Xəlil Rza cəsarəti,
Xəlil Rza həqiqəti
Dünyanın çox qəribə,
paradoksal hadisələri
olur. 22 iyun 1994-cü
il tarixində mən
Alma-Atıdakı filosof
tanışım Rüstəm
Janqujin ilə birlikdə Oljas Süleymenovun ofisində söhbət edirdik. Söhbət əsnasında
məşhur qazax şairi Bakıdakı bir çox dostlarını xatırladı,
onlara salamlarını
göndərdi. Və
sonra əlavə etdi: "Xəlil Rzaya xüsusi salamlarımı çatdırarsan.
O, bütün türk
dünyasının böyük
şairidir. Xəlil bəy özü boyda od-alovdur". Sən demə, biz Oljas ağa ilə söhbət etdiyimiz gün, yəni iyun ayının 22-də, elə
həmin anlarda Xəlil Rza gözlərini əbədi
yumubmuş.
Xəlil
Rzanın "od parçası"
olduğunu bir çox tanınmış
söz adamları, o cümlədən, Xalq şairi Bəxtiyar Vahabzadə və rus şairi Yevgeni Yevtuşenko da demişdi. Maraqlı həm də burasıdır ki, şair vaxtilə "Odsevər" imzası ilə şeirlər yazmışdır.
Oxuculara
təqdim edilən müxtəsər yazının
"əsas qəhrəmanı"
da Xəlil Rza Ulutürkdür.
Yazıda
rus şairi Boris Pasternakın Nobel mükafatına
layiq görülməsindən
sonra Moskva ədəbi
mühitində ona qarşı olan hücumların fonunda gənc Azərbaycan şairinin cəsarətli
çıxışından bəhs edilir.
1958-ci il.
Moskva. Xəlil Rza Qorki adına Ədəbiyyat İnstitutunda
təhsil alır.
Təkcə gənc şairin
təhsil aldığı
institut deyil, az qala, bütün
SSRİ bir-birinə dəyib.
Səbəb sadə və həm də mürəkkəbdir.
Görkəmli rus şairi Boris Pasternak ilk böyükhəcmli
nəsr əsərində
- "Doktor Jivaqo"
romanında "sosializm
həqiqətləri" yerlə-yeksan
edib. Pasternak Amerika MKİ-nin
(ÜRU-nun) 40 ildə Sovetlər
Birliyinə endirə bilmədiyi zərbəni cəmi bir əsərlə
vurub. Roman ilk dəfə
sovet dövlətindən
"xəbərsiz", Milanda
italyan dilində çap olunub. İndi, az qala, bütün
dünya bu romandan danışır. Hələ bu azmış kimi, Nobel komissiyası Pasternakı öz ödülü ilə mükafatlandırıb.
Nə etməli?
23 oktyabr 1958-ci il tarixdə
Nobel öz sahibinə
təqdim olunmalıydı.
Elə həmin gün o vaxtın ideoloji bosu M.A. Suslovun şəxsi tapşırığı ilə
bütün təbliğat
maşını Pasternakın
əleyhinə işə
düşür. Ölkə
başçısı Xruşşovun
özü sussa da, artıq ideoloji "qulbeçələr"ə yuxarıdan
əmr gəlmişdi:
bütün SSRİ ziyalı
və vətəndaşları
yazıçını xorla
lənətləməli idi.
O vaxt Ümumittifaq gəncləri adından
SSRİ komsomolunun 1-ci katibi
Vladimir Semiçastnı oktyabr
ayının 29-da komsomolun
Plenumunda (sonralar yazdığına görə,
Xruşşovun tələbi
ilə) çıxış
edərək Pasternakı
zərərli bir
"ünsür", gənclərin
əxlaqını korlayan
bir burjua tör-töküntüsü kimi
ifşa etdi.
Demək
olar ki, bütün ali məktəblərdə
Nobel mükafatçısı və bu mükafatın
özü ifşa olunmağa başlamışdı.
Bəs necə? Fürsət düşmüşkən,
hökumətdən nəsə
qapmaq, şöhrət,
orden-medal qazanmaq lazım idi. Danışanların, yazıçını
"yıxıb-sürüyənlər"in
çoxu yaşlılar
və "ortabablar"
idi. Bəs istedadlı gənclər niyə susur? Niyə gənc qələm sahibləri də bu "təbliğat seli"nə
qoşulmurlar?
Təbliğat maşını tezliklə
öz "müsbət"
işini gördü.
Çox keçmədi
ki, orda-burda cəsarətdən
dəm vuran gənc və sırtıq "komsomolçu
şairlər"in bir
çoxu bir-birlərinin
sözünü kəsə-kəsə
efirdən-ekrandan, qəzet-jurnal
səhifələrindən Pasternakın ünvanına
lənətlər, nifrinlər
yağdırmağa başladılar.
Amma bu az idi. Məsələ burasındadır ki, "tənqidçi"
gənclərin çoxu
"orta səviyyəlilər"
idi. Bəs hanı istedadlar? Belədə Komsomol MK-nın
məsul işçi
sözü o vaxtkı
gənclər arasında
öz nüfuzu, "çəkisi", "blatı"
olan Yevgeni Yevtuşenkoya
müraciət edir. Yevtuşenko cavan olsa da, artıq SSRİ-də yaxşı tanınırdı. Xüsusilə,
1954-cü ildə SSRİ yazıçılarının
2-ci qurultayında Səməd
Vurğunun məruzəsində
adı çəkiləndən
sonra daha da məşhurlaşmışdı. İndi o, odla su arasında
qalmışdı; əsəri
tərifləsə, onu
"yuxarılar" vuracaqdı.
Yox, əsəri tənqid etsəydi, o,
"aşağı"nın, yəni oxucu kütləsinin tənqidinə
tuş gələcəkdi.
Nə etməli?
Yevtuşenko, nəhayət, fikirləşib
bəhanə, daha doğrusu, "çıxış
yolu tapdı", əsər barədə danışmaqdan imtina etdi. Səbəb kimi isə bunu
dedi: "Mən "Doktor Jivaqo" romanını oxumamışam.
Əsərdə nədən
bəhs edildiyindən
bixəbərəm. Oxumadığım
əsər haqda mən nə danışa bilərəm
ki?" Doğrudan da, oxumadığın
əsərdən söhbət
açmaq inandırıcı
görünə bilməzdi.
Halbuki gizlətsə də, əsəri ilk oxuyanlardan biri məhz Yevgeni Yevtuşenko
olmuşdu. Yuxarıda
dediyimiz kimi, roman ilk dəfə İtaliyada, sonralarsa İngiltərədə,
Hollandiyada, ABŞ-da nəşr
edilmişdi. Əsəri
Yevgeni Yevtuşenko nəinki
rus dilində, hətta italyan və ingilis dillərində də oxuya bilərdi, çünki hər iki dili yüksək
səviyyədə bilirdi.
Sadəcə, ayıq-sayıq
gənc şair öz gələcək reputasiyasına xələl
gəlməsini istəmirdi.
Haşiyə. Buradaca qeyd etməyi vacib bilirik ki, yalnız aradan illər keçəndən sonra
Yevgeni Yevtuşenko "Doktor
Jivaqo haqqında yazmışdı: "Bu roman sevgi
haqqında, insan taleyi haqqında, faciələr və ümidlər haqqında, varlığı düşündürən
əbədi suallar haqqında yazılmış
bir əsərdir".
O vaxtkı SSRİ məmurları
əsər haqqında
təkcə rus ziyalılarının danışmasını
kafi hesab etmirdilər. Axı
SSRİ təkcə ruslardan
ibarət deyildi. Bəs bu Pribaltikadan,
Orta Asiyadan, Qafqazdan gələn gənclər niyə susurlar? Axı onlar gələcəyin ədibləri olacaq. Bu cür laqeydlik qınaq obyekti olmalıdır...
Ədəbiyyat İnstitutunda iclası
aparan komsomol lideri üzünü tələbələrin toplaşdığı
auditoriyaya tutub təkrarən inadla soruşdu:
- Boris Pasternakın Nobel mükafatına
layiq görülmüş
cəfəng "Doktor
Jivaqo" sayıqlaması
haqda kimin danışmağa sözü
var?
Bu sözlərdən bəlli
olurdu ki, əsər haqda hansı "istiqamətdə", hansı
"ustanovka" ilə
danışmaq lazımdır.
Ortaya uzun bir sükut çökdü. Komsomol şefi
narahat idi. Az sonra arxa sırada
kiminsə əli yuxarı qalxdı.
İclasın aparıcısı, gələcəkdə
daha iri məmur olmaq istəyən sarışın
komsomol şefi göz gəzdirərək
yuxarı qalxan əli görüb gülümsədi:
- Buyurun, buyurun... Hiss olunur ki, qafqazlısız...
Orta boylu, tökmə bədənli, qaraşın,
qıvrım saçları
alnına tökülmüş
bir gənc oğlan cəld addımlarla kürsüyə
yaxınlaşdı. Gəncin
üz-gözündən yaşına
yaraşmayan bir ciddiyyət tökülürdü.
Moskvada qışın
ilk günləri idi. Artıq qar yağmışdı. Hava
soyuq idi. Amma buna baxmayaraq inamlı addımlarla kürsüyə
yaxınlaşan bu gəncin əynində ağ rəngli yüngül yay pencəyi
vardı. O, bu görkəmdə peşəkar,
inamlı bir idmançıya bənzəyirdi.
Cavan oğlan əvvəlcə rəyasət
heyətinə, sonra zala göz gəzdirib,
təmkinlə sözə
başlayıb ilkin olaraq komsomol şefinin sualını cavabladı:
- Bəli, mən qafqazlıyam. Azərbaycanlıyam.
Bakıdan gəlmişəm...
Yerli komsomol məmuru nədənsə şübhələnibmiş
kimi dilləndi:
- Siz burada Ədəbiyyat
İnstitutunda təhsil
alırsız? Elə
isə ad-familiyanızı
deyin ki, protokola düşsün.
Xitabət kürsüsündəki gənc cəld, bir qədər də əsəbi və emosional şəkildə cavab verdi:
- Xəlil Xəlilov... Mən Ədəbiyyat İnstitutunda ikinci təhsilimi alıram. Bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm.
İndi burada birinci kursda oxuyuram. Pavel Antokolskinin rəhbərlik
etdiyi poeziya bölməsində... İyirmi
beş yaşım
var.
Rəyasət heyətindəki komsomol
şefi kürsüdəki
coşqun gəncin ötkəm danışığından
nəsə ehtiyat edib təmkinlə dedi:
- Mən Azərbaycanı və azərbaycanlıları
çox sevirəm. Nizamini, Axundovu, "Arşın mal alan" filmini, Rəşid Behbudovu...
Xəlil
Xəlilov əlini yuxarı qaldırıb uca səslə dedi:
- Mən də rus ədəbiyyatını
çox sevirəm. Puşkini, Lermontovu, Belinskini, Tolstoyu, Turgenevi, Qorkini, Çexovu, Bloku, Mayakovskini... Amma...
Gənc
şair cümləni
bitirməmiş zalı
alqış sədaları
bürüdü. Rəyasət
heyətindəki gənc
komsomol şefi də tribunadakı qaraşın şairi alqışlayanlara qoşulmalı
oldu.
- Xəlil Xəlilov, buyurun, davam edin. Hiss olunur ki, siz rus ədəbiyyatını
yaxşı bilirsiz.
Kürsüyə sinə gərən
gənc şairin səsi daha da gurlaşdı:
- Bəli, mən rus ədəbiyyatını
sevirəm. Amma Qərb
və Şərq ədəbiyyatını da sevirəm.
Böyük ədəbiyyat
bizə daim həqiqəti deməyi öyrədib. Əslində
ədəbiyyat elə
həqiqət deməkdir.
Var olsun dünyaya gerçəkliyi çatdıran
əsil ədəbiyyat...
Zalda yenə alqış sədaları dalğalandı.
Gənc
şair get-gedə daha inamlı danışırdı:
- Biz bu gün buraya
Boris Pasternakın Nobel mükafatına
layiq görülmüş
"Doktor Jivaqo" romanını təhlil, daha doğrusu, tənqid etmək məqsədilə toplaşmışıq.
Bəri başdan demək istəyirəm
ki, mən bu əsəri diqqətlə
oxumuşam.
Zala dərin bir sükut çökdü.
Hamının diqqəti
oynaq-parlaq gözləri
qara işıq kimi alışıb yanan gənc natiqə dikilmişdi.
- Mən mətbuatda Boris
Pasternak barəsində çıxan
yazıları da oxumuşam.
"Doktor Jivaqo" romanı haqqında indiyəcən böyük
hörmət bəslədiyim
yazıçılar fikir
bildiriblər. Məsələn,
Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov...
Rəyasət heyətindəki komsomol
şefi bir qədər əsəbi tonda dilləndi:
- Xəlil Xəlilov, biz o böyük yazıçıların
fikirləri ilə tanışıq. İndi sizin
fikrinizi öyrənmək
istərdik.
Kürsüdən zala baxan gənc şair əli ilə gözünün üstünə
tökülən uzun,
qara-qıvrım saçını
geri itələyib ucadan dedi:
- Mən Boris Pasternakı yox, onu tənqid
edən o yazıçıları
ittiham edirəm... Onlar öz qələm
dostlarını satıblar.
Həmin yazıçılar
bununla həm də həqiqəti satmış, özlərinə
və sözlərinə
xəyanət etmişlər.
Axı yazıçılıq
elə qəhrəmanlıq
deməkdir... Öz həmkarlarını ayağa
verən, donosbazlıq
edən bu yazıçılar nə
qədər istedadlı
olsalar belə, əsl qəhrəman yox, yarımçıq qəhrəmanlardır. Mən
təəssüf edirəm.
Mən onların əvəzinə xəcalət
çəkirəm...
Zal uğuldadı.
Xəlil
Rza kürsüdə guruldayırdı:
- "Doktor Jivaqo" romanı dəyərli, gərəkli, cəsarətli
bir əsərdir...
Komsomol şefi ayağa durub əsəbi halda bağırdı:
- Kürsünü tərk edin...
Gənc
şair hiddət və qəzəblə dilləndi:
- Zaman gələcək, Pasternakın
"Doktor Jivaqo" romanı öz həqiqi qiymətini alacaq. Həm də bu qiyməti
ona gələcək rus ziyalıları verəcək. Siz onda xəcalət çəkəcəksiz...
Şair
kürsüdən aşağı
endi.
Zalı
sükut bürümüşdü.
...Bəli, zənniniz sizi aldatmır. 1958-ci ilin qışında Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda çıxış
edən gələcəyin
tribun şairi, böyük vətəndaş,
həqiqət sevdalısı
Xəlil Rza Ulutürk idi.
Xəlil
bəylə uzun illər eyni təsisatda çalışmışıq
- Elmlər Akademiyasında.
O, Ədəbiyyat İnstitutunda
işləyib, mən
isə Fəlsəfə
İnstitutunda. Yaxın
dost olmasaq belə, xoş ünsiyyətimiz olub. O, Moskvada Lefortovo zindanında olarkən,
EA-da təşkil olunan
iclasda çıxış
etmişəm. Yeri gəlmişkən, həmin
iclasın təşəbbüskarı,
Xəlil Rza işləyən şöbənin
müdiri, gözəl
insan və şair Qasım Qasımzadə olmuşdu.
Xəlil
bəy sadədən sadə bir insan
idi. Haqsızlığı,
ikiüzlülüyü, nadanlığı,
naqisliyi, satqınlığı
kəskin tənqid edirdi. Özündən yaşlılara böyük
ehtiram bəsləyir,
gənclərə qayğı
göstərirdi.
O, rusları pisləmirdi, rus şovinizmini pisləyirdi. O, bütün
erməniləri deyil,
qatil erməniləri,
erməni xalqını
yoldan çıxaran millətçi erməniləri
ifşa edirdi.
Xəlil
Rza çıxışlarında
nə qədər kəskin idisə, həyatda o qədər kövrək bir insan idi.
Onun özü və canı qədər sevdiyi övladı Təbriz vətənimizin
şəhidləridir. Mən
onun oğlunun dəfn mərasimində əvvəldən sonacan iştirak etmişəm.
O, bu müqəddəs
ölüm üçün
Azərbaycan xalqına
"gözün aydın"
deyirdi. Bu mərdlik, bu ürək, bu eşq, bu
qəhrəmanlıq hər
adama qismət olmur.
Xəlil
Rza şeirin qəhrəmanı idi.
Xəlil
Rza qəhrəmanlığın
və qəhrəmanların
şairi.
Xəlil
Rzanın şeirləri
bizim poeziyamızın
inciləridir.
Xəlil
Rzanın elə təkcə çoxcildlik
gündəliyi mədəni,
ədəbi, siyasi həyatımızın yarıməsrlik
real ensiklopediyasıdır.
Xəlil
Rza təpədən-dırnağacan
şair idi.
Tribunada
od-alov püskürən
şair, həyatda çox məsum, utancaq idi. Şeirləri
haqqında tərifli söz eşidəndə uşaq kimi qızarar, tər tökərdi. Tərifi bol edən adamlara
adətən: "Məni
hərdən tənqid
də edin"- deyərdi.
Böyük şairi bu gün də tənqid edənlər
var. Bir qorxusu yox. Əgər Nizami, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Cabbarlı, Vurğun
zaman-zaman yada salınıb tənqid olunursa və yaxud əksinə,
tənqid olunub yada salınırsa bu onların xeyrinədir.
Bir sözlə, Xəlil Rza daim gündəmdədir.
Zaman Xəlil Rza Ulutürkün xeyrinə işləyir.
Şair
necə də haqlı idi:
Xəlil,
sən qayasan, dərdə dözərsən,
Sən Kürsən, Xan Araz, Göygöl, Xəzərsən,
Yenə
o yerləri bir gün gəzərsən,
Demə
sən bu günə həsrət qalmışam.
Əbədiyyət yolun, ədəbiyyat
yolun qutlu olsun, Xəlil bəy!
Firuz MUSTAFA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.14-15.