Göy qurşağının
ardınca...
Biri var idi, biri yox
idi. Hündür bir dağın başında balaca bir kənd, o kənddə də yaşayan Kənan adlı balaca, ağıllı, amma hər şeylə maraqlanan bir dəcəl oğlan var idi.
Kənan
ailəsinə hər
işdə kömək
etsə, hər gün dağdan enib məktəbə getsə də, dərslərini yaxşı
oxusa da, bəzən böyüklərin sözünə
qulaq asmırdı. Onun bu nadincliyi
isə bəzən başına bəlalar gətirirdi.
Əvvəllər Kənanın başına
bir neçə dəfə pis hadisələr də gəlmişdi. O, sonuncu dəfə maraqlı gəldiyi üçün
dağın o biri tərəfinə gəzməyə
getmişdi. Kənana ailəsi dağın o tərəfinə getməyin
təhlükəli olduğunu
desə də, onlara qulaq asmamışdı,
nəticədə isə
dağın o biri tərəfində vəhşi
heyvanlarla qarşılaşmışdı.
Kənan çox qorxsa da, canını qurtara bilsə də, onun hər
şeyə olan marağı itməmişdi.
Ağıllı oğlan olduğu
üçün, bəzən
etdiyi səhvləri ona bağışlayırdılar,
amma onun bu nadincliyindən yaranan hadisələr yaxşı olmaya bilərdi.
Az keçmişdi, çox keçmişdi, günlərin
bir günü dağa güclü yağış yağmışdı.
Yağış o qədər
güclü yağırdı
ki, həmin gün evdən çölə çıxmaq da mümkün
deyildi. Nə həyətdə-bacada iş
görmək olurdu, nə məktəbə getmək. Kənan saatlarla evlərinin pəncərəsindən şiddətli
yağışa tamaşa
etmişdi.
Cəmi
bir neçə saat sonra aramsız
yağan yağış
kəsməyə başlamışdı.
Yağış tam dayananda
isə Kənan həyatında ilk dəfə
göy qurşağının
çıxdığını görmüşdü. O, həyəcanından
nə edəcəyini
bilməmişdi. Valideynlərinə
belə, demədən
çölə çıxıb
qərara almışdı
ki, göy qurşağının
ardınca getsin.
Az getmişdi, çox getmişdi, Kənan təbii olaraq göy qurşağına
çata bilməmişdi.
Amma o, bunu o vaxt bilmişdi ki, artıq çox gec idi və Kənan
azmışdı.
Kənan
göy qurşağının
ardınca düşəndə
qaranlıq düşməmişdi,
lakin o birdən göy qurşağının
itdiyini də görmüşdü.
Valideynləri də hər yerdə Kənanı axtarırdı. Onlar Kənanı yaxşı tanıdıqları üçün
göy qurşağının
ardınca getdiyini bilmişdilər. Beləcə,
bir neçə saatlıq axtarışdan
sonra Kənan tapılmışdı. Amma necə?
Kənan
dağlı-dərəli, daşlı
yollarda yıxılıb
ayağını əzmişdi.
Ailəsi onu ağlamaq səsindən
tapa bilmişdi. Çünki
qorxmuşdu Kənan, bir küncə qısılıb xısın-xısın
ağlayır, içini
çəkirdi.
Ata-anasını görəndə
isə sevincindən daha möhkəm ağlamışdı. Ailəsi
onu bu halda
görüb çox qorxmuşdular. Nəhayət,
evə qayıdandan sonra Kənan başa düşmüşdü
ki, maraqlanmaq yaxşıdır,
amma hər şeylə vaxtından əvvəl maraqlanmaq bədbəxt hadisələrə
yol aça bilər.
Beləcə, Kənan ailəsinə
söz verdi və bir daha
icazəsiz heç yerə getmədi. Kənan həm də başa düşdü ki, göy
qurşağına çatmaq
olmasa da, onu hiss etmək olar.
Orxan SAFFARİ
Ədəbiyyat qəzeti.- 2025.- 13 iyun, №21.- S.29.