Kiçik şeirlər

 

Qardaşım Günələ

 

 

Quş olub uçdu qardaşım...

Ağzımdakı dəni kiminlə bölüşüm?

 

***

Sənə görə batdım...

Günəşin hər səhər sənə görə çıxdığı dünyada.

 

***

Anama yalan dedim...

Doğrular öldürürmüş adamı.

 

***

Bu yaşıl çəmən qardaşımın saçlarıdır.

Uzanıb yaman.

 

 ***

Bu duman kimin qaşqabağıdır?

Göy üzünün sarısı kimin kədərlidir...

 

***

Bu səfil qoca acdı yəqin,

Bu səfil ruh doyub artıq...

 

***

Bu gölün susqunluğu səni aldatmasın,

Mən eşidirəm ördəkləri

            hürküdən o dəli bağırtını...

 

 ***

Aynaların qırığında əks olunar doğru

Sınmasa bütov olmaz ömür...

 

***

Mənim qarım ərimədi,

Mənim suyum donmadı...

 

 ***

Həyata satamadın malını,

Ölüm verdi dəyərini.

 

***

Sən gül kimi açıldın,

Tikan bilib kəsdilər...

 

 ***

Qu quşunun nəğməsi uzun olmur,

Sən çox yaşamadın, qu təmizi qardaşım...

 

***

Günəş Gorgaha düşürmü, görən?

İsidirmi sümüklərini?

 

 ***

Bu qarını tanıdınmı?

Tanıdınmı vaxtdan çıxmış ananı?

Bu qocanı tanıdınmı?

Tanıdınmı qardaşını?

 

 ***

Ömür yalan imiş,

Bu sarı almanı dişləyəndə bildim bunu...

 

 ***

Sənin dörd tərəfin var

Mənim dörd divarım...

 

***

Nadana qul olduq,

Nəfsimizə paşa.

 

 ***

İnsan var - Allah olmaq istəyir,

Allah var - İnsan.

 

***

Payız sarı deyil...

Payız sənə sarıdır.

 

 ***

Güllər solmaz, bir bitməsə,

Ölüm olmaz, bir dirilməsək.

 

 ***

Bağla kitabını bitdi ömür,

kitabını ömür başladı...

 

 ***

Sən içimdə olanı

Özüm özümlə danışıram ancaq.

 

 ***

Həyat bu göz qırpımı -

qalıb ki?

Sənə gətirim burdan?

 

 

Orxan FİKRƏTOĞLU

Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun (¹22).- S.5.