"Suzan
Defter": itirilmiş,
yorğun və parçalanmış
həyatlar
Ayfer Tunç çağdaş
türk ədəbiyyatının
tanınmış yazıçılarından
biridir. "Kapak Kızı", "Bir Deliler
Evinin Yalan Yanlış Anlatılan Kısa Tarihi", "Yeşil Peri Gecesi",
"Dünya Ağrısı",
"Aziz Bey Hadisesi", "?şıklar Delidir ya da Yazı Tura",
"Osman", "Kuru Kız", "Suzan
Defter" romanları ilə
ədəbiyyat sahəsinə
geniş təsir bağışlayan yazıçı,
hekayələri ilə
də tanınır.
Tunç
"Suzan Defter" romanını gündəlik üslubunda
yazaraq hadisələri
fərqli bir mövqedən diqqətə
çatdırır. Bəhs
olunan gündəliklər
Ekmel və Deryaya məxsusdur. Bununla belə, gündəliklərin düzülüşü
romanı maraqlı hala gətirən ən mühüm cəhətlərdən biridir.
Kitabda səhifənin
bir tərəfində
Ekmel bəyin gündəliyindən bir hissə, qarşı tərəfdə isə Deryanın gündəliyindən
bir hissə təqdim olunub. Müəllifin böyük
diqqət və qayğı ilə yaratdığı bu texnika romanın sonuna qədər davam edir. Əsər
əvvəlcə oxucuları
texniki cəhətdən
təəccübləndirsə də, sonrakı səhifələrdə vəziyyət
qavranılır və
iki gündəlik zehinlərdə bütövlük
qazanır.
Əsərdə iki rəvayətçi
var; Ekmel bəy və Derya. Onlar hekayədə iştirak etdikləri üçün romanın
həm nəql edənləri, həm də qəhrəmanıdırlar.
Gündəliklərində hər iki qəhrəman
öz həyat hekayələri ilə yanaşı, bir-birləri
haqqında təəssüratlarını
da danışırlar.
Romanda Ekmel bəylə Deryanın bədbəxt həyatlarından bəhs
edilir. Lakin müəllif
hər iki qəhrəmanın bədbəxtliyinin
səbəblərini keçmişi
ilə əlaqələndirir.
Bu səbəbdən tez-tez
onların uşaqlıq
illərinə, valideynlərinin
bir-biri ilə münasibətlərinə, ailə
münasibətlərinə, evliliklərinə qayıdır.
Birinci hekayə Ekmelə aiddir. Bu hekayədə o, uşaqlıq
illərində yaşadığı
problemləri, valideynləri
ilə münasibətlərini,
evliliyini, incikliklərini,
bədbəxtliklərini ifadə
edir. İkinci hekayə Deryaya aiddir. Ailəsindən, xüsusən də, qardaşı ilə olan problemlərindən, Suzandan, məyusluqlarından,
tənhalığından da danışır.
Romanda, hekayənin yalnız müəyyən bir zamana həsr edilmədiyi görünür.
Sözügedən hər
iki rəvayətçinin
tez-tez geriyə qayıtması və keçmişdə yaşadıqları
problemləri dilə gətirmələri zaman məfhumunun
pozulmasına səbəb
olur. Zaman məfhumunun
tez-tez geri dönüşlərlə kəsilməsi
isə əsərdə
diqqəti cəlb edən mühüm texniki xüsusiyyətlərdən
biridir. Ona görə
də "Suzan Defter" bu
nöqteyi-nəzərdən adi roman üslubuna uyğun gəlmir.
Ayfer Tunç, demək olar ki, bütün romanlarında qəhrəmanlarının
keçmiş həyatına
və ailə həyatına geniş yer verir. "Suzan Defter"də Ekmel və Deryanın yaşadıqları psixoloji
problemlərdə keçmişin,
xüsusən də ailənin böyük payı olduğu düşünülür. Bu səbəbdən
də müəllif bəhs olunan hər iki qəhrəmanın
ailələrini, babalarını,
nənələrini, atalarını,
analarını və
həyat yoldaşlarını
geniş təsvir edir.
Romanın ilk rəvayətçisi Ekmel bəy ağsaçlı, təsirli,
qəşəng və
yaraşıqlı bir
insan kimi təsvir olunur. O, hüquqşünasdır və
iyirmi yeddi ildən sonra ofisini bağlamaqla karyerasını bitirir. Ailə üzvləri baba,
ana, ata və iki böyük qardaşdan ibarətdir. Ailənin ən böyüyü babadır.
Əsərdə onun iri dişlərinin olduğu bildirilsə də, zahiri görkəmi haqqında başqa bir məlumat verilmir.
Pəncərənin qabağında oturub bütün gün gülmədən,
danışmadan çölü
seyr edir. Ona görə də Ekmel bəy babasını evin ağır və yersiz bir parçası
kimi görür. Tənbəl xasiyyətli bu qoca, doxsan
iki yaşında intihar edərək həyatına son qoyur.
Baba nəvəsinin gözündə
lazımsızlığın simvoludur. Doğrudan da, gündəliyinin bir yerində "Babamın babası hiçliğin öyle üstüne basardı ki, canımızı
acıtırdı" - deyərək
o, babanın evdə ziddiyyətli və mənfi xüsusiyyətləri
ilə seçilən
bir insan olduğunu göstərir.
Hekayədə nəvənin
babası haqqında verdiyi bu detalda
iki obrazın oxşarlığına işarə
edir. Gündəliyində
"Sabah pencerenin önünde
oturdum. Genç hiçler geçiyordu caddeden. Onları izledim, yürürken birbirlerine omuz atıyorlar, ikide bir durup gülüyorlardı"
cümləsində onun
da babası kimi saatlarla pəncərənin
qabağında oturduğu,
yoldan keçənləri
bir "heç nə kimi" gördüyü, həyatı
da babasınınkı kimi
"...acı bile vermeyen
upuzun bir sıkıntıdan ibaret"
olduğu başa düşülür. Bu qeyri-adi
hal, susqunluq və heç kimlə danışmamaq istəyi baba ilə nəvənin oxşarlığını
ortaya qoyur. Çünki nəvə də babası kimi sakit və
narahatdır.
Deryanın zahiri görünüşü
ilə bağlı məlumat Ekmel bəyin gündəliyindən
əldə edilir. O,
"...Otuzlu yaşlarının
son evresinde, güzel denemeyecek bir kadındır", uzun boynu, nazik qövslü
burnu var, bir az əyilmiş oturur. Gənc qadının ailəsi atası, nənəsi və böyük qardaşından ibarətdir.
Ailənin ən böyüyü nənədir.
Nəvəsinin gündəliyində
"Ketum, sert (...), dalgın, huzursuz, mağrur, öfkeli" biri kimi təsvir
edilir. Yaşlı qadının otağından
həmişə "Ölümü
çağrıştıran, gençliği solduran bir koku[nun]" gəlməsi
Dəryaya ölümü
xatırladır.
Ekmel bəyin babası və Deryanın nənəsi romanda ilk mənfi obrazlar kimi görünür. Çünki bu qocaların hər ikisi nəvələrinin gözündə ətrafa
zülmət yaymaqla yanaşı, həm də ölümü xatırladır və gəncliyi soldurur. Odur ki, məqsədsiz, içinə qapanmış
və sərt təbiətə malik olan
baba və nənə,
romanda bədbəxtliyin
köklərinə işarə
edir. Tunç bu yolla Ekmel
və Deryanın həyatlarındakı bədbəxtlik
və tənhalıqlarına
işıq salır.
Ekmelin gündəliklərindəki ikinci
mənfi şəxs onun anasıdır. Onun gözündə ana qəddardır. Gündəliyinin
bir yerində anasını "Tunçtan
dökülmüş melek
heykeli[ne]" oxşadır.
Qəhrəmanın bu
metaforaları ananın
soyuq şəxsiyyətini
ortaya qoyur. Ananın övladları ilə bu soyuq
münasibəti, əslində,
Ekmelin ən mühüm problemlərindən
biridir. Çünki
o, ana sevgisi və məhəbbəti olmadan böyüyüb. Bunu gündəliyində "Annemin
bağrını tanımadım
desem yeridir" cümləsi ilə ifadə edir. Ana və oğul arasında uzaq münasibət olsa da, Ekmel anasının ölümündən sonra
böyük bir boşluğa düşür.
Qəlbindəki bu dərin ağrını
"Yine de öldüğünde
asitli bir acı dolaştı içimde. Sanki çırılçıplak
sahneye çıkmıştım.
Artık bana dileyen dilediği kötülüğü yapabilir,
öylesine savunmasız
ve yalnızım"
cümlələri ilə
ifadə edir. Anasızlıq, ana sevgisinin
olmaması Ekmel bəydə sağalmayan dərin bir yaraya çevrilir və o, bu əskikliyi
həyatında daima
hiss edir. Gündəlikdə
çəkilən bu
mənfi ana profili Ekmel bəyin psixoloji və mənəvi böhranlarının
başlanğıc nöqtəsi
sayıla bilər.
Derya gündəliyində anasının
adını çox çəkmir. Çünki
anası vəfat edəndə onun altı yaşı var idi və ana sevgisinin, məhəbbətinin
nə olduğunu bilmədiyinə görə
də anasını heç kimlə əvəz etmir. Dəryada anasızlığın
Ekmel bəydə olduğu kimi dərin yara açmadığı görünür.
Cənab
Ekmel atası ilə həyatında ikinci məhvi yaşayır. O, gündəliyində
atası ilə anası arasındakı soyuq münasibətdən
bəhs edir. Onun sözlərinə görə, atası həyatında əks qütbünü tapa bilməyən
birisidir və buna görə də evliliyində bədbəxtdir.
Əslində, həyatının
heç olduğunu və heç olaraq qalacağını çox erkən dərk etməsi zaman-zaman
qəzəb tutulmalarına
səbəb olur. Atadakı bu qəzəb, bədbəxt
bir evliliyin təzahürü kimi görünür. Həyat
yoldaşından hörmət
və sevgi görmədiyi üçün
özünə ikinci
həyat qurur və dəfələrlə
həyat yoldaşına
xəyanət edir. Atanın qəzəbi və bədbəxtliyi evin digər üzvlərində də
özünü göstərir.
Avtoritar rəftarları,
sıxıntıları, bədbəxtliyi
Ekmelə mənfi təsir etsə də, atanın övladlarına münasibətinin
ananınkı qədər
sərt olmadığı
diqqət çəkir.
Onun yeganə narahatlığı həyat
yoldaşı ilə bağlıdır. Çünki
həyat yoldaşından
hörmət və sevgi görmür.
Deryanın da ata problemi
var, amma Ekmel bəydən fərqli olaraq o, atasını nifrətlə xatırlayır.
"...kaba bir adamdı, sevgisini göstermekten hiç hoşlanmazdı" cümlələri
ilə təsvir olunan ata, həyat
yoldaşını itirdikdən
sonra evdən uzaqlaşır və özünə başqa həyat qurur. Nadir hallarda gecələr evə baş çəkir və uşaqlarının bütün
qayğılarını anasına
həvalə edir. Gənc qadının gündəliyində atası
ilə bağlı bu məlumat da ata-qız arasındakı
soyuq və uzaq münasibətləri
ortaya qoyur.
Ekmel bəy gündəliyinə
iki qardaşını
da daxil edir. Onlar da ailədaxili bu problemlərə görə bədbəxtdirlər.
Məsələn, böyük
qardaşı onun gözündə qəbul
edilmiş ümidsizlik,
kiçik qardaşı
isə qeyri-müəyyəndir.
Bu qısa məlumat ailədəki bədbəxtliyin
bütün fərdlərə
təsir etdiyini göstərir.
Derya gündəliyində qardaşının
da adını çəkir.
Lakin onun qardaş profili Ekmel bəyin
çəkdiyi qardaş
profillərindən kəskin
şəkildə fərqlənir.
Ata sevgisindən məhrum
böyüyən Derya,
qardaşını özünə
ata əvəzi olaraq görür və onu, həyatının
sevgisi kimi müəyyənləşdirir. Bu fikrini "Abim babamdı. O her şeyi bilirdi. Ben hiçbir şey bilmezdim" cümlələri ilə
ifadə edir. Onu böyük qardaşına yönəldən
ən böyük səbəb atasızlığıdır.
Suzanın həyatlarına
daxil olması ilə bacı-qardaş arasında münasibətlər
zamanla pisləşir.
Beləliklə, gənc
qadın ilk xəyanət
hissini qardaşından
yaşayır. Deryanın
dediyinə görə,
qardaşı Suzanı
daha çox sevərək ona xəyanət edib. Hətta qardaşının
Türkmənistanda olarkən
sevgilisi Suzana daha çox məktub yazmasından inciyir. Hər halda, o, Suzanı özünə rəqib görür və Suzanın qardaşına olan böyük sevgisini qısqanır. Bu fikrini "...Benimmiş gibi anlattıklarımın
benim olmaması içimi yakıyor" -
deyərək ortaya qoyur. Derya özünü
Ekmel bəyə Suzan kimi təqdim edir və onun
sevgi hekayəsini sanki öz hekayəsi
kimi danışır.
Ancaq bir müddət sonra bu vəziyyətdən çox narahat olduğunu hiss edir. Qəhrəmanın içindəki
boşluq həm sevgisizlikdən, həm də atası ilə əvəz etdiyi qardaşını bölüşmək istəməməsindən
qaynaqlanır.
Suzanın bacı-qardaşın həyatına girməsindən
sonra hər şey alt-üst olur və buna görə də aralarındakı sevgi üçə bölünür.
Gündəliyinin bir yerində Derya "Biz üç kişiydik; oysa aşk iki
kişiliktir" - deyir.
Amma bu vəziyyətdən
ən böyük itkini Derya görür.
"...Suzan'sa abimin değil, benim hayatıma girmiş meğer. Hala hayaleti dolanıyor içimde" - deyərək
Suzanın həyatında
yaratdığı böyük
dağıntını dilə
gətirir. Gənc qadın keçmişi xatırladıqca daha da yorulur və eyni problemləri bir daha yaşamamaq
üçün əvvəlcə
qardaşından, sonra
ətrafından uzaqlaşır,
tənhalaşır və
həyatdan küsür.
Deryanın bu tənhalığını gündəlikdə
keçən "Bütün
gün yağmur yağdı durdu. Fırtına vardı.
(...). Battaniyeye sarındım.
Pencerenin önünde
oturdum. Yalnızlıktan
ağladım" cümlələrindən
anlamaq mümkündür.
Cənab
Ekmelin keçmişindəki
acı xatirələrdən
biri də bazar günləridir. Gündəliyində
"Pazar günleri, hayatın intikam günleri[ydi]"- deyir.
"Evimizde en şaşırtıcı
kavgalar pazar günleri patlardı, ev halkının ortak fanusu içinde
birbirini aralıksız
solumasıyla. Birbirimizin
soluğunu ve tenini, en gevşek
halini, yumuşak karnını, acıyacak yanını, sert çehresini, aptal anlarını, hesaplı bakışlarını pazar
günleri görürdük.
Pazar günleri birbirimizi topluca görürdük. Uzadıkça
gerginleşen kahvaltıların
ardından babamın anneme dair ümitlerinin
yorgunluğuna bağlı
olarak seyri değişen günlerdi. Babam, durduk yere kalkın, giyinin gezmeye gidiyoruz diye tuttururdu. Ben sevinerek koşarken giyinmeye, annemin küçümseyen bakışlarıyla
dizlerim tutulurdu".
Bazar günləri ilə bağlı bu nizam Ekmelin evliliyində də davam edir.
"Evliliğimin pazar
günleri diğerinin
aynıydı" - deyərək
həyatında dəyişməz
döngəni vurğulayır.
İndi həyatında bazar günlərini xatırladan
hər şeydən uzaq durur. O, bazar günlərində səhər
yeməyini, bazar günü
qəzetlərini və
ailə ziyarətlərini
aradan qaldırır. Ancaq pəncərədən
bayıra baxanda şəhərin səssizliyi
ona günlərdən
bazar olduğunu həmişə
xatırladır.
Romanda Ekmel bəylə Derya da bədbəxt evlilikləri ilə diqqət çəkirlər.
Ekmel bəy gündəliyində həyat
yoldaşı ilə arasında sevgi olmadığını, həyat
yoldaşının ona
dəyər vermədiyini
və bu səbəbdən evliliklərinin
zamanla korlandığını
qeyd edir. Sevgi olmayan evdə
heç bir şeyin dəyəri yoxdur; insanlar və əşyalar öz əhəmiyyətini
itirir və hər şey getdikcə dəyərsizləşir.
Ekmelin qızı
Bilge də bu bədbəxt evliliyin məhsulu olaraq dünyaya gəlib. Gündəliyin sətirləri
arasında o, atasının
gözündə dəyərsiz
bir varlıq kimi təsvir edilir. Gündəliyində
bunu "Niye Bilge koydum ki adını? Zararsız bir çiçek adı koysaydım keşke: Nergis, Çiğdem, Fulya, hatta Gül" cümləsindən də
anlaşıldığı kimi, ata qızının
adı ilə tamamlanan xasiyyətindən
narazıdır.
Ata ilə qızı arasındakı bu soyuqluq Ekmellə anası arasındakı qırılan münasibətə
bənzəyir. Ekmel bəyin özü də bədbəxt bir evliliyin məhsuludur.
O da ailə qurub və bu bədbəxt
evliliyindən öz təbirincə, "eybəcər"
bir övlad dünyaya gəlib.
Ekmel kimi Deryanın da evliliyi bədbəxt olub. Sonradan əri Cihanla evlənmənin səhv olduğunu anlayır,
"...evden giden ben olayım, enkazı ona devredeyim. Boşluğun acısını
o çeksin" - deyərək
yaşadığı evi
tərk edir, hər şeydə olduğu kimi, sevgiyə də inamını itirir, getdikcə tənhalaşır
və içinə qapanır.
Göründüyü kimi, romanda Ekmel və
Derya bədbəxtlikləri
ilə seçilirlər.
Şübhə yoxdur
ki, bu qəhrəmanların
hər ikisinin bədbəxtliyinin təməlində
bədbəxt uşaqlıq,
bədbəxt valideynlər
və bədbəxt evliliklər dayanır. Bu bədbəxt, özünə
qapalı ruh halı onları həm cəmiyyətdən
uzaqlaşdırdı, həm
də evlərinə qapanmağa məcbur etdi. Ekmel bəyin
fikrincə, ev ana bətnidir, ən etibarlı yerdir. Belə olan halda Ekmel bəyin
evə qapanmasını
anasına həsrət,
anasının yanına
qayıtmaq arzusu kimi də anlamaq
olar.
Cənab
Ekmel gündəliyində
həyatın nə olduğu ilə bağlı özünə
suallar verir. "Düşündüm, BİR HAYAT NEDİR? Başlar ve biter, BİR HAYAT NEDİR? Acı
ve tatlıdır, unutulur hepsi, BİR HAYAT NEDİR?
Emin olmasam da 'hayat bir
iz bırakmaktır' diyebilirim. Mezar taşı bir iz sayılır mı, emin değilim.
Razı olan için mezar taşı bir izdir. Ben razı
değilim. Gerçi elimden ne gelir?"
cümlələri onun
həyatda bir iz buraxmaq istədiyini,
lakin bunu bacarmadığını göstərir.
Görünən odur
ki, Ekmel bəy yaşadığı
dövrdən uzaq, gələcəyə ümidsizdir.
Keçmiş də,
gələcək də
onda parçalanmışdır.
Bu parçalanmanın
mənbəyinin ilk növbədə onun ailəsi olduğu anlaşılır. Valideynləri
arasındakı problemlər,
anasının ailə
münasibətlərindəki soyuqluğu və qəzəbli bir ata, Ekmel bəydə
sağalmaz yaralar açıb. "Annem evimizi ev yapmamıştı"
cümləsindən də
anlaşıldığı kimi, ananın üzərinə düşən
vəzifələri yerinə
yetirmədiyi və bütün ailənin bu səbəbdən dağıldığı görünür.
Ekmel bəy
gündəliyinə ölümdən
bəhs etməklə
başlayır. Bu başlanğıc onun ruhi vəziyyəti haqqında mühüm məlumatlar verir. O, özündən və həyatından razı deyil.
Derya da
Ekmel bəy kimi həyatdan küsmüşdür. Anasını
itirməsi, daha sonra atasının evdən uzaqlaşması ilə böyük dağıntılar yaşayan
gənc qadın, yeganə dayağı olan qardaşına bağlansa da, Suzanın həyatlarına
daxil olması ilə aralarındakı münasibət korlanmış
və qopmuşdur. Zaman keçdikcə ətrafı ilə əlaqəsini kəsir və evdə təcrid olunur. O da Ekmel bəy
kimi özünü həyatdan bezmiş hiss edir. Ölüm,
kədər, ümidsizlik
və məqsədsizlik
də Deryanın ruh halının qabarıq xüsusiyyətləridir.
Əsərdə bu iki yaralı
təsadüfən qarşılaşır.
Ailələri, uşaqlıq
və gənclik illəri, evlilikləri, indiki həyatları, problemləri oxşardır.
Ekmel bəy tənhalıqdan bezmiş,
danışmağa adam
tapmaq bəhanəsi ilə evini satışa çıxarır.
Bu münasibətlə
özünə uyğun
dost axtarır. Evə zəng edənlərdən biri də Deryadır. Onu da tənhalıq
bürüyür, əslində
ev almayacaq, danışıb tənhalığından
qurtulmaq istəyir; onlar Ekmel bəylə
satılıq ev vasitəsilə tanış
olurlar. Bu, "Kendine benzeyen bir damla arayan
ve bir türlü
suya karışamayan iki yağ damlası[nın]", iki tənha adamın görüşüdür.
Nəticə
Bütün bu misallar və
hər iki personajın gündəliklərində
tez-tez keçmişdən,
ailə üzvlərindən
bəhs etməsi onların problemlərinin mənbəyinin uşaqlıq
illərində, ümumiyyətlə
valideynləri ilə münasibətlərində olduğunu
göstərir. Klassik
psixologiyanın banisi Freydin fikrincə, psixi pozğunluqların və bəzi depressiyaların səbəbləri,
insanın öz şüuraltına basdırdığı
və ya şüursuzluğuna itələdiyi
xatirələrlə bağlıdır.
Bu səbəbdən Freyd analizlərində xəstənin keçmişinə,
xüsusilə uşaqlıq
illərinə gedir və valideynləri ilə münasibətinə
diqqət yetirir. "Suzan Defter"də, hər iki obrazın
bədbəxtliyinin, ümidsizliyinin,
tənhalığının, cəmiyyətdən qopmasının
kökündə "bədbəxt
ailə həyatı",
avtoritar atalar, ana və ya
ata sevgisindən məhrum olmaq kimi problemlər dayanır. Bədbəxtlik
babadan, atadan və ya anadan
uşaqlara miras qalan dəyişməz tale kimidir. Uşağın
həyatı onun böyüdüyü sosial
mühitlə eyni ardıcıllıqla davam
edir. Ekmel və Derya misallarında
da göründüyü
kimi, keçmiş gələcəyi qurur. Tunçun romanı, bədbəxt insanların
qalereyasına bənzəyir,
bədbəxtlik isə
onlara keçmişdən
qalan mirasdır.
Gülzar
MƏMMƏDOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.30-31.