Ədəbi yaddaşın qoruyucusu
Muzeylər tarixin qədim dövrlərini elm və sənət prizmasından
araşdıraraq təqdim
edən və özü də getdikcə formalaşan mədəniyyət ocaqlarıdır;
xalqın tarixinin, ədəbiyyatının, mədəniyyətinin
aynasıdır.
Müxtəlif dövrlərdə Azərbaycanın
böyük hökmdarlarının,
dövlət adamlarının,
sərkərdələrinin saraylarında, elm və irfan mərkəzlərində,
dini qurumlarda maddi-mədəni irs toplanıb. Bu da muzey işinin əsasını
təşkil edib. Azərbaycanın görkəmli
sənət xadimlərinin,
bədii, tədqiqi, xalq sənəti ustalarının yaratdıqları
əsərlər illər
boyu toplanaraq ölkəmizdə muzeylərin
təşkilinə zəmin
yaradıb.
Muzeylər, əsasən, XIX-XX əsrlərdə
yaranmağa başlayıb.
Əslində, Azərbaycanın
qədim və zəngin muzeyçilik və kolleksiyaçılıq
ənənələri olub.
Vaxtilə Azərbaycan
hökmdarlarının - Atabəylərin,
Eldənizlərin, Ağqoyunluların,
Qaraqoyunluların və
Səfəvilərin saraylarında
da qiymətli materiallardan
nəfis şəkildə
işlənmiş gözəl
sənətkarlıq nümunələri
sərgilənib. Rəsm
əsərləri və
xalq yaradıcılığı
inciləri mühafizə
edilib. Bu dəyərli
eksponatlar müxtəlif
səbəblərdən dünya
muzeylərinə yol açıb. Və bu gün öz
tamaşaçılarına Azərbaycan tarixindən, mədəniyyətindən, ədəbiyyatından
həqiqətləri danışır.
Azərbaycanda ədəbiyyat muzeyləri
şəbəkəsinin yaranması
ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünə
(xüsusilə 1969-1982-ci illər
və 1993-2003-cü illər)
təsadüf edir. Ulu
öndər Heydər
Əliyevin təşəbbüsü
və dəstəyi ilə həmin illərdə ədəbiyyatla
bağlı ev-muzeylərinin
yaradılması, genişləndirilməsi
və yenidən qurulması üçün
geniş tədbirlər
görülürdü. Belə
ki, Mərdəkanda Sergey Yeseninin
(1975), Şuşada Xurşidbanu
Natəvanın (1987) və
Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi (1982), Bakıda
Xalq şairi Səməd Vurğunun ( 1975), Nəriman Nərimanovun (1977), Məmməd
Səid Ordubadinin
(1979) ev-muzeyləri açılıb.
Eləcə də, Cəfər Cabbarlının
(1982), Naxçıvanda və
Tiflisdə Cəlil Məmmədquluzadənin (1994), Şamaxıda Mirzə Ələkbər Sabirin
(1981) ev-muzeyləri ziyarətçilərin
ixtiyarına verilib. Bu
sırada Hüseyn Cavidin, Abdulla Şaiqin ev-muzeyləri də var. Azərbaycanın zəngin
bədii irsinin qorunması və tanıdılması, həm
də yeni nəsillərə
çatdırılması və maarifçilik missiyasının daşınmasında
həmin muzeylərin əvəzsiz rolu var.
Ölkənin mədəni həyatında
mühüm yer tutan muzeylərdən biri Nizami Gəncəvi
adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyidir.
Ulu öndər Heydər
Əliyevin bilavasitə
təşəbbüsü və dəstəyi nəticəsində muzey
yeni bir mərhələyə
qədəm qoyub, həm elmi, həm də ekspozisiya baxımından zənginləşib.
Ümummilli lider Heydər Əliyev Nizami muzeyini üç dəfə ziyarət edib. İlk gəlişi
1970-ci ildə Cəfər
Cabbarlının 70 illiyi
ilə bağlı idi. İkinci gəlişi 1981-ci ildə
Nizami Gəncəvinin
840 illik yubileyi münasibəti ilə olub. Üçüncü
gəlişi isə
1990-cı ilə təsadüf
edib. Heydər Əliyev bu gəlişində Moskvada
nəşr etdirdiyi Nizami Gəncəvinin əsərlərinin muzeyin
ekspozisiyasında nümayişindən
məmnun olur.
Muzeyin yaranması dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı olub. Nizami muzeyi
1 noyabr 1939-cu ildə Azərbaycan Xalq Komissarları Şurasının
4972 saylı qərarı
ilə yaradılıb.
1941-ci ildə şairin
təntənəli yubileyi
və muzeyin açılışı olmalı
idi. Təəssüf
ki, 1941-1945-ci illər İkinci
Dünya müharibəsinin
başlanması muzeyin
açılışını gecikdirir. Müharibə şəraitinin olmasına
baxmayaraq, şairin 800
illiyi Leninqradda (indi Sankt-Peterburq) Ermitajda qeyd edilir. Rəssam Vaqif Hüseynovun muzeydə sərgilənən
"Ermitaj. 1941-ci il. Nizami
yubileyi" adlanan əsərində bu tarixi hadisə əksini tapıb.
O dövrün mətbuatı
da bu tarixi hadisəni öz səhifələrində işıqlandırırdı.
Onlardan biri də, bu günə
kimi Nizami muzeyi ilə bağlı yazılar dərc edən "Ədəbiyyat qəzeti"dir.
Hələ Nizami muzeyi yaranmadan əvvəl "Ədəbiyyat qəzeti"nin
6 may 1938-ci il sayında çap
olunan "Azərbaycanda
ədəbiyyat muzeyi təşkil etmək lazımdır" məqaləsini
oxuyuruq. Burada Azərbaycan Yazıçılar
İttifaqının ədəbiyyat
muzeyinin təşkil edilməsi haqqında təşəbbüs etmələri
və bunun ədəbiyyat sahəsinin
ən mühüm və lazımlı işlərindən biri olduğu vurğulanır.
Qəzet
muzeyin açılışı
ilə bağlı hazırlıqları səhifələrində
işıqlandırır, həmçinin
Nizami Gəncəvinin
800 illik yubileyindən
bəhs edirdi. Yazıların daha çox məlumat xarakterli olmasına baxmayaraq ədəbi mühitin fikri və muzeyin açılışına münasibət
maraqlı idi.
22 oktyabr 1939-cu il "Nizamiyə
həsr olunan sərgi-muzey" başlıqlı
yazıda Azərbaycan
xalqının böyük
şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını
əks etdirən sərgi-muzeyin açılışından
bəhs edilir. Azərbaycan Həmkarlar İttifaqı Sovetinin o zamanlar yerləşdiyi üçmərtəbəli bina
(həmin illərdə
Nizami muzeyinin III mərtəbəsində AHİ fəaliyyət göstərirdi)
bütövlüklə Nizami
sərgi-muzeyinə verilir.
Nizami sərgisinin təşkili ilə bağlı komissiya yaradılır. Bu komissiyaya
rəhbərlik rəssam
Salam Salamzadəyə həvalə
olunur. Leninqrad (indi Sankt-Peterburq) bəstəkarları Nizami
Gəncəvinin həyat
və yaradıcılığına
həsr olunmuş qapalı müsabiqədə
iştirak etmək istəklərini Azərbaycan
Xalq Komissarları Soveti İncəsənət
İşləri İdarəsinə
bildirir. Qəbul edilmiş qərara əsasən elmi tədqiqatçılarla yanaşı
heykəltəraşlar, rəssamlar,
bəstəkarlar bu işə cəlb olunur.
Muzeyin yaradılması qərarı
təsdiqlənəndən sonra "Ədəbiyyat qəzeti"nin 1 dekabr
1939-cu il tarixli sayında
"Nizami" almanaxı
haqqında" yazı
dərc olunur. Və Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə
Azərbaycan və rus dillərində elmi-tədqiqat və ədəbi-bədii almanax
nəşr edilməsi
məsələsi qaldırılır.
Almanaxın birinci kitabının 1940-cı ilin
yanvar ayında nəşr edilməsi nəzərdə tutulur. Kitabda, əsasən, heç bir yerdə çap edilməmiş məqalələr
və bədii əsərlər dərc ediləcəkdir. Nizami almanaxını nəşrə
hazırlayanlar arasında
Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun elmi işçilərindən Həmid
Araslı, Mübariz Əlizadə və başqalarının adı
çəkilir.
16 avqust 1940-cı il sayında
"Ədəbiyyat qəzeti"
artıq "Nizami muzeyinin bədii quruluşu planının təsdiqi" haqqında məlumat verir. Keçirilən yığıncaqda
Nizami muzeyinin direktoru Əhəd Bağırzadə və baş rəssam İsmayıl Axundzadə məruzə edirlər. Məruzə əsasında
aparılan müzakirələrdə
Mirzə İbrahimov, Əhəd
Yaqubov, Cavad bəy Rəfibəyli, Cəfər Xəndan,
Salam Salamzadə və
başqaları bədii
tərtibatın planını
dəstəkləməklə bərabər öz fikir və təkliflərini
də bildirirlər. Beləliklə, Nizami muzeyinin daxili quruluşu və bədii tərtibatının
planı da təsdiq olunur.
"Ədəbiyyat qəzeti"
1946-cı il 24 oktyabr sayında
yazır: "Azərbaycanın
böyük şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar olaraq Nizami muzeyində ciddi hazırlıq işləri gedir. Muzeydə yubiley günlərinə kimi
"Nizami və dünya ədəbiyyatı",
"Nizamidən sonra Azərbaycan ədəbiyyatı",
"Nizami və dövrümüz" adlı
üç yeni şöbə
açılacaqdır. Bundan
başqa, filoloji elmləri namizədi Həmid Araslı yoldaş muzeyin bütün şöbələrini
əhatə edən
"Nizami muzeyi" adlı bir kitab yazıb qurtarmışdır.
Kitab çapa hazırlanır."
Qəzetin tarixi səhifələrini vərəqlədikcə
Nizami muzeyinin yaranan gündən bu günə kimi bütün nailiyyətlərinin izləndiyinin
şahidi oluruq.
Nəhayət, muzeyin ilk açılışı
1945-ci il mayın 14-də baş
tutur. Şairin həyat və yaradıcılığını əks etdirmək məqsədi ilə yaradılmış muzey illər ötdükcə
ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatını
nümayiş etdirən
mədəniyyət və
elm ocağına çevrilir.
Muzeyin filialları yaranmağa başlayır.
1999-cu ildən Mərdəkanda yerləşən Sergey Yeseninin
ev-muzeyi Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin tərkibinə
daxil edilir. 2008-ci
il 22 noyabr tarixindən muzeyin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə
ev-muzeyi Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi
Əlaqələri Mərkəzinə
çevrilir. Xurşidbanu
Natəvan adına Qarabağ, Əfzələddin
Xaqani adına Aran regional (2005-ci il dekabr ayından)
filialları da Nizami muzeyinin tərkibində fəaliyyətlərini
davam etdirir.
2004-cü ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Nizami muzeyinin əsaslı şəkildə yenilənməsi
ilə bağlı Sərəncam imzalayır.
Prezident İlham Əliyevin iştirakı ilə Nizami muzeyinin açılışı
yenə də ənənəyə sadiq
qalaraq mayın 14-də
qeyd olunur. Bu günü də yenə ilk olaraq təfərrüatı
ilə "Ədəbiyyat
qəzeti"nin səhifələrində
görürük ( "Ədəbiyyat qəzeti"
15 may, 2009-cu il). O gündən hər ayın 14-ü Nizami muzeyində Açıq qapı günü keçirilir.
Bu il qapılarını açdığı
ilk günün 80-ci ilini qeyd edən
muzeyin ekspozisiyasında
tariximiz, mədəniyyətimiz
və ədəbiyyatımız
xronoloji şəkildə
təbliğ və təqdim edilir. Azərbaycanın görkəmli
ədiblərinin yubileyləri
keçirilir. Onların
həyat və yaradıcılığını əks etdirən sərgilər nümayiş
olunur. Muzeyin direktoru, akademik Rafael Hüseynov muzeyin yubiley tədbirləri haqqında
"Səksən ilin
güzgüsü" kitabında
qeyd edir ki, "Nizami
muzeyi fəaliyyətə
başladığı dövrdən
indiyədək görkəmli
ədəbi simaların
yuvarlaq ildönümlərini
həmişə ehtiramla
qeyd edib və bura o məkandır ki, həmin ildönümləri
təntənə ilə
respublika səviyyəsində
rəsmən keçiriləndə
də, yaxud hansı səbəblərdənsə
yada düşməyəndə
də muzeydə heç vaxt unudulmayıb." (Elm və təhsil. 2020. səh.20.)
Ədəbi şəxsiyyətlər haqqında
məlumatlar, eləcə
də onlara məxsus şəxsi əşyalar ziyarətçilərin
xüsusi marağına
səbəb olur. Nizami muzeyinin "ziyarətçi və muzey vəhdəti"nin yaranmasına nail olması da muzeyin bugünkü uğurudur. Bilirik ki, muzey işinin
əsas məqsədi
bu tarixi sərvətləri mühafizə
edib, elmi və mədəni davamlılığı gələcək
nəsillərə ötürməkdir.
Çünki muzey, hər şeydən əvvəl, araşdırıcı
və elmi təşkilatdır. Əsas
şərt muzeyə daxil olan eksponatın
saxlanılması, təmiri
və nümayişi deyil, məqsəd onlar üzərində aparılan tədqiqatlar, elmi nəticələr və muzey əməkdaşının
öz sahəsi ilə əlaqəli mövzulara aid elmi tətbiq, tədqiq və təbliğ etməkdir.
Nizami muzeyi də bu istiqamətdə
2004-cü ildən etibarən
"Beşlik" - "Risalə"
elmi araşdırmalar
jurnalı, "Şərq"
tərcümə toplusu,
"Qaynaq" mənbələr
toplusu, "Məclis"
mərasimlər toplusu,
"Xəzinə" kataloqlar
toplusu elmi məcmuələrini nəşrə
hazırlayır. Həmçinin
muzeyin direktoru, akademik Rafael Hüseynovun rəhbərlik
etdiyi 2014-cü ildən
yaranan Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurası nəzdində
Filologiya Problemləri
üzrə Elmi Şuranı, 2019-cu ildən
fəaliyyət göstərən
Dissertasiya Şurasını
da qeyd etmək
olar. Muzey əməkdaşları tərəfindən
müxtəlif monoqrafiyalar,
kataloqlar və məqalələr hazırlanır,
ədəbi irsimizin sistemli şəkildə sənədləşdirilməsi və nəşri təmin olunur.
Azərbaycan ədəbiyyatını, mədəniyyətini
geniş, ətraflı
təqdim edən Nizami muzeyi həm
təbliğ baxımından,
həm də ziyarətçiləri maraqlandırmaq
məqsədilə bukletlər
(Azərbaycan, rus və ingilis dillərində), braşuralar,
kiçik stolüstü
təqvimlər hazırlayır.
Xüsusilə əlamətdar
günləri xatirələşdirmək
baxımından, eləcə
də Azərbaycan ədiblərinin yubileyləri
ərəfəsində onların
həyat və yaradıcılığını əks etdirən plakatlar nəşr etdirir. Bilirik ki, səyahət edən hər bir insan gəzib
gördüyü yerlərdən
xatirə saxlamağı
sevir. Bu baxımdan sadaladığım
hədiyyələrlə Nizami
muzeyi uzun müddət öz ziyarətçilərinin yaddaşından
silinməməyə nail
olur və mənəvi baxışlarını
zənginləşdirir. Eləcə
də zamanın çağırışına uyğunlaşaraq rəqəmsallaşma,
virtual ekskursiyalar və müasir təqdimat formaları ilə fəaliyyətini daha da genişləndirir.
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin 80 ili bir daha sübut
edir ki, milli ədəbiyyat yalnız keçmişin mirası deyil, həm də bu günümüzün mənəvi dayağıdır.
Bura yalnız muzey deyil, Nizami
irsinin, Azərbaycan ədəbiyyatının sönməyən
çırağıdır.
Sevinc Ayazqızı HEYDƏROVA
Filologiya üzrə fəlsəfə doktoru,
Nizami Gəncəvi
adına Milli Azərbaycan
Ədəbiyyatı
Muzeyi
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.19.