Folklor kimliyi və
milli dövlət düşüncəsi
Folklor haqqında elm humanitar elmlər içərisində
gəncdir və XVIII əsrdən başlayan maarifçilik ideyaları
və uyğun olaraq demokratik dövlət düşüncəsinin
ortaya çıxması
ilə yaranmağa başladı. Bu düşüncə
tipinin mərkəzində
xalq dayanırdı. Elə ona görə
də maarifçi düşüncənin daşıyıcıları
üzünü xalqa çevirdi. Xalq zəkası, xalq düşüncəsi, xalq
biliyi, xalq mədəniyyəti bu müstəvidə diqqət
mərkəzinə çevrildi
və öyrənilməyə
başlandı. Xalq iradəsinə söykənən
dövlət ideyası
xalq mənəviyyatının
önə çıxarılmasını
tələb edirdi. Bu elmin məqsədi, birinci növbədə, xalq zəkasının yaradıcı gücünü
üzə çıxardıb
onun əzəmətini
və buradan da yaşama haqqını ortaya qoymaq idi.
Folklor bir xalqın düşüncə tipidir,
davranış stereotipləridir,
bir xalqı başqasından fərqli
edən və seçib ayıran dəyərlər sistemidir.
Bu dəyərlər sistemi
onun iliyinə qədər işləmiş,
ruh halına çevrilmişdir. Hər
bir xalq bu ənənənin çərçivəsi daxilində
yaşayır, düşünür,
fəaliyyət göstərir.
Ənənə kollektiv
düşüncədir. Ona görə də kollektivin üzvləri arasında münasibətlər
sistemi məlum ənənə əsasında
qurulur. Yaxşı-yaman,
doğru-əyri, gözəl-çirkin,
nəcib-nanəcib və
s. kimi dəyərlər
ənənə əsasında
qiymətləndirilir. Təqdir
edən, rüsxət
verən ənənədir,
qınayan və yasaq gətirən yenə ənənədir.
Ənənə davranış
normalarıdır. Kollektivin
üzvü olanlar bu normalara görə
davranmaq məcburiyyətindədir
və bir-birindən bunu tələb edir.
Xalqın
varlığı bu ənənənin yaşamasından
asılıdır. Tarixdən
bizə məlum olan bir çox
xalqlar ənənənin
itirilməsi hesabına
sıradan çıxmışdır.
"Bizlər və onlar" qəlibi ilə bir xalqın
özünü "onlar"dan
ayırıb "bizlər"lə
"onlar" arasında
sərhəd qoyması
onun yaşadığı
ənənənin hesabına
baş verir. Bu ənənənin daşıyıcıları
məlum ənənəni
başqa ənənələrdən
üstün tutur və yad ənənədən
gəlmə ünsürlərə
xoş baxmır. Son dövrlərdə ortaya çıxan və tarıxə "mədəniyyətlər
savaşı" kimi
baxan konsepsiya (S.F.Hundiqton) bu həqiqətə söykənir.
Həqiqətən də,
xalqın siyasi mövcudiyyəti (və ya buna can atması) bu ənənənin hesabına baş verir. Çünki heç bir ənənə başının
üstündə başqa
bir ənənənin
varlığını istəmir,
qəbul etmir. Elə ona görə
də imperialist düşüncə
folklor ənənəsindən
qorxur və ənənəni aşındırmaq
üçün çarələr
düşünür. Bunun əksinə olaraq, milli azadlıq düşüncəsi
ənənəyə söykənir
və ondan güc alır. Bu mənada ənənə xalqın azadlıq ruhudur. Xalqa siyasi təsisat haqqı verən ənənədir və
ana dili ilə birgə siyasi legitimliyin səbəbidir.
Bütün ənənələr təbiət etibarilə eyni deyil, ibtidai
və inkişaf etmiş, sistemə uymayan və sistemə meyilli ənənələr mövcuddur.
Qədim və böyük dövlətçilik
tarixi olan xalqlar sistemə meyilli ənənələrin
daşıyıcılarıdır. Dövlət şüuru,
eləcə də dövlət quruculuğu sistemə meyilli olan inkişaf etmiş ənənələrə
xasdır. Bu mənada,
dövlət quruculuğu
etnik ənənənin
zirvəsi sayıla bilər. Azərbaycan türkləri və onların əcdadlarının
tarixini göz önünə gətirsək,
deyə bilərik ki, mənsub olduğumuz xalq onlardan biridir.
Yeni dövrdə Azərbaycanda
folklor insanının
və bu insanın yaratdığı
mənəvi məhsulların
dəyər qazanması
milli şüurun oyanması
ilə birgə başlayır. XVIII əsrdə
Fransada başlayan maarifçilik düşüncəsi
öncə Avropanı,
ardınca bütün
dünyanı ağzına
aldı. Yeni dünyanın
içərisinə qatılan
müstəmləkə xalqların
nümayəndələri, o cümlədən, Azərbaycan
türklərinin içərisindən
çıxmış təhsilli
adamlar da maarifçilik
ideyalarına biganə
qalmadılar. Məlum
ideyadan hər bir xalq öz
ehtiyaclarına uyğun
şəkildə istifadə
edir.
M.F.Axundovla başlayan maarifçilik
ideyaları İslam dünyasını,
xüsusilə İranı,
maarifçilik müstəvisində
nizama gətirmək məqsədi güdürdü.
Maarifçilik ideyaları
və dolayısı ilə Avropa ilə tanış olan bu vətənpərvər
şəxs İslam ölkələrinin
məğlubiyyətinin səbəbini
anladı. İslam dünyasının
rəzil vəziyyətindən
dəhşətə gələn
bu insanın bütün yaradıcılığı
despotizmə, patriarxal
idarə üsuluna lənət oxudu. Azərbaycan maarifçiliyi
tarixi boyu bu xətti saxladı.
Ancaq İslam ölkələrinə
ünvanlanan Axundzadə
maarifçiliyi müəyyən
müddətdən sonra
milli maarifçilik rəngi
aldı və bu şəkildə ümmətdən millətə
keçid hərəkatı
başladı. Yəni
milli mənsubiyyət düşüncəsi
dini mənsubiyyət düşüncəsindən önə
keçirildi. Bu isə,
hər şeydən öncə, vətən, millət, dil tezisini əsas götürüb onu düşüncə qəlibinə
çevirmək demək
idi. Bu düşüncə
şəklinin əsas
hədəfi milli iradəyə
söykənən demokratik
dövlət arzusu idi. Milli maarifçiliyin qarşıya qoyduğu vəzifə kifayət qədər böyük idi və özü
qədər də böyük işlərin
görülməsini tələb
edirdi. Hər şeyin "tərbiyeyi millət"dən başladığını
maarifçilər aydın
şəkildə anlayırdılar.
Çünki bu şüur tipi tamamilə
yeni idi və xalqın bunu mənimsəməsi lazım
idi. Bununla yanaşı, dünyanın
bütün xalqları
milli düşüncə şüuruna
yiyələnmək yolu
ilə millət olmuşdular və bu məsələdə istisnaya yer yox
idi. Hər şeyin anadilli məktəb və milli mətbuatdan başlanmalı
olduğunu anlamaq o qədər də çətin deyildi. "Əkinçi" ilə
başlayan milli mətbuat
yeni-yeni qəzet və
jurnallarla zənginləşdi.
Yazılan yazılardan
maarifçilərin anadilli
məktəb məsələsi
və onunla bağlı əngəllər
barədə düşüncələri
açıq şəkildə
ifadə olunur. Onlar qarşıya çıxan əngəllər
qarşısında aciz
qalıb əllərini
qoyunlarına qoymadılar.
Müxtəlif təhsil
ocaqlarında oxumuş
və ya sadəcə savad sahibi olan insanlar
bu hərəkata qoşuldu. Dərsliklər
yazıldı, məktəblər
təsis olundu. Azərbaycan cəmiyyətində
yeni şəxs - müəllim
peyda oldu. İlk müəllimlər, ilk maarifçilər
idi. Təhsil bu vaxta qədər
mollanın əlində
idi və mollaxanalarda ümmət yetişdirilirdi. Bu səbəbdən
müəllimlə molla
arasında qarşıdurma
barışmaz şəkil
aldı. Qələm sahibi maarifçi-müəllimin
əsas hədəflərindən
biri təhsilə sahiblik edən molla oldu. Çünki
məktəbin yolu mollanın nüfuzunun sındırılmasından keçirdi.
Bu səbəbdən molla
və o dövrün dini-fanatizmi əsas tənqid hədəfinə
çevrildi. Maarifçilik
işığında cəhalət
görünən hər
şey tənqid olundu. Azərbaycan adlanan böyük vətən, türk adlanan xalq anlayışı
bu vaxt milli məzmun qazandı. Orta əsrlər boyu, əsas etibarilə, türki adlanan dil türk
dili şəklinə
salındı və ona milli anlam verildi. Bölünmüş
vətən anlayışı
ortaya çıxdı.
Millətləşməyə əngəl olan dini-təriqət ayrımı
rədd edildi və s.
Ədəbiyyat ilk dəfə olaraq
milli maarifçilik düşüncəsi
ilə öz işığını sadə
xalqın üzərinə
saldı və burada yenə də maarifçilik işığında tənqid
edilməli olanlardan başqa bir şey görmədi. Bu tənqidlərin hamısı
xalqı gələcəyə
hazırlamaq üçün
maariflənmə və
millətləşmə naminə
yazılırdı. Novruzəli,
Qasım əmi, Məmmədhəsən əmi,
Xudayar bəy, Şeyx Nəsrullah, Molla Abbas, Şeyx Şəban, Kefli İsgəndər, Fəxrəddin,
Fərhad və s. qəhrəmanlar bu məqsədlə məşhurlaşdı.
Ümmətləşmə üçün məscid
var idi. Möminlər
bura toplaşıb Cümə namazı qılır, pişnamazın
xütbələrinə qulaq
asırdılar. Millətləşmə
üçün teatr
zəruriyyəti yarandı.
Milli düşüncə sahiblərinin
bir yerə cəm olması üçün çoxlu
teatr əsərləri
yazıldı və teatr fəaliyyətə başladı.
Şərin gücü qarşısında
bəzən ümidsizliyə
qapılıb "biçarə
vətən", "yazıq
vətən" desələr
də, bu yolda yürüməkdən
usanmadılar. Adı bəlli olan şəxsiyyətlər Azərbaycan
türklüyünü yaratdılar
və bu böyük insanlar doğulmaqda olan millətin əzizlərinə
çevrildilər. Onların
əməyi sayəsində
Azərbaycan türkləri
yaşamaq, var olmaq haqqı qazandı. Bu gün getdiyimiz və gedəcəyimiz yol milli maarifçilərin
çəkdiyi yoldur.
Bəzən haqlı olaraq Qacar sülaləsindən
alınan bu torpaqların İran torpağı
olduğu iddia olunur. Görəsən, bu İran deyilən ölkə Şimali Azərbaycanın öz dəyərləri ilə
bu ölkəyə qatılmasını istərmi?
Söhbət S.S.Axundzadəli,
A.Bakıxanovlu, N.Vəzirovlu,
Ə.Haqverdiyevli, Y.V.Çəmənzəminlili,
C.Məmədquluzadəli, M.Ə.Sabirli,
Ü.Hacıbəylili, M.Hadili,
A.Səhhətli, Ə.Hüseynzadəli,
H.Cavidli, F.Köçərlili,
M.Rəsulzadəli, Ə.Topçubaşovlu
və adını çəkmədiyimiz yüzlərlə
əziz insanlarımızdan
və ya müstəmləkə olduğumuz
vaxtdan bu tərəfə başımıza
gələn saysız-hesabsız
müsibətlərimizdən gedir.
Azərbaycan türklüyünü yenidən ümmətə
qaytarma cəhdləri
gözümüzün qarşısında
baş verir. Buna nail olmaq üçün öncə şüurlara
hopmuş milli maarifçilik
düşüncəsini silmək
lazımdır.
Azərbaycan maarifçiləri öz
xalqını səmimi
qəlbdən sevirdi və ondan millət
yaradıb mədəni
dünyaya qoşmaq üçün böyük
əmək sərf etdilər. Azərbaycan Demokratik Cümhuriyyəti
onların əməyinin
bəhrəsi idi. Buna
baxmayaraq, Azərbaycan
milli maarifçilik hərəkatı
öz hədəfinə
çata bilmədi...
Bolşevik işğalı
hər şeyi yarımçıq qoydu...
Sovet ideologiyasının içərisində
millət anlayışına
yer yox idi.
Ona görə də onlar öncə xalqı milli olan hər şeydən arındırdılar. Onlar
özləri ilə bərabər bolşevik ideologiyası da gətirmişdilər.
Milli maarifçilik əvəzinə
milli simadan məhrum xalq maarifi, milli maarifçiliyi təmsil edən müəllim əvəzinə xalq və ya sovet
müəllimi, milli ruhdan
doğulan və millətin dərdindən
yaranan milli ədəbiyyat
əvəzinə sovet
ədəbiyyatı, milli mətbuat
əvəzinə sovet
mətbuatı, milli teatr
əvəzinə sovet
teatrı... Məlum oldu ki, hər bir xalqın düşməni onun milli
düşünən ziyalıları
və varlı təbəqəsidir. Bu səbəbdən
hər iki təbəqənin mənsublarına
divan tutuldu. Milli maarifçilik
bu şəkildə ömrünü başa vurdu. Azərbaycan bu dəfə bolşevik ümmətinə
çevrildi. Çox
keçmədi ki, bolşeviklər
"onlara bəraət
verdilər". Ancaq bu bəraət onlara ağır başa gəldi: əsərləri sovet ideologiyasına uyğun yozuldu, yozulması mümkün olmayan yerlər kəsilib atıldı, əsərləri
yandırıldı və
ya gizlədildi. Bu şəkildə hökumətin
nəzərində sığortalandı...
Müstəqillik illərində
isə millətləşmə
prosesinin necə getməsi gözlərimizin
qarşısında baş
verir...
Folklor insanlarının ədəbiyyatın mövzusuna keçirilməsi ilə bərabər, onların yaratdığı folklor əsərləri də toplanıb çap olunmağa başlamışdı. Bu iş çox zəif şəkildə gedirdi. Ancaq H.Zərdabidən başlayaraq onun əhəmiyyətinin dərk edildiyi aydın şəkildə görünür. Yazıya alınmış folklor nümunələri o dövrün mətbuatında çap olunur, uşaqlar üçün yazılmış dərsliklərə salınırdı. Folklorun əhəmiyyəti barədə maarifçi yöndə yazılar da çap olunmuşdu. Bununla yanaşı, görülən işlər yalnız başlanğıc idi. Sovet hakimiyyətinin ilk dövründə folklorun toplanması, nəşri işinə xüsusi əhəmiyyət verildi. Bu dövrə qədər milli düşüncə sahibləri kimi yetişmiş ziyalılar, xalq ruhunun məhsulu kimi, Azərbaycan folklorunu səmimi qəlblə toplayıb çap edir və araşdırırdılar. Ancaq 30-cu illərin sonu və 40-cı illərin əvvəllərində yanan ocaqlara su töküldü. Yetişən və yetişməkdə olan nəsil aradan götürüldü. Bu hadisədən sonra hələ yaranmaqda olan folklorşünaslığın fəaliyyəti iflicləşdirildi.
Hər şeydən öncə, folklorun etnik mahiyyətinin üzərinə kölgə salındı və ona sosialist anlamı ilə xalq ədəbiyyatı, yəni zəhmətkeş kütlələrin ədəbiyyatı adı verildi. Sadə insanların yaradıcılığı sayıldığı üçün bu qəlibə uyğun gəlməyən dini motivlər və faciəvi ünsürlər silinib atıldı. Xalq şeirindən, ümumiyyətlə folklordan kafır/gavır əleyhinə motivlər çıxarıldı. Nəinki dini, hətta xalq bayramları rədd edildi. Aşıq şeirinin ənənəvi düşüncə, təsəvvüf rəmzləri, inanc sisteminə söykənən klassik poetikası qeyb oldu. Onun yerini, sadəcə, sovet şeiri tutdu. Şuranı, Lenini, Stalini, "yeni həyat"ı vəsf edən şeirlər baş alıb getdi. Xalq şeiri toplularında Lenin, partiya, Şura vəsf olundu və s. Yazıya alınmış mətnlər bir çox hallarda sovet ideologiyasına uyğunlaşdırıldı. "Elin igid oğlu" ilə bəy, xan, şah qarşı-qarşıya qoyuldu və bu qəhrəman xalqı onların zülmündən qorudu. Sonu faciə ilə bitən bir çox dastanların ifası qadağan olundu. Təsadüfi deyil ki, nəşrlərdə "Sayad və Sadat", "Tahir və Zöhrə" kimi dastanlarda faciəli sonluq xoşbəxt sonluqla əvəzlənib. "Əsli və Kərəm" dastanından isə ölümdən sonra ayrılığı ifadə edən motiv ("qaratikan kolu") kəsilib atılmışdır. "Arzu və Qəmbər" dastanı isə pərdə arxasında saxlanılmışdır. Ən böyük ziyan isə folklorun ədəbiyyatlaşdırılması ilə vuruldu. Bütün bunlarla yanaşı, Sovet dövlətinin qapalı sistemi Azərbaycan folklorunun konservləşdirərək ömrünü uzatmışdı.
Folklorun ədəbiyyatlaşdırılması, hər şeydən öncə, folklorun şifahi bədii söz yaradıcılığı ilə məhdudlaşdırılması ilə başladı. Onun sözsüz hissəsi bu anlayışdan kənarda qaldı. Bu şəkildə folklor ədəbiyyat sferasına daxil edildi. Ancaq ədəbiyyatlaşdırma bununla tamamlanmır. Folklorşünaslıq Ədəbiyyat İnstitutuna tabe edildi. Çoxşöbəli Ədəbiyyat İnstitutunda bir şöbə və bir neçə əməkdaş şəklində fəaliyyət göstərdi. Azsaylı əməkdaşla çox iş görmək mümkün deyildi və bu belə də oldu. Zəngin Azərbaycan folklorunun cüzi bir hissəsi toplanıb çap olundu. Nəşr olunanlar isə ədəbiyyatlaşdırıldı. Mətnin dili ədəbi dil normalarına salındı, dialekt-şivə xüsusiyyətlərindən arındırıldı, şifahi nitqin sintaksisindən imtina olundu, mətnlər ədəbi dilin sintaksisi ilə verildi, onların variantları əksər hallarda toplanmadı. Toplanan variantlar əsasında isə vahid bir mətn yaradıldı. Əfsanə, rəvayət mətnləri hekayələşdirildi.
Ədəbiyyatlaşdırma aşıq yaradıcılığına münasibətdə daha vulqar şəkildə aparıldı. Aşıq sənətini sənət edən dastan söyləyiciliyidir. Onların repertuarında olan dastanları pis-yaxşı yazıya aldılar, amma dastan söyləyiciliyi sənətini bir yana qoydular. Buna qarşılıq fərdi yaradıcılıqlarını çap edib onları ədəbi şəxsiyyət kimi tanıtdılar. Bu kifayət etmədi. Dastan mətnlərindəki şeirləri dastan qəhrəmanlarının adına caladılar. Qurbani, Aşıq Abbas və s. bu şəkildə ədəbi şəxsiyyətə çevrilib. Əsrlər boyu bu dastanları söyləyən aşıqların dastan şeirini cilalaması və bu dastanlara yeni qoşma və gəraylılar əlavə etməsini nəzərə alsaq, Qurbani və Aşıq Abbasın adına verilən dastan şeirlərinə onların nə dərəcədə haqq etdiklərini anlamaq olar. Ancaq xalq söyləyiciliyi sənəti təkcə aşıqlarla bağlı deyil, ağıçılar, xalq xanəndələri, halayçılar, haylaçılar, nağıl söyləyiciləri (ravilər), dərvişlər, mollalar, seyidlər də bu qəbildəndir. Bu söyləyicilər ordusunun pərdə arxasında qalması da folklorun ədəbiyyatlaşdırılması üsullarındandır. Variantlardan imtina folkloru ədəbiyyat kimi anlamanın bariz ifadəsidir və ədəbi mətnlə folklor mətnini eyniləşdirmədən doğur. Ədəbiyyat qəlibinə sığmayan örnəkləri dövriyyədən kənarda qoymaqdan başqa nə etmək olar? Bu şəkildə mətnlərin minlərlə variantları yazıya alınmadı və nəticədə hafizələrdən silindi. Bir neçə variant əsasında "vahid variant" yaratma və ya müəllifin folklor quraşdırıcılığı fəaliyyəti də ədəbiyyatlaşdırmanın şəkillərindəndir. Nəticədə müəllif qələmi ilə yazılıb xalq adına calanan dastan, nağıl, bayatı, əfsanə, mif mətnləri və s. ilə xalq yaradıcılığına haram qatıldı. Ayrı-ayrı müəlliflərin qələminə məxsus aşıq şeir nümunələri isə bir başqa mövzudur. Sovet şeiri üslubunda klassik aşıqların adına yazılan şeirləri seçib ayırmaq o qədər də çətin deyil. Ancaq bəzi hallarda klassik aşıq şeirinin qəlibləri ilə yazılmış şeirlər də olur. Bu şeirlərdə qəliblər yerində olsa da, onların ifadə etdiyi məna müasirdir və orta əsrlər düşüncəsinə yaddır. Bu tipli əməllər ən yaxşı halda, "bütün folklor əsərlərinin müəllifi var və onlardan biri də mənəm" cahilliyindən, ən pis halda isə nadürüst davranışdan irəli gəlir. Nəşr olunan mətnlər ədəbiyyatlaşdırıldığı üçün araşdırmalar da ədəbi metodla aparılmışdır. Yəni mətn söylənişə görə deyil, yazı halına görə ədəbiyyat nəzəriyyəsi kitablarından öyrənilən bədiiliyə aid biliklər əsasında öyrənilmişdir və bu şəkildə folklor ədəbiyyatlaşdırılmışdır. Milli oyanış folklora da təsirsiz ötüşmədi. 80-ci illərin əvvəllərindən başlayaraq milli düşüncəyə yiyələnmiş gənclərin elmə gəlişi hesabına bu sahədə canlanma hiss olunur. Folklor materiallarının toplanması bu dövrdə yeni vüsət aldı. Ölkənin müxtəlif bölgələrinə folklor səfərləri təşkil olundu və çoxsaylı folklor örnəkləri yazıya alındı. Bu istiqamətdə gərgin əmək sərf edən folklorçulardan R.Xəlilovun, O.Əliyevin, M.Qasımlının, M.İmanovun, V.Nəbioğlunun, A.Pəhimoğlunun, A.Acalovun, F.Bayatın və Ə.Əsgərin adlarını xatırlatmaq istərdik. Bu zaman təkcə sözlü folklor yox, həm də sözsüz folklor örnəkləri toplandı. Toplanan folklor materialları, əsas etibarilə, müstəqillik illərində çap olundu.
Sovet ideologiyasının, ardınca dövlətinin süqutu ilə paralel şəkildə milli-mənəvi dəyərlər məsələsi aktuallaşdı və onun yerini tutdu. Müstəqilliyin özünü folklor sahəsində də göstərməsi tamamilə qanunauyğundur. Öncə, Ədəbiyyat İnstitutunun nəzdində "Folklor Elmi-Mədəni Mərkəzi", ardınca Folklor İnstitutu fəaliyyətə başladı. Azərbaycan folklorunun toplanması və onunla qoşa şəkildə kadr hazırlığına başlandı. Xalq yaradıcılığı sahəsində kadrların yetişməsi folklorun toplanmasına, folklorun toplanması isə kadrların yetişməsinə təsir göstərdi. Görülən işlərin həcmi və keyfiyyətinə təəccüblənməmək mümkün deyil. Hər il bölgələrə ezamiyyətlər təşkil olunur, folklor materialları toplanır və dərhal nəşrə hazırlanaraq çap olunurdu. Görülən işlərin hesabına Azərbaycan folklorunun əsl mənzərəsi üzə çıxdı və əsl ilə saxtanı ayırd etmək imkanı yarandı. Toplanan mətnlər toplaya bilmədiklərimizin də həcmini göstərdi. Bu illər ərzində folklor haqqında təsəvvürlərimiz dəyişdi, folklorun hüdudlarını gördük, nəyin folklor olduğunu dərk etdik. Azərbaycan sovet folklorşünaslığı nə folklorun problemlərini bilirdi, nə problem mövzular qaldıra bilirdi. Azərbaycan folklorunun problemlərindən doğan mövzular müstəqillik illərində ortaya çıxdı. Bu problemlər əsasında dissertasiyalar yazıldı, mütəxəssislər yetişdirildi. Bu mütəxəssislər Azərbaycan folklorşünaslığının müstəqillik illərində yetişən, vətəninə, xalqına cani-dildən bağlı olan, folklorunu toplamaqdan, araşdırmaqdan doymayan yeni nəslidir. Azərbaycan folkloruna ümumtürk folkloru kontekstində baxış, türk xalqları folklorunun müqayisəli şəkildə öyrənilməsi, ümumtürk folkloru ilə bağlı tədqiqatlar, mifologiya, müasir folklor, Cənubi Azərbaycan folkloru ilə bağlı toplama və araşdırmalar və s. bu dövrün məhsuludur.
Folklorşünaslığımızda XX əsrdə ortaya çıxan nəzəri metodların kor-koranə tətbiqi, konkret materialdan kənar olan xəstə nəzəriyyəbazlıq, akademik araşdırma əvəzinə subyektiv yozma və s. kimi neqativ hallar da mövcuddur. Bu hala folkloru ideoloji aspektə araşdıran sovet folklorşünaslığına etiraz ruhunun ifadəsi kimi də baxmaq olar. Düşünürük ki, rasional düşüncə gec-tez qələbə çalacaq və bu tipli hallar tədricən aradan qalxacaq.
Qarşıda dayanan işlər böyükdür. Toplama, nəşr işləri davam edir və etməlidir. Bu günə qədər toplanmamış bölgələrimiz var. Hələ Cənubi Azərbaycan folklorunu demirik. Folklorumuzun böyük bir hissəsi Arazın o tayındadır. O taydan toplanıb nəşr olunanlar dəryadan damladır. Toplanması mümkün olan nə varsa, yazıya alınmalıdır. Folklor İnstitutunun əsas vəzifəsi Azərbaycan xalqının folklorunu toplayıb, sənədləşdirmək və gələcək nəsillərə ötürməkdir. Onun araşdırılması bu materialın toplanmasından asılıdır. Bununla yanaşı, akademik nəşrlər və çap olunmuş mətnlərin kataloqlaşdırılması qarşıda dayanan işlərdəndir. Hər iki istiqamətdə aparılan işlər toplanmış materialın nizamlanmasına xidmət edir və araşdırmalar zamanı ondan istifadəni asanlaşdırır.
Etnik folklor milli folklor səviyyəsinə qalxıb və qalxmaqdadır. Milli folklor deyərkən, biz folklorun milli şüur sferasına daxil olub bu müstəvidə qazandığı yeni dəyəri nəzərdə tuturuq. Burada söhbət, hər şeydən öncə, milli dövlətçilik düşüncəsinin folklordan baş götürməsinin idrakından gedir. Konstitusiyada I fəslin birinci maddəsində deyilir: "Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır". Bununla yanaşı, xalq mücərrəd anlayış deyil, onu, sözün həqiqi mənasında, xalq edən dəyərlər sistemi folklordur. Folklor anlayışı ilə etnik ənənə anlayışı bərabər tutulur. Beləliklə, milli dövlətçilik düşüncəsi ənənədən baş götürür və "bu ənənənin dövlətiyəm deyib" həmin ənənənin üzərində oturur. Bu o deməkdir ki, birinci, dövlət təşkilatının strukturundan tutmuş, hüquq sisteminə qədər ənənə nəzərə alınır, ikinci, dövlət ənənəvi dəyərlərə keşik çəkir, üçüncü, onları milli ideologiyanın içərisinə salıb milli düşüncə sisteminə çevirir. Etnik folklor bu zaman milli folklora çevrilir. Sovet hakimiyyəti illərində Novruz bayramının dövlət səviyyəsində keçirilməməsinin əsas səbəbi bu idi. Bu hadisə xalqın əziz bayramına milli statusvermə anlamına gəlirdi. Elə ona görə də rədd edildi.
Öncə, müasirləşmə, ardınca qloballaşma adı ilə gedən proses nəticəsində ənənənin aşınmaya doğru getdiyi bu dövrdə qaldırılan problem bütün aktuallığı ilə qarşımızda dayanır. Aşınmada olan ənənənin passiv müşahidəçilərinə çevrilmək olmaz. Bu baxımdan, Azərbaycan folklorşünaslarının görməli olduğu işlərin sahəsi kifayət qədər genişdir. Zamanın çağırışına səs verməmək ən azı günahdır. Ənənəni itirən xalqların yaşama gücünü itirməsi, yaradıcılıq qabiliyyətinin tükənməsi aksiomatik həqiqətdir və ümumdünya tarixində bununla bağlı çoxsaylı örnəklər var.
Gəlin, unutmayaq, itirilən dəyərlərin yeri, ya boş qalır, ya da kənardangəlmə dəyərsiz davranışlar tutur. Onu da deyək ki, ənənədən çıxış var, ancaq geriyə dönüş yoxdur. Geri dönüş bütün hallarda təqliddir, tamaşadır və heç vaxt həyat, eləcə də düşüncə tərzinə çevrilmir.
Başqalarına bənzəmək istəyənlərin və ya özünü başqasına bənzədənlərin sonu yoxdur. Biz ancaq özümüzün bənzərsiz mədəni dəyərlərimizlə və folklor düşüncəmizlə dünya xalqları arasında yerimizi ala bilərik...
Hər şeydən öncə, aşınmanın səbəblərini öyrənmək lazımdır, ardınca maarifləndirici işlər gəlir. Toplayıb çap etdiyimiz materialları gəncliyin şüuruna yeritmənin zamanı çoxdan çatıb. Apardığımız araşdırmalardan alınan nəticələrin həyata keçirilməsi günümüzün ən aktual problemlərindəndir. Müasir texniki tərəqqinin verdiyi imkanları nəzərə alsaq, görüləcək işlərin forma və şəkilləri çoxdur: audio, video materialların hazırlanmasından tutmuş, xalq teatrlarına və hətta xalq mədəniyyətinin güzgüsü ola biləcək xalq universitetlərinə qədər.
Azərbaycan etnik mədəniyyəti dünyanın ən yetkin, ən kübar mədəniyyətlərindən biridir. Əgər onu qoruyub mühafizə edə bilsək, bu mədəniyyətin üzərində oturub dünyaya bütün müstəvilərdə böyük töhfələr verə biləcəyimizə heç bir şübhə ola bilməz.
Əfzələddin
ƏSGƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.8-9.