"Güney Azərbaycan
poeziyası" toplusu
keşməkeşli
tariximizin dürüst bədii inikasıdır
"Xalq əmanəti"ndən daha bir
kitab
Bu yaxınlarda Xalq Bank "Xalq əmanəti" layihəsi çərçivəsində 25-ci kitabını təqdim edib. Nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında - Habib Sahir, Şəhriyar, Biriya, Hamid Nitqi, Balaş Azəroğlu, Əli Tudə, Məhəmmədtağı Zehtabi, Söhrab Tahir, Səhənd, Hökumə Billuri, Mədinə Gülgün, Kərim Məşrutəçi Sönməz, Rza Bərahəni, Həsən Savalan, Əlirza Nabdlil Oxtay, Hüseyn Düzgün Mərziya Üskülü, Səhər, Əziz Səlami, İsmayıl Cəmili, Əli Daşqın, Nadir İlahi, Nigar Xyavi, Atilla Maralanlı Rüqəyyə Kəbiri, Bəhram Əsədi, Hadi Qaraçay, Şəhram Şeydayi, Rəsul Yunan, Araz Əhmədoğlu, İsmayıl Ülkər, Kiyan Xiyav, Məhəmmədrza Ləvayi, Hümmət Şahbazi, Ziba Kərbasi Əli Cavadpur, Səid Muğanlı, Vüqar Nemət, Heydər Bayat, Sayman Aruz, Saleh Səccadi, Məlihə Əzizpur, Məhəmməd Çalğın, Dalğa Xatunoğlu, Aydın Araz, Duman Ərdəm, Mehdi Əzimi,Ümid Nəccari, Çiçək Ağbulud, Əli Çağla kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır.
"Xalq əmanəti" layihəsinin rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçiləri Səlim Babullaoğlu, Esmira Fuad və Pərvanə Məmmədlidir. Nəşr üzərində Tərlan Qorçu, Hikmət Aydınoğlu, Nigar Yahyazadə, Sevinc Kamilqızı çalışıblar.
2010-cu ildən etibarən ASC "Xalq" Bankı tərəfindən həyata keçirilən, Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyan layihə çərçivəsində nəşr olunan əksər kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və
orta təhsil müəssisələri, uşaq evləri və
kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri,
xarici ölkələrin Azərbaycanda və Azərbaycanın
xaricdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə
hədiyyə olunur. Bu günədək Xalq rəssamları
Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev,
xalça rəssamı Lətif Kərimov, eləcə də
Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud
Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd,
Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov,
Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş
Samir Kaçayevin əsərlərindən ibarət sərgilər
təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq
şairləri - Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza
Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və
Hökumə Billurinin seçilmiş əsərləri,
görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri"
kitabı, "Aşıq ədəbiyyatı
antologiyası" üçcildliyi, həmçinin dünya
şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi
Vazehin Azərbaycan, alman və rus dillərində
"Bütün əsərləri" işıq
üzü görüb.
"Güney
Azərbaycan poeziyası. Seçmələr"
kitabının tərtibçilərindən biri və
redaktoru Səlim Babullaoğlunun Ön söz
yazısını "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim edirik.
Səlim
Babullaoğlu
Tarixi
kontekst nəzərə alınmadan hər hansı xalqın
yaratdığı bədii sənət nümunələrinə,
o cümlədən, onun milli ədəbiyyatına obyektiv qiymət
vermək mümkün deyil. Ötən əsrdə baş
vermiş iki dünya savaşı, 1905 və 1917-ci ilin
bolşevik inqilabları, 1918-ci ildə Yaxın Şərqdə
ilk müstəqil və demokratik respublikanın - Azərbaycan
Xalq Cümhuriyyətinin, iki il sonra isə müstəqil
dövlətin yerində ömrü təxminən, yetmiş
il çəkən Azərbaycan Sovet Sosialist
Respublikasının yaranması... Bütün bunlar quzeyli azərbaycanlıların
Rusiya imperiyasının təsir dairəsində
yaşadığı uzun illərə aid faktların
kiçik bir qismidir. Mənzərəni tamamlamaq
üçün ötən əsrin digər neçə-neçə
faktını da əlavə etmək mümkündür: azərbaycanlıların
indiki Ermənistan ərazisindən 1905-1920, 1948-1953, 1988-1992-ci
illəri əhatə edən üç böyük
deportasiyası, dəhşətli Şamxor
qırğını, Gəncə üsyanı, Bakıda,
Şamaxıda, Qubada, Lənkəranda, digər bölgələrdə
baş vermiş qanlı toqquşmalar, 1937-ci ilin Stalin
repressiyaları, 1991-ci ildə xalqlar həbsxanası olan sovet
rejiminin çöküşü və öz müstəqilliyini
canı-qanı bahasına bərpa edən
xalqımızın bu çətin yolda
rastlaşdığı 20 Yanvar və Xocalı faciələri,
ərazimizin iyirmi faizinin bədnam qonşularımız tərəfindən
işğalı, nəhayət, haqq-ədalətin qələbəsi
- 44 günlük Vətən müharibəsində
şanlı zəfərimiz. Bu tarixi faktları nəzərə
almadan, hadisələrin mahiyyətini bilmədən doğma
ana dilimizdə yazılmış hansı ciddi əsəri təhlil
etmək olar?
Eləcə
də, Güneydə yaşayan soydaşlarımızla
bağlı Məşrutə inqilabını (1905-1911), 21 Azər
hərəkatını (1945-1946), yaxud "Ağ
reforma"nı (1962), İslam inqilabını (1979)
gözardı etsək, o tayda yaranmış ədəbiyyatı
necə dərindən anlamaq və düzgün dəyərləndirmək
mümkündür?
Sualı
başqa cür qoyaq: quzeyli-güneyli yazarlarımız
arasında eləsi varmı ki, öz
yaradıcılığında bütün bu hadisələrdən
yan keçsin, onların hər hansı birinə münasibət
göstərmədən ötüşsün?
Təbii
ki, yoxdur, olmamalıdır.
"Güney
Azərbaycan poeziyası (seçmələr)". Əslində,
təqdim etdiyimiz kitabın adını da məhz
ağrılı-acılı tariximiz - Kürəkçay
(1805), Gülüstan (1813), Türkmənçay (1928)
müqavilələri doğurub. Ardına bir "ədəbiyyat"
kəlməsi yazaraq, bu gün də geninə-boluna işlətdiyimiz
"quzey-güney", "şimal-cənub"
istilahlarını məhz bu hadisələr dövriyyəyə
buraxıb, XX əsrin əvvəllərindən isə həm
tarix, həm də ədəbiyyatşünaslıq elmi həmin
təyinləri kateqoriya olaraq qətiləşdirib. Klassik
poeziyamızda "yar" sözüylə ifadə edilən
Yaradana "həsrət"in də ünvanı keyfiyyət
dəyişikliyinə məruz qalıb, yəni yurd həsrəti,
yaxud övladın ata-anaya, ata-ananın övlada, o tayın bu
taya, bu tayın o taya nisgili həmin o metafizik hicranı əvəzləyib.
Kim bilir, bəlkə birinci azalıb deyə ikinci artıb.
XIX
yüzildə Güneylə Quzey arasındakı bağlar hələ
qırılmamış, əlaqələr tam kəsilməmişdi,
XX əsrin əvvəllərində oturuşmağa
başlayan siyasi sistem fərqləri isə eyni etnolinqvistik toplumun
bir-birindən ayrı və qismən qapalı iki ədəbi-mədəni
qan dövranını yaratmışdı, nəticədə
eyni dil iki fərqli orbitdə öz ədəbi mikrokosmunu
formalaşdırmışdı. Bu isə bütövlükdə
dil məfhumunun, konkret halda isə ana dilimizin nə qədər
vacib və önəmli olduğunun təsdiqidir. Bəxtinə
dünyadakı az-az dillər kimi böyük imperatorluq dili
olmaq yazılmış, bütün azərbaycanlıların
"xilas kəməri" olan, Şəhriyarın "Heydərbabaya
salam"ından, Vurğunun "Ceyran"ından
süzülən həzin və qüdrətli ana dilimizin.
Dilin diri
qaldığı ən etibarlı yerin poeziya olduğunu
söyləsək, zənnimizcə, heç bir mübaliğəyə
yol vermiş olmarıq. Bu, bəlkə, yeganə peşə,
yeganə sənətdir ki, əslində, heç
kağız-qələmə də ehtiyac duymur. Neçə-neçə
dastanımız kağıza köçürülənə
qədər bizə birbaşa yaddaşlardan gəlib
çatıb. Təsadüfi deyil ki, repressiya illərində
bütün ədəbi irsi müsadirə edilən, sərbəst
vəzndə bənzərsiz poeziya nümunələri
yaratmış Mikayıl Müşfiqin əllidən artıq
şeiri məhz yaddaş hesabına bərpa olunmuşdu.
XX əsrdə
Quzey Azərbaycanda yaranan poeziya "rusmərkəzçi
sovet ədəbi-mədəni sistemi" çərçivəsində
folklora və klassik ədəbiyyata əsaslanaraq, əruz və
heca vəznində Hüseyn Cavid, Əhməd Cavad, Səməd
Vurğun, Süleyman Rüstəm kimi, sərbəst vəzndə
isə bir tərəfdən Dədə Qorqud dastanlarından
qidalanan, digər tərəfdən isə Uitmen-Mayakovski-Nazim
Hikmət xətti ilə yeni impulslar alan Rəsul Rza kimi
böyük sənətkarlar yetişdirdi. Güneydə isə
Həbib Sahir, Şəhriyar, Səhənd, Həmid Nitqi,
Əziz Səlami, Rəsul Yunan, Şəhram Şeydayi,
Dalğa Xatunoğlu və digərləri kimi böyük,
görkəmli, istedadlı şairlərimiz yazıb
yaratdılar. Onlar "farsdilli, farsmərkəzçi ədəbi-mədəni
sistem"də əruz və hecada bütün məhrumiyyətlərə
rəğmən, Azərbaycan dilində ciddi poeziya nümunələri
ortaya qoydular. Üstəgəl, "şeir-e nou" və
"əruz-e azad" (yeni şeir və azad əruz),
"şeir-e azad" (sərbəst şeir) və bəyaz
şeir adlanan "şeir-e səfid" kimi keyfiyyət dəyişikliyi
yaşayan farsdilli mühitdə milli şeirimizi bir başqa
cür yenilədilər, forma və məzmunca yeni, adekvat
parlaq əsərlər yaratdılar.
Ayrı-ayrı
müəlliflərin kitabları və onlar haqqında
yazılan tədqiqat əsərləri öz yerində, amma
Güneydə yaranan ədəbiyyatımız, o cümlədən,
poeziyamız müstəqil toplular və antologiyalar şəklində
Bakıda dəfələrlə nəşr olunub. Bu həm
sovet dövrünə, həm də müstəqillik illərinə
aiddir və biz bu önəmli faktları həmişə minnətdarlıqla
xatırlayırıq.
Zənnimizcə,
bu sırada ilk sanballı nümunə Xalq
yazıçısı Mirzə İbrahimovun redaktorluğu ilə
geniş yaradıcı heyətin hazırladığı
dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası"dır. Eyni zamanda, müxtəlif illərdə
işıq üzü görmüş nəşrlərin bir
neçəsini - "Cənubi Azərbaycan ədəbiyyatı
tarixi" (iki cilddə), M.Rzaquluzadənin redaktorluğu ilə
"Cənubi Azərbaycan yazıçılarının
almanaxı", "Cənubi Azərbaycan poeziyası antologiyası",
"Cənubi Azərbaycan şairlərinin poemaları",
Q.Əliyevanın tərtib etdiyi "XIX-XX əsr Güney Azərbaycan
el şairləri", M.Məmmədovun redaktorluğu ilə
"Ərdəbil ziddifaşist şairlərinin əsərləri",
E.Fuadın tərtib etdiyi "Günümüzün Güney
Ədəbiyyatı (Poeziya)", "Güney Azərbaycan
uşaq ədəbiyyatı" və "44 günlük Vətən
müharibəsi Güney Azərbaycan ədəbiyyatında"
topluları, P.Məmmədlinin tərtib etdiyi "Cənubi Azərbaycan
ədəbiyyatı antologiyası: çağdaş
dövr", V.Sultanlı və İ.İsmayılın tərtib
etdikləri "Güney Azərbaycan nəsri:
başlanğıcdan bu günə qədər" və
M.Mehdibəyovanın "Cənubi Azərbaycan nəsri son
yüz ildə" kitablarını xatırlatmağı borc
bilirik.
"Cənubi
Azərbaycanda ədəbi dil: normalar, üslublar" (N.Cəfərov),
"Cənubi Azərbaycan ədəbiyyatında ədəbi
dilimizin dünəni və bu günü" (N.Xudiyev), "Cənubi
Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər"
(P.Məmmədli), "Cənubi Azərbaycan Araşdırma Mərkəzi"
(L.Mirzəyeva), "Güney Azərbaycan etno-kulturoloji dəyərlər
diskursunda" (E.Fuad), "Cənubi Azərbaycan ədəbiyyatı
müasir mərhələdə" (N.İsmayılova),
"Cənubi Azərbaycan ədəbiyyatının yeni
inkişaf mərhələsi (1850-1920-ci illər)"
(N.Rizvan), "Cənubi Azərbaycan ədəbiyyatı məsələləri"
(A.Əliqızı) kimi elmi araşdırmaların, monoqrafik
tədqiqatların da adını çəkmək doğru
olardı. Həmçinin, qeyd edək ki, M.İbrahimov, B.Azəroğlu,
İ.Həbibbəyli, T.Əhmədov, R.Əliyev, A.Babayev, M.Məhəmmədi,
S.Əliyev, İ.Qəribli, M.Qasımlı, V.Əliyev, E.Fuad,
P.Məmmədli, B.Həsənov, A.Mustafayeva, N.Babayeva-Vəkilova,
Ə.Məlikov, R.Qənbərqızı, N.Rizvan,
S.Əliyeva, S.Aruz, A.İsmayıloğlu, S.Əmirov, A.Tahirli,
Ş.Tağıyeva, L.Mirzəyeva, S.Bədəlov,
İ.Sarıyeva, V.Əhməd, Ş.Daşdəmirova və
digər görkəmli alimlərin, tanınmış filoloq,
şərqşünas, yazıçı və jurnalistlərin
dəyərli qələm məhsulları müxtəlif illərdə
mətbuat səhifələrində dərc olunub, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat, Nəsimi adına Dilçilik, Z.Bünyadov
adına Şərqşünaslıq, M.Füzuli adına
Əlyazmalar və Folklor institutları, AMEA-nın Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsi, Azərbaycan Yazıçılar
Birliyi öz elmi və ədəbi nəşrləri ilə
Güney ədəbi prosesini daim diqqətdə saxlayıb.
İndi
biz çağdaş texnologiyalar dövründə
yaşayırıq, 1966-cı il deyil və Molla Pənah
Vaqifin 250 illik yubileyində iştirak etmək
üçün Sovet İttifaqına, Azərbaycana dəvət
məktubu Şəhriyara 4 ay "gecikmə" ilə yox,
uzağı, 4 saat gecikməylə çata bilər.
Çağdaş texnologiyalar da bu işin lehinədir. Bu
gün o taylı-bu taylı Azərbaycanın vahid ədəbi
mühiti, ədəbi prosesi formalaşmalıdır. Bu proses
iki ayrı məkanda bir-birinə bağlı,
qarşılıqlı şəkildə biri digərinə təsir
edərək, yuxarıda qeyd etdiyimiz hadisələrlə və
ümumiyyətlə ictimai proseslərlə həmahəng, həmçinin
çağdaş dünya ədəbi mühitindəki fərqli
estetik təmayüllərə reflekslərimizlə
bütöv ədəbiyyat tarixi kimi - keçmişi yenidən
yazılaraq, gələcəyi bu cürə addımlayaraq
baş verməlidir. Necə ki, ötən əsrdə,
müxtəlif vaxtlarda Mirzə İbrahimov, Mir Cəlal
Paşayev, Əli Tudə, Balaş Azəroğlu, Söhrab
Tahir, Hökumə Billuri, Mədinə Gülgün kimi
böyük şair və yazıçılarımız
Bakıya gəlmişdilər, buradakı ədəbi prosesə
yeni, ciddi töhfələr vermiş, vahid ədəbi prosesi
formalaşdırmışdılar.
Tərtibçi
həmkarlarımızla seçmələr kitabını
çapa hazırlayarkən biz, ilk növbədə, təbii
ki, yuxarıda sadalanan çoxsaylı mənbələri, eləcə
də bədii mətnlərin toplandığı daha əvvəlki
topluları gözdən keçirdik. Son 200 illik dövrü əhatə
edən 700-ə yaxın güneyli şairimizin
siyahısını müəyyənləşdirdik və 50
şairin bədii mətni ilə kifayətlənməyə qərar
verdik.
Ötən
əsrin klassikləri arasında az əvvəl adlarını
çəkdiyimiz, məlum hadisələrin sonucu olaraq Quzey Azərbaycana
gəlmiş və burdakı ədəbi prosesin
bayraqdarlarına çevrilmiş şairlər də yer
almalıydı. Amma o taydakı bütün çətinlikləri
görən və ömrünü doğulduğu yerdə
başa vuran, eyni zamanda dünyanın dörd tərəfinə
mühacirət etmək məcburiyyətində qalan
böyük şairlərimizi də yaddan
çıxarmadıq.
Kitabda, həmçinin
bu gün Bakıda yaşayan və öz
yaradıcılığı ilə ümumi anadilli ədəbi
prosesə töhfəsini verən, fərqli poetik
üslubları və təmayülləri təmsil edən
şairlər də yer alıb. Çağdaş şairləri
seçərkən, onların bədii
yaradıcılığı ilə yanaşı, aktiv ədəbi
fəaliyyətlərini də nəzərə aldıq.
Tərtib
etdiyimiz kitabda "vətən və yurd nisgilli", "dil
mücadiləsi" ilə bağlı poetik mətnlər
qırmızı xətlə keçir. Çünki
güneyli şairlərimizin əksəriyyəti hansı
mövzuda yazmağından asılı olmayaraq, daim Vətəni
və dili önə çəkiblər. Qəribədir,
dünyada, bəlkə ikinci bir ədəbiyyat tapmaq
mümkün deyil ki, həmin ədəbiyyatın təmsilçiləri
dil varlığı uğrunda mübarizələrini təkcə
o dildə yazmaqla deyil, həm də məzmunca bu qədər
aydın ifadə edərək aparıblar. Biz də bu səbəbdən
tərtib zamanı tematik bölgüyə ehtiyac duymadıq.
Müəlliflər
kitabda doğum tarixləri üzrə sıralanıb.
Sonda,
xüsusən, müasir oxucu üçün az
anlaşıqlı olan əksər alınma sözlərin - ərəb-fars
tərkiblərinin, unutduğumuz, yaxud az işlətdiyimiz ifadələrin,
dialekt kəlmələrin izahı, sözlüyü təqdim
olunub.
Həmçinin
ithaf şeirlərinin ünvanları - görkəmli şəxsiyyətlər
barədə qısa məlumatlar, eləcə də
"coğrafi adlar" bölümü təqdim edilib.
"Güney
Azərbaycan poeziyası" toplusu həm də keşməkeşli
tariximizin ən dürüst bədii inikasıdır.
Düşünürdük ki, Ön söz yazmağa, bəlkə
də heç ehtiyac yoxdur, çünki müəlliflərin
əksəriyyətinin bioqrafiyası elə Ön söz
gücündədir. Bu da təsadüfi deyil. Çünki
yalnız qədim və köklü xalqlara məxsus ədəbiyyatın
səciyyəsidir ki, müəlliflərinin
ömürlüyü həm də onun dilinin, xalqının
və millətinin tarixi olsun.
Dəyərli
oxucu bunu mütləq hiss edəcək.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2025.- 13
iyun, ¹21.- S.20-21.