Robert Bresson, yaxud əllərin dili
Təəssüf ki, Robert Bresson haqda bizim
dilcə məlumat yoxdur, fəqət, Bresson kinematoqrafiyanın ana sütunlarından
biridir.
Ona "sinemanın Dostoyevskisi"
deyirlər.
Bresson simvolizmə meyillidir, ekzistensialistdir, inanclıdır.
Onu özəl qılan "gördüyünü
sənin kimi görən ilk insan ol!" - sinematoqrafik prinsipidir.
Bresson peşəkar oyunçularla
yox, adi insanlarla işləyirdi, fəqət, onun sinemanın uzağından
seçdiyi sıradan
insanların çoxu
sonra məşhurlaşdı,
başqa filmlərin əsas obrazlarını canlandırdı.
***
Robert Bressonun 1966-da çəkdiyi
"Au hasard Balthazar" filmi ("Təsadüfi Baltazar") məndən
ötrü onun yaradıcılığının lokomotivlərindən biridir.
Məşhur rejissor Qodar bu filmin ilk izləyicilərindən
olub. O, filmi izlədikdən
sonra kövrəlib və təəssüratını
bir cümləylə
ifadə edib: "90 dəqiqədə bütöv
həyat!"
Və Qodar elə o həftə filmdəki
Mari obrazını canlandıran
Anneylə evlənir...
Filmdə
Şubertin sonatasından,
- əlbəttə, Şubert
musiqinin Kafkasıdır
- istifadə edib.
Bu filmdə mənim diqqətimi əsasən Bressonun əllərlə işləməyi çəkmişdi.
Belə
ki, rejissor erotizmi də, əkşını
da, dramı da əllərin
hərəkətiylə həll
edib.
Filmin əsas qəhrəmanı
Baltazar adlı eşşəkdir.
Marinin bacısıyla vəftiz etdiyi qoduq zamanla
onun və uşaqlıq sevgilisi Jakın kuklasına çevrilir.
Baltazar həm də bu saf sevginin
tək şahididir.
Qürurlu müəllimin qızı
Marinin uşaqlıq sevgilisi Jak, anasının
xəstəliyinə görə
atasıyla şəhərə
qayıtmalı olur.
Vaxt keçir, eşşək
də, Mari də böyüyür.
Bresson eşşəyin timsalında
Marinin, Marinin timsalında eşşəyin
ömrünü göstərir...
Bir növ, bu film qadınlara münasibətlə
heyvanlara münasibətin
oxşarlığı, yaxud
insanın heyvandan bir o qədər fərqli olmadığı
haqdadır. Baltazarın
gözlərindəki məşum
kədərin səbəbiylə
Marinin böyüdükcə
başına gələnlər
eynidir...
Marinin atası Baltazarı satır, Marinin atası qızını görməzdən gələrək
dolayı yolla Marinin özünü duyğusuz, hedonist insanların
qucağına atır...
Maridən ötrü Baltazar, - bu qara, sısqa
eşşək, həm
də ilk sevgisi Jakın simvoludur.
Baltazarın təpiklənməsi, dəfələrlə alınıb-satılması
fasiləsiz işlədilməsi,
ac saxlanması zamanla onun içərisindəki
Jakı - ilk sevgisini də öldürür...
Marinin həyatı eşşəyinin
həyatı ilə eynidir...
Bu eynilik mənə Kafkanın "çevrilmə"sini
xatırlatdı.
Eşşəyin növbəti sahibi
sirk ustasıdır: onu incidir, onunla
cansız əşya kimi davranır, - Marinin yeni sevgilisi kimi... Marinin yeni sevgilisinin dostları kimi... - yəni Baltazarı alqışlayan
tamaşaçılar kimi...
Eşşəyin növbəti sahibi
qoca, tənha kapitalist Baltazarı - o qara, sısqa eşşəyi günün
altında saatlarla işlədir, qamçılayır:
onun üçün həyatın qayəsi puldur; o, münasibətlərini
faydaçılıq və
maddi məsələlər
üstündə qurur.
Və hadisələr
Marini o qoca, tənha kapitalistin qucağına atır... Daha doğrusu, o, sevgilisindən
ayrılmış, evə
qayıtmağa utanan,
yağışın altında
qalmış yeniyetmə
qızın ehtiyacından
sui-istifadə edir.
Mari eşşəyin yanına
qayıdır, qoca kapitalistin vəhşiliyinə
dözən eşşəyindən
bir divar o tərəfdə həmin
qocayla sevişir...Yəni heyvan kimi...
Mari sevgisizlikdən əziyyət
çəkir... Yəni
heyvan kimi...
Hətta
uzun illərdən sonra şəhərdən
qayıdan uşaqlıq
sevgilisinin evlənmək
təklifinə belə,
"yox" deyir və təzə sevgilisinin yanına qayıdır.
Təzə sevgilisi və dostları isə onu soyundurur, döyür və zorlayırlar... Yəni heyvan kimi...
Eşşəyin növbəti sahibi
- alkoqolik, səfil elə eşşəyin üstündəcə ölür.
Mari ölür, Marinin atası ölür, Marinin yeni sevgilisi və dostu sərhədi
keçə bilmirlər.
Marinin anası... - o təkdir, bircə Baltazar var: o qara, sısqa eşşək...
(Xatırladım ki, Marinin
bacısı hələ
uşaq ikən, vəftizdən bir neçə gün sonra ölmüşdü)
Və
Baltazar - o qara, sısqa
eşşək ölür...
quzuların səs-küyündə...
Yəni insan kimi...
Ömər XƏYYAM
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.5.