Ədəbiyyat nəzəriyyəçiliyindən
akademizmə
Düz
1974-cü il idi. Bir neçə
ay əvvəl, 1973-cü ilin
son aylarında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aspiranturasına Ədəbiyyat
nəzəriyyəsi ixtisası
üzrə bir yer uğrunda on bir nəfərin mübarizə apardığı
qəbul imtahanlarında
önə çıxıb
akademik Məmməd Cəfər Cəfərovun
rəhbərlik etdiyi eyniadlı şöbənin
aspirantı olmaq arzuma çatmışdım.
Mövcud prosedurlara uyğun olaraq, institutun Elmi şurasından, İctimai
Elmlər Bölməsindən
və nəhayət, Akademiyanın o zamankı prezidenti, QB kimi zəhmli ad çıxarmış akademik
Həsən Abdullayevin
sədrlik etdiyi Rəyasət Heyətinin çətin və gərgin sınaqlarından
keçərək, 1974-cü ilin əvvəllərində
aspiranturaya qəbul olmağımız təsdiqlənmişdi.
Məmməd Cəfər
müəllim Ədəbiyyat
nıəzəriyyəsi şöbəsinin
iclasında yeni aspirant kimi
məni təqdim edib, əməkdaşlardan
hansı elmi ədəbiyyatları oxumaq
üçün təkliflərini
bildirmələrini istədikdə
çoxsaylı elmi ədəbiyyatlar diqqətimə
çatdırılmışdı. Hər biri mənim
üçün indi də örnək olan Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin əməkdaşlarından
Elçin, Yaşar Qarayev, Arif Hacıyev,
Şamil Salmanov Qərb və rus ədəbiyyatışünaslığından
bir çoxunun yalnız adlarını eşitdiyim müəlliflərin
əsərlərini oxuyub
öyrənməyi təklif
etdilər. Aristotel, Platon, Sokrat, Lessinq, Vissarion Belinski, Leonid Timofeyev, Yuri
Man, Vanslov, Suçkov,
Jirmunski, Abramoviç
və başqalarının
kitablarının az qala iki səhifəlik
siyahısını tərtib
etməli olmuşdum. Sonda Məmməd Cəfər müəllim
bildirdi ki, kimin başqa tövsiyəsi olarsa, fərdi qaydada da siyahıya əlavə edə bilərlər. Qarşımda
yeni bir dünya açıldı. Aspirantlıq
müddətində tövsiyə
edilən kitabların
hamısını əldə
edib oxumaqdan başqa, həmin kitablardakı ədəbiyyat
siyahılarından mənim
üçün maraqlı
olan bir çox başqa kitabları da mütaliə
edib, mövzumla əlaqədar qeydlər götürdüm. Hətta
o vaxtlar dəbdə olan Moskvadakı Lenin kitabxanasına da bir neçə dəfə gedib, araşdırmalar da aparmışdım... Hətta
1985-ci ildə oxuyub öyrəndiklərim və
araşdırmalarım əsasında
ali məktəblər
üçün "Ədəbiyyat
nəzəriyyəsi" adlı
bir dərs vəsaiti də yazıb çap etdirdim.
Nə isə. Növbəti dəfə Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin
iclasında dissertasiya
mövzum müzakirə
edilməsi nəzərdə
tutulmuşdu. İclasdan
bir qədər əvvəl gəlmişdim.
Şöbədəki cavan
oğlanı üzdən
tanıdım. Bundan əvvəlki iclasda iki nəfər ədəbiyyat siyahısı
haqqında təklif bildirməmişdi. Onlardan
birini tanıyırdım.
O, Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun elmi katibi, filologiya elmləri namizədi Arif Səfiyev idi. Aspirantiuraya sənədləri elmi katib qəbul etdiyi üçün onu görmüşdüm.
Bu cavan oğlanı isə cəmi bir dəfə görsəm də, kim olduğunu bilmirdim. Qapını açıb içəri
girən kimi mənə yaxınlaşıb
nə isə demək istədi. Elə bildim ki, şöbəmizin müdiri
Məmməd Cəfər
müəllimin tapşırığına
əsasən bu gənc elmi işçi də əvvəlki iclasda böyüklərin yanında
demək istəmədiyi
ədəbiyyatları mənim
siyahıma yazdıracaqdır.
Tam əksinə oldu:
- O gün sənə yazdırılan kitabların
içərisində Aristotelin
"Poetika" əsəri
də var idi. Lap bu günlərdə "Poetika" Azərbaycan dilində çıxıb.
Məndə var. Tapa bilməsən,
oxumaq üçün
"Poetika"nı sənə
verərəm. Qaytarmaq
şərti ilə.
Görkəmli filosof alim və
tanınmış şair
Aslan Aslanovun rus dilindən tərcümə
edib, samballı bir müqəddimə, nəzəri xarakterli sözardı və şərhlərlə nəşr
etdirdiyi Aristotelin
"Poetika" əsəri
düz 1974-cü ildə
çapdan çıxmışdı.
Beləliklə, mən
Məmməd Cəfər
Cəfərovun və
onun intellektual elmi qvardiyasının təklif etdiyi "Ədəbiyyat siyahısı"na
Aristotelin "Poetika"
kitabını oxuyub öyrənməklə başladım.
Mənim
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspirantı Məmməd Əliyevlə
tanışlığım belə baş verdi. O, məndən bir il əvvəl aspiranturaya qəbul olmuş, deməli, "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsinin ədəbiyyat
siyahısı imtahanından
da keçmişdi.
Məmməd Əliyev akademik
Məmməd Cəfər
Cəfərovun elmi rəhbərliyi ilə
"Azərbaycan xalq şeirinin forma və şəkilləri" mövzusunda
namizədlik dissertasiyasını
Azərbaycan Elmlər
Akademiyasında uğurla
müdafiə etmişdir.
Sonra ədəbiyyat nəzəriyyəsi
ixtisası üzrə
"Heca ölçülü
şeirin vəzn və evfoniya problemləri" mövzusunda
doktorlkuq dissertasiyasını
Gürcüstan Elmlər
Akademiyasının dissertasiya
şurasında müdafiə
edərək filologiya
elmləri üzrə
ən cavan elmlər doktorlarından biri olmuşdu. Uzun illər ərzində Məmməd
Əliyevlə olan yaxın münasibətlərimə
və onun çap etdirdiyi elmi əsərlərə
istinad edərək, inamla deyə bilərəm ki, Məmməd
Əliyev də Ədəbiyyat İnstitutunun
Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin tələbkar
və intellektual ədəbiyyat dərslərini
yüksək səviyyədə
keçənlərdən biridir.
Hələ çox illər əvvəl müşahidə etmişdim
ki, Məmməd Əliyev
ənənəyə görə
Azərbaycanda və Rusiyada çap olunan nəzəri ədəbiyyatlardan başqa,
Orta Asiyada və Gürcüstanda çıxan elmi əsərləri də ələk-vələk etmişdi.
Bu mənada Məmməd
Əliyevin iri həcmə malik olan "Ədəbiyyat nəzəriyyəsi"
adlı dərslik yazıb çap etdirməsi tamamilə təbii və məntiqli bir haldır. Məmməd Əliyevin yüksək elmi hazırlığı
və təcrübəsi
mənəvi cəhətdən
buna tam haqq qazandırır.
O, uzun illər Ədəbiyyat nəzəriyyəsi
üzrə tədqiqatlar
aparmaqla yanaşı,
həm də ali məktəblərdə
bu fənni tədris etmişdir. Filologiya elmləri doktoru, professor Məmməd
Əliyev ölkəmizin
yüksək hazırlıqlı,
peşəkar ədəbiyyat
nəzəriyyəçilərindən biridir. Həm də Məmməd Əliyevlə biz birlikdə
XX əsrin yetmişinci
illərində özünün
intibah dövrünü
yaşayan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun,
xüsusən də özünün intellektual
səviyyəsi ilə
fərqlənən "Ədəbiyyat
nəzəriyyəsi" şöbəsinin,
bu şöbənin rəhbəri, görkəmli
nəzəriyyəçi alim, akademik Məmməd Cəfər Cəfərovun
məktəbini keçmişik.
Professor Məmməd Əliyev ədəbiyyat nəzəriyyəsinin
mühüm əsaslarından
birini təşkil edən poetik məsələləri üzrə
mükəmməl biliklərə
malikdir. O, Azərbaycan
ədəbiyyatşünaslıq elmində şeirşünaslıq
üzrə profesional bir tədqiqatçıdır.
Məmməd Əliyevin
müxtəlif illərdə
nəşr etdirdiyi
"Azərbaycan şeirinin
vəznləri" (1983), "Dədə Qorqud şeiri" (2000), "Azərbaycan
şeir sənəti"
(2000), "Azərbaycan xalq
şeirinin şəkilləri"
(2001), "Heca vəznli
Azərbaycan şeirinin
vəzn və evfoniya problemləri"
(2008), "Molla Pənah
Vaqif və Məhdimqulu Fəraqi şeirinin poetikası"
(2016) və başqa elmi əsərləri Azərbaycan şeirşünaslığının
mükəmməl elmi-nəzəri
əsaslarından ibarət
olan orijinal tədqiqatlardır. Alimin
"Türkdilli şeirdə
təfilə və onun ritmik funksiyası"
(2023) adlı tədqiqatı
məşhur əruzşünas
alim Əkrəm Cəfərin
"Azərbaycan əruzunun
nəzəri əsasları"
kitabından sonra bu vəznin poetikasına həsr edilmiş ən qiymətli elmi əsərlərdən biridir.
Elmdə əruz vəznlərinin bəhrləri
haqqında çox yazılmasına baxmayaraq,
bəhrlərin tərkib
hissəsi olan təfilələrə həsr olunmuş ayrıca irəli həcmli elmi əsərlər göstərmək çətindir.
Məmməd Əliyevin
"Türkdilli şeirdə
təfilə və onun ritmik funksiyası"
monoqrafiyası Şərq
şeirşünaslığının
nadir nümunələrindən biridir.
Elm sahəsində olduğu kimi, professor Məmməd Əliyev təşkilati işlərdə də mükəmməl yol keçmişdir. O, hələ
cavan yaşlarında Azərbaycan SSR Ali və Orta Təhsil Nazirliyinin Tədris-metodika
kabinəsinin müdiri
kimi respublika üzrə ali məktəb dərsliklərinin
və elmi-metodiki ədəbiyyatın hazırlanmasına
və nəşrinə
cavabdeh şəxs missiyasını məsuliyyətlə
yerinə yetirmişdir.
Onun Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycan
dili və ədəbiyyat" kafedrasına
rəhbərliyi də
ali təhsil tariximizin maraqlı səhifələrindən biri
olmuşdur. Məmməd
müəllim uzun illər əvvəlcə
Mədəniyyət və
İncəsənət Universitetinin,
sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Quba Filialına uğurla rəhbərlik etmişdir. Bu mənada Məmməd Əliyevə
1943-1945-ci illərdə Quba
Müəllimlər İnstitutunun
prorektoru vəzifəsində
çalışmış unudulmaz ustadımız akademik Məmməd Cəfər Cəfərovun
orada başladığı
işləri davam və inkişaf etdirmək missiyası qismət olmuşdur. Məmməd Əliyevin Quba Filialını formalaşmış bir ali məktəb səviyyəsinə qaldırmaqla
bərabər, həm
də bu ali təhsil ocağında akademik Məmməd Cəfər Cəfərovun adına xüsusi bir auditoriya yaratması da onun mənəvi borcuna sədaqətinin əməli ifadəsidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
da bizim nəslin nümayəndələri: filologiya
üzrə fəlsəfə
doktoru, dosent Qurban Bayramov, filologiya üzrə fəlsəfə
doktoru Nəzakət Qafqazlı, bizdən bir az sonra
Ədəbiyyat İnstitutuna
gəlmiş filologiya
elmləri doktoru, dosent Vaqif Yusifli
filologiya elmləri doktoru Rəhim Əliyev və o cümlədən də
professor Məmməd Əliyev
daşıdıqları vəzifələrə
həm də məbəd hesab etdiyimiz elmi tədqiqat ocağı qarşısında mənəvi
borcumuzun ifadəsi kimi də baxırlar.
Bir neçə il Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktor müavini vəzifəsində məsuliyyətlə
çalışan Məmməd
Əliyev hazırda institututun "Türk xalqları ədəbiyyatı"
şöbəsinə bacarıqla
rəhbərlik edir.
O, ədəbiyyat nəzəriyyəsi
üzrə elmi-nəzəri
seminarın rəhbəri
kimi yeni nəsil ədəbiyyat nəzəriyyəçilərinin
formalaşmasına kömək
edir, bələdçilik
və məsləhətçi
vəzifəsini şərəflə
yerinə yetirir. Məmməd Əliyevin elmi rəhbərliyi ilə elmi dərəcələr
və elmi adlar qazanmış yüksək ixtisaslı mütəxəssislər bu
gün Milli Elmlər Akademiyası sistemində və ali məktəblərimizdə
uğurla fəaliyyətlərini
davam etdirməkdədirlər.
Son illərdə filologiya elmləri doktoru, professor Məmməd Əliyevin fəaliyyətinin daha bir fərqli səhifəsi də meydana çıxmışdır.
Belə ki, Məmməd
Əliyev qısa müddətdə, 2021-ci ildən
etibarən əvvəlcə
bir-birini tamamlayan üç romanını
- "Həsrətin o üzü"
(2021), "Karvan köçər,
ötər gedər sədası" (2021), "Mavi
yaşıl gözlərin
işığı" (2023) adlı romanlarını oxuculara təqdim etmiş, daha sonra isə "Bir uzaq yaşıl ada" romanını çap etdirmişdir.
"Həsrətin o üzü",
"Karvan köçər,
ötər gedər sədası" və
"Mavi yaşıl gözlərin işığı"
romanları konkret bir dövrün, həmin tarixi mərhələnin səciyyəvi
problemlərini və simalarını əks etdirdiyi üçün janr baxımından filologiya miqyasında yazılmış əsər
kimi qiymətləndirilə
bilər. Lakin Məmməd
Əliyev mövzunu inkişaf etdirərək
"Bir uzaq yaşıl
ada" romanını
meydana qoymaqla janrın sərhədlərini
genişləndirməklə və daha geniş
bir dövrün, əslində müəyyən
bir epoxanın problemlərini təsvir etməklə trilogiyanın
sədlərini aşmışdır.
İndiki halda Məmməd Əliyevin mövzusu, problemləri, obrazları ilə biri-birindən doğan romanları tam halda bir yerdə epopeya təssüratı yaradır. Müəllif
XX əsrin qırxıncı
illərindən səksəninci
illərin sonlarına
qədərki hadisələri
və həmin dövrün adamlarının
taleyini mövcud epoxanın mahiyyəti və fəlsəfəsi ilə üzvü əlaqədə təsvir
etmişdir. Romanlar silsiləsinin baş qəhrəmanı olan
Murad təxminən yarım
əsrlik bir tarixi mərhələdə
sovet cəmiyyətində
gedən gərgin proseslərin ağrılarını
özündə əks
etdirən, çətin
və əzablı ömür yaşasa da, daim gələcəyə,
irəliyə doğru
can atan və özünəməxsus idealı
olan obraz kimi ümumiləşdirici
xüsusiyyətlərə malikdir. Məmməd Əliyevin təqdimatında
Murad obrazı əslində
həm də müəllifin estetik idealının daşıyıcısı
olan rezenyor surətdir. Qəhrəmanın
adındakı etimoloji
məna - arzuya, murada çatmaq qayəsi də şəxsi xarakter daşımayıb, mənsub
olduğu xalqın obrazın yaşadığı
mənəvi-psixoloji və
siyasi-ideoloji buxovlardan
xilas edilməsi mənasını ifadə
edir. Bu isə öz növbəsində
o deməkdir ki, romanlar
silsiləsində bir ailənin timsalında sovet cəmiyyətinin daxili aşınması, mənəvi cəhətdən
iflası, siyasi baxımdan etibarını
və nüfuzunu itirməsi kimi məsələlər təbii
hadisələrin axarında
təsvir edilib ümumiləşdirilmişdir. Bunlar nəticə etibarilə Məmməd Əliyevin romanlar silsiləsində dövlət
müstəqilliyi və
milli istiqlal ideyasını
təqlin etdiyini göstərir.
Şərti olaraq "Həsrətin
o üzü" adlandırdığımız
romanlar silsiləsi Məmməd Əliyevin
aid olduğu ədəbi
cərəyan haqqında
da söz deməyə
əsas verir. Dövrü mətbuatda çap olunan rəylərdə "Həsrətin
o üzü" epopeyasına
görə Məmməd
Əliyevin magik realizm ədəbi cərəyanına mənsub
olması fikri ifadə olunmuşdur. Həqiqətən də romanlar silsiləsində magik realizm ədəbi
cərəyanı ilə
səsləşən xüsusiyyətlər
vardır. Romanlarda hamsın müşahidə
olunan dini-mistik motivlər, mifoloji baxış, bəxt-tale süjeti magik relizmin gerçək əlamətləridir. Bundan
başqa, romanlar silsiləsində dövrün
bəzi ictimai hadisələrinə, tərəflər
arasındakı müəyyən
qütblərə münasibətdə
tənqidi realizmə xas olan xüsusiyyətlər
də nəzərə
çarpmaqdadır. Xüsusən,
romanlar silsiləsindəki
avtobioqrafik məqamlar,
memuar xarakterli real hadisələr də tənqidi realizm ruhunda təqdim olunur. Həmçinin romanlar silsiləsində səyahətnamə cizgilərinin
ana-övlad münasibətlərinin
və sevgi macəralarının təsvirində,
gündəliklərdən istifadə olunmasında sentimentalizm notları da görmək mümkündür.
Belə olduğu halda, Məmməd Əliyevi hansı ədəbi cərəyana
aid etmək elmi cəhətdən daha doğru sayıla bilər?
Fikrimizcə, "Həsrətin o üzü" romanlar silsiləsinin müəllifi
Məmməd Əliyev
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatında
son onilliklərdə müşahidə
edilən akademizm ədəbi cərəyanına
mənsub alim-yazıçıdır.
Əvvəla, romanlar silsiləsində baş qəhrəaman Muradın həyatı və taleyinin yaşadığı
epoxanın ictimai-siyasi
prosesləri və mənəvi münasibətləri
ilə əlaqəli şəkildə təsviri
prosesində müəllif
zamanı analitik təhlildən çıxardığı
obyektiv nəticələrə
uyğun şəkildə
təqdim edir. İkincisi, romanlar silsiləsində Məmməd
Əliyevin müraciət
etdiyi xatirələrdəki,
gündəliklərdəki əhvalatlar və təəssüratlar sentimental düşüncələri
deyil, əslində onun hadisələrin mahiyyətini açmaq, yaxud da prosesləri istiqamətləndirmək üçün
istinad etdiyi mənbələr funksiyası
daşıyır. Bundan
başqa, "Həsrətin
o üzü" epopeyasında
bir çox tarixi simaların və elm xadimlərinin həyatından alınmış
gerçək epizodlar
öz əksini tapmışdır. Məmməd
Əliyevin elmi-ictmai mühitdən alıb əsərə gətirdiyi
obrazlar romanlar silsiləsinin axarını
təcəssüm etdirən
real həyatda yaşamış
şəxsiyyətlərdir. Qüdrətli və zəif xüsusiyyətlərə
malik olmalarından, əsərdə
az, yaxud çox yer tutmasından asılı olmayaraq, buradakı tarixi simalar, elm adamları və yaradıcı şəxsiyyətlərlə əlaqədar
hadisələr alim-yazıçının
qayəsinin açılmasına
və ya idealının əks etdirilməsinə xidmət
edirlər. Müəllifin
özünün də
bədii təfəkkürüə
malik olan elm adamı olması istər-istəməz
onun yeri gəldikcə mütəfəkkir
simaların tərcümeyi-halından,
elmi-fəlsəfi əsərlərindən
nümumələr göstərilməsini,
sitatlar gətiməsini
şərtləndirmişdir. Əsərdə antik yunan filosofu Aristotelə işarə kimi Ərəstün adlı yaradıcı bir şəxsin bədii obrazının yaradılması da təsadüfi
olmayıb, alim-yazıçının
ictimai proseslərin gedişatını göstərmək
üçün analitik
baxışa meydan vermək niyyətinin ifadəsidir. Əslində
"Həsrətin o üzü"
anlayışı da tərcümeyi-hal
sferasındakı avtobioqrafik
mənanı, şəxsi
tale məsələsini deyil,
xalqın ictimai taleyi mənasını əks etdirir. Züleyxa ana və Muradı üçün
"Həsrətin o üzü"
təkcə ərsiz-atasız
ailənin məşəqqətlərini
yox, mövcud cəmiyyətin ictimai ədalətsizliklərindən o tərəfdəki, xalqın
öz idealına çatmağa doğru arzusunu ifadə edir.
Nəhayət, dünya təcrübəsindən
məlum olduğu kimi, digər ədəbi cərəyanlarla
müqayisədə akademizin
daha geniş ideya-estetik imkanalara, çoxmənalı, çoxtərəfli
mətnləri, paralel
süjetləri əks
etdirmək xüsusiyyətlərə
malik olması bu ədəbi cərəyanın
özündə bir neçə ədəbi axının xüsusiyyətlərini
cəmləşdirməsinə imkan verir. Digər
ədəbi cərəyanlarda
da dominant ədəbi cəbhə
daxilində fərqli ədəbi axınlara xas olan motivlərdən,
yanaşmalardan istifadə
etmək ənənəsi
olsa da, bu cəhətdən akademizmin
sərhədləri daha
genişdir. Bu baxımdan
"Həsrətin o üzü"
romanlar silsiləsində
müxtəlif ədəbi
cərəyanların xüsusiyyətlərini
əks etdirən məqamların, təsvirlərin
olması akademizm ədəbi cərəyanının
xüsusiyyətidir. Buna baxmayaraq,
elmi-nəzəri fikirdə
hələlik akademizm
ədəbi cərəyanı
haqqında tədqiqatların
olmaması, bu ədəbi cərəyanın
ideya-estetik prinsiplərinin
və poetik sisteminin elmi cəhətdən bəyan
edilməməsi Məmməd
Əliyevin aid olduğu
ədəbi cərəyan
haqqında qəti fikir deməyə, yaxud onun akademizm
ədəbi cərəyanının
daşıyıcısı olmasına dair yekun qənaətləri ifadə etməyə imkan vermir. Əsl
həqiqətdə isə
müasir Azərbaycan
ədəbiyyatında və
incəsənətində akademizm
müstəqil bir ədəbi cərəyan
kimi formalaşmaqdadır.
Xüsusən, son bir neçə ildə Milli Elmlər Akademiyasında
"Fizika və lirika" müzakirələrinin
aparılması bədii
yaradıcılıqda elmi
idrakla və ya ilhamla yazılmış
əsərlərin fərqli
xüsusiyyətlərinin müəyyən
edilməsinə imkan yaratmışdır. Bu, ölkəmizdə
təkcə mənsub
olduğu sahəyə
görə deyil, həyatı təsviretmə
və tərənnüm
üsulları baxımından
fərqli mövqeyə,
özünəməxsus yanaşma
tərzinə görə
kifayət qədər
alim-heykəltəraş (Ömər
Eldarov), alim-rəssam
(Arif Hüseynov), alim-yazıçı (Teymur Bünyadov, alim-şair (Vüqar Əhməd, Elçin İskəndərzadə,
Əhməd Qəşəmoğlu
və b.) qismində özünü tapmış
yaradıcı simaların
yaşayıb-yaratdığını aşkara çıxarmışdır.
Məmməd Əliyev
də akademizm ədəbi cərəyanını
təmsil edən tanınmış alim-yazıçılardan
biridir. Fikrimizcə, romanlar silsiləsindəki
magik realizm məqamları bu əsərləri zənginləşdirən
faktorlardan biri olsa da, müəllifin qayəsini, əsərin əsas ideyasını əks etdirmir.
Göründüyü kimi, filologiya elmləri doktoru, professor Məmməd
Əliyev müstəqillik
dövrü Azərbaycan
elmi-ədəbi fikrində
alim-yazıçı missiyasını
uğurla həyata keçirən, elmdə ədəbiyyat nəzəriyyəsinə,
bədii yaradıcılıq
sahəsində isə
akademizm ədəbi cərəyanına mənsub
olan görkəmli
alim-yazıçıdır. Onun bədii əsərləri müasir
Azərbaycan ədəbiyyatında
akademizm ədəbi cərəyanının formalaşdırılmasına
xidmət edən əhəmiyyətli ədəbiyyat
nümunəsləridir. Bu mənada
alim-yazıçı Məmməd
Əliyevin elmi fəaliyyəti ilə bədii yaradıcılığı
bir-birini üzvü surətdə tamamlayır.
Bu fakt, yəni elmi fəaliyyətlə bədii yaradıcılığın
qovşağında yazıb-yaratmaq
Məmməd Əliyevin
çoxcəhətli fəaliyyətində
həm ədəbiyyatşünaslıq
elminin həm də ədəbiyyatını-akademizmin
xeyrinə olub, qarşılıqlı zənginləşməyə
xidmət edir. Bütün bunlar həm də filologiya elmləri doktoru, professor Məmməd
Əliyevin elmdəki ədəbiyyat nəzəriyyəçiliyindən
bədii yaradıcılıqda
akademizm ədəbi cərəyanına doğru
keçdiyi şərəfli
və məsuliyyətli
yolun elmimiz və ədəbiyyatımız
üçün də
faydalı olan təcrübələri və
dərsləri kimi də mühüm əhəmiyyətə malikdir.
9 iyun 2025-ci il
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2025.-
13 iyun, ¹21.- S.10-11.