Arabadakı adam
Romandan parça
Oyanmışdım. Amma gözlərim
yumuluydu. Yenidən yuxuya getmək, yatmaq istəyirdim. Alınmırdı. Dizlərimi
yığıb sol böyrüm
üstə divara tərəf çevrildim və köhnə dəmir çarpayının
əsəblərimi tərpədən
xırıltılı səsi
yuxumu bir az da qaçırdı. Və mən tam əmin oldum ki, artıq səhərə qədər yata bilməyəcəm. Gözlərimi
açanda qaranlığı
yarıb pəncərədən
içəri süzülən
ayın parlaq işığına sevindim.
Otaq xeyli işıqlanmışdı. Ətrafa
göz gəzdirdim. Cırılıb sallanmış,
avazımış, rəngi
qaçmış divar
kağızları xoşagəlməz
görüntü yaradırdı.
Yenidən əks tərəfə - sağa
çevriləndə çarpayının
əttökən səsinə
dözməyib ayağa
qalxdım. Köhnə
dolabın üstünə
qoyduğum qol saatımı qaldırıb
baxdım. Saat 3:37-ni göstərirdi. Şüşələrinin
hər an qırılıb
tökülmək təhlükəsi
olan pəncərəyə
yaxınlaşdım. Dəstəyini
hər iki əlimlə ehtiyatla tutub sıxdım və özümə tərəf çəkdim.
Pəncərənin sağ
tərəfi tam açıldı.
Başımı çıxarıb
ulduzlarla dolu göyə baxdım. Hər tərəf süd kimi ağappaq
idi. Aylı-ulduzlu göylər gecəyə
meydan oxuyurdu.
Acmışdım. Evdə yeməyə
ərzaq-filan yoxuydu. Mətbəxə keçib,
dünəndən masanın
üstündə quruyub
qalmış çörək
parçasını götürüb
çeynəyə-çeynəyə yataq otağına qayıtdım. Çörəyin
artığını dolabın
üstünə qoyub
şalvarımı, köynəyimi
geyindim, hamam otağına keçib əl-üzümü yudum.
Quru çörəyi
hələ də çeynəyirdim, amma uda bilmirdim. Yenidən mətbəxə
qayıtdım. Neçə
gündən bəri yığılıb qalmış
zibil paketini götürüb otaqdan çıxdım. Qapını
açarla bağlayıb,
kirayədə qaldığım
bu beşmərtəbəli
evin beşinci mərtəbəsindən iti
sürətlə aşağı
endim. Bir anlıq dayandım, bayaqdan çeynədiyim quru çörəyi axır
ki uda bildim. Elə bu anda
yadıma düşdü
ki, sabah, günorta saat ikinin yarısında
mənzilin sahibi ilə görüşməli,
bir həftədir gecikdirdiyim kirayə pulunu ona verməliyəm.
Amma pulum yoxuydu.
Pilləkənləri enəndə ürəyimin döyüntüsünü
açıqca eşidirdim.
Əlimdəki paketi məhəllənin bir küncünə qoyulmuş,
aşıb-daşan iri
zibil qabına atdım və yoluma davam elədim.
Addımlarımın səsi,
bir də hərdən gözə dəyən maşınların
hərəkəti gecənin
sükutunu, rahatlığını
pozurdu. Şəhərlə
dənizkənarı parkı
bir-birindən ayıran
prospekti keçib uzun pilləkənlərlə
üzü enişə,
dənizə doğru
yönəldim.
***
Qulağı birkalı küçə
itləri şonquyub mənə baxırdılar.
İtlərin yanından
ehmalca keçib getdim. Dənizin səsini artıq eşidirdim. Sahilə çatmağa lap az qalmışdı. Burada dolaşan itlərin hənirtisi gəlirdi. Addımlarımı dayandırmadan
dönüb geriyə
baxdım. Əlil arabasında bir nəfərin ardımca gəldiyini gördüm. Ayağı sağ dizindən aşağı
kəsilmiş bu adam əlləri ilə arabanı idarə edir, hərəkətdən qalmağa
qoymurdu. İtlər quyruqlarını bulaya-bulaya
onu müşayiət
edirdi. Bir az sonra itlər yorulub yarı yolda qaldı. Arabadakı adam hələ də böyük həvəslə
sahilə yaxınlaşırdı.
- Necə gözəl bir səhərdir, - dedi arabadakı adam və "mindiyi at"ın sürətini bir az da artırdı. Tələsirdi, elə bil dəniz qaçıb gedəcəkdi
yerindən. Saçları
təmiz vurulmuş, sinəsi qabarıq, təxminən, 25-28 yaşlarında
olan bu şəxs
qara rəngli qısaqol yay köynəyində
idi.
- Adam yaşamaq istəyir... Ləpələrin səsi
elə bil gecəyə həzin nəğmə oxuyur. Göy üzü aylı-ulduzlu, dənizin havası da can dərmanı.
Bir az keçəcək,
dan yeri qızaracaq. Bapbalaca nöqtə boyda Günəş dənizdən çıxacaq,
sonra yavaş-yavaş
böyüyəcək. Mən
yay aylarında hər
gün gəlib bu mənzərəni seyr eləyirəm... Hə... Hə... Hər gün… Amma doymuram. Yazıq bu vaxt evdə
yatanların halına,
gəlib bu ilahi gözəlliyi görmürlər. Təmiz
havanı ciyərlərinə
çəkib, zövq-səfasını
duymurlar.
Əlil
arabasında şəstlə
oturub füsunkar təbiətin seyrinə dalan, mavi dalğalara
bu qədər heyranlıqla tamaşa edən bu adamın
tanımadığı bir
kəslə, yəni mənimlə söhbəti,
doğrudan da, çox
maraqlı və təsirli idi.
- Sənin adın nədir? - deyə o, məndən soruşdu.
- Seymur, - mən cavab verdim.
- Yaxşı adın var.
Amma bura adamına heç oxşamırsan,
- deyib məni başdan-ayağa süzdü.
- Rayondan gəlmişəm.
Burdan uzaqlarda Yaşıllı deyilən
bir kənd var, ordan. Şahdağa yaxın, gözəl mənzərəsi olan bir kənddir.
- Yəqin işləməyə
gəlmisən?
- Həə, işləməyə
gəlmişəm. Bir marketdə
iki ay fəhlə işlədim. Çox yorulurdum. Axırda dedilər, bilirsən, bu iş sənlik
deyil, get özünə
ayrı iş tap. Düz deyirdilər. Doğrudan da, o iş mənlik deyildi.
Fiziki imkanları məhdud olan, amma həyat
eşqini itirməyən
bu gənc məni hələ də sınayıcı nəzərlərlə süzürdü.
Bir müddət danışmadı.
Mən də fikrə getmişdim. Sabah günorta mənzilin sahibi ilə görüşün xofu heç vəchlə canımdan çıxmırdı.
Vəziyyəti düzəltmək
üçün bir yol tapa bilmirdim.
- Həə, qardaş.
Mən səsə diksindim. Susub durmuşdum, onun nə deyəcəyini
gözləyirdim.
- Böyük şəhərlərdə
hər adam gün-güzərandan baş
çıxara bilmir. Kənddə ev-eşiyin
var?
- Həə, varımızdı.
- Kim qalır indi orda?
- Anam.
- Atan yoxdur?
- Yox! Rəhmətə gedib. Onda mənim
on dörd yaşım
vardı.
- İndi
neçə yaşın
var?
- İyirmi dörd. Mən istəyirdim işləyəm, pul qazanam. Anamı da gətirəm yanıma. Şəhərdə bir yerdə yaşayaq, amma alınmadı.
- Sən evdə elə tək uşaq olmusan? - deyə o, maraqla soruşdu.
Tanımadığım bir adamla söhbətə girişməyim özümə
də qəribə gəlirdi.
- Yox, bir bacım
da var - Ləman, - deyə
mən ağır-ağır
cavab verdim.
- Bəs, o hardadır?
Mən arabadakı adamın sonuncu sualını cavablandırmadım və
üzümü dənizə
tutub qızaran dan yerinə uzun-uzadı baxdım, sonra:
- Yaxşı, sağ olun, - deyib ondan
aralandım.
- Nə oldu, hara gedirsən? - deyə o, səsləndi.
- Evə gedirəm, işim var.
- Saat beşdir. Bu vaxt nə iş?
Əziyyət çəkib
bu qədər yol gəlmisən, doyunca hava al, gedərsən.
- Yox, mən gedim.
Görüşərik haçansa,
- dedim.
- De görüm, pulun var? - deyə o soruşdu.
Mən fikirləşdim ki, bu adam, yəqin dilənçidir. Baxdım
ona, yazığım
gəldi. Pulum nə gəzirdi, yoxsa verərdim.
- Yox, pulum yoxdur.
- Lap az da olsa, yoxdur?
Mən donub qalmışdım. Heç nə deyə bilmirdim.
- Ciblərini çıxart
çölə görüm,
- deyib mənə yaxınlaşdı.
Mən şalvarımın ciblərini
çıxarıb çevirdim.
Kirayə qaldığım
mənzilin açarı
qumun üstünə
düşdü. Ondan
gözlərimi çəkmədən
əyilib açarı
götürdüm. O, beləcə
bir müddət qəribə baxışlarıyla
gözlərini məndən
çəkmədi. Sonra köynəyinin
cibindən bir əllilik çıxardıb
mənə uzatdı.
Lakin onun əli uzanılı qaldı.
- Al, götür. Vaxt olar, sən də kiminsə əlindən tutarsan. Bu sənin həyatında olacaq, mütləq olacaq... Hər bir adamın həyatında belə bir gün olur.
Bir gün kiminsə əlindən tutur, kiməsə dəstək
olarsan.
- Yox... yox, siz
elə bilin ki, mənim əlimdən tutdunuz, - deyib geri çəkildim.
O, əliylə arabanın təkərini cəld işə salıb sürətlə mənə
yaxınlaşdı.
- Al, götür, yoxsa bu pulu sənin
gözünün qabağında
cırıb dənizə
ataram, - dedi.
Mən çıxılmaz vəziyyətdə
qalmışdım. Əslində
pula ehtiyacım vardı.
Amma ilk dəfə gördüyüm
adamdan - özü də dizindən aşağı ayağı
olmayan bir əlildən pul götürmək çox
ağır gəlirdi
mənə. O, elə
bil mənim fikrimi oxudu və
ağır-ağır:
- Mən hər səhər bura gəlirəm. İmkanın
olanda gətirib qaytararsan. Tələsmə,
yenə deyirəm, nə vaxt imkanın
olarsa... Olmasa, heç qaytarma. Canın sağ olsun. O pulu sənə
borc vermirəm. Amma ürəyin rahat olsun deyə, pulun çox olanda qaytararsan.
- Axı, siz məni
tanımırsız, - dedim.
Səsim kallaşmışdı,
nitqim qurumuşdu.
- Biz artıq tanışıq.
Adımı bilmək
istəyirsənsə, deyim?
Kənandır mənim
adım, Kənan. Deməli, danışdıq,
belə edirsən, gedirsən kəndə, toyuqdan-cücədən saxlayıb
başını qatırsan.
İş də olacaq, darıxma. Ananı da heç vaxt tək qoyma,
yaşlı adamdı,
həmişə yanında
ol. Bu sözlərimi isə böyük qardaş nəsihəti hesab edərsən yəqin.
Kənan
bunları deyib arabasını işə
saldı. Sürətlə
məndən aralanmaq istəyirdi. Yəqin fikirləşirdi ki, birdən
mən pulu qaytara bilərəm. Sarı əllilik barmaqlarımın ucunda titrəyirdi. Dənizdən
əsən meh az qalırdı pulu əlimdən qoparıb aparsın. Kənan məndən uzaqlaşdıqca
həyəcanım bir
az da artırdı. Nəhayət, özümü
saxlaya bilməyib qışqırdım:
- Kəndə gedə bilməyəcəm, - dedim.
Kənan
arabanı saxladı. Yolun ortasında hərəkətsiz donub qalmışdı. Heç
mənə tərəf
çönmədi də.
Səsi də gəlmirdi. Başa düşdüm ki, o, kəndə
gedə bilməməyimin
səbəbini məndən
eşitmək istəyir.
Mən ona yaxınlaşıb əlimi
çiyninə qoydum.
Başını dikəldib
gözlərimə baxdı,
anladım ki, sözümün
ardını gözləyir.
Mən isə danışa bilmirdim, dilim tutulmuşdu. Kənan mənim halımı, ovqatımı,
təbii ki, görürdü,
hiss eləyirdi. Elə
yəqin ona görə də, məni həyəcandan qurtarmaq üçün özü dilləndi:
- Niyə? Nəyə görə gedə bilmirsən kəndə?
Gözlərini məndən çəkmirdi
Kənan.
Hiss edirdim ki, bu durum onu əsəbiləşdirir.
Onu da hiss edirdim ki, Kənan əsəblərini
güclə ram eləyir,
mənim cavabımı
gözləyir. Artıq
qırmızı xətti
keçdiyimi bilirdim və mütləq danışmalıydım. Özümü
toparlayıb qırıq
səslə dedim:
- Bacım. Bacım türmədədi. Adamların
üzünə baxa bilmirəm. Hər baxışda bir kinayə, etinasızlıq
görürəm. Az qalıram
ölüb yerə girim, kənddə olanda.
- Bacın nə üstündə tutulub? -
deyə Kənan təəccüblə soruşdu.
O, susduğumu görüb, əsəbi halda, bir az da ucadan
xəbər aldı:
- Nə üstündə soruşuram tutulub bacın?
- Kəndimizdə bir oğlan aldadıb onu. Söz verib
ki, evlənəcəklər. Amma sözündən qaçıb,
yalan danışıb.
Bacım da onu öldürüb.
Kənan
gözlərini yumub, qaşlarını yuxarı
qaldırdı. Başını
sağa-sola tərpətdi.
Danışmırdı. Mən
də sakit durmuşdum. Aramızda gərgin pauza yaranmışdı. Ürəyim
od tutub yanırdı.
Özümü qınayırdım.
Axı, niyə, niyə mən bütün bunları azca əvvəl tanıdığım bir
adama danışdım.
Lap tutaq ki, doğrudan
da, o, yaxşı adamdır.
Pulum olmadığını
bilib, mənə pul da verdi. Ağıllı
məsləhətləri də
öz yerındə.
Amma bütün bunlar
mənə əsas vermir ki, ailəmizə başağrısı, əskiklik
gətirən bir hadisəni danışım
ona. Axı, o özgədir, yad adamdır.
İndi onun mənə
münasibəti də
yəqin dəyişəcək.
Kənan
yerində qurcalanıb
dikəldi. Öz-özüylə
danışırmış kimi, astadan pıçıldadı:
- Belə hadisələr həyatda çox olub, amma buna görə adam öldürmək... Bilmirəm...
Mənə nədənsə
çatmır belə
şeylər. Bəlkə
çox geri qalmışam?! O da ola bilər.
- Yox, - deyə mən sövq-təbii dilləndim. - Məsələ
siz düşündüyünüz
qədər də sadə deyil...
Mən danışa bilmir, çətinlik çəkirdim.
Bilmirdim fikrimi ona necə çatdırım
ki, məni başa düşsün. İnsan
ömrünün ən
çətin anlarında
belə özünü
qorumağı, müşkülü
asan eləməyi bacarmalıdır. Mənim
bacımsa bunu bacarmadı, öz qisasını onun həyatını alt-üst
eləyən, bədbəxt
günə qoyan bir adamı, həm də sevdiyi adamı öldürməkdə gördü,
özünü də
bədbəxt elədi.
Fikirləşirdim ki, bütün bunları
Kənana danışsam,
o, birdən məni düzgün anlamaz. Ləpələrin şaqraq
səsi məni bir an düşüncələrimdən
ayırdı. Mən sübh tezdən üfüqün yavaş-yavaş
qırmızı rəngə
boyandığını görürdüm.
Təbiətin bu qəribə halətinə,
bu bənzərsiz anlarına "dan yeri sökülür" deyirlər.
Doğrudan da, gözümüzün
qabağında ecazkar
bir mənzərə
"doğulurdu".
Dodaqları bir-birindən azca
aralanmış, qarşımızdakı
cazibədar təbiət
lövhəsinə təəccüblə
baxan Kənanın əsrarəngiz gözəlliyə
bu qədər heyranlığı məndə
qəti bir fikir yaratdı: o, pis adam ola bilməz.
Əlbəttə, ideal adam
yoxdur bu gidi dünyada. Hərənin nə isə çatışmayan
cəhəti var. O cümlədən,
yəqin ki, Kənanın
da.
Mən Kənana gözaltı baxırdım. Elə bilirdim yeni bir insan kəşf edirəm. Sanki bütün
qayğılarım unudulmuş,
mənə rahatlıq
verməyən fikirlərim
buxarlanıb yoxa çıxmışdı. Canımda
çoxdan, lap çoxdan
duymadığım bir
ürək, qəlb rahatlığı tapmışdım.
Mən indi, bax, burda, romantik
gecəylə sübh
çağının qovşağında
Kənanı bu dənizlə, yeni bir səhərin açıldığı
ülvi gözəlliklə
tək qoyub getmək istəyirdim. Amma
gedə bilmirdim. Hansısa bir qüvvə məni tutub saxlayır, getməyə, uzaqlaşmağa
qoymurdu. Beləcə,
dan yerinin sökülməsinə
və Kənanın bu mənzərəni necə ləzzətlə
izləməsinə maraqla
baxır, rahatlığım
bir az da artırdı. Artıq günorta saatlarında mənzil sahibi ilə baş tutacaq görüş də məni narahat etmirdi.
- Əşi, cəhənnəm
olsun, nə olacaq, olacaq. Bir pencəyim var, atıb çiynimə çıxıb
gedəcəm. "Mən
adam kimi yaşamaq istəyirəm,
kimlər nə deyəcək" prinsipi ilə yox.
...Aclıq da bir yandan məni üzürdü. Ayaq üstə güclə dayanırdım. Evə getmək, cibimə qoyduğum əlli manatla evimizin yanındakı iyirmi dörd saat işləyən marketdən
nəsə alıb yemək istəyirdim. Ürəyim çəkilirdi.
Kənana
bacımın adam öldürməyinin səbəbini
deməmişdim. Ona görə
yerimdən tərpənə
bilmirdim. O da soruşmurdu,
görünür bu onun içindəki yüksək mədəniyyətindən,
böyük insanlığından
irəli gəlirdi. O,
gözlərini dənizdən
çəkmədən dedi:
- Deyəsən, getmək istəyirsən? Görürsən,
dənizin havası adamı necə acdırır. Get, mağazadan
yeməyə bir şey al, at ağzına.
Özünü ac qoyma.
Mənim telefon nömrəmi yaz...
O, nömrəni demək istəyirdi, mən onu qabaqladım:
- Mobil telefonum yoxdu. Satmışam, - dedim.
Kənan
gözlərimin düz
içinə baxdı.
Bir müddət danışmadı.
Sonra yenidən baxışlarını
dənizə dikib dedi:
- Yaxşı, get. Sabah bu vaxtlar burda olacam.
İstəsən, gələrsən.
***
Kənanla sağollaşıb, ayrıldım. Sahildən
uzaqlaşdıqca dənizin
səsi aram-aram çəkilirdi qulaqlarımdan.
Prospektə qalxan pillələrə yaxınlaşanda
qulağı birkalı
itlər quyruqlarını
bulaya-bulaya mənə
tərəf qaçdılar.
Görünür, acmışdılar,
amma onlara veriləsi heç nə yox idi
məndə.
Mən marketdən bir az pendir, kərə
yağı, şəkər
tozu və çörək götürüb
ödəniş etmək
üçün kassaya
yaxınlaşdım. Əlini
ağzına tutub əsnəyən sarışın
qız aldığım
ərzaqları hesablayıb
satış çekini
mənə uzatdı.
- Neçə gündür
görünmürsən, hardasan?
- deyə soruşdu.
- İşim var idi, buralarda yox idim,
- deyib çeki ondan aldım.
Nə edim ki yalan danışa
bilmirəm. O da hiss etdi
ki, yalan deyirəm.
Satıcı qızın uzun
barmaqları var idi. Bu
barmaqlar onun qırmızı paltarının
fonunda daha gözəl görünürdü.
Sarışın qız
gözlərini süzdürüb
mənə elə qəribə baxdı ki, yalan danışdığıma
xəcalət çəkdim.
Sağollaşıb qapıdan
çıxanda:
- Bir
problem olsa, yaxınlaş,
utanma, - dedi.
Mən başımı yelləməklə
təşəkkürümü bildirib, marketdən çıxdım.
Kirayə
qaldığım evin
bloku qarşısında
sahibsiz pişiklər
boy-boya vermişdi. Görünür, onlar da mənim kimi ac idi. Yenidən marketə qayıtdım. Satıcı qız yenə əllərini ağzına aparıb əsnəyərək:
- Nə oldu, niyə
qayıtdın?
Mən gülümsünüb dedim:
- Demirdiniz problem olsa gəl, utanma? Mən də gəlmişəm...
O da gülümsədi və məni bir də
qəribə baxışlarla
süzdü.
Bir neçə sosis götürüb ona yaxınlaşdım:
- Bunları pişiklər üçün alıram.
Blokun qabağında oturub məni gözləyirlər, - dedim
və üç manat verib, çıxışa
yaxınlaşdım. Satıcı
qız ucadan:
- Dördayaqlıları pis
öyrətmə, - dedi.
Mən sosisləri pişiklərə
yedizdirib otağıma
qalxdım.
***
Səhər yeməyindən sonra
çarpayıda uzandım.
Hər gün eşitdiyim, zəhləmi
aparan cırıltı
indi nədənsə
əsəblərimə toxunmurdu.
Əllərimi başımın
altında çarpazlayıb
siqaret tüstüsündən
avazımış tavana
baxırdım. Əhvalım
yaxşıydı. Dənizin
saf havasını hələ də canımda hiss eləyirdim.
Kənanla söhbətim,
daim sahilə can atan ləpələrin pıçıltısı, aylı-ulduzlu
səma, nəhayətsiz
mavi ənginlik... kino lenti kimi gözümün
önündən gəlib
keçirdi. Beləcə,
yuxuya getdim.
...Taqqıltıya oyanıb gözlərimi açdım.
Qapını döyürdülər.
Kim ola bilər, xeyir
ola?! Saata baxdım. On
birin yarısı idi. Mənzilin sahibi günortadan sonra gəlməli idi axı. Mən
ucadan:
- Gəlin, - dedim və tez də
gedib qapını açdım. Qarşımda
bəstəboy bir gənc xanım dayanmışdı. Əynində
qara rəngdə uzun donu, çiynində
iri çantası var
idi. Uzaq yol qət eləyib
gələn adamlara oxşayırdı. Mən
onu içəri dəvət elədim. O, dəhlizə keçib çantasını köhnə,
sınıq-salxaq şkafın
üstünə qoydu.
Divardakı çoxdan
silinməyən oval güzgüdə
saçlarını səliqəyə
saldı.
- Sizin bu beşmərətəbə
lap ürəyimi üzdü,
- dedi, sonra:
- Siz Seymursuz, düz bilmişəm? - deyə soruşdu.
- Həə, Seymuram, - dedim.
O, çantasını götürüb
otağa keçdi. Mən onu masaya
dəvət elədim:
- Əyləşin, indi sizə çay gətirəcəm.
O isə:
- Üzümə bir az sərin su
vurmaq istəyirəm,
istidir, - dedi.
- Buyurun, - dedim və mətbəxə keçdim.
Çaydanı qazın üstünə
qoydum, soyuducudan pendir, yağ çıxardıb masaya gətirdim. O, əl-üzünü
dəsmalla silə-silə:
- Siz Allah əziyyət çəkməyin, mən
yemək yeməyəcəm,
amma bir stəkan çay içərəm, - dedi. Nəfəsini dərib, otağa gözucu nəzər saldı. Sonra
çaydan bir qurtum alıb:
- Niyə ayaqüstə durmusuz? Əyləşin,
- dedi və gülümsədi.
- Siz də ananız
kimi, həm istiqanlı, həm də qonaqpərvərsiniz.
Kim olduğumu bilmədən
içəri buraxdınız,
indi də mənə qulluq göstərirsiniz, amma heç soruşmursunuz kiməm?
Üzünə xoş bir təbəssüm yayıldı.
Baməzə danışığı
vardı. O ərklə:
- Diliniz yoxdur? Danışın da...
- Hər kimsiniz, qonağımsız. Nə
deyim? Xoş gəlmisiz.
Bəstəboy xanımın gəlişi
məni çox maraqlandırsa da, heç
nə soruşmurdum ondan. Gözləyirdim özü danışsın.
O, çaydan bir qurtum da içib, çantasını açdı,
bir bükülü çıxarıb masanın
üstünə qoydu.
- Bu pullar sizə çatacaq, - dedi və çantanın ağzını bağlayıb
söhbətinə davam
elədi. - Mən ixtisasca jurnalistəm. Adım Ayşəndir.
"İnsan hüquqları"
jurnalında müxbir
işləyirəm. İndi isə sizin kənddən gəlirəm,
Yaşıllıdan. Ananız
göndərdi bu pulları. İki gün əvvəl isə qadın türməsində olmuşam.
Cəza çəkən,
islah olunan qadınların həyatından
kitab yazıram axı.
Orda sizin bacınızla görüşdüm
- Ləmanla. Onunla ikinci dəfə idi görüşürdüm.
İki ay əvvəl
tanış olmuşduq.
Cəzaçəkmə müəssisəsində
onu ilk dəfə görəndə diqqətimi
çəkmişdi. Dedilər,
yeganə dustaq qadındır ki, on ildir onunla görüşə
bircə nəfər də gəlməyib. Keçən dəfə mənə demişdi ki, növbəti gəlişinizdə
bir dəftər verəcəm sizə. Onu çatdırın Seymura. Axırıncı səfərimdə verdi bu dəftəri mənə.
Ayşən çantasının qabaq gözünü açdı, boz rəngli, on iki vərəqli dəftəri
çıxardıb, - dedi:
- Buyurun,
həmin dəftərdir.
Ləman xahiş edib ki, şəxsən sizin özünüzə
çatdırım.
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.16-17.