Sev. Anla. Bağışla.
Uzun
zaman öncə bir
video izləmişdim. Çoxdandır
uçmayan bir qartalı dağın ən hündür yerinə çıxarmışdılar
və uçmasını
gözləyirdilər. Məskəni
zirvələr olan bu quş isə
sanki qanadları olduğunu unutmuşdu və irəliyə getmək əvəzinə
geri-geri çəkilirdi.
Qorxduğu hər halından bəlli idi. Bu mənzərə qarşısında keçirdiyim
sarsıntı indiyə
qədər xatirimdədir.
Əlbəttə, qartal uçmaqdan
qorxmurdu, o sadəcə
qanadlarını xatırlamırdı.
Çünki ona qanadlarını unutdurmuşdular.
Məncə, dünyanın ən
böyük cəzası
da, mükafatı da "unutmaq"dır.
Bəzən isə
"qanadlar"ını unutmaqdır.
Amma bir çox araşdırmalar sübut
edir ki, əslində,
tamamilə "unutmaq"
mümkün deyil. Biz
heç nəyi unutmuruq, sadəcə nələrəsə alışırıq,
öyrəşirik, nələrsə
barədə daha danışmırıq, susuruq...
"Qanadlarını unudanlar üçün"
Döyüş bitdi.
Hər kəs əlindəki silahları yerə qoydu:
O, əlindəki qılıncları,
mən isə qucağıma bərk-bərk sıxdığım
çiçəkləri...
Hərdən insanlarla razılaşmaq lazım olur...
Acıqla,
hikkəylə, hirslə
yox.
Sakit, zərif bir təbəssüm və halallıqla
"haqlısan" demək.
Onda qarşındakı insan duruxacaq, dayanacaq,
Nə edəcəyini bilməyəcək.
Çünki bu dünyada sevgiylə döyüşməyi
heç kim bacarmır.
Sevgi yeganə duyğudur ki, sən ona qalib
gələ bilməzsən.
Nəhayətində o sənə qalib gələcək.
Başını
qaldır, ətrafına
bax. İşığına
inan. Qaranlığın
səni içinə
çəkməsinə icazə
vermə. Tanrıya inan. Nəhəng kainatı dəqiqliklə
nizamda saxlayan qüvvəyə inan. İnan ki, hər kədərdə bir sevinc, hər şərdə bir xeyir, hər çətinlikdə bir rahatlıq var. Özünü
xatırla; səni ayaqda tutan şeyləri.
Bağışladıqlarını, unutduqlarını, özün
sardığın, sağaltdığın
yaralarını xatırla.
Üzündə dinc bir gülümsəməylə
xatırla və bu təbəssümün
sənə dərs olsun.
Bir gün bu gün baş
verənləri də
eyni təbəssümlə
xatırlayacağına əmin
ol!
Həyat
yarış deyil, savaş da deyil, mübarizə də. Həyat təslimiyyətdir,
nəyəsə rəğmən
yox, nəyinsə acığına yox, sadəcə, istəyirsən
deyə yaşamaqdır.
Qorxma, qorxma. Qaranlığın
üzərinə get. Sondakı
işığı tap. Qaranlıqdan
qaçma, öz işığına güvənib
ona qarış...
Qaranlığa uduzmaqdan qorxma, amma qaranlığa əyilməkdən qorx. İnan mənə, ikincisi daha dəhşətlidir
və səni geri dönə bilməyəcəyin yerlərə
aparar.
Bil ki, təkcə insan olmaqla həyatın üstəsindən gələ
bilməzsən. Biz təbiətin
bir parçasıyıq.
Ondan öyrənməli
çox şeyimiz
var. Ona görə də
bəzən ağac qədər səbrli, günəş qədər
qərarlı, işıq
qədər dözümlü
olmalıyıq.
İşıq olmaqdan qorxma,
Günəş olmaqdan,
ağac
olmaqdan,
ən əsası isə insan olmaqdan qorxma.
Ətrafına bax. Dərslərlə doludur. Ətrafına baxmayan insanlara bax. Anla onları,
sev, bağışla,
unut. Qaranlığı
qəlbində saxlama,
özünü kinlə
yox, sevgiylə bəslə.
Haqlı
olmağa çalışma,
sadəcə var olmağa
çalış.
Sev. Anla. Bağışla.
Sənə daş atanlara gülümsə, onlara gül uzat.
Onlar daş atmaqdan nə olursa-olsun, əl çəkmirlərsə,
sən niyə ruhunun bağçasında
əkdiyin güllərdən
imtina edəsən?
Daş cansızdır.
Gül isə canlı.
"Bu dünyanın qara daşı göyərməz",
amma kim bilir, bəlkə də bir gün
sənin güllərin
yenidən hardasa kök atmaq istəyər.
Baxarsan
ki, hər yan gülüstana çevrilib.
Yaxşıya,
Yaxşılıqlara,
İşığa inanmaqdan əsla, vaz keçmə!
"Bəlkə"lərini
və "kaş ki"lərini ancaq işıqlı günlər
barədə danışarkən
istifadə et.
Sev. Anla. Bağışla.
Digər
duyğular səni əsarət altına ala bilər zaman-zaman.
Əsla
onlara yenik düşmə.
Sevgiylə yox, səni geri çəkən, yaşamağa qoymayan, içini didən duyğularla boğuş hər zaman.
Bu yolda hər kəsi itirməklə üz-üzə qalsan belə, dünyanın ən dəhşətli yalnızlığına qərq
olsan belə, qorxma.
Uğrunda döyüşdüyün sevgi bir gün
bütün yaralarını
saracaq.
Səni
yaxşılaşdıracaq.
Qəlbində açılmış yaraların yerinə işıqlar dolacaq.
Qəlbin,
ruhun çoxpəncərəli
evlər kimi aydınlıq, işıqlı
olacaq.
Hər kəs səndə yaşamağa, hər kəs səndə kök salmağa can atacaq.
İşığın insanları özünə cəlb edəcək.
Başqalarına mayak olmaq səni də gücləndirəcək.
Onda
"dəyərdi" deyəcəksən...
Gözəl günlər eşqinə
ağlamağa dəyərdi...
Amma əgər nifrətə,
kinə, paxıllığa
qapılsan,
Bağışlamaq yerinə intiqam almaq hissilə
alışıb yansan,
Qəlbinin, ruhunun qapılarını
işığa bağlayacaqsan.
Hər kəs qaranlığından
qorxacaq.
Ağır, hisli-paslı, heç
kimə lazım olmayan əşyaların yığıldığı zirzəmiyə
dönəcəksən.
Qaranlıq, qorxulu, vahiməli,
məcbur qalmadıqca
heç kimin enmək istəməyəcəyi,
Köhnə əşyalarla birlikdə
unudulan zirzəmi.
Ruhun hər gün daha da qərq olacaq qaranlığa.
Hər gün içindən oyulacaqsan.
Və bir gün üzərində
inşa edilmiş nə varsa, yıxıb tökəcəksən.
Dağıntıların altında qalacaqsan.
O dağıntılar ki, toplamağa
çalışsan, illərini
alacaq, əllərini alacaq, güllərini alacaq...
Ona görə də hər zaman
Sev. Anla. Bağışla.
Səni sevməyəni də,
Anlamayanı da,
Bağışlamayanı da.
Sev. Anla. Bağışla.
İsrarla sev,
Təmkinlə sev,
Səbrlə sev,
Tanrı
kimi...
Sənə daş atanlara gülümsə,
Və onlara gül uzat!
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.4.