Azərbaycanım
Ruhumu oxşayır səhərin mehi,
Ürəyimi açır səhər küləyi,
Yaşatmaq eşqidir həyatın sehri,
Adına qurbandır varlığım, canım,
Ana vətənimdir Azərbaycanım!
Ürəyin genişdir, torpağın gülşən,
O gözəl hüsnünə vurulmuşam mən,
Sinəmdə çağlayan vüqarım sənsən,
Adına bağlıdır bu şirin canım,
Doğma torpağımsan, Azərbaycanım!
Qoynunda unutdum qəmi, kədəri,
Ağstafa elinə köçəndən bəri,
Nurlu sabahların mavi Xəzəri,
Ondan qidalanır şöhrətim, şanım,
Odlar diyarımsan, Azərbaycanım!
İlhamımı bu torpaqdan almışam,
Var olan meylimi sənə salmışam,
Dar günümdə təkcə səni anmışam,
Qüdrətim, vüqarım, dinim, imanım,
Gözümün nurusan, Azərbaycanım!
Tale çəkdi imtahana hər zaman,
Başını bürüdü çiskin,
çən, duman,
Yenə
də sınmadın, ey Ana Vətən,
Yenilməz vüqarım, daim
məkanım,
Doğma
torpağımsan, Azərbaycanım!
Cənnət Qarabağın dillərdə
əzbər,
İgid
əsgərlərin Murovu
bəzər,
Onlar yağıların başını
əzər,
Yenilməz ordumsan Azərbaycanım,
Sən doğma yurdumsan, Azərbaycanım!
Ağstafam
Dəli
Kür kükrəyib
dilə gələndə,
Bulaqlar çağlayıb selə
dönəndə,
Al-yaşıl geyinib bahar güləndə,
Barlı-bərəkətli, şən Ağstafam.
Qarayazı çöllərinə bəzəkdir,
"Qızıl ulğun" Dəli Kürə gərəkdir,
Gülül dağı sərhəddinə
dirəkdir,
Barlı-bərəkətli, şən Ağstafam.
Qaçaq Kərəm at oynadıb
çölündə,
Nəriman, Hüseyn Arif qəlblərdə,
Qalacaqdır nəsillərin dilində,
Şan-şöhrətli, əzizsən, sən Ağstafam.
Dahilərin yazılmamış sətri
var,
Torpağında nəsillərin ətri
var,
Başın üstə buludların
çətri var,
İsrafil qeyrətli, şən
Ağstafam.
Ustadları bu torpaqda biçilib,
Sürüləri Kür çayından
su içib,
Şairləri sözlərilə seçilib,
Mahnılı, şeirli, şən
Ağstafam.
Torpağında minbir meyvə bitirər,
Qonağını hörmət ilə
ötürər,
Şəhidləri öz qoynuna götürər,
İgidlər yurdusan sən, Ağstafam.
Durnalar
Qatar-qatar düzülübsüz
sıraya,
Necə
yaraşırsız açıq
səmaya,
Axşam
olcaq tökülərsiz
səhraya,
Uçursunuz hardan-hara, durnalar!
Qəmli-qəmli uçub yerə
baxarsız,
Ürəkləri yandırarsız, yaxarsız,
Bizim elin üzərindən uçarsız,
Sizin ilə uçam ora, durnalar!
Neçə ildir Vətən
sorağındayam,
Elimin, obamın fərağındayam,
Sanki Tərsəçayın qırağındayam,
Qövr
edir sinəmdə yara, durnalar!
Şahin
pozub deyən sizin qatarı,
Sayınız azalıb, olubdur
yarı,
Çəkəm qılıncımı düşmənə sarı,
Asam xainləri dara, durnalar!
Necə
yaraşırsız göyün
üzünə,
Hər biriniz sürmə çəkib gözünə,
Vətən torpağından götür
özünə,
Məlhəm çəkin yaralara,
durnalar!
Kür
Kür adi çay deyil ki -
o, anamın
laylası,
həyatımın
mənası.
Kür
- dağlara bir səsdir,
Kür
- balığın oylağı,
təbiətə
nəfəsdir.
Sahilində nə qədər
insanlar məskən salıb,
yaşılbaşlı sonalar
burada qanad çalıb.
Qırqovul, turac, qumru,
kəkliklər
qaqqıldaşır,
Kür öz aləmindədir,
Hərdən
də coşub-daşır.
Kürdən, çox yazmaq olar,
yaz olanda görərsən
kolların
arasından
novruzgülü,
bənövşə,
çobanyastığı,
nərgiz
bir-birinə
qarışır.
Kür öz aləmindədir,
ilboyu axır-axır,
yenə
öz yerindədir.
Kür sadəcə çay deyil,
Qaçaq Kərəm oylağı,
İsrafilin yurdudur,
hər biri bir ordudur.
Kür neçə şairlərin
məskəni,
gur səsidir,
nənələrin
laylası,
qız-gəlinin
bəhsidir.
Kür Muğanda nur saçan
gur işığımdır mənim,
Azərbaycanımı bəzəyən
yaraşığımdır
mənim.
Musiqi xəzinəm
Bu yurdun sazı da, "Qaval daşı" da,
Çoban tütəyinin bayatısı
da,
Həzin
qoşmaları, gəraylısı
da
Coşan
ürəklərin hicran
səsidir.
Çıxasan vətənin seyrangahına,
Dalasan
"Qarabağ şikəstəsi"nə,
"Kəsmə şikəstə"nin
həzin ahına,
Bil ki, musiqinin xəzinəsidir.
"Bayatı İsfahan", "Bayatı
Şiraz",
Onları
sakitcə dinləmək
olmaz,
Dayan, bir "Şur"a da qulaq as Bəyaz,
Silinən tarixin inləməsidir.
Bəyaz ƏLİYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, ¹21.- S.31.