Məqsəd Səttarov.
Filosof ömrünün kvintessensiyası
Məqsəd Səttarov öz
dövrünün görkəmli
filosofu, maarifçisi,
pedaqoqu və nəzəriyyəçisi idi.
Onun yetirmələrinin sorağı
bu gün dünyanın müxtəlif
guşələrindən gəlir.
O, idrak və şüur
problemlərini fəlsəfi
aspektdə araşdıran
görkəmli elm adamı
idi.
Məqsəd Səttarovun doğum
tarixi gah 1924-cü il, gah da 1925-ci il kimi qeyd olunur.
Məqsəd müəllim
özü bu tarixlə bağlı söhbət düşəndə,
adətən yarızarafat-yarıciddi deyərdi:
"Bir onu dəqiq bilirəm ki, may ayında doğulmuşam". Biz də
onu, adətən hər il may ayının
13-də təbrik edərdik.
Məqsəd Səttarov Qazax
(indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. Onun atası Məmmədəli
kişi uzun müddət hüquq-mühafizə
sistemində çalışmışdır.
İkinci
Cahan müharibəsinin
elə ilk günlərindən
ordu sıralarına çağırılmış, ağır
və məşəqqətli
döyüş yolu keçmiş gələcək
filosof, ordudan tərxis edildikdən sonra - 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. Məqsəd müəllimin özünün
dediyinə görə, əvvəlcə
riyaziyyat fakültəsinə
daxil olubmuş. O zaman
ölkədə artıq
yaxşı riyaziyyatçılar
yetişməkdə idi.
Amma tarix fakültəsinin
fəlsəfə şöbəsi
təzəcə fəaliyyətə
başladığından filosof
kadrlara böyük ehtiyac duyulurdu. Universitetin rektoru Abdulla Qarayevin təklifi ilə o, yeni açılan
ixtisası seçib.
Məqsəd Məmmədəli oğlu
1950-ci ildə Universiteti
fərqlənmə diplomu
ilə bitirmiş, elə həmin il aspiranturaya daxil olmuş, 1954-cü ildə
fəlsəfə doktoru,
1964-cü ildə isə
elmlər doktoru üzrə dissertasiyasını
müdafiə etmişdir.
O, 1989-cu ildə Azərbaycan
Milli Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
Məqsəd Səttarov 2000-ci ildə
Bakı şəhərində
vəfat edib.
...O, mənim elmi rəhbərim idi. Mənəvi tələbatların
inkişafı ilə
bağlı olan dissertasiya mövzusunu da onun özü təklif etmişdi. Məqsəd müəllim
o illərdə indiki
AMEA-nın fəlsəfə
kafedrasının müdiri
idi. Mən isə Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi vəzifəsində
çalışırdım. Demək olar ki, onunla hər gün görüşürdük.
Bəzən məni də imtahan götürən komissiyanın
tərkibinə daxil edirdi. Aspirant və dissertantlardan imtahan qəbul edir,
"minimum" imtahanları götürürdük.
Günlərin bir günü,
növbəti görüşümüz
zamanı Məqsəd
müəllim, adəti
üzrə ağır-ağır,
özünəməxsus ləngərli
bir nitqlə ordan-burdan söhbət açandan sonra dedi: "A kişi oğlu, imtahanlarda bizə kömək edirsən, buna görə
təşəkkür edirəm.
Amma istəyirəm ki, sən
birdəfəlik bizim kafedraya gələsən.
Açığını deyim ki, bizdə aspirantlara, ruscadan fərqli olaraq, Azərbaycan dilində fəlsəfədən dərs
deyəcək səviyyədə
mütəxəssis yoxdur.
Olanlar da ali məktəbə üz tuturlar, görünür,
orada dolanışıq
yaxşıdır. Gəl
belə edək, sən Fəlsəfə İnstitutu ilə üzülüş, gəl
bu kafedraya. Mən də ta yorulmuşam..."
Beləliklə, bir xeyli müddət kafedrada işləməli oldum. Orada əvvəlcə dosent, daha sonra
professor (vəzifəsini icra
edən) kimi fəaliyyət göstərdim.
Məqsəd müəllim
aspirant, doktorant və
müəllim kollektivinə
çox tələbkar
idi. Hətta ən yaxın dostları belə, ona kiminsə xahişini etməyə çəkinirdilər. Çünki
hamı bilirdi ki, onun şüarı - cavabı bu cür olacaqdı:
"Madam ki, tapşırırsan, onda daha yaxşı
hazırlaşsın, sənin
adını batırmasın".
O zaman aspiranturaya daxil olmaq əmri-mahal idi. Yüksək rəqabət olurdu. Dövlət rəhbərlərinin
əksəriyyətinin, habelə
tanınmış ziyalıların
çoxunun övladları
aspiranturada təhsil almağa can atırdı.
İndi isə, məlumdur
ki, vəziyyət obyektiv
və subyektiv amillərdən asılı
olaraq bir xeyli dəyişib. Belə ki, biznesə, menecerliyə maraq daha yüksəkdir. Bəli, gələcək
alimlərin fəlsəfədən
imtahan verməsi elə də asan olmurdu. Amma hamı imtahan komissiyası sədrinin obyektivliyinə inanırdı.
İnanırdılar ki, Məqsəd
müəllim heç
vaxt haqqı nahaqqın ayağına verməz. O, adətən kiminsə biliyini qiymətləndirəndə komissiya
üzvləri ilə uzun müddət müzakirə aparır,
optimal variantlar axtarırdı.
Haşiyə. Yadımdadır, 80-ci illərin sonunda, bir dəfə növbəti qəbul imtahanı zamanı, səhv etmirəmsə, fizika üzrə, aspiranturaya bir yerə iki nəfər
gənc sənəd vermişdi. Gənclərin
hər ikisi yaxşı cavab verdi. Hiss olunurdu ki, Məqsəd müəllim
nəyə görəsə
tərəddüd edir.
Onun iri, mavi gözləri bir müddət uzaqlara dikildi. Sanki bir başqası yox, özü ağır suallar qarşısında qalmışdı.
Bəli, imtahan suallarına cavab verənlərin qiymətləndirilməsi
zamanı gəlmişdi.
Belə anlarda həmişə olduğu
kimi, yenə "tarazlılığı" saxlamaq
lazım idi. Bu "tərəzi" indi onun əlindəki qələm idi. O, qələmini
qiymət cədvəlinin
üstündə hərləyərək
ağır-ağır dilləndi:
"İndi biz nə etməliyik?
Bax, o xanımı mənə bizim prezidentin (EA prezidentini nəzərdə tuturdu -
F.M.) adından tapşırıblar.
O cavan oğlanı isə tapşıran olmayıb. Özünüz
gördünüz ki, hər
ikisi yaxşı cavab verdi. Amma bu sınaqdan onların biri keçməlidir. Çünki
aspiranturaya o ixtisas üzrə cəmi bir yer ayrılıb.
Biz kiminsə tapşırığını
əsas kimi qəbul etmirik, əsas meyarımız bilikdir. Bilik də ki, özünüz
gördünüz... Hər
ikisi savadlıdır.
Nə deyirsiz, nə edək ki, vicdanımız təmiz qalsın?" Mənim təklifim belə oldu: "Hər ikisi yaxşı cavab verdi. Hər
ikisinə eyni qiymət yazmaq lazımdır. Bilirəm,
o ixtisas üzrə cəmi bir yer
ayrılıb. Amma indiyəcən
bunlar paralel qiymətlər alıblar.
Bu "tandem"i yenə
gözləyək. Daxil
olacaqları ixtisas üzrə əlavə bir yerin ayrılması
Akademiyanın prezidenti
üçün elə
də çətin məsələ deyil".
Məqsəd müəllim
razılaşdı. Hər
iki gəncə "əla" qiymət yazdıq. Ən çox sevinənsə, yəqin ki, imtahanın nəticəsini gözləyən
"adamsız adam",
yəni cavan oğlan idi. Məqsəd müəllim
də nəticədən
razı qalmışdı.
"Ən optimal yolu tapdıq. O oğlana aşağı qiymət versəydik, vicdanım məni rahat qoymazdı, səhərəcən
yata bilməzdim".
Məqsəd Səttarovun elmi
fəaliyyəti əsasən,
din və ateizm tarixi, nəzəriyyəsi,
həmçinin ictimai
şüurun inkişaf
qanunauyğunluqları istiqamətində
idi. O, Azərbaycanın
mənəvi-mədəni həyatında
islamın yeri və rolu, ictimai
şüurun strukturu və onun ünsürlərinin
qarşılıqlı təsiri,
ictimai şüurun yeniləşdirilməsi və
sağlamlaşdırılması yollarını araşdırıb.
İdrak
və şüur problemləri onu daha çox düşündürürdü. Hələ 1961-ci ildə yazdığı "Sovet
adamlarının süurundakı
kapitalizm qalıqlarının
aradan qaldırılması
haqqında" kitabında
çox mühüm bir məsələyə
- ictimai şüurun ictimai varlıqdan geri qalmasının səbəb və nəticəsinə toxunmuşdur.
Aradan xeyli müddət keçdikdən
sonra, 1988-ci ildə nəşr edilmiş "Sosialist ictimai şüuru" adlanan əsərdə ictimai şüurun bir sıra aktual məsələlərinə işıq
tutulmuşdur. Zənnimcə,
onun şüur problemi ilə bağlı qələmə
aldığı "Adi şüur
və onun inkişaf dialektikası"
adlı yığcam
kitab daha əhəmiyyətlidir.
Müəllif adi şüurun daha çox şəxsi müşahidə və təcrübəyə əsaslandığını,
gerçəkliyin predmet
və hadisələrinin
mahiyyətini tam aça
bilmədiyini, əsasən
ötəri təzahürləri
əks etdirdiyini konkret misallarla əsaslandırmışdır.
Dediyim kimi, Məqsəd Səttarov uzun illər din, ateizm və din tarixinin tədqiqi ilə məşğul olmuşdur.
Bu cəhətdən onun
"İslam dinində modernizasiya"
əsəri diqqəti
çəkir. Müəllif
göstərir ki, insanların,
ictimai həyat şəraitinin inkişafı,
habelə insan təcrübəsinin artıb
zənginləşməsi ilə
əlaqədar dini etiqadlar da dəyişmış,
yeni formalar almışdır.
Bu proses yenə davam etməkdədir. Belə
ki, elmi-texniki tərəqqinin,
ictimai həyatın inkişafının təsiri
ilə bağlı olaraq dində də müxtəlif dəyişikliklər baş
verməkdədir. Onun
son əsərlərindən biri - "Fəlsəfə
və ideologiya" da
maraq doğurmaqdadır.
Məqsəd Səttarov Azərbaycanın
mənəvi-mədəni həyatında
islamın yeri və rolu, ictimai
şüurun strukturu və onun ünsürlərinin
qarşılıqlı təsiri,
ictimai şüurun yeniləşdirilməsi yollarını,
habelə fəlsəfə,
din, ontologiya, qnoseologiya
və etikanın bir çox aktual problemlərini araşdırmışdır.
Məqsəd müəllim Makovelski
və Heydər Hüseynov kimi filosofların yetişdirməsi
idi. Heydər Hüseynovun intiharı onun
aspirant və tələbələrinin
hamısını, o cümlədən,
Məqsəd Səttarovu
çox sarsıtmışdı.
O, arada öz müəllimləri haqqında
maraqlı xatirələr
danışmağı xoşlayardı.
Məqsəd müəllim nə
qədər ciddi və tələbkar olsa da, bir o qədər də həssas idi. Müharibənin ağrı-acılarını
görmüş bu adam heç kəsin taleyinə biganə qala bilməzdi. Yeri gəlmişkən, şahidi
olduğum bir hadisəni xatırlatmaq istərdim.
Yadımdadır, günlərin bir
günü "minimum" imtahanları qəbul edirdik. Gələcəyin
elm adamları imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb
və ehtiramla suallara cavab verirdilər... İmtahan verənlər zalı tərk edir, onları növbəti
"həmkarlar"ı əvəz
edirdi. Belə gərgin anların birində qapı açıldı, ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə
gənc, yaraşıqlı bir ... xanım vardı. Düzü, Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək
üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kresloda əyləşdirdi.
Təbii ki, onlardan biri imtahan verməyə
gəlmişdi. Və
çox güman ki, oğlan bu gənc
xanımı imtahana gətirmişdi. Görəsən,
oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürücüsü ola bilərdi...
Söhbət əsnasında
belə məlum oldu ki, anadangəlmə qüsurla doğulmuş xanım imtahan verməyə gəlib. Oğlan onun həyat yoldaşı imiş. Bu yaraşıqlı
oğlan bu zərif qızı sevib, onunla ailə
qurub. Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər.
Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti
qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab
verməyə başladı.
Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı...
Bir qədər sonra Məqsəd Səttarov əlinin işarəsi ilə "dayanmaq" işarəsi verdi. Qız susdu. Məqsəd müəllimin
iri, yaşıl-qonur gözlərinin dərinliyində
kədər qarışıq
bir rəğbət işartısı parlayırdı.
O, doluxsunmuşdu. Kitabçasında
yazılmış yüksək
qiyməti görən
qız və onun həyat yoldaşı da qəhərləndi.
Məqsəd müəllim üzünü
oğlana tutub dedi:
- Kişi oğlu, xanımın yaxşı
hazırlaşdığına görə ona yüksək qiymət yazdıq. Sənə də bu böyük fədakarlığına
görə şifahi də olsa, "əla" yazırıq.
Gedə bilərsiz.
Bir-birinizdən muğayat
olun.
Oğlan
təşəkkür edib
xanımını ehtiramla
qucağına götürdü...
Mən bu yazını qələmə alarkən,
yəni aradan illər keçəndən
sonra, vaxtilə İncəsənət İnstitutunun
məzunu və əməkdaşları olmuş,
artıq vəfat etmiş həmin cütlüyün adını
dəqiqləşdirdim: Mehman
Abdullayev və Fəridə
Allahverdiyeva. Onu da öyrəndim ki, indi onların övladları Türkiyədə yaşayır.
...Akademik Məqsəd Səttarov öz dövrünün övladı
idi. O, ağır döyüşlərdən çıxmışdı.
Kommunist idi. Sosializmə, marksizmə ürəkdən inanırdı.
Sovet quruluşunun dağılmasının da şahidi
olmuşdu. Biz hərdən
onunla gələcək
haqqında söhbət
edirdik. Bir dəfə
söhbət əsnasında
ona dedim ki, tarixi materializm filosofların, sosializm realizmi isə yazıçıların yetişməsinə
mane oldu. Razılaşdı. Və
əlavə etdi ki, o quruluşun da müsbət
cəhətləri az
olmayıb.
Məqsəd müəllim çox
maraqlı müsahib idi. Mühazirələri də canlı olurdu. Nitqində qısa fasilələr olurdu, adətən düşünə-düşünə, sanki daha sərrast,
daha münasib ifadə və sözləri "seçə-seçə",
cilalayaraq danışırdı.
Bu hallarda o, daha çox, özünün
səliqə ilə yan-yana düzdüyü daşların üstündə
naxışlar açan
usta memara bənzəyirdi. Məqsəd
Məmmədəli oğlu,
necə deyərlər,
"dilinin üstündə
dil bitən", yəni onun öz təbirincə desək, "bülbül
kimi ötən", amma dediklərinin içində hansısa bir rasional bir
fikir olmayan natiqləri qəbul etmirdi. Tutduğu mövqedən asılı
olmayaraq, bu tipli adamların çıxışını dinləyəndə, adətən
deyərdi ki, filankəs
mahiyyəti üzrə
danışmır, mənasız
söz yığını
üyüdür, dediyinin
fərqinə varmır,
cəfəngiyyat söyləyir.
Bəli, o, həm yazılı, həm də şifahi nitqdə yalnız mahiyyət
üzrə fikir bildirməyi qəbul edirdi. Başqa sözlə desək, Məqsəd Səttarov həm fəaliyyətin, həm fikrin, həm də ömrün mahiyyətini,
yəni kvintessensiyasını
aydın şəkildə
ifadə etməyin tərəfdarı idi. Əslində elə filosofun missiyası mahiyyətə varmaq, həqiqət axtarmaqdan ibarətdir.
Məqsəd Səttarovun tanışları
çox olsa da, dostları az idi. Ən yaxın dostu, uzun onillərin
sınağından çıxmış
akademik Firudin Köçərli və sədaqətli aspirantı
professor Maqsud Cəlilov
idi. Arada görkəmli dilçi alim Vaqif Aslanovu da Məqsəd müəllimin yanında görmək olurdu. O, Səttarovla eyni kənddə anadan olmuşdu. Aralarında 4-5
yaş fərq olsa da, Universitetdə müxtəlif kurslarda paralel
oxumuşdular. Bilənlər
bilir, Vaqif müəllim çox savadlı, poliqlot, prinsipial alim idi. Amma onun hər adamla
sözü tutmurdu. Xasiyyəti bir qədər tünd, yumşaq desək, dili "iti" idi. Di gəl ki, onun Məqsəd müəllimlə söhbəti
alınırdı. Mən
sonralar eşitdim ki,
30-cu illərdə Vaqif
Aslanovun atası İmaməlini şərləyib
həbs edən zaman Məqsəd müəllimin
atası onun xilas olması üçün əlindən
gələni əsirgəməyib,
nəticədə Vaqif
Aslanovun atası cəza təhlükəsindən
xilas olub. Yəqin ki, bu iki ziyalının xoş ünsiyyətinin yaranmasında bu hadisənin, bu faktın da rolu var idi.
Məsəd müəllim qadınlara
münasibətdə olduqca
nəzakətli və
diqqətli idi. Gözəlliyə qarşı
etinasız deyildi. Yumor hissindən də xali deyildi,
ekspromt aforizmlər deməyi xoşlayardı.
O, ciddi ailə başçısı idi.
Həyat yoldaşı
və məslək dostu Olqa Mixaylovna
uzun illər öz həyat yoldaşının doğma
kəndində, Poyluda
müəllim işləmişdi,
Azərbaycan dilində
çox təmiz, şirin bir ləhcə ilə danışırdı. Səhv
etmirəmsə, Olqa xanım fransız-alman kökənli idi. Onların özləri kimi ziyalı övladları - üç
oğlu vardı. Oqtay memar idi.
Mikayıl geoloqdur, Rəcəb isə atasının yolunu seçib, filosofdur, vaxtilə Lomonosov adına
MDU-nun fəlsəfə fakültəsini
bitirib.
Xatırlayıram, sonuncu nəvəsi,
Rəcəbin oğlu
İsmət anadan olanda Məqsəd müəllim çox sevinirdi. Mən zarafatla dedim: "Məqsəd müəllim,
yəqin ki, nəvə
də gələcəkdə
atası və babasının yolunu seçib filosof olacaq". O, gülümsəyərək
dilləndi: "A kişi
oğlu, təki xalqımız üçün
gərəkli adam olsun". İsmət Səttarov gənc olmasına baxmayaraq məsul işdə çalışır, hazırda
Azərbaycan Respublikası
Milli Televiziya və
Radio Şurasının sədridir,
özü də, səhv etmirəmsə, texnika üzrə fəlsəfə doktorudur.
P.S. Bu il mərhum müəllimim, elmi rəhbərim, görkəmli filosof, vətənpərvər insan
Məqsəd Səttarovun
anadan olmasının yüz ili tamam
olur.
Ehtiramla
yad edirik.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.14-15.