Piano
(hekayə)
Xalq
artisti, unudulmaz diktorumuz Yusif Muxtarovun əziz xatirəsinə
Qızın incə, zərif
barmaqları pianonun dilləri üzərində
axıb gedirdi, musiqi isə nədənsə qəfəsdəki
quş kimi çırpınırdı, boğulurdu.
Onlar ayaq saxladılar. Bu nə qəribə səs idi belə?
Ucqar dağ kəndində, tozlu-torpaqlı
yolda hansı vaxtlarınsa dumanlı xatirəsinə bənzəyən
bu səsə, elə bil narın
qüssə də qarışmışdı; görünən
mənzərəyə tamamilə
yad olsa da, ətrafa, soyuq havaya, lap elə insan qəlbinə azca istilik, doğmalıq gətirirdi. Şəhərdən
gələnləri ayaq
saxlamağa məcbur edən də bu məhrəm cazibə idi.
Səs gələn səmtə doğru irəlilədilər.
Amma ağıllarına heç
cür sığışdıra
bilmirdilər ki, piano səsi
gördükləri qazmadan
gələ bilər. Dağıdılmış məzarı
andıran oyuğa yalnız sükunət yaraşırdı. Başlarını
qaldırıb tutqun səmaya baxdılar, zəncirlənmiş səsi
əbəs yerə orda axtardılar. Harasa tələsən buludlardan başqa gözlərinə heç
nə dəymədi. Mübhəm anlaşılmazlıq
duyğusu onları qazmaya doğru çəkib apardı.
Havadan çürüntü qoxusu
gəlirdi. Onlar öz aralarında mübahisə edirdilər.
Qadın bu səsin heç də piano səsi olmadığını, hansısa
uşağın məlahətli
səslə nəğmə
oxuduğunu israrla bildirirdi, kişi isə inadından əl çəkmirdi: hardasa piano çalınırdı,
vəssalam!
Qazma ilə üzbəüz dayanmışdılar. Adamın
sümüyünə işləyən
rütubət çölə
vururdu. Baxışdılar,
qadının baxışlarından
haqlı olduğuna əminlik hissi oxunurdu, kişininsə üzündə tərəddüdün
şəkli həkk olunmuşdu. Nəğmənin
bir addımlığında
idilər. Yox, nəmişlik qoxuyan bu qazmada piano ola bilməzdi. Kişi arvadının zənnində
yanılmadığını ürəyində etiraf etdi.
Qızın səsi kökdən
düşmüş pianonu
andırırdı. Burda
yaşayan insanların
həyatı da kökdən
düşmüşdü - kişinin beynindən bu fikir keçdi,
qəhər boğazında
düyünləndi. Qazmaya
yaxınlaşmağa ürək
eləmədi. Qadın
qabağa düşüb
hər an qopmağa hazır olan köhnə, taxta qapını astaca döyəclədi. Sınıq
şüşəsini kapron
əvəz edən çürük pəncərə
arxasından insan kölgələri gözə
dəydi. Sanki səsin
"ipi"ni kəsdilər,
quyuya düşüb
"gummmb" elədi.
Handan-hana qapı cırıltı ilə aralandı, içəridən
saç-saqqal içində
itib-batmış orta yaşlı bir kişinin başı göründü. Təəccüb
heykəlinə bənzəyirdi.
- Sizə kim lazımdır?
- deyə soruşdu.
Qadın
kişinin narahatlığını
sovuşdurmaq üçün
gülümsədi və
onu intizardan qurtarmaq üçün tez mətləbə keçdi:
- Hər vaxtınız xeyir. Narahat olmayın, biz Xeyriyyə Cəmiyyətindənik. İmkansız
ailələrin vəziyyəti
ilə maraqlanırıq
və məqsədimiz
sizə kömək etməkdir.
Kişi
azca toxtadı, lakin tərəddüd içində hələ
də nəsə fikirləşirdi.
- Həə? Nə yaxşı... İndiyəcən
heç bizi itirib-axtaran olmayıb axı. Ancaq... Sizi içəri dəvət edə bilmirəm. Məni düzgün başa düşün. Elə vəziyyətdə yaşayırıq
ki... Arvad-uşaqla hamımız
bir otaqda qalırıq.
Qadının əri mülayimcəsinə
gülümsəyib irəli
yeridi:
- Heç narahat olmayın. Həmişə
belə vəziyyətdə
yaşamayacaqsınız ki. Hökumətimiz çalışır
ki, sizin sosial durumunuz yaxşılaşsın.
Sizə hər cür şərait yaradılacaq.
- Allah bədnam qonşularımızın
bəlasını versin!
Kənddə topdağıtmaz
evim vardı. Həyət-bacamda nə ağac desən, əkmişdim. Gələn,
görən heyran olurdu. Bir gecədə bizi yurdumuzdan-yuvamızdan elədilər. - Beli dərd yükündən
əyilmiş kişi
qəhərləndi, sözünün
ardını gətirə
bilmədi.
İçəri keçdilər. Gördükləri
mənzərə qarşısında
hər ikisi donub qaldı. Bura həm mətbəx idi, həm yataq
otağı, həm qonaq otağı... Amma heç biri deyildi. Səkkiz-doqquz yaşlarında bir qız uşağı uzunsov karton qutusunun üzərinə karandaşla piano dilləri
çəkmişdi və
onun üzərində
musiqi aləti kimi "ifa" edirdi. Bu zərif, çəlimsiz qızcığazın
içində cilovlanmaz
bir güc vardı ki, onu rütubət qoxulu qazmada öz əlvan, musiqili dünyasını yaratmağa
sövq edirdi. Bu dibsiz qaranlıqda qızcığaz o işığı,
görəsən, hardan
tapmışdı? Kişi
bu suala cavab axtara-axtara qızın başına sığal çəkdi.
- Sən musiqini çox sevirsən?
Qız gülümsədi:
- Hə...
- Böyüyəndə kim
olacaqsan?
- Mahnılar qoşmaq istəyirəm, - qız sadəlövhcəsinə cavab
verdi.
- Həə, demək, bəstəkar olacaqsan, - kişi inam hissiylə dedi.
Qız,
bəlkə də
"bəstəkar" sözünü
ilk dəfə idi eşidirdi. Başını
qaldırıb qəfil
gələn qonağın
üzünə baxdı,
dinmədi.
Qızın anası soyuqdan
yun şala bürünüb küncdə
büzüşmüş vəziyyətdə
dayanmışdı. Bayaqdan
heç onun səsini eşitməmişdilər.
Qadın onu sorğu-suala tutdu. Məlum oldu ki, ailədə iki övlad var: bir oğlan, bir qız. Oğlanın on beş yaşı var, dərsdən sonra atası ilə birlikdə hardasa fəhləlik edib evə pul gətirirlər.
Qız isə məktəbdə əlaçıdır,
evdə olanda bütün günü mahnı "bəstələmək"lə
məşğuldur. Müharibə
onların dincliyini pozmuş, yuvalarını
dağıtmışdı. İndi bu qazmaya sığınmışdılar.
Xeyriyyə Cəmiyyətindən gəlmiş kişi dərindən ah çəkib
ailənin başı
üstündəki kədər
dumanını dağıtmaq
istədi:
- Ürəyinizi sıxmayın,
pis günün ömrü az olar. Lap yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq, siz də
öz yurd-yuvanıza qayıdacaqsınız. Buna inanın,
uşaqlarınıza da bu
hissi aşılayın.
Sən isə dərslərini yaxşı
oxu, qızım. Mahnılar qoşmağa
da davam elə. Əmin sənə bir piano borclu! Danışdıq?
Qızın üzündə sevinc
çiçəklədi. Başını təsdiq
mənasında tərpətdi.
Kişi onu qucaqlayıb bağrına
basdı və çalışdı ki, boğazında
düyünlənmiş qəhəri
qız hiss etməsin.
Qızın üzünün
qarşısıalınmaz həyəcan doğuran cizgiləri indi daha aydın göründü. Həyəcanla
utancaqlıq hissi qızın sifətinə
qəribə bir ifadə həkk etmişdi.
Qonaqlar gedəndən iki gün sonra Vətən müharibəsi
başlandı. 44 gün
çəkən bu savaş günlərində
o qazma, karton qutusu üzərində
"piano" ifa edən
qızcığazın baxışları
kişinin gözləri
önündən çəkilmədi.
Hər gün onu xatırlayırdı. Kəndlər, şəhərlər
işğaldan azad olunduqca kişi qızın da əvəzinə
sevinirdi. Bir dəfə
qız onun yuxusuna gəldi. Gördü ki, geniş bir salondur, qız
səhnədə piano arxasında
Qələbə simfoniyasını
ifa edir. Son akkordları vurduqdan sonra zalda gurultulu
alqışlar qopur, xoşbəxt təbəssümü
ilə tamaşaçılara
təzim edən qız gül-çiçəklər
arxasında görünməz
olur.
Səhər yuxusunu arvadına
danışdı. Qadının
yanaqlarında yaş gilələndi. "Yuxun çin olsun", - deyə pıçıldadı.
***
Dəmir
yumruq düşmənin
başını əzmişdi.
Məmləkətimizin ərazi
bütövlüyü bərpa
olunmuşdu. Şuşada,
Cıdır düzündə
şənliklər keçirilirdi.
Yurdun xiffətdən saralıb solmuş ağacları, meşələri
cana gəlmişdi, öz doğma sahiblərini görüncə
sevincdən yaşıl
yarpaqlarını bir-birinə
vurub bu doğma adamları salamlayırdı.
Qızın doğulduğu kənddə
yaraşıqlı, göz
oxşayan evlər tikilmişdi. O evlərdən
biri də onların idi. Xeyriyyəçi əminin
aldığı ağ
piano qonaq otağında
göz oxşayırdı.
Qızın gözlərindəki
sevinc və bəxtiyarlıq hissi bir cüt yaşa
dönüb yanaqlarında
muncuqlandı.
Kişinin yuxusu çin olmuşdu...
14-23 iyun, 2025
Kənan HACI
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.15.