"İrodun kölgəsi"ndə
Dərin Dövlət
Çağdaş Azərbaycan türk
ədəbiyyatının əsas
detektiv yazıçılarından
biri, şübhəsiz
ki, Çingiz Abdullayevdir.
Ümumiyyətlə, kəşfiyyat/casus,
siyasi detektiv, mafiya və
"whodunit" (kim edib)
romanları ilə tanınan müəllif, əsərlərində daha
çox XX əsrin sonu ilə XXI əsrdə, Sovet İttifaqının dağılmasından
əvvəl, dağılması
zamanı və sonrasında, bu regionda, xüsusilə Rusiyada baş verən siyasi və sosial inkişaflar, Sovet İttifaqının dağılmasına
kapitalist sisteminin təsirləri, Sovet İttifaqı daxilindəki
siyasi qarşıdurmalar
və mafiya-dövlət
münasibətlərinə diqqət yetirir. Onun "İrodun kölgəsi", "Uğursuzun
hekayəti", "Xəzinədar",
"Timsah xətti",
"Rəzalətin son həddi"
və "Balkan sindromu"
kimi romanlarını bu məsələyə misal çəkmək olar.
"İrodun kölgəsi"ndə
Rusiyada siyasi, hərbi və ya iqtisadi hakimiyyəti
saxlamaq məqsədi daşıyan bir sıra cinayətlər törədilir. Əsərdəki
hadisələr, Moskvada
seçkilər öncəsi
müxalifət liderinin
həyatına sui-qəsd
cəhdi və ardınca metroda baş verən partlayışla başlayır.
Sovet İttifaqının dağılmasından
sonra Rusiyada baş verən siyasi münaqişə, qurumlar arasında siyasi çəkişmələr,
dərin dövlətin
siyasətə və seçkilərə qeyri-qanuni
müdaxiləsi, bu məqsədlə həyata
keçirdiyi terror aktları
romanın əsas hekayəsini təşkil edir. Əsərdə onun adı çəkilməsə
də, hazırkı prezidentin Yeltsin olduğu aydındır. 1996-cı ildə
Rusiyada ikinci prezident seçkiləri keçiriləcəkdir. Seçki
prosesində ölkədə
siyasi gərginliyin də yaşanacağı
görünür. Çünki
dekabrda keçirilən
seçkilərdə müxalifət
qalib gəlib. Bu, onu göstərir ki, prezident seçkilərində
də böyük ehtimalla qalib gələcəklər. Lakin müxalifətin
seçkilərdə qalib
gəlmə ehtimalı
iqtidardakıları və
dövlət daxilindəki
dərin qüvvələri
narahat edir. Romanda siyasi münaqişənin tərəfləri,
müxalif kommunist rejiminin tərəfdarları
və hökumət üzvləridir.
Rusiya ordusunda və FTX tərkibində toplaşan
bir qrup əsgər (polkovnik Mamontov, Pankov və FTX-nin direktor müavini), maraqlarını, mövqelərini
və rütbələrini
qorumaq üçün
indiki prezidentin vəzifəsini davam etdirməsini istəyir və bu məqsədlə
gizli işlər görməyə başlayırlar.
Çünki hakimiyyət
dəyişikliyi onların
maraqlarına ziddir. Bu
vəziyyət romanda
"Amma hakimiyyətə başqa
birinin gəlməyi hər şeyin sonu demək idi. Bu illər ərzində nə vaxtsa "ictimai mülkiyyət" adlanan
yağlı kətəyə
ağızları ilişmiş
və az vaxtda nağıllardakı
kimi varlanmış çox sayda "qırsaqqız"ın tamamilə
məhv olması demək idi" (səh. 185) sözləri ilə ifadə olunur.
Prezidentin
dəyişməsini istəməyən
Federal Təhlükəsizlik Xidmətinin (FTX) analitik idarəsi rəsmiləri,
seçkiləri manipulyasiya
etmək üçün
"Qoliafın qayıdışı"
adlı gizli bir plan hazırlayır. Çeçenistandakı müharibədən
və Rusiyadakı ümumi ictimai-siyasi şəraitdən istifadə
edərək ölkədə
qarışıqlıqlar yaratmaq,
sui-qəsdlər həyata
keçirmək bu planın hədəflərindəndir.
Bu məqsədlə təhlil
şöbəsi əməkdaşlarının
planlarına müxtəlif
tarixlərdə və
yerlərdə sui-qəsd
və təxribatlar təşkil etmək, lakin günahı çeçenlərin üzərinə
atmaq da daxildir. Bu plan romanda "Məhz o vaxtlar analitik idarənin "Qoliafın
qayıdışı" adlı tam məxfi proqramı hazırlandı.
Müxalifət inamla hakimiyyətə doğru gedirdi və onun yürüşünü
demokratik yollarla kəsmək qeyri-mümkün
idi. Yalnız bir yol qalırdı:
Çeçenistandakı müharibədən
və ölkədəki
ümumi şəraitdən
istifadə edərək
seçkilərin vaxtını
dəyişmək, ləğv
etmək və ya, ümumiyyətlə, konstitusion normaların fəaliyyətini dayandırmaq"
(səh. 186) cümlələri
ilə ifadə edilir. Bununla da ölkədə xaos yaratmaq, fövqəladə
vəziyyət elan etmək,
seçkiləri təxirə
salmaq istəyirlər.
Əsərdə "Qoliafın
qayıdışı" adı altında dərin dövlət qüvvələri tərəfindən
planlaşdırılan qanunsuz
əməllər barədə
aşağıdakı məlumatlar
verilir:
"'Qoliafın qayıdışı"
əməliyyatı. FTX-nin
analitik idarəsi qarşıdakı prezident
seçkiləri ilə
bağlı material hazırlayıb,
nəticə birdir: prezident heç bir halda qalib
gələ bilməz.
Ona görə analitiklər
cəmiyyətdə gərginlikdən
və çeçenlərlə
müharibədən istifadə
edərək ümumi
situasiyanı ağırlaşdırmağı
təklif edirlər. Sənəddə göstərilir
ki, Moskvada nümayişkaranə
terror aktları keçirmək
və buna görə
çeçenləri günahlandırmaq
daha məqsədəuyğundur.
Daha sonra isə fövqəladə
vəziyyət elan edib
seçkiləri təxirə
salmaq lazımdır. Şəhərə Kantemirov
və Taman diviziyaları
yeridilməlidir." (səh.
170)
"Qoliafın qayıdışı"
planına əsasən
"...Ayın 5-də "Ost-Bankın" qarşısında,
8-də metroda" (səh.
135) və "...Ayın
23-də Vnukovo aeroportunda partlayış"
(səh. 280) kimi terror
aktları həyata keçiriləcəkdir. Daha
sonra dərin güclər planı həyata keçirməyə
başlayır. Bu çərçivədə
ilk hərəkət müxalifət
liderinin şəxsi avtomobilinin bombalanmasıdı.
Aksiya keçirilir və müxalifət lideri binaya yaxınlaşarkən
onun olduğu güman edilən avtomobil bombalanır. Əsərdə bu terror aktı belə təsvir olunur:
"Qorxunc partlayış səsi gələndə ofisiantlar podnoslarda şampan paylayırdılar.
Elektrik kəsildi və partlayışın
zərbə dalğası
bir neçə pəncərəni sındırdı.
İsterik qadın qışqırtıları və
qab-qacaq səsləri
eşidildi. Və ani sükut. Özlərinə
gələn insanlar ehtiyatla ətraflarına baxıb nə baş verdiyini anlamağa çalışırdı."
(səh. 12)
Müxalifət liderinə edilən
bu hücumu kimin həyata keçirdiyi isə romanın demək olar ki, sonuna qədər sirr olaraq qalır. Partlayışdan sonra avtomobildən çıxarılanlar
arasında müxalifət
liderinin olmadığı,
lakin "Onun salam gətirən katibi, sürücüsü
və cangüdəni[nin] həlak ol[duğu]" (səh. 13) bildirilir.
FTX rəhbərliyinin "İrodun
kölgəsi"ndə gördüyü
ikinci terror aktı metroda bombalı hücumdu. Bu partlayışda
"11 ölü, 40-dan çox
yaralı[nın]]"
(səh. 24) olduğu açıqlanır və
günah yenidən çeçenlərin üzərinə
atılır. Aparılan
araşdırmalar nəticəsində
hər iki hərəkətdə eyni
növ partlayıcıdan
istifadə olunduğu
dəqiqləşdirilir (səh.
23).
Moskvada baş verən bu iki partlayışdan
sonra bəzi ictimai yerlərdə təhlükəsizlik tədbirləri
gücləndirilir. Hava
limanları, qatar stansiyaları, avtovağzallar
və insanların sıx toplaşdığı
yerlər nəzarətdə
saxlanılarkən, metro stansiyalarında
təhlükəsizlik mexanizmləri
quraşdırılır. Bundan
əlavə, Moskva merinin
təklifinə uyğun
olaraq, şəhərdə
yaşayan bütün
çeçenlərin pasportları
yoxlanılmağa başlanır
(səh. 68), bəzi problemli şəxslərin
ölkədən çıxarılması
qərara alınır
(səh. 35). Əslində
bütün bunlar ölkədə fövqəladə
vəziyyətin elan edilməsinə
hazırlıqdır. Dərin
güclər öz məqsədlərinə çatırlar.
Bu yolla, Abdullayev, 1996-cı il seçkiləri kontekstində
Rusiyada kommunistlərlə
yeni quruluş tərəfdarları
arasında hakimiyyət
uğrunda gedən mübarizəyə və
seçkilər zamanı
dərin dövlətin
təxribat cəhdlərinə
işıq salır,
o illərdə Rusiyanın
siyasi atmosferini üzə çıxarır.
Romanda başqa cinayətlər də var. Prezident seçkilərini təxribat
etmək üçün
"Qoliafın qayıdışı"
planını hazırlayanlardan
biri olan polkovnik Mamontov hadisələri araşdıran
podpolkovnik Vladimir Sergeyeviç
Slavini və onun dəstəsini (mayor Orlovski, Həmzə Ağayev, İnna Svetlova və kompüter mütəxəssisi leytenant
Dima Vinoqrodov) bir-bir sıradan çıxarır,
planlaşdırılmamış qətllər törədir. Bu səbəbdən
də o, romanın ən mühüm cinayətkarı sayıla
bilər.
Təşkilat lideri ayın beşində müxalifət
liderinin öldürülməsi
ilə bağlı öz fəaliyyət planını işə salır. Lakin plan onların
düşündükləri kimi getmir. Çünki
bomba yerləşdirdikləri
avtomobildə hədəfə
alınan şəxs yox, onun katibi,
sürücüsü və
mühafizəçisi olub.
Onların məqsədi
seçilmək şansı
yüksək olan müxalifət liderini sıradan çıxarmaqdır.
Maşın partlayandan
sonra müxalifət liderinin işçiləri
ölür, lakin o, maşında olmadığı
üçün sağ
qalır. Hadisədən
sonra FTX-nin direktor müavini, FTX-nin tərkibində çalışan podpolkovnik
Vladimir Sergeyeviç Slavindən
sui-qəsdin səbəbkarlarını
tapmağı xahiş
edir (səh. 15). Lakin bu əmri verən
FTX-nin müdir müavini də cinayətkardır; yəni
dərin dövlətin
arasındadır, amma
diqqəti cəlb etməmək üçün
qanunauyğun hərəkət
edirmiş kimi davranır.
Əvvəlcə Slavin verilən
tapşırığa uyğun
olaraq cinayətkarların
arxasınca gedir və bu mövzuda
çoxlu məlumatlar
əldə edir. Hadisələrin arxasında
dərin dövlətin
dayandığını kəşf
edir. Bu arada o, çeçenlərin başçısı
Hacı Abdulla ilə görüşür. Moskva camaatı
sui-qəsdlərə görə
çeçenləri günahlandırır,
lakin Hacı Abdulla
buna etiraz edir və Slavinə, günahkarlardan birinin Keçəl İqor ləqəbi ilə tanınan İqor Adaşev (səh. 87) olduğunu deyir. Slavinin Hacı Abdulla ilə görüşü
və Keçəl İqorun arxasınca getməsi dərin dövlət üzvü Mamontovu narahat edir. İfşa olunacağından qorxaraq əvvəlcə Hacı Abdullanı, sonra isə Keçəl İqoru aradan götürür.
Dərin
dövlətin üzvləri
Slavini addım-addım
izləyirlər. Məsələn,
təşkilatın rəhbərlərindən
biri olan Mamontov, Slavinin otağına onun işlərindən xəbərdar
olmaq üçün
dinləmə cihazı
qoyur.
İstintaq davam etdikcə dərin dövlətin planı ilə bağlı məlumatlar ortaya çıxmağa başlayır. Bu kontekstdə
leytenant Dima Vinoqrodov, Slavinin əmri ilə Mamontovun otağında axtarış
apararkən, "Qoliafın
qayıdışı" planını ələ keçirir. Sənəddə,
həmçinin FTX-nin
direktor müavininin imzası da var. Mamontov otağına qalxdıqdan
sonra sənədin oğurlandığını başa
düşür və
Slavini öldürməyi
əmr edir (səh. 169). Dronqo ilə görüşə
getmək üçün
FTX-nin binasını tərk edən Slavin, Mamontovun əmri ilə öldürülür. Sənəd
isə Dima Vinoqrodovun əlindədir.
Slavini öldürdükdən sonra,
polkovnik sənədi tapmaq üçün onu axtarır, lakin çox məyus olur. Bundan sonra cinayətkar,
Dima Vinoqrodovu təqib
etməyə başlayır.
Mamontovun qətlləri,
əlbəttə, bununla
da bitmir. Sonra Slavinin komandasındakı bütün
zabitləri bir-bir sıradan çıxarır.
Hadisələri araşdırmaq üçün
Abdullayevin məşhur
roman qəhrəmanı Dronqo
da o vaxtkı xarici işlər naziri tərəfindən tapşırılmışdı.
Buna görə də
o, Slavinlə birlikdə
əsərdəki hadisələri
araşdıran əsas
detektivdir. Slavinin ölümündən sonra
Dronqo araşdırmalarını
davam etdirir. İstintaq prosesində planın və dərin dövlətin üzvü olan şəxsləri tapır.
Amma dərin dövlət
-Mamontov Dronqonu da izləyir. Mamontov Dronqonun dəfələrlə
Həmzə Ağayevlə
görüşməsinə mane olur və
Ağayevin ölümünə
səbəb olur (səh. 238). Həmzə Ağayev, Hacı Abdulla, Keçəl İqor və Slavinin ölümündən cavabdeh
olan şəxs polkovnik Mamontovdur.
Dörd
qətl törətdikdən
sonra Mamontov, "Qoliafın qayıdışı"
planını davam etdirmək üçün
maneələri aradan qaldırmağa davam edir. Bu dəfə onun hədəfləri planı ələ keçirən Dima Vinoqrodov
və detektiv Dronqodur. Nəticədə
o, aeroportda Dimanı
da tələyə salıb
öldürür. Ətrafındakılara
onun "Terrorçu!"
(səh. 288) olduğunu deyir
və qurbandan "Qoliafın qayıdışı" planını almağı bacarır.
Lakin Dima hava limanına
çatmazdan əvvəl
tədbir görüb,
planın bir nüsxəsini Moskvanın
aparıcı qəzetlərinə
göndərib və ayın 25-də, seçki
günündə Moskvanın
aparıcı qəzetlərində
dərc olunmasını
təmin edib. Sui-qəsd planının ifşası ilə "Qoliafın qayıdışı"
sui-qəsd liderlərindən
bəziləri həbs
olunur, bəziləri istefa verir, bəziləri
isə vəzifələrindən
uzaqlaşdırılır. Bu məlumatdan da göründüyü
kimi, romandakı cinayətlərin hamısı
siyasi xarakter daşıyır və hakimiyyəti əldə saxlamaq məqsədi daşıyan terror aktları
dərin dövlət
qüvvələri tərəfindən
planlaşdırılıb. Hadisələrin sonunda məşhur detektiv Dronqo cinayətkarları taparaq məsuliyyətə
cəlb edir. Bu vəziyyət romanda belə xülasə edilir:
"Prokurorluq FTX işçilərinin,
direktor müavininin, eləcə də polkovnik Mamontovun həbsinə order verib.
FTX direktoru istefa verib. Onunla birlikdə
Müdafiə və Daxili İşlər naziri də istefa verib. Dövlət
duması baş nazirdən hökumətin
personal heyətini seçkilərə
qədər dəyişməyi
tələb edib."
(səh. 313)
Nəticə etibarı ilə
"İrodun kölgəsi"
Rusiyadakı dərin dövlət və onun hazırladığı
gizli fəaliyyət planından ibarət "siyasi müəmma" ilə bu "müəmma"nı həll
etməyə çalışan
Dronqo arasındakı
mübarizə üzərində
qurulub.
Nəticə
"İrodun kölgəsi",
1996-cı ildə Rusiyada
keçirilən seçkilər
zamanı baş verən "qanunsuz hadisələr"dən bəhs
edir. Bu baxımdan onu siyasi detektiv
roman adlandırmaq olar.
Romanda qeyd olunmasa da, sözügedən
seçkilərdə iqtidarda
Yeltsin tərəfdarları və müxalifətdə
olan kommunist rejimi tərəfdarları
iki düşmən qüvvədir. Bu qüvvələrdən
biri olan cinayətkarlar dövlət
daxilində təşkil
olunmuş bir gizli qrupdur və
onların məqsədi
siyasi hakimiyyəti saxlamaq və müxalifət liderinin seçkilərdə qalib
gəlməsinin qarşısını
almaqdır. Bu məqsədlə
bəzi sui-qəsdlər,
təxribatlar, partlayışlar
törədərək, ictimai
asayişi pozmaqla seçkilərin qarşısını
almaq istəyirlər.
Abdullayevin bu romanında aydındır
ki, iqtidarda olanlar və dərin dövləti formalaşdıranlar,
Rusiyada Yeltsin tərəfdarları,
yeni quruluşun siyasi və hərbi elitalarıdır. Müəllif
dolayısı ilə
onları, seçkiləri
sabotaj etməkdə və keçmiş rejim siyasətçilərinə
qarşı sui-qəsd
hazırlamaqda ittiham edir. O, beləliklə, Sovet İttifaqının dağılmasından sonrakı
nizamı qaranlıq siyasi mühit kimi əks etdirir
və dərin dövlətə işıq
salır.
Gülzar
MƏMMƏDOVA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.8-9.