Səlim Babullaoğlu Moldova Elmlər Akademiyasının
və Beynəlxalq
Qriqore Vyeru Poeziya
festivalının mükafatlarına
layiq görülüb
2025-ci il 20-23 may tarixlərində adını rumındilli ədəbiyyatın yeni tarixinə yazmış, həm Moldovanın, həm də Rumıniyanın klassiki kimi tanınan və sevilən şair, Moldova azadlıq hərəkatının liderlərindən
olan Qriqore Vyerunun adını daşıyan XVII beynəlxalq
poeziya festivalı keçirilib. Bəlli olduğu kimi, XVII dəfə keçirilən
festival bu il Rumıniyada, Yaş şəhərində
start götürüb,
22-23 may tarixlərində
Moldovanın paytaxtı
Kişineuda davam edib. Festivalda şair, tərcüməçi,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Səlim Babullaoğlu da iştirak edib. Babullaoğlu açıqlamasında bildirib:
"Mən festivalın
yalnız Moldovada, Kişineuda keçirilən
hissəsinə qatıla
bildim, çünki əvvəlki günlərdə
biz özümüz Rumıniyadan şairləri
qəbul edirdik. Mənim festivalda iştirakımın əsas
səbəbi buydu ki, biz bu
il görkəmli rumın şairi Qriqore Vyerunun "İynənin nəğməsi"
adlı seçmə
şeirlər kitabını
nəşr etmişdik.
Fevralın 14-də Azərbaycan
Yazıçılar Birliyində
Moldova və Rumıniyanın
Bakıdakı səfirlərinin
iştirakı ilə
kitabın təqdimat mərasimini təşkil etmişdik. Kitabın tərtibçisi, əsas
tərcüməçisi və
Ön sözün müəllifi mən idim. Əsas tərcüməçisi ona
görə deyirəm
ki, kitaba Xalq
şairi Ramiz Rövşənin və Qəşəm İsabəylinin
şairin daha əvvəlki tərcümələrindən
də nümunələr
daxil etmişdim. Ramiz müəllimin Vyerudan 8-9 tərcüməsi,
Qəşəm müəllimin
də şairin uşaq şeirlərindən
15 tərcüməsi vardı.
Mən isə 70-ə
yaxın şeir çevirmişdim, nəticədə
əsaslı kitab ərsəyə gəlmişdi
və şairin yaradıcılığına bu
həcmdə ilk müraciət idi.
Yeri gəlmişkən,
deyim ki, kitabın tərcüməsi
təklifini bir çox hallarda olduğu kimi, dostum, hüquq elmləri doktoru, tanınmış iş adamı və ictimai xadim Vüqar
Novruzov vermişdi və nəşrinə də o dəstək vermişdi, çox sağ olsun. Sonra isə festival gerçəkləşəndə
Vüqar müəllim
kitabı şairin ailəsinə, festivala təqdim etmişdi. Onlar da nəşri,
sağ olsunlar, yüksək dəyərləndirdilər.
Festivalın əsas proqramına saldılar, müxtəlif nominasiyalar üzrə Qriqore Vyeru festivalının mükafatlarını verdilər
ki, mükafatçılar
sırasında Moldova və
Rumıniyanın tanınmış
ədibləri, mədəniyyət
xadimləri də vardı, tərcümə
üzrə baş mükafatı isə mənə verdilər. Təqdimetmə mərasimi
festivalın ilk gününün axşamı,
mayın 22-də Kişineunun
mərkəzində, "Teatrul
fara nume"dəki Qala-konsertdə baş tutdu.
Ümumiyyətlə, festival çox maraqlı və təntənəli təşkil
olunmuşdu. Görünür,
Vyerunun 90 illik yubileyinin olması da bu təntənəni
artırırdı.
Kişineunun mərkəzində "Klassiklər
xiyabanı"nda şairin
büstünə əklil
qoymaqla başlayan festival, İon Kryange adına Dövlət Pedaqoji Universitetində, "Prometeu-Protalent"
Yaradıcılıq və
İxtiraçılıq Liseyində,
Krikovada - məşhur
yeraltı şərab
şəhərciyində, çox
müxtəlif və maraqlı məkanlarda yaddaqalan tədbirlərlə
müşayiət olundu.
Mən həm
açılış mərasimində,
həm universitetdəki
tədbirdə, eyni zamanda Qala-konserdə çıxışlar etdim,
şair haqqında danışdım, onun ana dilimizdə şeirlərini səsləndirdim.
Şairin oğlu
və onun irsini yaşadan, eyni zamanda festivalın
rəhbəri Kelin Vyeru, görkəmli Moldova
şairi, ölkəmizin
dostu, akademik İon Hadırka, tanınmış şair
və yazıçı
Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiper və
başqa həmkarlarla
maraqlı debatlar, söhbətlər baş
tutdu...
Moldova televiziya kanallarına, radio və qəzetlərdə
xeyli müsahibələr
verdim.
Əlbəttə ki, mənim üçün xüsusi
əhəmiyyət kəsb
edən məsələ
Vüqar Novruzovla,
Moldova və Azərbaycan
mədəni əlaqələrində
çox böyük işlərə imza atmış dostumla uzun fasilədən sonra yenidən görüşmək, ünsiyyətdə
olmaq, bir yerdə olmaqdı.
Bir sözlə, yaddaqalan və dolu bir
proqram idi..."
Bildiririk
ki, mayın 22-də 2025-ci ildə
Moldova Elmlər Akademiyasının
"Gümüş" zalında
Elmlər Akademiyasının
prezidenti, akademik
İon Tiginyanu, rəyasət
heyətinin üzvləri
və elmi bölmələrin əməkdaşları
ilə XVII "Qriqore
Vyeru" Beynəlxalq
Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin
katibi, şair, esseist, tərcüməçi
Səlim Babullaoğlu
ilə görüş
keçirilib.
Görüş zamanı Moldova Respublikası
Elmlər Akademiyasının
prezidenti, akademik
İon Tiginyanu mədəniyyətlərarası
dialoqun təşviqinin
vacibliyini qeyd edib, Azərbaycan Respublikasının qarşıdan
gələn Müstəqillik
Günü münasibəti
ilə qonağı təbrik edib və qeyd edib
ki, bu münasibətlə
Azərbaycan Respublikasının
Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinə
təbrik məktubu göndərilib. Moldova və
Rumıniya ədəbiyyatı
nümunələrinin Azərbaycan
dilinə ardıcıl
tərcüməsi və
nəşri məsələlərindən,
son 8 ildə 16 kitabın
çap edilməsindən,
Moldova Azərbaycanlıları Konqresinin sabiq prezidenti Vüqar Novruzovla Səlim Babullaoğlunun dostluq münasibətlərinin bu
məsələdə xüsusi
rolundan, səmərəli
əməkdaşlıqdan, Mihay Eminesku, Ana Blandiana, İon Hadırka,
İon Deakonesku, Arkadi
Suçevyanu, Leo Butnaru,
Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiperin şeir topluları və romanlarının nəşri, bu kitabların böyük əksəriyyətinin Babullaoğlu
tərəfindən tərcümə,
tərtib və redaktə olunduğunu, habelə "Dünya ədəbiyyatı" dərgisinin
Moldova və Rumıniya
ədəbiyyatı xüsusi
saylarının nəşrindən
söz açılıb.
Tədbirdə akademik İon Hadırka,
Arkadi Suçevyanu və digər natiqlər çıxışlar
ediblər.
Akademiyanın prezidenti, akademik
İon Tiginyanu Moldova-Azərbaycan
mədəni əlaqələrinin
möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə
təbliğində müstəsna
xidmətlərinə görə
Səlim Babullaoğlunu
akademiyanın ali mükafatlarından sayılan
"Nicolae Milescu Spatarul"
medalı ilə təltif edib.
Səlim
Babullaoğlu akademiyanın
prezidentinə, rəyasət
heyəti üzvlərinə
görüşə və
təltifə görə
minnətdarlıq edib,
ölkələrimiz və
xalqlarımız arasında
ədəbi əlaqələrin
bundan sonra da inkişaf edəcəyinə
inamını ifadə
edib.
Səlim
Babullaoğlu şair
İon Hadırkaya Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvlük
vəsiqəsini, habelə
hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar
Novruzova Azərbaycan Yazıçılar Birliyi
sədrinin, eləcə
də Moldova və Rumıniyanın Azərbaycandakı
səfirlərinin birgə
imzaladıqları Fəxri
diplomu təqdim edib.
Görüşdən sonra xatirə şəkli çəkilib.
Moldova
KİV və mediası
hər iki hadisəni diqqətdə saxlayıb, Babullaoğlu ilə xüsusi müsahibələr hazırlayıb.
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.21.