Azərbaycan teatrında feminist ruh
Mərd qadının
cadulu sevgiləri
Əgər məndən soruşsaydılar
ki, 60-cı illər Azərbaycan
teatrında müasirliyin
qanadlarının adı
nədir, mən fikirləşmədən deyərdim
Amaliya Pənahova.
Teatrın səhnəsində müasirliyin
qadın etalonu, qadın modeli, modern qadın tipajı Amaliya Pənahovanın fakturasında görünürdü,
onun nitq modulyasiyaları tələffüz
ritmikası ilə danışırdı. Həmin
dönəmin Bakı
camaatı Milli Dram Teatrına
çox vaxt məhz Amaliya xanıma heyran-heyran baxmağa gələrdi, aktrisaya aşiq olmağa gələrdi, onun oynadığı rolların məhəbbətinə
"azarkeşlik" etməyə
gələrdi.
Bu aktrisanı sanki dövrün bitlomaniya dalğaları tullamışdı
səhnəyə; yuxulu
bir su pərisi
kimi...
Səhnənin qoxusu burnuna dəyən andaca bu su pərisi
həməncə ayılmışdı,
bərq-bərq vuran pulcuqlu geyimində ayağa qalxıb bütün varlığı
ilə "Bitlz" qrupunun oxuduğu mahnılardan trans vəziyyətinə
düşən, tvist,
rok-n-roll burulğanında
qıvrılan gənc
qızların, Azərbaycanda
fetişləşmiş "Azadlıq qadını"
heykəlinin, bir də zəmanənin
feminist ruhunu yansıtmağa
çalışmışdı.
Amaliya xanımın səhnə
səsi sanki su pərisinin qaranlıq gecədə dənizdən eşidilən
səsini andırırdı:
nəfəsi, elə bil ki, sevgi caduları
ilə elektriklənmişdi.
Aktrisanın səsi
piano dilləri kimi şirmayı idi: damla üzərindəki günəş şüası
qədər parıldayırdı.
Çünki Amaliya xanımın ruhunda sehrlənmiş bir parıltı vardı və bu parıltı
onun fakturasında həmişə şəfəqlənirdi.
Aktrisa öz səsi, nəfəsilə
seyrçini ehtiraslandırırdı,
ovsunlayıb hipnoza sala bilirdi, tamaşaçının
gizlin dünyasına,
altşüuruna nüfuz
edə bilirdi, ona məhəbbət iksiri içirdə bilirdi və hamını romantik sevgiləri dadmağa çağırırdı.
Hər
zaman Amaliya xanımın
həyalı-erotik pıçıltılarından,
həyəcanlı-emosional yaşantılarından çöllərin
bakirə sevgi çiçək-caduları dağılırdı
səhnənin fəzasına.
"Sən həmişə
mənimləsən" və
"Unuda bilmirəm"
tamaşaları 60-cı illərdə
kövrək sevgilərə
bəstələnmiş "himnlər" kimi Amaliyanın səsilə
milli mədəniyyətin səmasını
dolaşırdı. Bu qəşəng
aktrisanı səhnədən
də, ekrandan da, radiodan da böyük həzzlə dinləyirdilər.
Ona görə həzzlə
dinləyirdilər ki, bu
səs insanlara sanki ehtirasların sirrini açırdı, eşq macəralarının
əfsanəsini və
magiyasını ötürürdü.
Təsadüfi deyil
ki, kinorejissor Arif
Babayev "Gün keçdi"
filmində öz xatirə və yaşantıları içində
zərif tül pərdələr kimi havalanan Əsmər roluna Leyla Şıxlinskayanı
çəksə də,
bu cazibədar qadını Amaliya Pənahovanın titrək
səsiylə danışdırmışdı,
Əsmərin qəlb
fırtınasını Amaliyanın
səsilə obrazlaşdırmışdı.
Onun səsi sevgilərin pıçıltılara
bürünmüş fərəhini
də, kədərini
də, nisgilini də, vətən həsrətini də, xəyanət acısını
da, detektiv civarında
xain-xain gəzişən
sükutun cinayətkar
təbəssümünü də yansıtmağa qadir idi.
Bu aktrisa öz maneraları, jestləri, çılğınlığı, seksizmi, xarizması ilə 60-cı illərin
kino ikonalarını xatırladırdı:
fikrimcə, Amaliya Pənahova, haradasa uzaqdan-uzağa Anjelika rolunun ifaçısı fransız Mişel Mersye ilə baxışırdı. O, Azərbaycan
teatr mədəniyyətinin
özünəməxsus milli Anjelikası da ola bilərdi
yəqin...
Təəssüf ki, rejissorlardan heç
kim aktrisanın istedadının bu aspektini teatr və ya kinoda
aktuallaşdırmağa çalışmamışdı,
ya da mümkün ki,
buna şərait yetərincə
imkan verməmişdi.
Sonucda dediyim bu ki, aktrisa öz görkəmi, davranış manerası ilə 60-cı illər Avropa mədəniyyətinə
tam inteqrasiya olunmaq potensialında idi. Bununla bağlı bir müşahidəmi də diqqətinizə çatdırmaq istərdim:
Amaliya Pənahovanı
hər dəfə səhnədə görəndə,
onun yeriş plastikasına, addımlarının
"melodiyası"na, bir
sözlə, bədən
"musiqisi"nə diqqət
kəsiləndə mənə
nədənsə həmişə
elə gəlirdi ki,
o, bu dəqiqə Bob Əzzəmin əfsanəvi
"Ya Mustafa" mahnısının
xoş diringələrinə
köklənib rəqs
edəcək.
Bununla yanaşı, Amaliya xanım səsinin pozitivində "1001 gecə"
nağıllarının məsum,
günahsız bir qızcığazı, kəcavədə
əyləşmiş şahzadə-gəlini,
tərəddüdlər dənizində
çırpınan bir
yavrusu olurdu, səsinin neqativində isə cadugərə, ifritəyə dönüşürdü.
Onun yaradıcılığında
Nargilə ilə Medeya, Nərminlə Pəri Cadu, Şahnazla Tomris, Natəvanla Zərri, Məsmə ilə Zərnisə sanki bir məhəllənin şıltaq aktrisa rəfiqələrinə bənzəyirdilər,
məhəllə içində
əl-ələ tutub
teatr-teatr oynayırdılar.
Bu rolları dərin psixoloji qatda təhlil etsək, aydınlaşacaq ki, onların
hamısında amazon qadınların
xisləti var.
Su pərisi də bir amazon qadın variantıdır.
Mən heç də əbəs yerə amazon qadınların imaginativ portretini Amaliya xanıma yaraşdırmadım.
Nədən ki, bu aktrisa kino və televiziya ekranında, teatrda ifa etdiyi
hər obrazın xarakterini, intellektual imkanlarını, emosional ovqatını bir o qədər də önəmsəmədən personajların
ünsiyyət şəbəkəsində
hegemonluğa, dominantlığa,
hökmran mövqelərə
yiyələnmək arzusunda
bulunan, azadlığı
uğrunda mübarizədən
heç vaxt çəkinməyən bir
qadını, haradasa iddialı emansipasiya liderini oynayırdı. Hər zaman hər bir tamaşaya onunla birgə feminist bir ruh daxil
olurdu. Səhnədə
bu qadından həmişə bir enerji püskürürdü:
elə bil ki, aktrisa özünə sığmırdı, daim
irəli atılmağa,
şığımağa, sinəsilə dağları
yarıb keçməyə,
tərəf-müqabilini mübarizə
burulğanında qərq
etməyə hazır
idi.
Onun Tomrisi su pərisilə
amazon qadın keyfiyyətlərini
özündə birləşdirirdi:
qəhrəmanlıq pafosu
əyninə yumşaq
pəri-döyüşçü plastikası "geyinib"
məftunedici səslə
insanları cəsarətə,
mərdliyə, vətəni
qorumağa çağırırdı.
Bununla belə, hansı rolunda olursa-olsun, fərq eləmir, Amaliya xanım həmişə sevgilə
doldurulmuş dolça
kimi görünürdü
səhnədən, seyrçi
tərəfindən qaş-daşla
bəzədilmiş (assosiasiyalar
yenə su pərisini gətirir təxəyyülə) məhəbbət
ilahəsi qismində qavranılırdı. Nədən
ki, Amaliya xanım teatrda və kinoda oynadığı personajların hamısına
vurulurdu, onları sevirdi və öz daxili dünyasına proyeksiya eləyib bu qadınlar kimi olmağı bacarırdı.
Sehrlənmiş gözəllik qadını,
ya qəhrəman edir, ya da cadugər.
Amazon qadınlar da bir cadugər tipajı sərgiləyirlər: onların
da sanki cırmaq atmaq üçün uzun, iti dırnaqları
olur. Amazon qadınların
da, cadugərlərin də,
ifritələrin də
rəftarında bir pişikkimilik var.
Pişik
həmişə gerçəkliklə
mistikanın, yuxu ilə reallığın,
sükunətlə dinamikanın,
işıqla kölgənin
sərhədində mürgüləyir:
onun gözləri cadugər gözləridir.
Cadugərlik pişiklə simvollaşır.
Aktrisa dahilik iddiasına düşəndə cadugərləşir.
Mən hələ də Ədil İskəndərovun
səhnəni, mizanı,
aktyor istedadını
fövqəladə şəkildə
duyma və tanıma hünərinə
heyrətlənməyə bilmirəm.
Əgər T.Kazımov
gənc Amaliyanı
60-cı illərin seksual
inqilabının işarəsi,
bu inqilabın
İlyas Əfəndiyev dramaturgiyasında
münasibətlərin lirizmi
və dialoqların şeirsəlliyilə pərdələnmiş
variantı kimi, azad sevgilərin məsumiyyət örnəyi
kimi səhnəyə
gətirmişdisə, Ə.İskəndərov
1963-cü ildə çəkdiyi
"Əhməd haradadır?"
bədii filmində patriarxal ailə dəyərlərini güdərək
qısqanclıq zəminində
sevgilisinə az qala çöçələrini
pişik kimi uzadıb cırmaq atmaq istəyən Məsməni ərköyün,
gözəl bir qız kimi təqdim
etmişdi.
Bir il sonra isə Fransa kinematoqrafçılarının
çəkdikləri "Anjelika
mələklər hökmdarıdır"
filmi dünya ekranlarını
dolaşıb seyrçi
kütləsi arasında
olağanüstü bir
populyarlıq qazanacaq.
Qəfil müqayisə
paralelləri bizə həmişə bilmədiklərimizi
anladır, düşüncə
dünyamızı dartıb
genişləndirir.
Mələklər isə xeyirxah cadugərlərdir: onların
da hər zaman sehrli çubuqları olur.
Dediyim bu ki, məhz Ə.İskəndərov gənc aktrisanın təbiətində pişikkimiliyi, cadugərlik potensialını aşkarlamışdı, hansılar ki, Amaliya Pənahovanı sonralar Medeya, Zərri, Pəri Cadu, Zərnisə, Qanlı Nigar, Marqaret obrazlarına doğru aparacaqdı.
Lakin yaddan çıxarmayaq ki, amazon qadın cadugər qadın olduğu qədər də qəhrəman qadındır, döyüşə hazır qadındır, silahı öz bəzək əşyasına çevirmiş qadındır. Amaliya xanımın da içində hər zaman bir mərd döyüşçü qadın gizlənmişdi, anındaca dışarıya sıçramağa hazır idi. Yaradıcılığının son mərhələsində o, əsl amazon qadın olmuşdu, teatrın xaqan qadını olmuşdu.
Su pərisi - Cadugər - Amazon qadın: Amaliya Pənahovanın bir aktrisa kimi istedadı, ifası, sənət imici, fikrimcə, məhz bu möhtəşəm kodlardan açılır, anlaşılır, yozulur, şərh və təsnif edilir.
Amaliya Pənahova Azərbaycan teatrının, bəlkə də haqqında ən çox yazılan aktrisalarından biri olub. Bircə onun barəsində mən heç nə yazmamışam. Hərçənd hələ gənclik dönəmində bir dəfə buna cəhd etmişdim, alınmamışdı: teatrın qapısında görüşmüşdük və ayrılmışdıq. Eybi yox, "gec olar, güc olar" söyləyir bizim xalq ənənəsi. Güman edirəm ki, bu kiçik portret-yazıda mən heç kimin bu aktrisa ilə bağlı dilə gətirmədiklərini impressionist bir manerada qələmə aldım. Məndən soruşarlar ki, əgər elə idisə, bunu belə bacarırdınsa, niyə məhz indi yazırsan məqaləni?
Əvvəla, Amaliya xanımın anadan olmasının 80 illiyi münasibətilə onun ruhunu şad edib bu aktrisanı bir daha Azərbaycan mədəniyyəti üçün təsnif etmək, onun istedadının hansı kristallardan, hansı arxetiplərdən oluşduğunu göstərmək istədim.
İkincisi: mən məqalə yazmadım: Amaliya xanımın şərəfinə sözlərlə musiqi bəstələdim, sözləri "rəngləyib" aktrisanın rəsmini çəkdim.
Niyə?
Çünki mən Amaliya Pənahovanın vaxtilə bütün islahatlara və islahatçılara rəğmən necə bir dəyanət, hünər, mərdlik göstərib Milli Dram Teatrının yaşlı aktyorlarına sahibləndiyini unuda bilmirəm...
Müxtəlif yerli festivallar zamanı Amaliya xanımın teatr sənətilə əlaqədar təəssüratlarını necə böyük bir sevgi və yanğı ilə mənimlə bölüşdüyünü, sözünü hər yerdə necə kişi kimi söylədiyini unuda bilmirəm...
Mən onu unikal fərdiyyətə malik bir aktrisa kimi unuda bilmirəm, Amaliya xanımın "Unuda bilmirəm" tamaşasında oxuduğu mahnını unuda bilmirəm...
Aydın
TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.18.