"Bayquşun harayı": arxaik yaddaşın sirri İmamverdi İsmayılovun interpretasiyasında
"Bayquş və qarovulçu" hekayəsi
əsasında
Millət
vəkili, Əməkdar
jurnalist və yazıçı İmamverdi
İbiş oğlu İsmayılovun (10 iyun
1958, Vənədli, Zəngilan
rayonu) çoxşaxəli
ədəbi fəaliyyətində
bədii nəsri özünəməxsusluğu ilə seçilir.
Bu barədə görkəmli
ədəbiyyatşünas, akademik İsa Həbibbəylinin
"Müdrikliyin özü
və sözü"
adlı ön sözü ilə başlanan "Sonuncu fəsil" kitabında ətraflı şəkildə
bəhs edilir.
Akademik
İsa Həbibbəyli yazır:
"İmamverdi İsmayılovun
təkcə hər biri də bu
və ya digər dərəcədə
ədəbi hadisə
kimi qarşılanmış
"Əzrayıl", "Ocaq daşı", "Qədim kişinin qırxı" romanlarında,
bir-birindən təravətli
hekayələrində ("Yurd gürzəsi",
"Astanada ölüm",
"Göyərçin köçü
və s.) deyil, sözün həqiqi mənasında, geniş rezonans doğuran publisistik yazılarında
da ("Şah və
mat", ""Heyrət", "Taleyin hökmü",
"Qəlbimizin qəlbisi"
və s.) bədiiliyin
fərdi üslubu ilə keyfiyyət halında bütöv təzahürüdür".
Doğma
xalqının obrazlı
təfəkkürünün nümunəsi sayılan və milli folklorumuza söykənən əsərləri,
onlardan yerli-yerində,
süjetə xələl
gətirmədən yararlanma
bacarığı yazıçı
İmamverdi İsmayılovun
qələminə xas
olan xüsusiyyətlərdəndir.
Bu baxımdan ədibin "Bayquş və qarovulçu" hekayəsi
çox aktualdır və mənəvi-əxlaqi,
etik-estetik görüşlər,
dərin psixologizm sözügedən hekayədə
ana xətt kimi şaxələnib geniş
yer almışdır.
"Bayquş və qarovulçu" ilk baxışdan
adi həyat hekayəsini xatırladır.
Belə ki, qarovulçu
adəti üzrə sübh namazına qalxır, daha sonra əlinin zəhməti ilə becərdiyi çiçəklərə,
ağaclara baxıb qürur hissi keçirir. Yazıçının
güllü-çiçəkli bağın təsvirini incəliklərinə qədər,
zərgər dəqiqliyi
ilə verməsi olduqca xoş təsir bağışlayır.
Yaxın
dostunun oğlunun təklifi ilə onun bağında qarovulçuluğa başlaması,
bu arada da işini çox sevməsi və ən ümdəsi isə bütün bunların onun tənhalığına, sarsıntılarla
dolu həyatına bir rəng qatması,
yeganə təsəllisi
kimi canlanır. Beləliklə, əsas obrazlardan biri, adı keçən məqamdan oxucunun rəğbətini qazanan qarovulçunun gündəlik
həyat tərzi ilə yön alan süjet xətti get-gedə dərinləşir. Qəfil
peyda olan bir bayquş bütün sükutu əməlli-başlı pozur,
qəhrəmanın öz-özlüyündə
daxilini didib-parçalayan,
məhvinə rəvac
verən hadisəyə
çevrilir. Bu məqam
müəllif tərəfindən
belə təsvir edilir: "İki həyət o tərəfə,
bayquş özünə,
sanki cəhənnəm
yuvası qurmuşdu: deyilənə görə,
sahibi nə qələt eləmişdisə,
tutub içəri salmışdılar, hələ
indi də cəzasını çəkir...
Düşər-düşməzinə görə yaxın durub almaq istəyən
yoxuydu, ot-əncər,
qurd-quş basmışdı
oraları.
Bəduğur bayquş, qolu-qıçı
qırılmış, qaşına-qaşına,
gəlib keçmişdi
kor ocaq başına, qaranəfəs
zinhar tökməyə
başlamışdı..."
Elə
ilk baxışdan bu bəduğur quşun peyda olması qarovulçunu narahat edir. Lakin əsl həngamə qulluq etdiyi bağın yiyəsinin təkidlə,
bayquşu güllə
ilə vurub öldürməsini tələb
etməsindən sonra başlayır. Bu məqamda
qəhrəman iki yol ayrıcında donub qalır. Bir tərəfdən ömür
boyu hörmət-izzət,
yaxşılıq gördüyü
bağın sahibinin bayquşu onun məhv etməsi istəyi, digər tərəfdə isə əlini günahsız bir quşun qanına batırması qorxusu fikrini əməlli-başlı məşğul
edir. Qəhrəmanın
keçirdiyi iztirablar
ustalıqla təsvir edilir: "Adama nə təhər deyərlər; ya bayquşu öldürüb
ağzını yummalı,
ya da, onun yerinə özün rədd olub getməlisən!..."
Hekayə
boyu qoca qarovulçunun daxili təlatümləri, çəkdiyi
mənəvi əzablar,
bütün həyatının,
ağrılı-acılı günlərinin kino lenti kimi gözünün qabağından ötüb
keçməsi olduqca
real, təsirli lövhələrlə
canlandırılır. Ələlxüsus
da, qolları üstündə
can verən sevimli həyat yoldaşının
gah yuxusuna gəlməsi,
gah da xəyal olub qarşısında canlanması
yazıq qocanı çox sarsıdır. Görkəmli ədib bu məqamda yuxu motivindən hadisənin ruhuna uyğun şəkildə,
süjetə xələl
gətirmədən, onun
təsir qüvvəsini
daha da artırmaq məqsədilə yararlanır.
Göründüyü kimi, İmamverdi İsmayılov
əsərlərində folklor,
ən çox da xalq dastanlarımızda müraciət edilən yuxu motivindən ustalıqla bəhrələnmişdir.
Burada qarovulçunun başına gələcək
qəzavü-qədərin yuxuda ona əyan
olması bədii priyom kimi götürülür.
Yazıçının belə
addım atması heç də təsadüfi olmayıb, yuxuya qədim zamanlardan sirlərlə dolu bir aləm
kimi baxılması ilə izah edilir.
Həyatda baş verəcək
hansısa bir hadisənin yuxuda öncədən agah olması halları ilə tez-tez qarşılaşırıq. Ümumiyyətlə,
yuxuyozmalarla bağlı
dilimizdə çox fərziyyələr dolaşmaqdadır.
Onlardan birində deyilir ki, ilaxır çərşənbə və
ya bayram axşamı duzlu kökə yeyib yatsan, yuxuda gələcək həyat
yoldaşın olacaq şəxs və ya onun yaxın
qohumu sənə su verəcək. Xalq təbirincə, yuxunun söylənmə vaxtı da çox böyük əhəmiyyət
kəsb edirdi. Məsələn, indi də xalq arasında
belə bir inanc vardır ki, şər vaxtı yuxu danışmazlar, əgər danışsalar
da mütləq "İşığa
danışıram" söylənməlidir.
Yuxunun sübh tezdən, günorta və ya gecə
görülməsi ilə
bağlı inanclar da
vardır. Belə ki, sübh tezdən, görülən yuxular adətən çin olursa, günorta yuxuları heç bir mahiyyət daşımır. Hətta,
yuxuların həyata keçmə müddəti
ilə bağlı mülahizələrdə mövcuddur.
Əsasən, bu müddət yeddi və ya on bir
gün hesablanır. Görkəmli folklorşünas
Azad Nəbiyev yuxuların
həyata keçməsini
əks etdirən ayın günləri ilə bağlı maraqlı fikirlər irəli sürmüşdür.
Burada ayın günlərini ehtiva edən sıralanma təqdim edilir. Sıralanmada hansı tarixdə görünən
yuxuların uğurlu,
hansı tarixdə isə uğursuz olduğu yorumlanır .
"Bayquş və qarovulçu" hekayəsində
də yuxu motivi ustalıqla ədəbi mətnə gətirilir. Hekayədə
oxuyuruq: "...O günnən
qarovulçu bir əlçim şirin yuxuya həsrət qalmışdı, qara-qara
fikirlər beynini qarışdırır, qəlbini
əzirdi... Elə ki,
gözünün hovunu
almaq istəyir, rəhmətlik arvadı yuxusuna gəlir, ah-naləsi qulaqlarına dolur, vay-şivənlə,
ölüsünü qoyub
dirisini ağlayır.
"Gəl ay kişi,
yalqız qoymusan məni, heç itirib-axtarmırsan, yada salmırsan,
yeddi ağac uzaq gəzirsən məndən... Gəl, hardasan?!."
- deyib fəryad qoparır. Mətndə müəllifin qarovulçunun
mərhum arvadının
onu təkidlə, durmadan yanına çağırması boş
yerə deyil, axı, dünyasını
dəyişmiş bir
şəxsin yuxuda səni haraylaması, yanına çağırması
xeyirliyə əlamət
sayılmır. Adətən,
belə olduqda, həmin dünyasını
dəyişən insanın
adına Quran oxudub,
halva çalmaq məsləhət
edilir.
Qarovulçunun birinci yuxusu başına gələcək
bəlanın ilk carçısı
olduğu halda, ikinci yuxusu daha
dəhşətli hadisələri
ehtiva edir. Belə ki, bu yuxu əsl kabus
olub, ölüm qoxusu saçır. Yuxu vasitəsilə edilən xəbərdarlığı
qarovulçu özü
də dərk edir və əməlli-başlı
xoflanır. Hekayədə
qarovulçunun daxili iztirabları, heç kimə açıb deyə bilmədiyi kabusun buraxdığı təəssürat belə
təqdim edilir: "Qızının uzun illərdən sonra, elə bayquşun caynaqlarındaca, yuxusuna gəlib haram qatması və ulayıb, tozanaq qaldırıb, nəmli ilğımlar kimi buxarlanması-kişinin
yaralı qəlbinin közünü qopartmışdı..."
Qoca qarovulçu başına
gələnlərdən təngə
gəlib, hadisələrin
müsbət məcraya
yönəlməsinə, əvvəlki
axarına düşməsinə
çalışsa da, bacarmır.
Çıxış yolunu
qonşu həyətin
qarovulçusunun yardımında
görür. Lakin əcəlin
öz əli ilə yanına gətirməsindən bixəbər
olur. Uzun söhbətdən sonra həmkarını "suç
ortağı" olmağa
razı salır. Lakin
atalar doğru demişkən: "Sən
saydığını say, gör fələk nə sayır..." Həmin gecə bayquşa atılacaq güllələr qəfil
açılaraq, qoca bağbanın kürəyindən
dəyir və qocanı nahaq qana batırır...
Hekayənin əvvəli, təbiətin
gözəlliklərinin təsviri
ilə finalındakı
dəhşətli mənzərə,
qoca qarovulçunun al
qana boyanmış bədəninin yerə sərilməsi bir təzad təşkil edir. Bu təzad müəyyən mənada
bizə folklor əsərlərindən yaxşı
tanıdığımız, xeyir və şər
qarşıdurmasını yada salır. Məlum olduğu üzrə, nağıl, dastan və sair folklor örnəklərində
də xeyirlə şər daima savaşır, mübarizə
aparır. Xeyri müsbət, şəri isə mənfi obrazlar müşayiət edirlər. Folklor nümunələrində yer
alan qəhrəmanın
aqibəti keçdiyi
keşməkeşli yollara,
sınaqlara rəğmən
müsbətə bağlanır,
sonda xeyir şər üzərində
qəti qələbə
qazanır. Göründüyü
kimi, şifahi xalq ədəbiyyatı xalq tərəfindən xalq üçün yaradıldığından, onun
arzu-istəkləri ilə
də səsləşir.
İmamverdi İsmayılovun hekayəsindəki
əvvəldən sona
qədər izlənilən
xeyir və şər qarşıdurması
ilk baxışdan xalq
ədəbiyyatı nümunələrini
yada salır. Lakin folklor
əsərlərindən fərqli
olaraq, sonuc, şərin qalibiyyəti ilə yadda qalır.
Diqqət
etsək, xeyir və şər qarşıdurması elə,
ilk olaraq, hekayənin adında yer alır. Belə ki, bayquş şəri, qarovulçu isə xeyri təmsil edir. Bəlkə də əsərdə şərin əsl təmsilçisi uşaqlıq
çağlarımızdan yaddaşımıza mənfi
həkk olunan bayquş deyildir. Şər, xata-bəla sözün həqiqi mənasında vaxtı keçmiş inanclardır.
Təəssüflər olsun
ki, əsrlərdən bəri
yaddaşımızın alt qatında əməlli-başlı
kök salan, məskunlaşan sınama,
inanclar hələ də bizimlə birgə addımlamaqdadır.
İnsan övladı
dünyaya göz açdığı andan
onlarla qarşılaşır.
İstər-istəməz, həyatımızın bir
hissəsinə çevrilən
inanclar, bəzən bizi məhvə, uğursuzluğa da apara bilir, eynən qoca qarovulçunu sürükləyən kimi.
Qarovulçu nə qədər özlüyündə:
"Allahın quşudu
da, məəllim.." - deyirsə, bağın yiyəsi onun sözünü ağzında qoyaraq təkidlə söyləyir:
"- A kişi! Bura bax, Allahnan nə işin var sənin!? Lənətə gəlmiş
o quşu tapıb vurmaq lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən o divara?
Neynirsən elə, bilmirəm, əlinə duz bas, yuxuna zəhər qat... amma, yum onun ağzını! Səsini eşidən kimi, ətim ürpəşir...".
Bağın sahibinin qarovulçunu
dilə tutmaq məqamında da maraqlı
bir inanc yer alır: "- Yadındamı, kənddə
başıma gələnlər?
Rəhmətlik dədəm,
sənin dostun, sonralar danışırdı
ki, bəəəsss, mən
bələkdəykən, elə
qırxım çıxan
günü. anam gəlir məni yelləməyə. Görür
nəəə??? Baaaxxx,
bu sinəmin üstündəcə, bir
boz gürzə ...qıvrılıb yatıb...
Qorxudan, nə təhər haray-həşir
salırsa rəhmətlik
anam, hamı tökülüb gəlir...
İstəyirlər öldürsünlər,
babam, yaranal bir kişi, cumub ürəkli, təpinir onlara. Salavat çəkib ovsunlayır, çıx
get, Allahın heyvanı,
deyir, çıx öz yolunla get, yuvana çəkil!!!
İlan,
ovsunlanmış kimi,
başın qaldırıb
fısıldayır, açılıb
düşür beşikdən,
otluğun içinnəncə
qeybə çəkilir...
O, qarovulçunun papirosundan birini götürüb yandırdı. Meyli olmasa da, acı tüstünü şövqlə
çəkdi ciyərlərinə:
- Həə, sonralar babam deyərdi ki, düz eliyib qoymadım, bala, bu bəxt ilanıydı,
günahdı, öldürmək
olmazdı onu... Belə ilanlar hər yetənə pənah gətirib sinəsində yatmaz..."
Süjetdə bəxt ilanının
adı çəkilir
və onunla bağlı inanca da özünəməxsus şəkildə
aydınlıq gətirilir.
Xalq arasında bəxt ilanının öldürülməməsi, onu
şirin dillə çıxıb getməsini
anladan inanclar çoxdur. Hətta bənzər nümunələrdən
birində ocaq ilanının olamasından
da bəhs edilir. Ocaq ilanının zəhərsiz olduğu və onun öldürülməməsi
məsləhət bilinir.
Mənası isə belə ilanların yeddi qardaş olduğu, birini öldürdükdə digər
altısının həmin
insandan, ona məxsus ocaqdan mütləq intiqam alacaqları kimi yozulur.
"Bayquş və qarovulçu" hekayəsinin
süjetində yer alan digər inanclar da maraq doğurur: "Bu söhbət
çıxandan, kişinin
yaddaşı təzələnib,
dərin dərələrdən
yel çəkir, canında simləyirdi. Uşaqlıq çağları,
el-obanın yaşam tərzi, inancları, daşlaşmış adət-ənənələr,
kənd arvadlarının,
heç nə yox, tək elə
bu bayquşla bağlı qorxuları, təşvişlə keçən
gecələri, "üzü
bülöv həşərat!"
deyib daşladıqları,
çarəsiz qalanda
gecələr damların
hündür yerinə,
bayquşu diksindirib qaçırdan qırmızı
parça bağlamaları,
qapıların cəftəsindən
pişikcırnağı asmaları,
anaların körpələrin
döşünə alaqurşaq
dağdağan budaqları
tikməyi...".
Göründüyü kimi, təqdim edilən hissədə bayquşla bağlı maraqlı inanclar yer alır.
İnancla bağlı
digər nümunə
isə qarovulçunun
ikinci yuxusunda, qızının sözlərində
əks olunur: "Ay dədə,-
deyib zarıdı-günahımnan
keçmə mənim,
noolar, heç üzümə də baxma...Yazıq anamın o nakam ruhu bağışlamaz, qırx gün, qırx gecə o zavallı qadını dalımca, bayquş kimi, ulatdıran, için-için çürüdən
mən oldum, mən başı daşlı!.. Bir binamusun,
yağlı, şirin
vədinə allandım,
ata-ana xeyir-duası almadan qoşulub qaçdım... Xeyir çörəyi yeyə
bilərmi beləsi?! Axırı çöllərdə
qaldım, dərdə-bəlaya
düçar oldum, qurd-quş da iylənmiş
meyidimə yaxın durmadı..."
Məlum
olduğu üzrə,
keçmiş zamanlardan
çağdaş günümüzə
keçid edən,
"Valideyn xeyir-duası
almayan övlad, heç vaxt xoşbəxt ola bilməz"
ifadəsi çox aktualdır. Bu məşhur
inancın mətnə
gətirilməsi heç
də təsadüfi deyildir. İmamverdi İsmayılov yuxuda qarovulçunun qızının
dilindən deyilən bu sözlərlə məşhur inanca eyham etməklə yanaşı, həm də müasir gənclərə ailə
bağlarına, valideyn
xeyir-duasına, milli-mental dəyərlərə
önəm vermək kimi fikirlər aşılamağa çalışır.
Yazıçı adət-ənənələri
təbliğ edərkən
peşəkarcasına addım
atır, fikrini oxucuya obrazlı və aydın şəkildə çatdırmağı
bacarır.
Hekayənin dərinliyinə vardıqda,
şahid oluruq ki, bayquş - şərti olaraq, şərin təmsilçisidir. Əsl
şər qüvvələr
isə bəşəriyyəti
viran qoyan, dinc insanların kabusuna çevrilən, arası kəsilməyən
qanlı müharibələrdir.
Bu məqam əsərdə
belə xarakterizə edilir: "Bayquşun qəmli səsi gecəni başına götürmüşdü, haylanır,
hallanır və elə bil etiraz
edirdi: məəəəəəənnn,
mən, ulamıram! Açın qulaqlarınızı
eşidin: mən səslənirəm, dünyaya,
kainata car çəkirəm,
ey dilimi bilən, məni anlayanım, hardasan?".
Hekayəyə münasibət bildirən
görkəmli akademik
Nizami Cəfərov
"İmamverdi İsmayılov:
sözü də özü kimi" yazısında çox gözəl qeyd edir: "Müəllif çox böyük sənətkarlıq məharəti
nümayiş etdirərək,
"bayquş", "bayquşluq"
anlayışlarını mifik-mövhumi
çərçivədən kənara çıxarıb
günümüzün sosial-mənəvi
simasını təsvir,
izah və şərh edən vasitəyə çevirir..."
Əsərdə ədibin alleqoriyaya
müraciəti, heçdə
təsadüfi deyildir.
Əsl mətləbin
bayquşun vasitəsilə
oxucu kütləsinə
çatdırılması həm də sülhə çağırış
kimi səslənir.
Başqa
bir yerdə isə, eyni məram qoca qarovulçunun dili ilə açıq şəkildə şərh
edilir: "Müharibələr
və savaşlar nəsə bir qazanc gətirə bilər-ancaq qanın və ölümün çiyinləri üstündə!
İnsan
dayanmır: dünyanı
məhvərindən çıxarır,
yeri-göyü silahla
doldurub oda bələyir, ölüm
saçır, nahaq qana batırır. Hər gün silah sursat, bomba,
raket, atom, neytron icad edir. Ölüm
və qan gətirən kəşfləri
ilə öyünür,
hələ bu azmış kimi, ödüllər, mükafatlar
alır... Allah eləməsin
ki, bu kəşflər
və sınaqlar yerlə-göyün birləşməsinə
gətirib çıxara
və bir gün bütün canlılar ortada yanıb kül ola - bunumu istəyirik?!.
Hər səhər bəşər
övladı, səksəkə
içində oyanıb
baxır ki, kainat yerindədimi, yer göylə toqquşmayıb
hələ?!
Yağışı, quraqlığı,
aclığı, toxluğu,
istisi, soyuğu ilə dözüm, duruş gətirə bilirmi?!
Fərqli
qitələr, yeddi iqlim qurşağı, damarı qaçmış
fəsillər və məhvərinnən çıxmış
dünya-necə pozuldu
sənin intizamın?!."
Əslində qarovulçunun dilindən
söylənən bu kəlmələr müəllifin
əsl məramı, yaradıcılıq ruporudur.
Daha bir xeyir və
şər qarşıdurması
qarovulçunun oğul
nəvəsinin süjetə
gəlməsi ilə əlamətdardır. Bağın
yiyəsinin əksinə
olaraq, qarovulçunun
nəvəsi, müasirliyi
təmsil edir. O, inancları keçmişin
qalığı, vaxtı
ötmüş adətlər
sayaraq, köhnə stereotipləri qırmağa
çalışır. Sevimli
babasını tərəddüd
içində görməyə
adət etməyən
gənc özünəməxsus
şəkildə günahsız
quşu öldürməkdən
vaz keçirməyə
çalışır. O babasını
dilə tutaraq belə deyir: "Baba sən nə danışırsan, güllə
nədi, vurub öldürmək nədi?!
Köhnə təfəkkürünüzü
bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi, öz həyatıdı, yaşayır...
Bəy quşudu ee bu, bəy
quşu! Necə qıyıb, güllə ata bilərsən ona, ay baba?!."
Daha sonra babasını dilə tutan nəvə ona bayquşun müdrikliyindən,
səbrindən söz
açır: "Bilirsən,
babacan, dəcəl balaları analarının
ağuşuna birdən
atlanır deyin, cırnaqları anasının
gözünə batıb
kor edər, o da müdrik səbrlə dözər, ağrıyıb-acımaz,
sevər öz çağalarını... bax,
elə ona görə də miflərdə adına
"Ana bayquş" deyirlər..."
Bundan əlavə bir neçə yerdə də nəvənin bayquşa haqq qazandırmasının şahidi
oluruq. Ancaq qarovulçu nəvəsi
ilə müəyyən
məqamlarda razılaşsa
da, yenə də, heç cürə fikrindən daşınmır.
Bu, onun cavabında açıqca görünür:
"Düzdü, "Bayquş
necədirsə, şöhrəti
də elədir" məsəlini mən də eşitmişəm.
Amma, a bala, neynəyəsən
ki, bayquş xarabalığı
seyrangaha dəyişməz,
viranəliyə köç
salar... Burdan da, bağın yiyəsi, dirəşib. Daşlamağınan,
qovmağınan gedəndi,
ya ağlı olan da bayquşa güllə atar?!."
Qoca qarovulçunun əsl məramı isə nəvəsinə öyüdündə
yer alır. O, müasirliyə meyl edən, köhnə stereotipləri qəbul etməyən nəvəsinə
belə deyir:
"Zaman dəyişir inanc,
vərdiş, etiqad və ... onu yaradan insanlarsa dəyişmir..."
Nə qədər acı olsa da, qarovulçunun bu sözlərində reallıq əks olunur. Doğrudan da belədir. İnsan övladı özlüyündə
dəyişməyə, başqalaşmağa
meyl etsə də, onu əhatə
edən mühitin təsiri çox böyük olur. Bəzən iradəsi zəif olan insanlar mübarizəyə
tab gətirmir və cəhalətin məngənəsində
məhv ölüb gedirlər.
Beləliklə, hekayədə bayquş
qanlı müharibələr,
istismar və haqsızlığı, qarovulçu
isə ədalət, sülh və əmin-amanlığı simvolizə
edir.
Hadisələrdə hər xırda detalı da dəqiqliklə təsvir edən, süjetdə dolğunluğa, rəvanlığa
diqqətdə saxlayan
yazıçı İmamverdi
İsmayılov atalar sözü və məsəllərə də
yerli-yerində müraciət
etməyi unutmur, öz dünyagörüşünə,
zövqünə uyğun
şəkildə, məharətlə
yararlanır. Məsələn,
"İş tərsinə
gətirəndə, xəşil
diş sındırar",
"Heç bayquşun
da dar olmasın qəfəsi!", "İt tayadan
düşməmiş", "El yeriyir, elə bil, qırx eşşəyin sağınnan
gəlir", "Dəmiri
isti-isti", "Bayquş
başını tək
istər və qidası ayağına gələr", "Boş
söhbət dananı
qurda verər",
"Az idi arıq-uruq,
biri də gəldi dabanı cırıq", "Bayquş
necədirsə, şöhrəti
də elədir",
"İpin ucu qırıldı, kələfi
pozuldu" və s. Göründüyü kimi,
atalar sözü və məsəllər əsərin ruhuna uyğun, cərəyan edəcək hadisələrin
hansı məcraya yönələcəyinə rəvac
verən bədii vasitələr kimi əks olunur.
Məhz
bu xüsusiyyət bir daha İmamverdi
İsmayılovun, ustad
bir yazıçı
kimi, xalq ədəbiyyatı incilərinə,
onun tarixi keçmişinə dərindən
bələdliyindən irəli
gəlir.
Və çox istərdim ki, bizim alimlərimiz, ədəbiyyatşünaslarımız, folklorşunaslarımız bu
əsəri ciddi tədqiqat kimi araşdırsınlar, onunu
fəlsəfi mənasını
geniş təhlil etsinlər. Yazıçı
İmamverdi İsmayılovun
bütün əsərlərində
olduğu kimi "Bayquş və Qarovulçu" hekayəsi
də bizə bunu deməyə əsas verir...
Bir daha əminliklə vurğulayıram
ki, əsl ədəbiyyatın
belə əsərlərə
çox böyük ehtiyacı var!..
Leyla MƏMMƏDOVA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.12-13.