Matsoni
1
Zauri dayı bazardan əliboş qayıtmışdı.
Tutqun rəngli paketi stolun üstünə
qoyanda içindəki
bankalar bir-birinə dəyib cingildədi. Natella xalaya uzun-uzadı izahat verdikcə o da, "vayme"
deyirdi. Söhbətdən
ancaq "Axalsıx"
və "matsoni"
sözlərini başa
düşə bilirdim.
Zauri dayı danışıb qurtarandan
sonra ayaqqabılarını
çıxarıb evə
keçdi. Natella xala üzünü mənə tutub rusca dedi:
- Yol bağlı imiş. Yanğına görə. Axalsıxdan heç kim gələ bilməyib.
Axalsıxla bizim aramızdakı
meşə yanğınlarını
hələ də söndürə bilmirdilər.
Həm dünən axşam, həm bu gün səhər
internetdə xəbər
saytlarında oxumuşdum.
Yolları bağlamışdılar,
kəndləri təxliyə
edirdilər. Yanğının
bizə çatıb-çatmayacağının
müzakirəsi gedirdi.
Natella xala boş bankaları
götürüb içəri
keçdi. Yüksəkdən
uçan yanğınsöndürən
vertolyotun uğultusu səngimək istəmirdi.
Əlimi cibimə atıb siqaret paçkasını çıxartdım,
amma çəkmək
fikrindən daşındım.
Natella xala külqabını yumağa
aparmışdı.
Bir azdan mən də bazara gedəcəkdim. Kaxetiya qovunu almaq istəyirdim.
90-cı illərin əvvəllərində
açılanda ilk sahibi
erməni olduğuna görə Natella xalanın hələ də "Armentorq" dediyi dükanın qabağında köhnə
RAF-dan meyvə-tərəvəz satan kişi bu gün qovun
gətirməmişdi. Səhər
dükana siqaret almağa gedəndə baxmışdım. Tərs
kimi, Zauri dayı artıq bazara getmişdi, yoxsa mən də ona qoşulardım.
Ayağa
qalxıb qapının
kandarına gəldim.
Zauri dayı qonaq otağında televizora baxırdı. Natella xala mətbəxə
çevirdikləri koridorda
onun üçün qəhvə dəmləyirdi.
- Natella xala, mən
günortadan sonra bazara gedəcəm. Bir də baxaram. Bəlkə, o vaxtacan Axalsıxdan kimsə gəldi. Olsa, matsoni də alaram.
- Çox sağ ol, oğlum, özünü əziyyətə
salma. İnanmıram kimsə gələ bilsin.
- Mən yenə də baxaram. Məndən nə gedir ki?!
Qəhvə daşmağa başladı.
- Deyəsən, yenə aşağıdakı köşkdən
almalı olacam, - Natella xala cəzvəni
plitənin gözündən
götürüb qəhvəni
fincana süzə-süzə
cavab verdi.
Burada qatığı, ya da yerlilərin dediyi kimi, matsonini ancaq bazardan, Axalsıxdan gəlmiş kəndlilərdən tapmaq
olurdu, bir də mən qaldığım məhəllədən
aşağıda, dayanacağın
yanındakı xırdavat
köşkündən. Köşkün
həm sahibi, həm də satıcısı olan gürcü qadın bu məhəllənin ən köhnə sakinlərindən idi, qonşulara nisyə mal da verirdi, amma bircə
onun tutduğu qatığı bu məhəllədə qəbul
etmək istəmirdilər.
Natella xala heç bu gün
də köşkə
gedib qatıq almayacaqdı.
Stulun başına atdığım
yaz gödəkçəmi
götürüb həyətdən
çıxdım. Çörəkçi
Avtandil dayı dükanının qabağında
dayanıb siqaret çəkirdi. Məni görən kimi qışqırdı:
- Oho, Zaurinin qonağı gəlib ki!
- Salam, Avtandil dayı, necəsiz?
- Salam, yaxşıyam. Haçan gəlmisən?
- İki gün olar.
- Vayme, - Avtandil dayı siqaret tutduğu əlini alnına apardı, - Keteni görürsən, heç mənə deməyib!
Kete xala Avtandil dayının
həyat yoldaşı
idi. Beşmərtəbəli
binadakı eyvanları
mən qaldığım
evin həyətinə
açılırdı. Səhər
yeməyindən sonra
Kete xala eyvana çıxıb düz nahara kimi hər
tərəfi müşahidə
edirdi. Dünən məni görmüşdü.
Amma nəsə bu gün eyvana çıxmamışdı.
- Hə, dünən Kete xalanı gördüm. Məndən yenə salam deyərsiz.
- Mütləq, oğlum, sən də yolundan qalma, get. Xoş istirahətlər!
Avtandil dayı ilə sağollaşıb əsas
prospektə çıxdım.
Əvvəlcə çayı
keçib mineral su parkına gedəcəkdim.
Bir-iki saat gəzişəndən sonra
köhnə poliklinikanın
yanı ilə geri qayıdıb o biri başdakı piyada körpüsünə,
oradan da yenə çayın bu üzünə, birbaşa
bazara çıxa bilərdim. Amma mineral su parkına getmək üçün şəhər
parkının içindən
keçməli idim.
Bir az tərəddüddən
sonra yolumu uzadıb köhnə vağzalın qabağından
getmək qərarına
gəldim. Şəhər
parkının düz
ortasında mövqe tutmuş Yehova şahidlərinin çənəsinin
altına düşmək
istəmirdim.
Vağzalın qarşısında dünən
təsadüfən parkda
tanış olduğum
avstriyalı turistlərə
rast gəldim. Əslən türkiyəli
Mert və əkiz bacı-qardaş
Lena ilə Leo bu gün burada olmalı deyildilər. Qatarla yuxarıdakı qış kurortuna qalxacaqlarını demişdilər.
Hərçənd indi
turist mövsümü
deyildi, sakinlər mal-qaranı parklara otlamağa buraxırdılar.
Bəlkə, osetin xaçapurisi yeyə bilərdilər, onun da sirri həddən artıq banal idi. Pendirə qənaət etmək üçün içliyin yarısını
kartofdan qoyurdular.
- Siz nə əcəb
burada? Qatara çata bilmədiz?
- Bu gün qatar olmayıb, - Lena dedi, - yanğına görə reysi ləğv ediblər.
- Axı yanğın Axalsıx tərəfdədir...
- Bilmirik, biz buranı tanımırıq, - Mert çiyinlərini çəkdi,
- Bizə elə dedilər.
Qatar yanğın olan yerlərin tərs istiqamətinə gedirdi. Reysi ləğv etməyin bir mənası yox idi. Bəlkə də, hər ehtimala qarşı əlavə təhlükəsizlik
tədbirləri görürdülər.
Mert, Lena və Leo günortadan sonra Tbilisiyə çıxacaqdılar.
Dediklərinə görə
daha burada bir işləri qalmamışdı. Şəhərciyi
tam gəzib dolaşmışdılar,
hətta yerli diyarşünaslıq muzeyinə
də baş çəkmişdilər. Onlara
yaxşı yol arzulayıb mineral su parkına getdim. Həftəsonu olsa da, parkda seyrəklik idi. Deyəsən, hər şənbə və bazar günləri paytaxtdan birgünlük səfərə gələnlər
bu dəfə yanğınlara görə
başqa planlar qurmuşdular.
2
Piyada körpüsünün üstündə
telefonum zəng çaldı. Saburtaloda yaşayan dostum Orxan idi.
- Sən hələ oradasan? Çıxmamısan?
- Buradayam. Nə olub ki?
- Bəs xəbərlərdə
deyirlər, orada hər yer yanır?
Xəbərlərdə elə şey demirdilər. Parkda olanda internetdə
xəbərlərə bir
də göz atmışdım. Orxan səhv salırdı.
- Yox, sakitçilikdir. Heç nə yoxdur. Yanğın Axalsıx tərəfdədir.
- Yollar açıqdır?
- Orxan soruşdu.
- Tbilisiyə gedən açıqdır, Axalsıxa
gedən yox.
Vertolyot
düz başımın
üstündən keçirdi,
gurultusundan Orxanın dediyini eşidə bilmədim.
- Başa düşmədim,
nə deyirdin?
- Bax da, bir şey
olsa, bizə gələrsən. Səndən
xəbər gözləyəcəm.
Orxanla sağollaşıb telefonu
söndürəndə bazara
gəlib çatmışdım.
Əvvəlcə furqonlara
və baqaj yerinə meyvə-tərəvəz
yığılmış maşınlara
baxıb Kaxetiyadan qovun gətirənləri axtarırdım. Sırada
ən axırda birini tapa bildim. Qiyməti soruşanda karıxdım:
- Belə ucuz? Nə əcəb?
- Tez satıb getmək istəyirəm. Deyirlər,
yol bağlanacaq, - qarayanız kaxetiyalı qovun seçmək üçün ayağa qalxdı.
- Kim deyir?
- Marşrutka şoferləri.
Dedilər, axırıncı
reys saat 6-da çıxır, sonra yolu bağlayacaqlar, yanğına görə.
Özümü gülməkdən güclə
saxladım. Buradan axırıncı minik onsuz da həmişə saat 6-da çıxırdı.
Şoferlər yanğını
bəhanə gətirib
müştəri yığırdılar.
Kaxetiyalıya heç
nə demədim. Bəlkə də, deməliydim ki, şayiələrə
aldanıb, malını
dəyər-dəyməzinə satmasın. Ən iri qovunlardan birini çəkdirib aldım. Sonra da bazarı dolaşıb Axalsıx kəndlilərini axtarmağa
başladım. Heç
kimi tapa bilmədim. Kimdən soruşurdumsa, hamı yanğına görə yolların bağlandığını deyirdi.
Qatıq üçün
köşkə getməli
olacaqdım.
Bazardan çıxıb supermarketin
yanına çatanda bir qoca qadın
qolumdan tutub məni saxladı. "Genatsvale! Genatsvale!"
Sonra da gürcü dilində
danışmağa başladı.
Rusca "mən gürcü dilini bilmirəm" deyəndə
qadın bir anlıq duruxdu:
- Vayme, kaxetiyalıya necə oxşayırsan...
Oğlum, kömək
elə, mənə maşın tutaq, şeylərimi də maşına apararsan, ağırdır, mən qaldıra bilmirəm...
Qadının bazarlıq torbalarını
görəndə gülümsədim.
Dünən pensiyalar verilmişdi. Natella xala demişdi. Zauri dayı ilə Natella xala bu ayın
pensiyalarını çaxır
üzümü almaq üçün saxlayırdılar.
Üzümüzə gələn
həftə köhnə
tanışları Kaxetiyadan
üzüm gətirməli
idi. Onu da dünən Zauri dayı telefonla danışıb həll eləmişdi. Bütün
qohum-əqrəbası üçün
çaxırı Zauri
dayı çəkirdi,
hələ mənə
də hər il iki litr qırmızı,
iki litr ağ çaxır verirdi. Builki üzümdən çaxır
payımı da gələn
il bu vaxt qonaq gələndə alacaqdım.
Taksistlə bir yerdə bazarlıq torbalarını
maşının baqajına
yığanda qəfil
gözüm səmaya
sataşdı. Döşündə
qədim qalanın xarabalıqları görünən
dağın arxasından
qalxan qatı tüstü üfüqə
yayılırdı.
- Ora Dabadır?
Taksist dayanıb səmaya baxdı, sonra da çəpəki duran o biri dağı əli ilə göstərib dedi:
- Yox, Daba bu
dağın arxasındadır.
Ora, yəqin, Axalsıx
olacaq. Deyirlər, Axalsıx yanır.
- Axalsıx bu qədər yaxındır
ki?
- Eh, nə deyim, maşınla gedəndə
dağları o qədər
fırlanırsan, heç
bilmirsən yaxındır,
yoxsa uzaq.
Torbaları maşına yığıb
qurtarandan sonra qadın mənə iki mandarin verdi. Mən də "çox sağ olun" deyib mandarinləri yeyə-yeyə
qaldığım məhəlləyə
tərəf addımlamağa
başladım. Bircə
köşkə dəyib
qatıq almaq qalırdı.
Köşkün sahibəsi, həm
də satıcısı
qonşu qadınla söhbət edirdi. Bu qadını tanıyırdım,
Tabidze küçəsinin
sonundakı köhnə
geniş evdə əri ilə tək yaşayırdı,
amma turistlərə otaq kirayə vermirdilər. Söhbətdən
ancaq "Axalsıx"
və "matsoni"
sözlərini başa
düşə bilirdim.
Qonşu qadın evdə hazırlanmış
xinkali ilə dolu sellofan paketi
götürüb gedəndən
sonra köşkün
pəncərəsinə yaxınlaşıb
soruşdum:
- Sizdə matsoni var?
Satıcı məni diqqətlə
süzüb dedi:
- Var.
- Axalsıxdandır? - özüm
də bilmədən dilimdən sürüşüb
çıxdı.
Satıcı qaşlarını çatdı.
Bir az da incikliklə:
- Bəyəm, biz matsonini onlardan pis tuturuq
ki?
- Elə-belə soruşdum,
səhv başa düşməyin...
- İnanıram, sizə inanıram. Amma bu camaat... Sizə nə qədər lazımdır?
- İki banka. Amma boş bankalar yadımdan çıxıb
evdə qalıb.
- Olar, sizin üçün
iki banka tapılar, - satıcı soyuducunu açıb qatıq bankaları ilə dolu gözdən
ikisini götürdü,
- amma bu camaat... Ayrı vaxt heç kim Marinanın matsonisini bəyənmir, indi yanğına görə yol bağlanıb, Axalsıxdan
heç kim gələ bilməyib, hamı matsoni üçün qaçır
Marinanın üstünə.
Sizdən ancaq matsoninin pulunu alacam, bankaların pulu qalsın. Qonaqsız.
Əli NOVRUZOV
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.10.