Tarixi həqiqətlərimiz
XIX əsr ingilis ədəbiyyatında:
Ceyms Moriyerin və Ceyms Freyzerin
bədii mətnlərində Azərbaycan
Şərq
həmişə öz sirri, ekzotikliyi və zənginliyi ilə
avropalıları özünə cəlb etmiş, əsrlər
boyu rəssamlar, yazıçılar və musiqiçilər
üçün sonsuz ilham mənbəyi olmuşdur. Avropada
Şərqə, Şərq həyatına bir çox bədii
əsərlər həsr
olunmuşdur. Bunların
sırasında xüsusilə, C.Bayronun "Şərq
poemaları"nı, Y.V.Hötenin "Şərq
divanı"nı, V.Hüqonun "Oriyentaliya"sını
göstərmək olar. Lakin Şərqə dair ən məşhur
əsərlər sırasına aid edilən, ingilis
yazıçısı C.Moriyerin "İsfahanlı
Hacıbabanın macəraları" romanının taleyi adları
çəkilən əsərlərin taleyi kimi uğurlu
olmamışdır. İlk dəfə
1824-cü ildə Londonda nəşr olunan bu əsər
yazarına böyük şöhrət gətirsə və əldən-ələ
gəzsə də, uzun zaman ciddi tədqiqat obyektinə
çevrilməmiş, hətta müəllifi plagiator
damğası belə qazanmışdır.
"İsfahanlı Hacıbabanın
macəraları" romanında
Şərq hərtərəfli və təfərrüatlı
şəkildə təsvir olunmuşdur. Məhz bu təsvirin
adekvatlığına və canlılığına görə
Ceyms Moriyerin əsərin əsl müəllifi
olmadığı fikri də irəli
sürülmüşdür. Bu əsərdə Şərqin
bir parçası olan Azərbaycan haqqında da qiymətli məlumatlara
rast gəlinir və romandakı
hadisələrin bir qismi əzəli Azərbaycan
torpaqlarında cərəyan edir,
indi Ermənistanın tərkibində olan Azərbaycan
torpaqları - Qərbi Azərbaycan haqqında da bu gün
üçün strateji, siyasi önəmə malik məlumatlar
verilir. Belə ki, yazıçı əsərdə həmin
ərazilərin adını əslində olduğu kimi, həmin
dövrdə - XIX əsrin əvvəllərində işləndiyi
kimi vermişdir. Məsələn: Hamamlı, Göylü kəndi,
Pəmbək çayı, Zəngi çayı, Ağrı
dağı və s. Fikrimizcə, C.Moriyerin
"İsfahanlı Hacıbabanın macəraları"
romanı məhz bu cəhətdən Azərbaycan haqqında nəinki bədii,
eləcə də tarixi mühüm mənbələrdən
biridir.
Ceyms Moriyer kimi şotland
səyyahı və yazıçısı Ceyms Baillie Fraserin də
yaradıcılığında Şərq həyatının
təsviri mühüm yer tutur. Onun əsərlərində Azərbaycan
haqqında da qiymətli məlumatlara rast gəlmək olar. Bu
baxımdan onun "İranın Xəzər dənizinin cənubundakı
əyalətlərinə səfərlər və macəralar"
(Travels and Adventures in the Persian Provinces on the Southern Banks of the
Caspian Sea ) və
"Qızılbaş: Xorasan əhvalatı"
("The Kuzzilbash, a Tale of Khorasan") əsəri tədqiqat
üçün zəngin material verir.
C.B.Fraserin "Qızılbaş: Xorasan əhvalatı" əsərində
elə ilk səhifədən baş qəhrəmanın
türk - əfşar tayfasından olması vurğulanır.
Lakin müəllif bunu aşkar qeyd etməsəydi də, bunu
mətndəki zərif bir elementdən bilmək olardı.
Türk xalqları islam dinini qəbul etsələr də, daim
özünəməxsusluqlarını qoruyub
saxlamışlar. Bu, qadına münasibətdə, eləcə
də qadınların davranışında da öz əksini
tapmışdır. İslamda qadının yad nəzərlərdən
qorunması vacib olsa da, türk xalqlarına məxsus müsəlman
qadınlar türk törəsinə görə xüsusi
mövqeyə malik olduqları, namusları şərtsiz
müqəddəs hesab olunduğu və kişilərlə bərabərhüquqlu
hesab edildikləri üçün əksər hallarda bu
qadağaya əməl etmək ehtiyacı duymamışlar.
Bu, türk, eləcə də Azərbaycan bədii ədəbiyyatında
da öz əksini tapmışdır. Digər maraqlı cəhət
isə ondan ibarətdir ki, türk toplumunda şamanlar, cadugərlər,
cindarlar və başqa bu kimi peşə sahibləri qadın məclislərinə
sərbəst daxil ola bilərdilər və kişilər bunu
normal qəbul edirdilər. Məsələn, M.F.Axundovun
"Müsyö Jordan və dərviş Məstəli
şah" əsərində olduğu kimi. Bildiyimiz kimi, bu əsərdə
Şəhrəbanu xanım Şahbaz bəyin Parisə getməsinin
qarşısını almaq üçün əvvəlcə
Hatəmxan ağadan xahiş edir ki, onu yoldan saxlasın. Hatəmxan
ağa bu səfərə mane olmadıqda başqa bir üsula
əl atır, Şahbazı yoldan saxlamaq, qızı Şərəfnisənin
səadətini təmin etmək üçün cadugərə
müraciət edir. Fraserin "Qızılbaş. Xorasan əhvalatı"
əsərində də Qızılbaş körpə olarkən
anası evə kişi - şeyx çağırır və
uşağın taleyinə baxdırır. Elə bu məqamda
da yazıçı açıqlama verir ki, şeyxlərin,
dərvişlərin istənilən evə sərbəst
şəkildə girmək hüququ var idi və kişilər
heç zaman buna etiraz etməzdilər. Elə bu məqam da
Fraserin türk - azərbaycan ailələri ilə yaxından
tanışlığından xəbər verməklə
yanaşı, M.F.Axundovun "Müsyö Jordan və dərviş
Məstəli şah" əsərindəki qadınların
sərbəstliyi səhnəsinin bütün türk toplumunun
reallığı olduğundan xəbər verir.
Maraqlı daha bir məqam isə həm Ceyms Moriyerin, həm də
Ceyms Fraserin əsərində yerli əhalinin, yəni Azərbaycan
türklərinin dilində işlənən sözlərin
olduğu kimi verilməsi və onların mənasının
izah edilməsidir:
Fraser: Kuzzilbash (Fraser
1828: 5) - Qızılbaş; Janee (Fraser 1828: 37) -can; aoul (Fraser 1828: 48) -aul; khanum (Fraser 1828: 50) -xanım; ghourumsaug (Fraser 1828: 51) -
qurumsaq; Altoun Tuppeh (Fraser 1828:
184) - altın təpə
Moriyer:
Ai qardach (Moriyer 1834:
85) - Ay qardaş; haif (Moriyer
1834: 87) -hayıf; yavash (Moriyer 1834: 91) - yavaş bosh (Moriyer 1834: 99) -boş və s.
Həmişə Azərbaycan dilinin
Şərq aləmində, eləcə də
Qafqazda mövqeyindən və bu mövqe haqqında qərblilərin
fikrindən danışılarkən məhşur nümunə
kimi M.Y.Lermontovdan, A.S.Puşkindən sitat gətirilir. Dilimizin
sadəliyindən və anlaşıqlığından bəhs
edən daha bir qərbli müəllif
məhz Ceyms Fraser olmuşdur. O, elə
"Qızılbaş" əsərinin əvvəlində
qeyd edir ki, bu əsərin oxunmasında onun işini
asanlaşdıran yeganə səbəb Azərbaycan dilində
yazılmış sözlər, müəllifin ifadə etdiyi
kimi, Toorkee tongue (Fraser 1828: 8)
olmuşdur.
Ədəbiyyat tarixin unudulmuş
və ya təhrif olunmuş səhifələrini
bərpa etmək, oxuculara hadisələrə və şəxsiyyətlərə
yeni rakursdan baxmaq imkanı verən unikal düşüncə
və bədii-intellektual təsvir platformasıdır. Ədəbiyyat
həm də tarixi yaddaşın reabilitasiyası prosesində
əvəzsiz vasitədir. Tarixi yaddaşın ədəbiyyat
vasitəsilə bərpası cəmiyyətə öz
keçmişini dərk etməyə, ədaləti bərpa
etməyə və mədəni irsi qoruyub saxlamağa imkan verən
mühüm və çoxşaxəli prosesdir.
Elnarə
QARAGÖZOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.29.