İmamverdi İsmayılov:
sözü də özü
kimi
Çox
sevinirəm ki, görkəmli
yazıçı, publisist və ictimai xadim İmamverdi
İsmayılov bu günlərdə qələmə
aldığı, ideya-məzmun, bədii- estetik enerji - miqyasca
az qala roman gücündə olan "Bayquş və
Qarovulçu" hekayəsilə ədəbi mühitimizi
canlandıracaq daha bir yaradıcılıq uğuruna imza
atdı.
Az-çox peşəkar ədəbiyyatçının bu və ya digər dərəcədə diqqətli
müşahidəsi dərhal göstərir ki, İmamverdi
İsmayılovun yazılarıında onun ictimai xadimliyi
ön plandadır - bəhs elədiyi mətləbin sosial-
psixoloji, siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini,
dəyərini (və məsuliyyətini!) son dərəcə
həssaslıqla ifadə etməsi də məhz buradan irəli
gəlir.
Əlinə qələm alıb
ədəbi söz deyən şəxsin,
ilk növbədə, cəmiyyətşünas (və
insanşünas) olması tələbinə çox səmimi
bir şəkildə riayət eləməsi, elə bilirik ki,
İmamverdi İsmayılov üçün zaman- zaman qazanılmış
sənətkarlıq təcrübəsindən daha çox, təbii
(və fitri) istedad göstəricisidir. Əks halda, ictimai hadisələrin
vaxtaşırı dəyişən mürəkkəb mənzərəsinə
hər hansı sosioloji və ya statistik təhlillərlə
bu qədər mükəmməl, bu qədər harmonik
nüfuzetmə məharətinə yiyələnmək, əlbəttə,
mümkün olmazdı.
İmamverdi İsmayılovun, mütəfəkkir
qələm sahibi kimi, hansı janrda
olursa-olsun, bütün əsərlərində kifayət qədər
canlı, realist- gerçəkçi, həmçinin
xüsusi dəsti-xətti ilə seçilən zəngin
publisistika var. Onun analitik təfəkkürü cəmiyyətdə
vaxtaşırı zühur edən sosial-mənəvi
tendensiyaları nə qədər dəqiqliklə müəyyənləşdirirsə,
arxasınca gələn səmimi duyğular da insanları o qədər
inam və təkidlə bu tendensiyalardan ən doğru, ən
düzgün, ən humanist olana çağırır.
Əslində, İmamverdi İsmayılov
öz yazıçı
istedadının, məharətinin mənbəyini də barəsində
belə geniş bəhs etməyə ehtiyac duyduğumuz (və
yaradıcılıq imkanlarının əsasında
dayandığına heç bir şübhə eləmədiyimiz)
həmin bu peşəkar yazı tərzindən alır.
Mənim
bu yazımda əsas məqsədim, məramım
istedadlı yazıçının yenicə çapdan
çıxan və həm də, aldığım məlumatlara
görə, böyük rezonans doğurmuş "Bayquş və
Qarovulçu" hekayəsi olacaq.
Amma, icazənizlə, əziz oxucular, bu əsərin təhlilinə
keçməzdən əvvəl, İmamverdi İsmayılovun
əsərləri, ümumən bədii yaradıcılıq
üslubu üçün səciyyəvi olan çox
mühüm bir cəhətə də diqqət yetirəcəyəm
ki, bu da zəngin etnoqrafik təəssüratlarla geniş milli
dövlətçilik düşüncələrinin çox
mükəmməl bir şəkildə uzlaşması,
bunlardan birinin digərini tələb etməsi, millətin
maraqları səviyyəsində təyinedici olmasıdır.
Ziyalılıq, vətəndaşlıq kimi ağırçəkili
anlayışlar yalnız o şəxslərin xarakterini əks
etdirə bilər ki, onlar mənsub olduqları xalqın
etnoqrafik dəyərləri ilə milli dövlətçilik
təfəkkürünü vəhdətdə daşımaq
iqtidarına malik olsunlar. İmamverdi İsmayılov bir
yazıçı kimi ölkəmizin müstəqillik illərində
formalaşmış belə şəxslərindən, daha
doğrusu, şəxsiyyətlərindən biridir.
İmamverdi İsmayılov müdrik
fikirlər ustasıdır.
Onun aforizmləri yalnız müxtəlif janrlardakı əsərlərinə
fəlsəfi məzmun gətirməklə qalmır,
öz-özlüyündə ayrıca əsər kimi ortaya
çıxıb müstəqil janr olaraq təzahür edir
ki, İsa Həbibbəylinin "Müdrikliyin özü və
sözü" adlı maraqlı Ön sözü ilə
başlanan "Sonuncu fəsil" kitabında da bu, öz əksini
tapmışdır.
Təsadüfi deyil ki, akademik
İsa Həbibbəyli həmin məqaləsini belə təsirli
sözlərlə başlayır: "Azərbaycan cəmiyyəti
Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar
jurnalist (artıq buraya "Şöhrət" ordenli ifadəsini
də artırmaq lazım gəlir - N.C.) və bir neçə
kitabın müəllifi İmamverdi İsmayılovu, hər
şeydən əvvəl özünəməxsus vətəndaşlıq
mövqeyinə malik, yaradıcı ziyalı kimi qəbul edir.
Mətbuatda az yazıb, xitabət kürsülərindən az
danışmasına baxmayaraq, ictimai-siyasi və ədəbi
mühitdə onun sabit, dəyişməz mövqeyi hər kəsə
bəllidir. Bu tanınmış Azərbaycan ziyalısı
ölkəmizdə dövlət müstəqilliyinin bu
günü və gələcəyi naminə
xalqımızın taleyində xüsusi rolu olan Heydər
Əliyev - İlham Əliyev milli dövlətçilik təlim
və strategiyası ilə üzvi surətdə bağlı
olduğunu dərindən bilir və bu idealın daha da
möhkəmlənib inkişaf etdirilməsinə ürəkdən
dəstək verir".
İsa Həbibbəyli xüsusilə
vurğulayır ki, İmamverdi
İsmayılovun təkcə hər biri bu və ya digər dərəcədə
ədəbi hadisə kimi qarşılanmış
"Əzrayıl", "Ocaq daşı", "Qədim
kişinin qırxı" romanlarında, bir-birindən təravətli
hekayələrində ("Yurd gürzəsi",
"Astanada ölüm", "Göyərçin
köçü" və s.) deyil, sözün həqiqi mənasında,
geniş rezonans doğuran publisistik yazılarında da
("Şah və mat", "Heyrət", "Taleyin
hökmü", "Qəlbimizin qəlbisi" və s.) bədiiliyin
fərdi üslubi ilə keyfiyyət halında bütöv təzahürüdür.
Hörmətli akademik daha sonra yazır: "Son illərdə ön
mövqeyə çıxmış siyasi publisistikada da
İmamverdi İsmayılov bədiilik xüsusiyyətlərinə
əməl etmək məharəti nümayiş etdirir. Siyasi
publisistikada bədiilik keyfiyyətinə nail olmaq mənasında
xüsusi professionallıq göstərən İmamverdi
İsmayılov müraciət etdiyi mövzunu və şəxsiyyəti
daha aydın və cazibəli, parlaq və dərindən əks
etdirməyə nail olur. Onun silsilə publisistik əsərləri
siyasi proseslərin reallıqlarının və perspektivlərinin
obyektiv inikası ilə birlikdə, həm də təsirli təsvirləri
və oxunaqlı üslubu ilə yaddaşlara dərin iz
salır..."
İmamverdi İsmayılovun publisistikasında
təsirli bir vasitə olan, hekayələrində,
romanlarında isə bütün spektrləri ilə zühur
edərək, reallığın necə varsa, o cür təqdiminə
xidmət göstərən bədiiliyin ən görünən
tərəfi bənzərsiz və orijinal təsvirlərdir.
Yazıçı, haqqında bəhs
etdiyi hər şeyi - qəhrəmanlarının
zahiri və daxili aləmini, onları əhatə edən
ictimai və təbii mühiti, mənzərələri sonsuz
bir maraqla təsvir edir. Və bu hüdudsuz təsvirlər (və
təfərrüatlar) əsərlərindəki
reallığı, bütün tərəfləri ilə
görüb, göstərmək istədiyi
"dünya"nı peyzaj-portret canlılığı ilə
göz önünə gətirir. Odur ki, nasirimizin əsərlərinin
hər bir epizodunu müəllif qayəsinə xələl gətirmədən,
əgər belə demək mümkünsə, xüsusi
rejissor həllinə, interpretasiyasına ehtiyac duymadan səhnələşdirmək,
ekranlaşdırmaq mümkündür. Əziz qələm (və
ideya - məslək) dostumuzun çox sevdiyi (və tez-tez
işlətdiyi) "danış, səni görüm!"
ifadəsi bu baxımdan onun yaradıcılıq üslubunu,
düşünürəm ki, yaxşı izah edir və
aydın mənzərə yaradır.
Onun otuz ildən çox (yeddi dəfə ardıcıl!)
deputatlıq illərindəki müşahidələrimə əsasən,
deyə bilərəm ki, Milli Məclisin kuluarlarında və
iclasdan sonrakı həyatında çox sıx, hərtərəfli
bir İmamverdi İsmayılov aurası hakimdir, çox az Məclis
üzvü, yaxud əməkdaşı tapılar ki, bu
çevik, diqqətcil, həssas (və hərarətli!)
auranı duyub öz milli, dövlətçi və vətəndaş
mövqeyini bildirərkən, ondan faydalanmasın. Və buraya əziz
dostumuzun gənclərdən, Məclisə yeni gələnlərdən
heç vaxt əsirgəmədiyi ünsiyyət, müdriklik,
təvazökarlıq, ideoloji məsuliyyət hissi və
"böyük-kiçiklik dərsləri"ni də əlavə
etsək, onun daşıdığı ictimai missiyanın
miqyası (və səviyyəsi) barədəki təsəvvürlərimiz
daha da mükəmməlləşər.
Parlamentdə, özünün sözü
olmasın, "bir məhlədə"
oturardıq. Biz ikimiz də ədəbiyyat adamı
olduğumuzdan, obrazlı desək, "daxili mətbəx"də
sözümüz-söhbətimiz tutur, ilk baxışdanca,
bir-birimizi yaxşıca anlaya bilirdik.
Mənə elə gəlir
ki, onun insani keyfiyyətləri ədəbi
yaradıcılığı ilə bir-birinə çox bənzəyir,
qoşa tale yazısı kimi, qovuşur və tamamlanır...
Mən hər zaman düşünmüşəm
və indi də bu qənaətdəyəm ki, İmamverdi
İsmayılov - bütün əsərlərində
özü kimidir. Həyatda necə, yazılarında da eləcə:
bənzərsiz, təkrarsız, rəngsiz, boyasız, qəlbi
sevgi ilə dolu zəngin bir idrak sahibi!..
Bu, bir yazıçı kimi, onun yaradıcılığında da
öz əksini tapır: dili, təhkiyəsi, folklora, adət-ənənəyə
bağlılığı, dərin müşahidəsi,
xarizması, təsirli baxışları və həyat fəlsəfəsi...
Bir sözlə, heç kimə bənzəməyən
yazı üslubu və öz daxili aləmi ilə mübarizə
aparan ziddiyyətli insan qəlbinin dərinliklərinə
baş vura bilən yazıçılıq məharəti...
İmamverdi İsmayılovun bir
insan və bir yazıçı kimi dəyərləndirilən
və sevilən portret cizgiləri bildiyim qədər çox
zəngindir.
Xeyirxahlığı, səmimiyyəti,
saflığı, həmişə
qayğılı, düşüncəli, ancaq paxıllıq
bilməyən nurlu gözləri, samballı
oturuş-duruşu, şux qaməti, zövqlü geyim tərzi,
jestləri, harda və kiminlə necə davranmaq mədəniyyəti,
müsbət aurası - baxırsan ki, hamısı da yerində...
Düzgün və həyati
məsləhətləri həmişə
dəyərləndirilir, sayılır və sanki ətrafını,
bax beləcə, "ovsunlayır", ona hörmətlə
yanaşmağa, yolunu gətirib dəyər verməyə
"məcbur" edir... Məqamında verdiyi replikaları, sənin
də iştirak etdiyin, ancaq fikir vermədiyin, yaxud da eşidib
boşa verdiyin söhbətləri, əhvalatları, bir də
görürsən ki, şadara qoşub, duzlu-məzəli və
elə şövqlə danışar ki, ləzzətindən
doya bilməzsən və bir müddət o əhvalata köklənib,
ürəkdən uğunub gedərsən.
Əziz
dostumuzun diqqətçəkən
xarakterik cəhətləri çoxdur. O,
salam-kəlamında da özüdür: zəhləsi gedir, ya
xoşu gəlirsə, gizlədə bilmir, nə
düşündüyünü və necə
gördüyünü qarşısındakına şax deyə
bilir. Dəyərli ziyalımız Musa Urudun sözləri ilə
desək, "onun yazı yazdır, qışı qış
və hamı da dostumuzu belə qəbul edir..."
Boş-boşuna xatirə danışmaz,
xoşu gəlməyən söhbətlərdən
təngə gələndə, çox qəribədir ki, bu
cür yorucu və anlaşılmaz məqamlardan uzaq durar,
"məni belə başa salan olmamışdı..." -
deyib, söhbəti xoş ovqatla nöqtələyər.
İmamverdi İsmayılovun yaradıcılığında
iki vacib ştrix həmişə mənim
diqqətimi cəlb edib: koloritli, obrazlı, zəngin dili və
incə müşahidəsi, orijinal təhkiyəsi...
Təkrarən, məqsədli olaraq,
mən bunu xüsusilə vurğulamaq istəyirəm
ki, bu əsərləri oxuyanda, elə bil, oturub ekrana
baxırsan, vizual kadrlar, cizgilər, peşəkar rejissorlar
üçün hazır görüntülər və qələmə
aldığı hadisə və süjetlərdə insanla
kainatın əzəli mübarizəsi, özünüdərk
fəlsəfəsi, bəşəri düşüncələri
görürsən.
Məntiq,
təfəkkür və
sərrast yanaşmalar - onun
yazıçı xarizmasının cizgiləridir, ideyanı
və süjeti bütövləşdirir və kamilləşdirir.
Bir sözlə, sanki söz onun, o, sözün yaraşığıdır!..
Söz onun, o, sözün əzabı
və sevinci ilə həmahəng yaşayır, bir-birinə
söykək olub, çiyin-çiyinə durur, sədaqət
və məsuliyyətlə əsl ədəbiyyatın
keşiyini, qarovulunu çəkirlər - məncə, ədəbiyyat
adamı üçün çox vacib olan cəhətdir bu!..
İmamverdi İsmayılov bizim
nəsr klassikamızın ən
etibarlı, ən köklü-nəcabətli (və məhsuldar)
varislərindən biridir.
İstedadlı nasirimiz haqqında Azərbaycan Televiziyasının
çəkdiyi möhtəşəm sənədli filmdə
söylədiyim fikri bir daha təkrar etmək istəyirəm
ki, onun əsərləri xalq dilinin, ədəbiyyatının,
mənəviyyatının çox dərin qatlarından gəlir,
o dərin və son dərəcə münbit qatlardan ki,
keçən əsrin əvvəllərində Süleyman Rəhimov,
Əli Vəliyev, Mehdi Hüseyn, Mir Cəlal gəlmişdilər.
İmamverdi İsmayılov, bir
tərəfdən, böyük ədəbiyyata
ədəblə, istedadla, ideya-estetik məsuliyyətlə
varislik edir, digər tərəfdən,
dövrümüzün, zəmanəmizin, hətta
günümüzün sosial, siyasi, psixoloji mənzərəsini
bütün miqyası, naturası və təfərrüatı
ilə əks etdirməklə müasirimiz olduğunu hər
yazısında bunu inamla, özü də böyük
ustalıqla nümayiş etdirir.
Yazıçının bu günlərdə qələmə
aldığı və sizin diqqətinizi xüsusən cəlb
etmək istədiyim "Bayquş və Qarovulçu"
hekayəsi də ədəbiyyatımızda klassik ənənə
ilə müasirlik arasındakı qarşılıqlı əlaqənin
istedadlı qələm sahibinin yaradıcılıq təcrübəsində
münbit (və tükənməz) mənbə olduğunu
göstərir.
Hekayə,
bir mənada, "nəsillərin dəyişməsi"
adlandırıla bilən bizim dövrün səciyyəvi
insanlarını ideya-estetik təsvir (və təhlil) predmetinə
çevirməklə, hər cəhətdən, maraqlı
sosial münasibət mənzərələri yaradır.
"Qızının, cavan ikən, nifrət elədiyi səfeh
bir tayfanın çiy süd əmmişinə qoşulub
qaçmağı, elə o gedən, hansı cəhənnəmdəsə
itib-batmağı, vəfalı arvadının balasını
haylayıb dərdindən azara düşməyi, əriyib
çöpə dönməyi və bir gecənin dar
vaxtında, ərinin qolları üstündəcə can verməyi...
Özünün isə, çölə-bayıra
çıxmadan, qırx gün, qırx gecə bayquş kimi
ulaması, uşaqların təhər-töhmətinnən
sonra, başını qatmaq üçün, dostunun
oğlunun istəyilə, onun evinə gözət çəkməyə
razılaşması, bağ-bağata dərhal isinişməsi
və işlərinin sahmana düşməsi, ali məktəbə
qəbul olan oğul nəvəsinin vaxtaşırı ona
baş çəkməsi, hər şeyin öz axarına
düşməsi, - bir titrək kölgə kimi gözlərinin
qarşısından gəlib keçdi..."
"Bayquş və Qarovulçu" hekayəsi
insanın istismarı, heç bir mübahisə törətməyən
zərurət kimi qəbul olunması maraqlarının
hansı mənəvi kataklizmlərdən keçdiyini tipik nəzər
nöqtələrindən müşahidə etməyə
imkan verir. Təsəllini dostunun oğlunun bağına qulluq
eləməkdə tapan, xaraba qalmış qonşu həyətdə
bayquşun peyda olması ilə onu bu dünyaya bağlayan
yeganə ümid yerindən də məhrum olma təhlükəsi
ilə üzləşən və başlıcası,
bütün mistik, mifoloji yasaqlara rəğmən, bayquşa
güllə atmaq kimi gözlənilməz bir hərəkətə
məcbur edilən ahıl adamın obrazı sosial həyatımız
üçün hələlik nə qədər qeyri-adidirsə,
ədəbiyyatımız üçün də bir o qədər
yenidir.
Və yazıçının ustalığı
ondadır ki, bu qeyri-adiliyi, yeniliyi
orijinallıq xatirinə, yaxud süni effekt yaratmaq yolu ilə təqdim
eləmir, sxematizmə getmir. İctimai həyatımızın
olduqca səciyyəvi, təbii bir parçasını
heç bir bər-bəzəyə uyub təhrif etmədən,
bütün dolğunluğu, koloriti ilə canlandırmağa
çalışır. Qarovulçu bayquşu güllə ilə
vurmaq məcburiyyəti qarşısında ona görə
qalır ki, ona iş verib bu dünyaya, həyata yenidən
bağlayan bağ sahibinə borclu sayır özünü.
Və beləliklə, bir tərəfdə hər nə qədər
şəxsi-fərdi xarakter daşısa da, həmin borcu
qaytarmaq dayanır, digər tərəfdə ümumən
xalqın inamına çevrilmiş, bayquşa güllə
atmamaq kimi qanına hopmuş mifoloji borcdan imtina eləmək.
Müəyyən mənada, ictimai
məsuliyyətlə şəxsi-fərdi
məsuliyyətin bu cür qarşı-qarşıya gəlməsi,
hekayədə təsvir olunan hadisələri ideya- məzmunca
istiqamətləndirməklə qalmır, eyni zamanda
yazıçı qayəsinin ifadəsi üçün elə
bir ideya təqdim edir ki, sonrakı hadisələr məhz həmin
kontekstdə sosial-estetik dəyər qazanmış olur.
Qarovulçunun keçirdiyi qeyri-adi
yaşantılar, öz-özü ilə,
rəhmətə getmiş arvadı, öldüyü-itdiyi
bilinməyən qızı ilə "dərdləşmələr"i
hansısa qarşısıalınmaz bir faciədən, daha
böyük fəlakətdən xəbər verir...
Qonşudakı əhlikef gözətçi ilə məsləhətləşib,
bayquşu vurmaq qərarına gəldiyi məqamda,
pay-püşlə onu yoluxmağa gələn nəvə (ədəbi
priyom kimi, bayquşun anatomiyası haqqında bilgi vermək məqsədi
ilə əsərə xüsüsi olaraq gətirilmiş
maraqlı bir obraz!) babasını bu işdən çəkindirmək
üçün cəhdlər etsə də, faydası olmur.
Onu inandırmaq istəyir ki, mövhumata uymasın, haqsız
yerə bayquşa güllə atmasın, haranınsa xarabaya
çevrilməsində bayquşun heç bir günahı
yoxdur... Bayquşluq eləyən - bu dünyadan gözü
doymayıb, onu xaraba qoyan insanların özləridir ki, hekayədə
buna Əliağa Vahidin sərxoş qonşunun dilindən səslənən
beyti ilə incə bir eyham vurur:
"Öz xəlqinə hər kim mey içib versə
əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə..."
Müəllif
çox böyük sənətkarlıq məharəti
nümayiş etdirərək, "bayquş",
"bayquşluq" anlayışlarını mifik-mövhumi
çərçivədən kənara çıxarıb
günümüzün sosial-mənəvi simasını təsvir,
izah və şərh edən vasitəyə çevirir. Və
bununla da kifayətlənməyib, günümüzün,
sözün geniş mənasında, əxlaqi problemləri
mövqeyindən bu cür yanaşmaya yeni ədəbi-ictimai,
poetik-üslubi məna çalarları əlavə edir:
"Zaman
dəyişir, inanc, vərdiş, etiqad və... onu yaradan insanlarsa
dəyişmir...
Bayquş
da ki, öz bayquşluğunda...
Çox
qəribə quşdu,
heç bir canlıya qoşulmadan, tək-tənha
dolanır və sanki lal sükutun, sirli kainatın və
mübhəm gecələrin, özü ilə gizlətdiyi
sirlərin keşiyini təkbaşına çəkmək
istəyirdi..."
Qarovulçunu bayquşla üz-üzə
gətirən, onu vurmağa təhrik edən
səbəb, artıq qeyd etdiyimiz kimi, aydındır:
sözünü tutmaq və ona yaşamaq üçün
stimul vermiş bağ yiyəsinin rahatlığını təmin
eləmək...
Ancaq, yazıçının üzərindən
çox üsulluca keçdiyi bu səbəbin
arxasında kifayət qədər dərin mətləblər
gizləndiyini də unutmaq olmaz...
Dərindən düşünəndə, bayquşla qarovulçunun
heç bir ədavəti yoxdur, evin sahibi o deyil, bayquşun iki
həyət o tərəfdə xaraba qalmış yerdə
ulamasının da kişiyə az dəxli var... Lakin məsələ
bununla bitmir. Və yazıçı usta ştrixlərlə
bildirmək istəyir ki, əgər "ipin ucu
qırıldı, kələfi pozuldu... xeyir-bərəkət,
hörmət-izzət - hər şey yağlı əppəy
olub qeybə çəkildisə..." - bu fəlakətdən
kimsə canını qurtaracağını ağlına belə
gətirməsin!..
Bəzilərinin həyəti xarabalığa
çevrilirsə, qaravolçu kimi
imkansız adamların da həyatı viran qalır. Elə ona
görədir ki, bağ sahibi ilə qoca qarovulçunun taleyi
hardasa bir-birinə bənzəyir... Hər nə qədər
düşüncələrə qərq olub,
çıxış yolu arasa da, Yaradana üz tutub dualar eləsə
də, taledən (və özündən!) qaça bilmir:
"Qanmırlar ki, bayquşun dalınca düşən,
xarabalığa gedib çıxar... Neyniyim, haranın
daşın salım başıma, öz xoşumla cəhənnəmə
gedim? Günahsız bir quşnan nə işim,
qarğış yiyəsi eləmə məni, ya Rəbbim!
İnsaf ver, uçurt onu buralardan... Hara gedir-getsin, dalınca
da qara yellər!.."
Yazıçı təfərrüata varıb
oxucunu yormur ki, süjet şaxələnməsin,
diqqət bağ sahibinin yox, qarovulçunun taleyi, daha
doğrusu, dərin duyğuları və dərdləri üzərində
cəmlənsin.
İmamverdi İsmayılov yazıçı
kimi, təsvir etdiyi həyat hadisələrinin
mahiyyətinə dərindən nüfuz edir və həmin
hadisələri panoramlı bir şəkildə göstərir.
Yazıçının mahiyyətə dərindən
varması, onun hekayə boyu verdiyi ümumiləşdirmələrdə
də diqqəti çəkir: "Zəmanə xarab olub,
üzü çönüb, bayquş da yalan olub, qaranca elə
hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin
yeddi qatınnan keçə..."
Ad çəkilmədən və
məkan göstərilmədən,
hamının birgə yaşadığı bir
dünyanın və millətindən asılı olmayaraq,
insanlığın mal-dövlət, vəzifə, ad-san,
şan-şöhrət üçün bir-birinə qənim
kəsilib coşması, xüsusən də, kiçik cəmiyyət
dediyimiz ailədə abır-həyanın qalmaması,
övladın ata-ananı boğaza yığması... Və
cəmiyyətdə bunlara qarşı, demək olar ki,
heç bir təsirli müqavimət mexanizminin işləməməsi
- böyük-kiçik sözünün eşidilməməsi
İmamverdi İsmayılovun hekayəsində sosial-mənəvi
problem olaraq qaldırılır, hər nə qədər
simvolik - obrazlı ifadəsini tapsa da, peşəkar
yazıçı qələmi ilə mükəmməl bədii
bir səviyyəyə yüksəldilsə də, süjet
boyu ara vermədən "həyəcan təbili" kimi səslənən
bayquş ulartısı, həm də, bizi gözləyən
mənəvi xarabalıqlardan xəbər verir...
...Düzünü deyim, bu əsəri sevgi ilə,
özü də bir neçə dəfə oxudum... oxudum və
duyğulandım, qayğılandım, fikrə getdim...
Əminəm ki, yazıçının bədii təfəkkürü, fantaziyası
ilə ərsəyə gəlib hecalanmış və son dərəcə
harmonik (və mənalı) bir səs - bayquşun nəğməsi
və naləsi uzun müddət həssas oxucunun
yaddaşına həkk olunacaq:
"Aaa -
uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!."
Hekayə
müəllifi xalq ədəbiyyatından yaxşı mənimsədiyi
təmkinli olduğu qədər də təlqinedici bir
üslubla, intonasiya ilə cəmiyyəti təhdid edən fəlakətlərin
anonsunu verir. Və bu zaman çox maraqlı, ideya-estetik cəhətdən
dəyərləndirilməsinə ehtiyac olan bədii bir məntiqə
əsaslanır: "Eehh, ay qoca, sən belə
düşüncələrlə çabala, indi gör
bayquş nələr düşünür və necə
baxır bizə? Görəsən, onun qaranlığın
bağrını dələn şüalı gözlərində
necə görünür dünya? O, canı ilə əlləşirdi
elə bil, özünü bayquşun yerinə qoyub, onun dərdinə,
duyğularına həmdəm olmaq istəyirdi".
Yazıçı öz qəhrəmanını
- qarovulçunu təsadüfən yiyələndiyi peşə
- sənəti etibari ilə sxematikləşdirmir... Və bu
da İmamverdi İsmayılovun yaradıcılıq
üslubunu səciyyələndirən keyfiyyətdir ki, qəhrəmanlarının
düşüncələri ilə hesablaşır,
onların bu və ya digər vəziyyətdə özlərini
necə aparacaqlarına sanki qarışmır, bir növ, kənardan
müşahidə edir.
Adətən, mətn obrazı,
bəzən də, obraz mətni
yaradır. Qarovulçunun haldan-hala düşməsi, gah
bayquşu vurmaq qərarına gəlib, gah da özünü
onun yerinə qoyması (əslində, elə belə də
olur: güllə bayquş əvəzinə, qoca
qarovulçuya dəyir!..) inandırır ki, o, daxilən, ruhən
çox zəngin, bütün tragizmi ilə birlikdə
çox dolğun adamdır, qonşuluqdakı əhlikef
gözətçi kimi dəmdəməki,
zatı-kökü bilinməyənlərdən deyil. Sadəcə,
düşdüyü fəlakətdən
çıxış yolu axtarıb çabalayır, ancaq bu
axtarışın nəticəsi olmur, nə yaşı, nə
başına gələnlər, nə də zamanın gərdişi
müsbət heç nə vəd eləmir...
Tək qarovulçu yox, taleyin onu son dərəcə müəmmalı,
amma təbii, anlamlı görünən bir şəraitdə
qarşılaşdırdığı bayquş da qəm dəryasına
baş vurur, tərəddüdlər keçirir, əzab
çəkir: "Yoxsa, qurbanı olduğum, nəfəssiz və
hənirsiz bu viranəliyə keşik çəkmək
üçünmü xəlq elədi məni, hə?! -
Bayquşun hay-küylü səsi sanki özü kimi
havalanmışdı - Guya mən, bu xaraba qalmış tikilidən
uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi
bu viranəlik? Niyə bəni-insan ancaq dara düşəndə
yada salır məni, səsimnən qorxur, söyüş,
nifrin yağdırır, dalımca qarğış
töküb, daşlayır və güllə atır?! Bu qara
ayamaları kim yazdı mənim taleyimə, ya Rəbbim, kim?
Niyə? Nə üçün? Kim anladı mənim naləmi,
kim yozdu? Bəlkə mən elə bu faciələrə,
dünyanın belə gərdişinə fəryad edirəm?
Başa düşməməyiniz bir yana, hələ, məni
heç harda görmək belə istəmir, bütün bəlaların
səbəbkarı sanırsız..."
Bayquş
- bu zavallı
quşcuğaz - Allahın yaratdığı milyon canlıdan
biridir, heç şübhəsiz, ona bu mifik səlahiyyəti
- xarabalıqlar gözətçisi missiyasını ilahi
qüvvə yox, məhz insanlar rəva görüblər.
Diqqət
yetirin, bu dünyada rahatlıq arayan bayquş da bədbəxt
qocanın özü kimidir və hekayənin ideya-məzmun
strukturundakı estetik bütövlük, bədii simmetriya və
ya paralellik həm də buradan gəlir. Hər şeydən əvvəl,
belə bir səbəbdən ki, dünyanı quran da, xarabaya
çevirən də insandır. Mifik obraz olaraq, təxəyyülümüzün
yaratdığı bülbül də, bayquş da, digər
canlılar da, yazıçının dərin inamına
görə və mahiyyət etibarilə, insanın
özündən başqa bir şey deyil. Hekayədə
bayquşun dilindən səslənən "mən
bütün qaranlıqları aydın görürəm,
pıçıltıları eşidirəm, əyrilikləri,
fırıldaqları bilirəm..." - kimi fikirləri həmin
qaranlıqları çökdürən,
düşündüyünü içindəcə
pıçıldayan, bu naqisliyi törədən insanın
bir canlı kimi, özünün də portretini
canlandırır.
Hekayədə "qarovulçuluq" tədricən elə bir
çoxmənalı, çoxaspektli sosial-psixoloji, mənəvi-əxlaqi
və fəlsəfi-metafizik məfhum-metafora səviyyəsinə
yüksəlir ki, günümüzdəki insan (və cəmiyyət)
problemləri həmin səviyyədən çox müfəssəl,
çox əhatəli görünür.
Qoca
qarovulçu, bir tərəfdən, öz şəxsi həyatının
tragizmini yaşayırsa, digər tərəfdən, ictimai və
qlobal faciələr barəsində düşünür,
bayquşu güdməkdən yorulub, azacıq mürgüləyən
kimi, azıb çöllərdə qalmış, bədbəxt
qızını, o dünyada ərindən ötəri xəffət
çəkən arvadını görür, digər tərəfdən,
gözünü açan kimi "vur!",
"öldür!", "xilas elə!" əmrlərini
eşidir və özündən asılı olmayaraq,
filosofluq eləməyə başlayır: "Bəlkə,
insan, bayquşu lənətləyib susdurmaqla, qovmaqla - öz əllərilə
saldığı xarabalığın səsini kəsir ki,
xatırlayan və heç yerini bilən də
olmasın?!."
Kimin dilindən deyilirsə, çoxlu müdrik fikirlər, aforizmlər
müəllifi olan yazıçının bu mülahizələri,
həqiqətən, bədii olmaqdan daha çox, fəlsəfidir:
bayquşun ulaması hansısa günah, daha doğrusu,
günahlar müqabilində xaraba qalmış yurdun səsi, dərdli
bir nəğməsidir. Və müəllif haqlıdır ki,
bu nalə bülbül nəğməsi qədər ruhu
açan olmasa da, onun qədər informativ, mənalı və
məzmunludur.
Sərxoş gözətçinin əlində təsadüfən
açılan güllə hadisələrin məntiqi
gedişi ilə, irəlicədən təxmin edildiyi kimi,
bayquşa yox, bədbəxt qarovulçuya dəyir...
"Uçuq damın altında çöməlib ağ kəfənə
bürünmüş qadının kölgəsi əyildi,
sanki göydən yerə qanad saldı, başını
qarovulçunun parçalanmış sinəsinə
sıxıb, gözünün qorasını
tökdü..."
Və
son cümlələrə diqqət
yetirək: "Bayquş elə bil qaranlıq bir qəbirdən
indicə çıxırdı, səsi çatınca,
ünü yetincə hayqırır və al qan içində
can verən qarovulçunu, naqəfil açılan güllə
ilə əlini nahaq qana batırmış qonşunu, həm də,
baiskar kimi özünü, özünü
ağlayırdı..."
"Bayquş və Qarovulçu" əsərində,
vaxtaşırı olaraq, gah bədii təsvirlərin, gah da
metaforaların ortaya çıxıb, mətnin ideya-məzmununu
dolğunlaşdırması öz yerində, süjet
poetika-formaca şeir, poema kimi axır, elə bil ki,
bayquşun, qarovulçunun hisslərini sən də duyursan, həyəcanlarını
yaşayırsan, hətta ürək döyüntülərini
belə eşidirsən.
Son dərəcə təsirli
belə bir polifoniya, oxucunu
özünün (və cəmiyyətin!) taleyi barədə
bir daha (və dərindən!) düşünməyə təhrik
edir!..
Yazıçının, əvvəlki əsərlərində olduğu
kimi, sözügedən hekayəsində də sintaksis, -
müxtəlif çeşidli təkrirlər, paralel
konstruksiyalar və bir-biri ilə həmahəng sintaqmlardan
hörülmüşdür ki, mətntəşkiledici
ünsürlərin bu cür harmonik rabitəsi müəllifin
xalq dilini necə gəldi sərf eləməsi yox, onun tükənməz
zənginliklərini mənimsəyib, sonsuz ifadə
imkanlarından israfa yol vermədən, qənaətlə, eyni
zamanda yeni üslub dəyərləri təqdim etmək səviyyəsində
məharətlə faydalanmasıdır.
Dəyərli qələm dostumuz
İmamverdi İsmayılov, ola bilsin ki, elə
də çox yazmır, ancaq həmişə daxilində
olduğu, hər cür təlatümlərin
yaşadığı canlı (və sözün həqiqi mənasında
ictimai!) həyatı daim bir yazıçı-mütəfəkkir
həssaslığı, peşəkarlığı və
cavabdehliyi ilə müşahidə, dərk və təhlil
edir.
Əlinə qələm aldıqda
isə, ədəbiyyatımızın
yaddaşlarda qalacaq əsərlərindən birini yaradır!..
...Bax belə... Sonda,
yazıçının müdrik bir kəlamı yadıma
düşür: "Dərdlər yaradır səsləri...
Dərd - dərd çəkənindir!.."
Nə gözəl! Əlavə şərhə
ehtiyac varmı?!.
Tam səmimi olaraq deyim ki, özüm də bir müddətdir,
ruhuma çökmüş bu qərib səslərin və
belə isti sözlərin təsirindən çıxa bilmirəm...
Hörmətli yazıçımız İmamverdi İsmayılovun
öz təbirincə desək: "Çörək yeyən
hər ağızdan müqəddəs söz çıxmaz!.."
Hər şey həmişə ruhunca olsun, əziz qardaşım!..
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.12-13.