Dünyanın söz üzündəki
ən qədim dostum
Dəyanətin əlli yaşına
bir yazı yazmışdım düz on il
öncə. Yazdıqlarımı saxlamaqda, toplamaqda
özüm qədər pinti adam tanımıram. Üç
gündür, bütün boş vaxtımı o yazını
axtardım, tapa bilmədim. Dəyanətin özündən
soruşmağı isə heç dənəmədim də.
Çünki mən çox vaxt yazılarımı şeir
kimi birnəfəsə yazıram, dost yazılarını isə
bircə dəfə yazıb heç vaxt qaralamıram. Demək
istədiyim odur ki, o yazını yəqin ona görə tapa
bilmədim ki, onu şeir kimi yazmamışam.
Dəyanət həm həyatda,
həm də ədəbiyyatda
doğmalıq-yaxınlıq etdiyim ən qədim dostumdur.
İlk tanışlığımız növcavan
vaxtımızda - təxminən 15 yaşımızda baş
tutub. İkimiz də eyni rayondan olduğumuza görə rayon
üzrə keçirilən olimpiadada yanaşı
oturmuşduq. Təfərrüatları xatırlamıram, amma
həmin vaxt aramızda ruhi bir qardaşlığın
yaranmağa başlandığını dəqiq bilirəm.
Sonralar müxtəlif fənlər üzrə keçirilən
olimpiadalarda dəfələrlə görüşdük.
1982-ci ildə ayrılan yollarımız 1985-ci ildə yenidən kəsişdi.
Bu dəfə Bakıda, Azərbaycan Dövlət Universitetində
və onun yataqxanasında əmoğlum Zakirin sayəsində.
Mən oraları tərk edib Tiflisə gəlsəm də, o
gün-bu gün bağlarımız heç zaman qopmadı və
ulu Tanrıma nəhayətsiz təşəkkürüm ona
görədir ki, məni 60 yaşıma gətirib-çıxarıb
və 45 illik qədim dostumun 60 yaşına bu gün ürək
sözləimi həkk edirəm.
Dəyanət ilk gənclik çağlarımızda
mənə daha çox öz işıqlı
qoşmalarını oxuyurdu. Qəribədir ki, mən o
zamanlar bəlkə də Tiflis ədəbi mühitindəki
abilərimin təsiri ilə bir az sərbəst şeirə
meyllənmişdim, amma onun, hətta bəzən qafiyəsi
olmayan qoşma ölçülü şeirləri məni
özümdən alıb aparırdı. Zaman-zaman doğma
Borçalısına xas olan qoşma havalı şeirləri
qafiyələrlə süslənsə də, eşqin,
irfanın elə dərin qatlarına enirdi ki, onların müəllifinin
bir haqq ozanı olduğuna şübhə yeri qalmırdı:
Səfər
saatımın uğuru yatmış,
gerisi viranə, önü gümandı.
Deyirəm: dur gedək, a başı
batmış,
ta burda həyatın nəbzi dayandı.
Düz
söz atəşinə qovrulur adım,
bəxtiylə öcəşib durur
inadım,
əcəlin ağzında haqq
amanatım,
halım
duymaz dostlar, gendən dolandı...
Tez-tez ya
Tiflisdə, ya da Bakıda görüşürdük, qələm
dostlarımızı bi-birimizlə tanış edirdik. Rəhmətlik
Nəcəf Nəcəfov, Xanəmir, Hikmət Sabiroğlu,
Qurban Yaquboğlu kimi bənzərsiz Söz adamları ilə
məni Dəyanət tanış etmişdi. O dövrdə
Tiflis ədəbi-ictimai mühitinin parlaq simaları olan Alxan
Binnətoğlu, Mədəd Çobanlı, Valeh Hacılar,
Əmrulla Paşayev, Telman Quliyev, Eyvaz Əlləzoğlu, Səməd
Qaraçöp, Nəriman Əbdülrəhmanlı... ilə
də mən Dəyanəti tanış etmişdim və bizim
həm Tiflisdə, həm də Bakıda yeknəsəklikdən
uzaq səmimi bir çevrəmiz oluşmuşdu...
Mənim
tanıdığım Dəyanət
ədəbi-bədii yaradıcılıq
labirintlərində özünü çox da axtarası
olmadı, sərbəst şeirlə həmdərd oldu,
özünün "ağ şeirləri" ilə sərbəst
şeirin üzünü daha da ağartdı, şeirdən-şeirə,
kitabdan-kitaba püxtələşdi, sözünün bədii
məna tutumu ilə ictima-fəlsəfi fikirləri
çulğaşaraq yalnız ona aid olan orijinal bir məzmun kəsb
etdi. Bütün yaradıcılığı boyu daha
çox özünü, öz içini yazdı, təbiətlə,
küləklə, torpaqla insanı bir-birindən
ayırmadı, eyni kainatın bərabərhüquqlu
varlıqları kimi sözdə canlandırdı:
Bütün
gözəlliklər ruhun rəsmidi,
bütün canlıların ahıdı
külək.
Mən gəzən bir torpağam,
torpaqdan
dərdlisi yoxmuş
adamların içində.
Dəyanət
bəzən də dağa çevrildi, üzündə
açılan çiçəyi elə bir vəsf etdi ki:
Qəlbi
dağın o üzüyəm,
güllərin ən göyçəyisən,
bu üzümdə açılmısan...
Bu
misralarda isə yenə cansız bildiklərimizi
canlandıraraq şeirə Füzuli kimi, amma pafossuz personajlar
gətirdi dostumuz:
Eşikdə
qızılgüllər xınalı
ölür öz qoxusundan
quşların nəğməsindən
dəlmə-deşikdi səssizlik
xırda
otlar göyərmədən
quruyur
dilli-dilavər qızılgüllər qarıyır.
Varağın
üstündə
ağaclarla şeirlər
qarışmış bir-birinə
tavandan özünü asmış
hörümçəklər
istəkli ruhların qəlbi
döyünür
istəkli gecələrdə.
Orasını
da qeyd edim ki, özümüzü dərk edəndən bəri
bizi və çevrəmizi bir-birimizə bağlayan ən
böyük özəlliklərdən biri də hər zaman
ortaq Türk məfkurəsini mənimsəməmiz olub. (Mənim
Bakıda yaşadığım illərdə bizləri
türkçülükdə az qala ittiham edənlərin
çoxunun indi bütün bərələri tutaraq Anadoluda,
Türküstanda, Türkmənelində cıdıra
çıxdıqlarını da sarkazmsız seyr edə bilmirəm...)
Dəyanət Bsmanlının bənzərsiz
şairimiz Vaqif Bayatlı Odərə həsr
etdiyi şeirin sərhədbilməz ruhu yəqin hərdən
Türkün ulu çayı Yeniseyin üzərində hələ
də qanad çalır, sanki çayın məcrasını
geri döndərməyə çalışır:
Bir
gün desələr,
dünyada qanadlı insan tapılmış.
İnanın,
burası
yalnız
mənim
ölkəm olar.
Vaqif Bayatlı Odər -
qanadları odda yanmış,
yaşadığı tarix bəlli deyil.
Bakı
küçələrində
ruhunun dalınca
yeltək
səmtsiz əsdiyini
çoxları görmüş.
Onu tanıyanlar söyləmiş,
son dəfə
dünyanın şər çağından
göz aydınlığına uçmuş.
Sonra dönüb çılğın
bir həvəslə
həyat
və sevgi haqqında
bir-iki qanad oxumuş...
Məzarı torpağa qarışmış
İstanbulda,
özü Bakıda
bir qələbəlik tablosunda
yaşar.
Qanadlı heykəli
Yeniseyin
suları üzərində,
mübarək şırıltısı Ana suyun
yormaz qanadlarını...
Dəyanət
Azərbaycan ədəbiyyatında faydalı iş əmsalı
ilə də seçilən şairlərimizdəndir.
Üslub orijinallığı, mövzu rəngarəngliyi,
orijinal deyim tərzi ilə seçilən, bəzən ən
kiçik şeirində belə gəzlənilməz bədii
təsvir və ifadı vasitələri ilə öz
duyğularını süsləyir.
Dəyanət təkcə poeziyada
deyil, publisistika və naşirlik işində
də kifayət qədər sanballı işlər
görmüş, onlarla kitab nəşr etdirmişdir. O, son
illərdə çağdaş Azərbaycan şairlərinin
şeirlərindən ibarət gürcücə, ingiliscə,
Türkiyə türkcəsində çap etdirdiyi antologiyalar
da onun ədəbiyyatımız qarşısında etdiyi
böyük xidmətlərdəndir...
Əlbəttə, bu kiçik qeydlərim qədim dostumun
yaradıcılığı haqqında fikirlərdən daha
çox təbrik motivli bir dost yazısıdır.
Bağlı yollar üzündən seyrək görüşsək
də, həm də ailəvi dostluğumuz var, yəni uzun da
yazmaq olar, amma arzum budur ki, hələ neçə illər ən
azı ad günlərimizdə, yubileylərdə bir-birimizə
təbrik ünvanlamağı ulu Tanrı bizə nəsib
etsin!..
Və bu yazını 1990-cı əziz
dostuma yazdığım şeirlə sonladırıram.
Günəş
çıxan yerdə...
Dostum Dəyanət Osmanlıya
Əminəm
ki,
Günəş batan yerdə
Bir adam
Başını ürəyinə söykəyib
Acı-acı ağlayır.
Ölümü sümüyünə daman
Başqa
bir adam
Ayı bürümüş
Qara buludlara baxıb
Dişini-dişinə qıcayır.
Və üçüncü bir adam
Qapı-pəncərəsiz
Nəmli
bir zirzəmidə
Üzüqoylu uzanıb
Zəlzələ haqda fikirləşir.
Dördüncü bir adam da
Qopuzdu, sazdı, uddu... - bilmirəm,
Sıxıb sinəsinə
Tanrısına layla çalır.
...Əminəm ki,
Günəş çıxan yerdə
Bir adam
Otağındakı tütün tüstüsünə,
Gözlərindəki çılpaq qızartıya
Və...
ölmüş əzablarının meyitinə baxıb
Həzz
alır...
Tiflis,
2025
Rafiq
HÜMMƏT
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.23.