İnsan həyatında ən çox eşitdiyi söz - öz adı
Şəxs adları hər
bir xalqın maddi və mənəvi
mədəniyyəti əsasında
formalaşıb inkişaf
edir, yaradılmasında
bütün xalq iştirak etdiyi üçün bu leksika mənəvi sərvətdir. İnsanlar
arasında ünsiyyət
zamanı ad hər şeydən tez diqqəti cəlb edir. Azərbaycan antroponimiyasının
tərkibi olduqca rəngarəngdir: əsasını,
genetik baxımdan, türk şəxs adları təşkil edir. Tarixin dərin
qatlarından nəsildən-nəslə
keçərək bu
günə qədər
gəlib çatan ən qədim adlar türk xalqlarının antroponimik
ehtiyacını yüksək
səviyyədə ödəməkdədir.
Antroponimik sistemin tərkibini təşkil edən hər bir ünsür tarixi-fəlsəfi və mədəni-sosioloji mahiyyət
daşıyır. Bunlarda
xalqın düşüncə
və təsəvvürü,
adət-ənənəsi, dünyagörüşü,
məişəti, yaşadığı
ictimai-siyasi quruluşun
əlamətləri və
s. öz əksini tapır. Azərbaycan şəxs adları qədim tariximizin izlərini, islamdan əvvəlki dövrünü,
baş vermiş ictimai-siyasi hadisələri,
adqoyma ənənələrini,
eləcə də dini-mifoloji təsəvvürləri
və s. əks etdirir. Antroponimlər min illər boyu inkişaf prosesi keçmişdir: sistemin inkişafı və mərhələləri öyrənildikcə
bu qatın struktur tipləri, tərkibi, soy kökümüzün
yayılma arealları
müəyyənləşir, xalqın etnik mənzərəsi, millətlər
arasındakı mədəni
əlaqələr aydınlaşır,
keçmiş və müasir adət-ənənələr
üzə çıxır.
Şəxs adları ictimai-tarixi
inkişafın məhsuludur, cəmiyyətin
müxtəlif pilləsində
yarandıqları üçün dilimizin ən qədim norma və qanunlarını
mühafizə edib saxlayan, tarixin izlərini müasir dövrümüzə gətirən
real faktlardır. Şəxs
adları ümumi isimlərdən əmələ
gəlsə də, apelyativ leksikadan fərqli səciyyəvi xüsusiyyətlərə malikdir
və bu leksik vahidlərə nisbətən azlıq təşkil edir.
Şəxs adlarımız daha
qədim qatlara aiddir, yazılı və şifahi abidələrimizdən daha
əvvəl mövcuddur
- xalqın tarixi, milli psixologiyası,
elmi və mədəni səviyyəsi,
mifik-dini baxışı,
xoş həyat uğrunda mübarizəsi,
təbii və ictimai hadisələrə
münasibəti, xarici
görünüşü və
xarakteri, igidliyi və qəhrəmanlığı,
peşə məşğuliyyəti,
istək və arzuları və s. ilə əlaqədar olaraq yaranmış, zaman keçdikcə zənginləşmiş
və milli zəmində
cəmiyyətin bütün
üzvlərinə xidmət
etmişdir. Antroponimlər
insanları adlandırmağa,
bir-birindən fərqləndirməyə
xidmət edir. Hər bir ad müəyyən assosiasiya
doğurur, yaratdığı
təəssürat öz
məzmunundakı rəngarəng
informasiya çalarları
ilə müəyyən
məqsədə xidmət
edir. Semantikası - adın daşıdığı
informativ məzmundur.
Yeni adlar dəyişən həyat tərzi ilə əlaqəli əmələ gəlir. Azərbaycan şəxs adları tarixi mərhələlərdə müxtəlif
ad sistemlərinin təsirinə məruz qalmışdır. VII əsrdən
başlayaraq ərəb,
XI əsrdən fars ad
sistemləri qədim türk antroponimiyasına qüvvətli təsir göstərsə də, onu sıradan çıxara bilmədi. Uzun əsrlərdir ki, Azərbaycan antroponimiyasında
türk adları ilə bərabər, ərəb və fars mənşəli adlardan geniş istifadə edilir və bu proses indi də davam
etməkdədir. XIX əsrdən
başlayaraq, adlarımız
rus ad sisteminin təsirinə məruz qalmış və özünəməxsus inkişaf
yolu keçmişdir.
Müasir Azərbaycan
ad sistemi Qərbi Avropa mənşəli adlarla da
zəngindir. İstər
ərəb, fars, monqol işğalı, istərsə də rus əsarəti dövründə antroponimlər
müəyyən dəyişikliyə
uğrasalar da, xalqımızın
dil xüsusiyyətlərinə
uyğunlaşdırılmışlar.
Yeni həyat tərzinə
keçilməsi ilə
tarixin müxtəlif dövründə formalaşmış
və dildə özünəməxsus mövqeyə
malik olan bu adların xeyli hissəsi funksionallığını itirmiş,
sonralar isə arxaik sözlər kimi işləklikdən çıxmış, yerini
yeni, sadə və anlaşıqlı adlar tutmuşdur. Cəmiyyət
həyatında baş
verən dəyişiklik,
iqtisadi-mədəni inkişaf,
mənəvi təkamül
yeni adların yaranmasında
mühüm rol oynayır.
Qədim
dövrlərdə ləqəb
və adlar arasında heç bir sərhəd olmamış, sonralar ərəb ad sisteminin təsiri ilə onlar öz məzmun və funksiyalarına görə bir-birindən fərqlənmişlər. Təsadüfi
deyildir ki, bu gün də ad - ləqəb,
ad - təxəllüs, ad - titul, ləqəb - titul, ləqəb - təxəllüs, ləqəb
- uydurma adlar, ləqəb - familiya, ləqəb - əzizləmə
və kiçiltmə
adlar və s. kateqoriyaların fərqləndirilməsində
çətinliklərlə rastlaşırıq.
Ad - varlığı başqalarından
ayırmaq üçün
insanlara verilən və onları tanıdan sözdür. Gözəl mənalı adlar qədim zamanlardan bu günədək fərdlərin
adlanmasında istifadə
olunmaqda davam edir. Şəxs adı əslində insanları bir-birindən fərqləndirən
işarə və
əlamətdir, bəşər
övladının topladığı
təcrübədən, ağıldan
irəli gəlir.
Adlar din
və inanc daxilində də birliyə təşviq edir. Yəni dini birlik, qarşılıqlı
təsir nəticəsində,
milliyyətindən asılı
olmayaraq ümumi qəbul edilmiş adlar mövcuddur. Azərbaycan, Türkiyə
Cümhuriyyəti, Yaxın
Şərq, Cənubi
Asiya, Afrika, eləcə
də dünyanın müxtəlif coğrafi bölgələrinin vətəndaşları,
milyardlarla müsəlman
icması ad birliyinə sahibdirlər. Məsələn, Məhəmməd,
Əli, Ömər,
Abdulla, Əbubəkr, Adil, Əhməd,
Akif, Amin, Bahadır, Bədr, Bədrəddin,
Bəkir, Bəşir,
Bürhan, Cahid, Cəlal, Cəlaləddin, Cəmil,
Cövdət, Cübeyir,
Əkrəm, Əməl,
Emin, Əmrə, Ənis, Ənvər, Ərkan, Fəzilət, Əsəd, Şərif, Eyyub, Faruk, Fateh, Həbib, Xəlil, Halim, Humeyir, Həmzə, Harun, Həsən,
Heydər, Kərim, Hikmət, Hüseyn, Mahir, İbrahim, Ehsan, İsmayıl,
Kazım, Kənan,
Mahmud, Mərva, Maqsud,
Mənsur, Murad, Mürüvvət,
Mürtəza, Mustafa, Nadir, Nafiz, Nail, Nəcib, Nəcməddin, Nihal, Nihan,
Nəzir, Nihat, Nemət,
Niyazi, Nuran, Nurəddin, Nurulla, Pünhan, Ramiz, Rasim, Səbri, Səfa, Səid, Sakib, Salih, Sami,
Salman, Miraga, Sinan, Suat,
Süleyman, Taha, Tahir, Təhsin, Tarik, Üqba, Useid, Vaqif, Varis,
Vədət, Yəhya,
Yunus, Yusif və s. Bu adların nümunə olduğunu, həm də Allahımızı unutmamalı,
daim onu xatırlamalı, düşünməli,
Yaradanın adları kimi tələffüz etməliyik: mənaları
da gözəldir və
pis düşüncələrin
qapısını aça
bilməyəcək anlayışlardır.
Ad milli və genetik mədəniyyətdən təsirlənir
- bu adlar eşidildikdə, sahibinin müsəlman olduğu dərk edilir, elə bu səbəbdən də tarixə kök salmış müsəlman birliyinə
kömək edən ümumi adlar qorunmalıdır.
İnanca
görə, ad şöhrət
sözündəndir, uca
peyğəmbərimizin əsma
və hüsnünə
işarədir. Müqəddəs
"Qurani-Kərim"in yetmiş
iki ayəsində ad sözü törəmələri ilə
birlikdə çəkilir.
"Qurani-Kərim"in əl-Bəqərə
surəsinin 31, 32, 33-cü ayələrində
yazılır: 31. "(Allah) Adəmə adların hamısını (bütün
şeylərinin adlarını)
öyrətdi. Sonra onları
(həmin şeyləri)
mələklərə göstərərək:
"Əgər düz
danışanlarsınızsa, bunların adlarını Mənə bildirin" - dedi". 32. "Onlar: Sən paksan (müqəddəssən, bütün
eyib və nöqsanlardan kənarsan!),
Sənin bizə öyrətdiklərindən başqa
biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən", - dedilər.
33. "(Sonra) O: "Ey Adəm,
bunların (kainatda mövcud olan əşyaların) adlarını
onlara bildir!" - dedi. (Adəm) onlara (mələklərə)
bunların adlarını
xəbər verdikdə (Allah): "Mən
sizə, göylərin
və yerin gözə görünməyən
sirlərini və sizin gizlində-aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?"
- buyurdu."
Dini inanca görə,
uca Allah (s. s.) Adəmə
bütün adların
ruhunu öyrətdi, naxışladığı və
ilham verdiyi bu adları özü icad etdi, Adəmə lazım olduqda bu adlarlardan
istifadə etmək üçün xüsusi
bir qabiliyyət verdi. Bu doktrinadan görünür ki, Adəm
insan nəslinin ilk nümayəndəsidir, adqoyma
ondan miras qalmışdır. Sözlə
əlaqəli qüvvə
insan ruhunun, təbiətinin bir hissəsini təşkil edir. Uca Allah bunu Adəmə bəxş etmiş, ona söz gücü,
ad vermək qabiliyyəti
vermiş və ruhuna üfürdükdən
sonra adları, zərurətə uyğun
olaraq, bilikli bir dildə şərəfləndirməsini bildirmişdi. Adların yaradıcısı uca
Allah, iradəsi - Adəm
olur! Bu bilik və məntiq mülkiyyəti olan adları öyrənmək,
onların ən yaxşısını övladlarımıza
vermək hamımızın
borcudur. Unutmayaq ki, ad insanların, şəxsiyyətin
formalaşmasında təsir
və təlqin gücünə malikdir.
Xüsusi
adlarda milli idealın gözəlliyinə xələl
gətirən, qüsurları
özündə əks
etdirən adlara da rast gəlinir. Kitablarda da verilən adların hamısı tövsiyə olunan deyil, dilimizdə kök salmış, lakin məna etibarilə gözəl hesab etmədiyimiz adları da vardır. Bu da
bir ibrətdir - insanlar özləri yaxşını pisdən
ayırsınlar. Həzrət
Peyğəmbər bir
kimsənin ismini soruşduqda, xoşuna gəldisə - nəşəsi
üzündən görünər,
sevinərdi, xoşuna
gəlməzdisə, yenə
üzünün ifadəsindən
bəlli olardı. Həzrət Əli (s.ə.) haqqında rəvayətlərin birində
deyilir: "Oğlum Həsən dünyaya gələndə ona Hərb ismini qoydum. Peyğəmbər
(s.s.) gəldi və dedi: - Oğlumu mənə göstər. Ona nə ad qoyduğumu soruşdu. Mən də Hərb (müharibə) deyəndə,
buyurdu: - Xeyr, o Həsəndir.
Oğlum Hüseyn dünyaya gələndə,
bu dəfə də ona Hərb
adını verdim. Peyğəmbərimiz (s.ə.)
yenə gəldi və soruşdu: - Ona nə ad qoydunuz?
Oğlumu mənə göstər. Bir də yenə Müharibə deyəndə, dedi:- Xeyr, bu Hüseyndir". Bu hadisə üç dəfə təkrar olunsa da, Həzrət Peyğəmbər fəlakət
mənalı adın qoyulmasına etiraz edir.
Hədislərin birində deyilir
ki, Allah qarşısında ən aşağı, Qiyamət günü ən çox qəzəblənəcəyi pis
insan adı Malikdir, Şahənşah
da bunun nümunəsidir,
çünki Allahdan başqa heç bir hakimiyyət yoxdur.
İnsana
verilən adın müsbət bir mənası yoxdursa, bu mənfilik şüur altında gizli motivlə yaşaya, sahibinə təsir göstərə bilər.
Məsələn, ərəb
mənşəli İdris adının
mənası "tərbiyə
etmək, öyrətmək,
təhsil vermək, oxutmaq"dır, Avropa və Qərbi Asiyada ağ rəngli gülləri olan hündür, tikanlı kol bitkisinin adıdır. Əsas ad sahibinin
hansı mənadan ruh almasıdır. Ad şəxsi tanıdan və onu digər
insanlardan fərqləndirən
ən xarakterik simvoldur. Bu səbəbdən,
psixoloji rahatlıq yaşatmaq üçün
hər kəsə gözəl ad qoyulmalıdır. Şüuraltı
olaraq, hər kəs adına uyğun davranır və ya adına
layiq olan hərəkətlər edir: mənalı adlar şəxsiyyətlərində
əks olunur. Pis mənalı adlar insan üçün
eyni zərərli və mənfi nəticələr verir, hətta bəzən istehza mövzusu, utanc və ya
təhqir hiss etməsinə
səbəb olur, sanki davranışı bu adın mənasına
uyğundur. Şübhəsiz
ki, bu da öz növbəsində, dolayı
yolla fərdin şəxsiyyətinə təsir
göstərir, şərəfinə
və qüruruna toxunur, ona bu
adı verənlərə
sevgi hissinə təsir edir. Həzrət Peyğəmbər
buyurur ki, Qiyamət günü atalarınızın
adları ilə çağırılacaqsınız - adlarınızı gözəlləşdirin!
Dünyada heç kim nə özünü,
nə də uşağını pis bir adla çağırılmağını
istəyəcək, məsuliyyət gözəl adlar seçməyi tələb edir. Pis adlar sosial
və psixoloji reallıqda bəzən taleyi alçaldır. Birinin başına qəza gəlsə, bəzən insanlar bu şəxsə və ya uşağına
dəyən hər hansı bir zərərin bu addan qaynaqlandığına
inanır.
Adlar millətin, cəmiyyətin
mədəniyyətinin, inanclarının,
hiss və düşüncələrinin,
əxlaq və dəyərlərinin məhsuludur,
ədəbi və bədii zövqün motivləridir. Uşağın ağıllı
və uğurlu, xoşbəxt və sağlam olmasını istəyiriksə, onlara mənalı ad verməliyik, bu həm də şəxsiyyəti formalaşdırır.
Uşağı gözəl tərbiyə etmək və ona gözəl ad vermək hər bir valideynin
haqqıdır.
Ad sosial fərdlər dairəsində zəruri ünsiyyət ehtiyaclarını
təmin etmək, şəxsiyyətin eyniləşdirilməməsi
funksiyasını daşıyır.
Advermənin prinsiplərini
düzgün müəyyənləşdirmək
üçün antroponimik
vahidlərin milli-etnik
funksiyası əsas olmalıdır. Ad verilərkən,
ilk növbədə, məna
və məzmun ön plana çəkilməli,
daha çox estetik, üslubi cəhətə, advermə
adət-ənənələrinə, leksik-semantik cəhətdən
böyüklük, alilik,
xoşbəxtlik, möhtəşəmlik,
ucalıq, qəhrəmanlıq,
gözəllik, müdriklik
və s. anlayışlara diqqət yetirilməlidir. Qadın adlarının məzmununda
incəlik, zəriflik,
kişi adlarında güc, qüvvət, əzəmət və vüqar ön plana çəkilir. Valideynlərin
arzusu budur ki, övladlarına qoyduqları
adlar bu motivlərlə bağlı
olsun, böyüdükcə
uşaqda belə əlamətlər formalaşsın.
Uşağa gözəl ad vermək ana və atanın vəzifələrinin
ən vacibi, ən birincisidir. Ad sahibini tanıdan, onu digər insanlardan fərqləndirən
ən xarakterik simvoldur - insan həyatında ən çox eşitdiyi söz öz adıdır. İman dəyərlərimiz,
hisslərimiz, düşüncə
motivlərimiz öz uşaqlarımıza, həm
də yaxınlarımızın,
dostlarımızın övladlarına
verdiyimiz adlarla ölçülə bilər.
Rəbbimiz də gözəl mənalı adlardan məmnun qalır!
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2025.- 13 iyun,
¹21.- S.26.