Natiq Məmmədli yaradıcılığı: həyat
eskizləri realist, magik,
postmodern, absurd güzgüdə
Natiq Məmmədli imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan və sevilən
imzadır. Onun "Ləyaqət düsturu"
(hekayələr toplusu,
2012), "Körpüdə ümid" (roman, 2014), "Qəhrəmanım
sənsən" (hekayələr
toplusu, 2020), "Sev"
(roman, 2021) kitabları işıq
üzü görüb.
Natiq Məmmədlinin hekayələri
mövzu rəngarəngliyi
qədər dinamikası
ilə də seçilir. Yazıçının
hekayələri nəinki
oxucu rəğbəti
qazanıb, həm də yerli və
beynəlxalq müsabiqələrdə
ədəbiyyatımızı layiqincə təmsil edən bədii mətnlər kimi də ədəbiyyat tariximizə daxil olub. "Dolma" hekayəsi
2010-cu ildə Nəsimi
Milli Ədəbiyyat mükafatına
layiq görülüb.
"Bekketə salam"
hekayəsi 2014-cü ildə
türkdilli ölkələrin
yazarları arasında
keçirilən Mahmud Kaşğarlı
beynəlxalq hekayə
müsabiqəsinin milli seçim
turunda ikinci mükafatı qazanıb. Natiq Məmmədli ədəbi gündəmimizdə
aktual olan mövzulara öz baxış bucağından
yanaşmağı bacaran
nasirdir. Onun "Şuşa dumanı" hekayəsi Vətən müharibəsindəki zəfərimizdən
öncə qələmə
alınıb və hekayədəki işğalda
olan Şuşa obrazı həmin dövr ədəbiyyatında
təzahür edən
analoji təsvirlərdən
fərqlənir, yazıçı
məlum həsrətin
tam fərqli rakursdan ifadəsini təqdim edir: "Qonum-qonşunun yığışdığı xudmani ad günündə
eləcə dizlərini
ovuşdura-ovuşdura qalmışdı,
zoqqultudan masanın altında ayaqlarını
qoymağa yer tapmırdı, barı durub gəzişməyə
imkan olsaydı, sızıltıları bekara
səngiyərdi. Axı
hara gedəsən: nəzir-niyazla
tapdığın gözünün
ağı-qarası nəvənin
beş yaşı
ola, tifil sevincindən
özünü qoymağa
yer tapmaya, neçə ildən sonra bu qədər
dost-tanışı bir
yerdə görəsən,
axırda da qayıdasan,
siz oturun mən gəzişib gəlirəm, heç olan iş deyildi.
Məclis də ki nə məclis - elə bil hamı
sözü bir yerə qoyub ömürləri boyu məşq elədikləri
bir pərdəli komediyanı növbəti
dəfə oynayırdılar,
hərə bir cürə artistlik edirdi, təki uşağın könlü
xoş olsun. Uşaq neyləsin axı, bu qaçhaqaç
dünyasına mayın
7-də göz açıb,
sabahsa Şuşanın
gedən günüdü...
Loxması boğazında
kilidlənən məğlub
şəhərin sakinlərinin
əllərindən nə
gəlirdi artistlikdən
savayı..."
Ömrünün professional məqamını jurnalistika ilə bağlayan Natiq Məmmədlinin obrazlar qalereyasında media, jurnalistika,
qəzetçiliklə bağlı
obrazlar özünəməxsus
yer tutur. Yazıçının "Yiyəsiz
baş" hekayəsi
də bu qəbildəndir. Hekayədə
əsas vurğulanan məqam jurnalist etikası, peşəkarlıq
və "xəbər
ovu" kəsişməsidir.
Xəbərin məna
yükü, ictimai önəmi, dəqiqlik, qərəzsizlik şouya,
qeyri-dəqiq "sürətli"
məlumata uduzanda, jurnalistika öz yerini, sözün əsl mənasında,
"xəbərçiliyə" verir, "qulaqdan-qulağa"
adlı oyundakı kimi məlumatın ilkin mahiyyəti silinir, küyə çevrilir. Hekayədə
məhz bu cür antiqəhrəman
"jurnalist"lə qarşılaşırıq:
"Mənsə jurnalist
idim. Yayın iki aylıq mənasız "quraqlığından"
sonra nəhayət, avqustun əvvəlində
insan başının
tapılması xəbəri
bütün manşetlərdə
asılıb qalan müstəsna hadisəyə
çevriləcəkdi. Əgər
qabağa düşüb,
şefimin sözü
olmasın, xəbəri
yaxşıca "qazıb"
bütün reytinqləri
dağıda bilsək,
heç şübhəsiz,
reklamçılar da öz
məhsullarını tanıtmaq
üçün məhz
bizi seçəcəkdilər.
Qadın alt paltarından
tutmuş kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə
qədər cürbəcür
reklamlar insan başının kəsilməsi
xəbərini daha yaxşı "qazıyacaq"
qəzetə axacaqdı.
Qəzet demişkən,
qovurduğu tumlarını
qəzet kağızına
büküb satan qoca kişi rəhmətə gedəndən
və isti noxudu müştərilərinə
qəzetdən düzəldilmiş
üçkünc lülələrdə
verən axırıncı
"pivnoy" bağlanandan
sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın
müasir çağırışlarına
cavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı,
xəbərləri avtobusda,
metroda, yol kənarında, bir sözlə, harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk,
əlavə məsrəfə
ehtiyac qalmır". Əslində, hekayənin
adındakı "yiyəsiz
baş" ifadəsi
mətndə təsvir
olunan qətl hadisəsi ilə deyil, bu cür
qeyri-peşəkar jurnalistlərlə
bağlıdır. Peşəkarlığı
xırda məişət
məmnunluğuna dəyişəndə
mükəmməl xəbər,
məlumat hazırlamaq
qabiliyyətinə malik jurnalist
də öz mənəviyyatını qurban
verərək, sadəcə
ağlın, düşüncənin,
istedadın tərk etdiyi "yiyəsiz başa" çevrilir.
Natiq Məmmədlinin "Körpüdə
ümid" adlı debüt romanı baş qəhrəman olan Ümid adlı uşağın məsumluğu və Pirdəlinin "dəliliyi"
prizmasından gerçəkliyin
dərki kimi fəlsəfi bir məqamı bədii kontekstdə işıqlandırır.
Müəllif uşaqla
Pirdəlinin başqaları
üçün əlçatmaz
olanı görüb-eşitməsinə
imkan verən dünyagörüşünün saflığını ruhuna
maddi dünyanın kəsafəti hopmuş insanların çirklənmiş
dünyagörüşü ilə qarşı-qarşıya
qoyur. Romanda cəmiyyətin qanunlarına
kor-koranə boyun əyərək öz fərdiyyətini itirən
insanın maddi həyata uyaraq şüurun diktə etdiyi qanunlara tabe olmaqla mənəvi
ilə, təhtəlşüurla
əlaqəni itirməsi
vurğulanır. Bu çərçivəyə,
qılafa sığmayanlar
cəmiyyət tərəfindən
"dəli" elan edilir
və rədd edilir. "Hünərin
var hamı kimi yox, öz düşündüyün
kimi yaşamağa cəhd elə... xırdaca bir cəhd... Bu torpaqdan güc alan adamların
icad eləyib əsrlərdən bəri
qoruduğu, adına adət-ənənə dedikləri
qayda-qanunlara buynuz göstərmək bir yandan səni fərqli edəcək, o biri yandan isə
hətta ən yaxın doğmalarının
arasında belə təkləyəcək, əvvəl-axır
kürəyini yerə
vuracaq". Təhtəlşüurun
qanunları ilə yaşayan, şüuru inkar edən Pirdəli obrazı bu sosial normaya
müqavimət simvoluna
çevrilir, dünyanın
"normal" və "doğru"
qavranılması arasındakı
faciəvi ikitirəliyi
vurğulayır.
Realizmlə magik realizmin qovuşağında dayanan
"Körpüdə ümid"
romanı idrakın mahiyyəti haqqında, maddi dəyərlərin hökmran olduğu dünyada ruhun saflığını qoruyub-saxlamaq
barədə düşünməyə
dəvət edir, bəzən həqiqəti
görmək üçün
şüur və eqo buxovlarını bir kənara ataraq dünyaya saf bir ruhla,
"üçüncü göz"lə baxmağa
çağırır. Natiq
Məmmədlinin "Körpüdə
ümid" romanı
2018-ci ildə Türkiyədə
də işıq üzü görüb.
"SahilKitab" nəşriyyat
evi tərəfindən
çap olunan kitabın redaktoru və türk dilinə uyğunlaşdıranı
Qönçə Aydəmirdir.
"Körpüdə ümid"
romanı 2015-ci ildə
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl
kəlmə" mükafatını
alıb.
Natiq Məmmədlinin 2021-ci ildə
çap olunmuş,
"Yalnız sevənlər
anlar" epiqrafı ilə oxuculara təqdim edilən "Sev" romanı iki gəncin məhəbbət hekayəsi
fonunda insanın mənəvi seçimlərinin
təzadlı dünyagörüşləri,
dini doqmalar, nəfs və savaşlar kontekstində necə formalaşdığının
bədii planda həllini təqdim edir və əsərdə
istənilən məqamda
sevgini seçmənin,
ona sayğı ilə yanaşmanın insanlığın gələcəyə
miras kimi ötürə biləcəyi
bəşəri dəyərlərdən
ən önəmlisi olduğu vurğulanır.
Romanın qəhrəmanları
olan fərqli dinlərə və mədəniyyətlərə mənsub
iki gənc - Səid və Müjdə sevgilərinin
həyəcanını hiss etdikləri ilk andan daxili mənəvi çəkişmə, sevgi
və vətən arasında seçim, ailəvi münaqişələr,
cəmiyyətin gözləntiləri,
dini qadağalar, milli kimlik kimi dərin
konfliktlərlə üzləşirlər.
Əsər 2018-ci ilin
yanvar ayında Bakıda miqrasiya xidmətində işləyən
əsas narratorun düşüncələri ilə
başlayır. Ölkəsindən
sığınacaq istəyən
bir gənci qəbul edən, onun hekayətini diqqətlə sənədləşdirən
qəhrəmanın daxili
düşüncələri müraciət edən şəxsin vəziyyətinə
rəğbət yönündədir.
O, sığınacaq istəyən
gənclərin işi
ilə bağlı qərarı gözləyərkən
müsahibənin təfərrüatlarını
yaddaşında vərəqləyir,
hər sözü, jesti təhlil edir və səylərinin
nəticəsiz qalmayacağına,
sevginin, ədalətin
qalib gələcəyinə
ümid edir. Məhz Sarı Qarayev adlı bu məmurun öz yazıçı dostuna Sədi və Müjdə sevgisini nəql etməsi ilə yeni, interkultural kontekstli bir sevgi romanı
yaranır. Romandakı
hadisələrin müxtəlif
məkanlarda - Bakı,
Banqkok və Şri-Lankada cərəyan
etməsi mövzunun müxtəlif mədəniyyətlər
və sosial kontekstlərdə açılmasına
imkan verir. Natiq Məmmədli romanda "Yaxşı və Aşıq" məhəbbət dastanımızla
paralellər aparır,
lakin bu paralellər fərqli bədii priyomla gerçəkləşdirilir. Məhz
adını Sarı Aşıqdan alan miqrasiya məmurunun - Sarı Qarayevin bu sevgi hekayətinin
qəhrəmanları ilə
rastlaşmasındakı təsadüfün
sirri vasitəsilə Müjdə Səid məhəbbətinin sakura
möcüzəsini buta
verilmiş aşiqlərin
dastanının mistik
gücü ilə birləşdirir. Səidi
öz Müjdəsinə
məhz haqq aşiqi Sarı Aşıq real-irreal kontekstdə
qovuşdurur: "- Mən məcbur oldum, Müjdə. Heç demə, Siqiriyadan sağ çıxmamalı
idim. Əmr beləymiş. Bilirsən,
o qalaya necə nifrət edirəm, elə məni öz nifrətimlə də boğub öldürmək istəyirdilər.
Dadıma Sarı Aşıq yetdi. Elə səni tapmaq üçün də yolu mənə
o göstərdi. - Nələr
deyirsən? Nədən
danışırsan, əzizim?
- Ağlınla fikirləşmə,
Müjdə, məntiqi
bir kənara at, sən demə, məntiq çoxdan ölübmüş, sadəcə,
heç kimin bundan xəbəri yoxdu. Qəlbinin səsini dinlə. Aşıq məni qalanın sirli yollarından keçirdi, sonra dedi ki, burnuma dəyən Sakura ətrinin dalınca düşüb getsəm,
səni taparam. Və bir daha
heç vaxt, heç vaxt yanından ayrılmayacağam".
Beləliklə, milli mifologiya və
folkorumuzun haqq aşığı anlayışı,
mistikası məhəbbətin
ölümsüzlüyünü interkultural səviyyədə
reallaşdırır. "İlıq yaz günəşinin Həkəri
çayını cana
gətirdiyi, dərələrdə
güllü xalça
sərdiyi xoş günlərin birində haqq aşığının
ziyarətinə getməyi
qərara aldım. Hamını qabaqlamaq üçün tələsirdim.
Lakin demişdim axı,
heç də hər şey bizim əvvəlcədən
düşündüyümüz kimi getmir. Onlar
artıq ordaydılar.
Tək məni yox, dünyanın bütün sevənlərini
qabaqlamışdılar. Səidlə
Müjdə Sarı Aşığın viran qoyulmuş türbəsinin
dayandığı təpəlikdən
mənə əl edirdilər. Güllü yamacda atılıb-düşən
mavi gözlü körpənin gülüşü
isə Həkərinin
büllur sularına qarışıb sevgiyə
susamış diyarlara
tərəf axırdı.
Mən öz yazdıqlarıma inanıram.
Sevgiyə söykənərək,
ona inanaraq yazmaq tamam ayrı
hisdir. Yalnız sevənlər anlar..."
Natiq Məmmədlinin "Sev"
əsəri postmodern poetika,
mistik realizm elementləri, realist həyat
lövhələri, irfan-folklor
obrazları və fəlsəfi qatlarla zəngin polifonik roman kimi müstəqillik dövrü ədəbiyyatımıza
daxil olmuşdur.
Yaradıcılığı mövzu, janr, ədəbi cərəyan baxımından
rəngarəng olan Natiq Məmmədli dramaturgiyada da öz qələmini sınamışdır.
Natiq Məmmədli nəsrində təzahürlərini
izlədiyimiz absurdizm onun dramaturgiyasında daha ardıcıl şəkildə izlənilir.
Onun "Dumana bürünmüş" (2016), "Əmanət" (2017), "Müqəvva"
(2018) pyesləri Azərbaycan
absurd teatrının fonduna
daxil olan dəyərli ədəbi
nümunələrdir. Bu pyeslər
içində "Dumana
bürünmüş" pyesi xüsusilə seçilir. Müəllifin
özü də müsahibələrinin birində
bu pyesin yaradıcılığında özəl yeri və önəmini vurğulayır: "Bu pyes
Şuşanın azad
olunmasından yeddi-səkkiz
il əvvəl yazılıb.
Orada da insanlar Qalaya - Şuşaya qayıtmaq istəyirlər.
Həmin insanlar qalalarını itirdikləri
üçün özlərini
də itiriblər. Qalaya qayıtmaq istəyən insanlar ora dumanla qayıdırlar.
Duman, ümumiyyətlə,
mənim çox sevdiyim bir elementdir.
Bu element mənim çox
köməyimə gəlir.
Ədəbiyyatda duman
elementi çox işlənib. Kafkanın əsərlərində Praqa
dumanı var, rus ədəbiyyatında Peterburq
dumanı var, ingilis ədəbiyyatında London dumanı
var. Mənim ən çox sevdiyim duman öz dumanımızdır,
Şuşa dumanıdır.
Bu dumanın yaradıcı
gücü digər dumanlardan heç də az deyil"
(Yaradıcı insan özünü təkrar edirsə o dayanmalıdır:
"Müstəqillik dövrü
Azərbaycan yazıçısının
yaranmaqda olan obrazı hələ ki sovet yazıçısı
obrazına uduzur"
/N.Məmmədli; söhbətləşdi: E.Qaragözova
// Olaylar.-2024.- 5-18 aprel, ¹12.- S.15, 17.) Qeyd edək ki, bu pyes 2017-ci ildə "Səda" tədris teatrında Mədəniyyət və
İncəsənət Universitetinin
Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələrinin
iştirakı ilə
səhnələşdirilib.
Natiq Məmmədlinin yaradıcılığı
bir kaleydoskop kimi həm varlığa
dair dərin fəlsəfi düşüncələri,
həm də gündəlik həyatın
realist eskizlərini əks
etdirir. Onun əsərlərində realizm
absurdizmlə, postmodernlə,
magik realizmlə yanaşı təzahür
edir, bədii palitrasındakı parlaq
çalarlar müxtəlif
yaş kateqoriyasına
aid olan, fərqli peşə sahiblərinin daxili aləmini, hisslərini ustalıqla bədii mətnə çevirir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.7.