birinə qarışmasını çox
istəyirəm, beləcə
məndən fikrini çəkər, əlini
tamam üzər. Mən də öz dünyamda asudə yaşayaram.
Doktor Nemətin
bu gün mənə hisslərini etiraf etməsi mənim üçün gözlənilməz idi. Deyirlər, qadınlar əvvəlcədən hiss
edirlər, amma mən Yalçına necə vurulmuşamsa, Nemətin mənə aşiq olduğunu heç sezməmişəm.
O an necə donub qaldığımı,
içimdə nə qədər ziddiyyətli hisslər doğulduğunu
ifadə etmək çətindir. Nemət dəyərli, savadlı insandır, amma mənim qəlbimdə ona yer yoxdur.
Orada ancaq Yalçın var. Həkimin sevgi etirafı qarşısında
kədərləndim, onun
qəlbini incitmək istəməzdim. Hisslərini
o qədər zərif
şəkildə etiraf
elədi ki, qəlbimdə insani bir minnətdarlıq yarandı. Yanına terapiyaya getməyə davam edəcəyəm, amma bu söhbəti
bir daha açmasına izin verməyəcəyəm.
Çılpaq olsam da, yenə
də istilənirəm,
bu dəfə pəncərəni açdım.
Hər şeydən azad olmaq istəyirdim.
Birdən qapı yavaşca tərpəndi. Çevrilmədim, sadəcə,
hiss etdim. İntuisiyam dedi ki, gələn Yalçındır... Həmin
an geri çevrilmədim,
onun bu gözəllikdən
bir kişi kimi zövq almasını istədim. Yalçının alovlu baxışlarını kürəyimdə,
boynumda, saçlarımda
hiss etdim. Qapıya sarı çevriləndə onu heyrət dolu donmuş vəziyyətdə
gördüm. Elə bil, məni ilk dəfə görürdü. Bütün
qadınlıq duyğularımla
hiss etdim ki, bu an
onun gözlərində
dünyanın ən gözəl və qiymətli tablosu mənəm...
Müəllif
Gülçin, Yalçın, Böyükkişi,
Nemət... Onların hər birinin içində özünəməxsus,
yalnız özlərinin
izah edə biləcəyi gerçəkliklər
yatır. Onların seçə bilmədikləri
ailələri, dəyişdirə
bilmədikləri rolları,
qopa bilmədikləri
susqunluqları var. Cəmiyyət onlardan öz qaydalarına uyğun, doğru hesab etdiyi rolları
gözləyir. Bu halda mən heç kimi qınamadan, ittiham etmədən, günahkar çıxarmadan sakitcə
cəmiyyətin içindən
qopan bu real sevgi hekayəsini
izləməyi seçmişəm.
Nemət insan
ruhunu analiz edən biri olsa da, öz
daxilində yolunu itirir. "Bu ona yaraşmır" deməyəcəm. Çünki
həkim də insandır. Amma cəmiyyət həkimin hisslərini yox, soyuqqanlılığını görmək istəyir. Onun yaşadıqları suallar doğurur: Peşə insanlıqdan üstün ola bilərmi? Yaxud insan duyğularının
əsiri olanda mənsub olduğu peşə ona mane olmalıdırmı?
Böyükkişiyə gəldikdə isə, o, nə qəhrəmandır,
nə də zalım, zamanın yetirdiyi bir obrazdır.
Anasının təzyiqi,
qadının sükutu,
cəmiyyətin "boşanmağı
ayıb bilən" baxışı ilə - bütün bunların ortasında o, hər şeyi görməzdən
gələrək yaşamağı
seçib.
Yalçın isə sevgini ehtirasdan ayırmağı
hələ indi öyrənməyə başlayıb.
Valideynlərinin səsini
susdurmaq istədikcə,
içindəki duyğular
daha da dilə
gəlir. Amma cəmiyyət ona da uyğun rol
biçib: ailə qurmalı, soyadını davam etdirən övlad dünyaya gətirməli, çərçivə
içində yaşamalıdır...
Gülçin isə
bu çərçivənin
içində yerləşmir.
Qadın olaraq çılğıncasına sevmək
bəzən bağışlanmayan
bir cəsarət sayılır. Onun içindəki arzular tabularla toqquşur.
Mən bu
həyati obrazların
heç birini nə qınamıram, nə də təqdir etmirəm, sadəcə, onların həyatını yazıram.
Bu roman - nə bir məhkəmədir,
nə də tamaşa. Bunlar gerçək həyatı
sözün rəngləri
ilə anlatmağa çalışdığım həqiqətdir. Həqiqət
isə həmişə
şirin və qəbuledilən olmur...
(Davamı var)
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.24-25.