Sübh namazımın duası
"Sübhanallah"
silsiləsindən
Həyətdə mən, atam, Sevil bibim ağrılardan
inildəyən, oturaq
halda bədənini qabağa-geri çəkən,
töyşüyən Məçi
(Məhluqə) nənəmə
ümidsiz, çarəsiz
baxırdıq. Xəstəliyi
qaraciyəriylə bağlıydı,
su yığılmışdı
qarnına, qolları,
ayaqları şişmişdi.
Artıq iynə-dərman
kömək etmirdi.
Son iki gündə namazlarını heç otura-otura qıla bilməmişdi.
Yeri gəlmişkən, ilk dəfə
Mığrı rayonunun
Lök kəndində,
namazı 3-cü sinifdə
oxuyanda mənə öyrətməyə cəhd
edən Məçi nənəm olmuşdu.
SSRİ-də ateizmin asıb-kəsən vaxtında
buna görə nənəmlə
bərk mübahisə
edən Çimnaz bibim ("Uşağın
gələcəyini məhv
eliyirsən, xəbərin
var?") indi namaz qılır, oruc tutur.
O günlər Allaha yalvarırdım, nənəmin
ölməyi Sankt-Peterburqa
qayıtmaq günümə
düşməsin. Namizədlik
işimlə bağlı
on gün sonra ora uçub elmi ezamiyyə, yataqxana məsələlərini
həll etməliydim. Artıq təyyarə biletimi alıb pasportumun arasına qoymuşdum.
Qəfil
atam dilləndi: "Nənə, kənddə Seyid Əhmədin marallarla zəmini şumlaması yadındadı?"
Uşaqlıqdan atam öz anasına "nənə" deyirdi.
"Hə", - nənəm
könülsüz cavab
verdi. "Onu Alpaya danış". Nənəm, hardasa XIX əsrin ortalarında Lök kəndində baş vermiş, kəramətiylə (ilanların
dilini bilməyi, yaylaqda su olmayanda,
dua oxuyub daşın altından su çıxarmağı)
tanınan kəndin axundu - ulu babamız
Seyid Əhmədin əhvalatını qırıq-qırıq
cümlələrlə, fasilələrlə,
inildəyə-inildəyə başdan-ayağa danışdı.
Atamı
ürəyimdə qınamışdım:
"Axı, nə məcburdu, ağır xəstə ola-ola yüz dəfə bizə danışdığı hadisəni
ona danışdırasan?"
Nənəm o vaxt atama desəydi: "A bala, o hayda deyiləm",
heç kim ondan inciməyəcəkdi.
Düzü, heç mənim də ağlıma gəlməmişdi
"Ay nənə, inşallah,
başqa vaxt danışarsan", deyəm.
İllər sonra, artıq atam da bu həyatda
olmayanda, hər şey mənə aydın oldu: atam elə bilirmiş,
o hadisəni mənə
- sevimli nəvəsinə
danışanda, anası
az da olsa yüngülləşəcək.
Hadisənin qısa məzmunu
belədir: Seyid Əhməd neçə
il imiş yaz günləri sübh namazından sonra zəmiyə gedib iki dəfə öskürürmüş, bu
vaxt yaxınlıqdakı
meşədən iki maral çıxıb onun yanına gəlir, ulu babamız onları xışa qoşub, torpağı şumlayırmış. Kənd
camaatı baş açammırmış, öküzü
olmayan bu kişinin zəmisi necə hər il bol taxıl gətirir. Bir gün kənddə cadugər kimi tanınan qarı başlayır Seyid Əhmədi güdməyə. Seyid maralları səsləyib
xışa qoşanda,
qarı qəfil onun qarşısında peyda olub deyir:
"Ağa, indi bildik kələyin nə imiş". Hürkən marallar xışla bir yerdə meşəyə qaçırlar. Sonrakı
günlər Seyid Əhməd zəmiyə gedib maralları nə qədər səsləsə də, onlar bir də
onun yanına gəlmir.
Nənəmin üzündən öpdüm,
sağollaşıb evimizə
getməkçün ayağa
durmaq istəyəndə,
atam çiynimdən basıb qulağıma pıçıldadı: "Bəlkə,
bu gecə burda qalasan. Peterburqdan qayıdanda, nənən bu həyatda olmaya bilər". Nəyisə
bəhanə gətirib
evə getdim, atam onunla qalası
oldu.
Sübh
namazının dəstəmazına
başlayanda anladım
ki, dualarım ancaq nənəmlə bağlı
olacaq. 86 yaşlı nənəmin sağalacağına
ümidim yox idi. Hər səcdədə
alnımı xalçanın
üstündə xeyli
saxlayıb pıçıldadım:
"Ey Allah, nənəmin
əzabları davam eliyəcəksə, onu ən tez zamanda
öldür". Duanın
enerjisini bütün bədənimdə hiss etdim,
başımı səcdədən
qaldıranda bədənim
yüngülcə titrədi.
Namazın salamlarını
deyəndən sonra, eyni duanı edib masanın üstündəki saata baxdım. Əqrəb düz 6:00-ın üstündəydi.
Az sonra Sevil bibim nənəmin
rəhmətə getdiyini
telefonla xəbər verdi. Tez əynimi geyinib tramvay dayanacağına düşdüm.
Dünən ağrılar içində
maralların əhvalatını
danışan yumru nənəm indi hərəkətsiz, qara örtüyə bükülmüş
halda xalçanın üstündəydi - fanilik
səhnəsi. Sevil, Çimnaz bibim cənazənin ətrafında
oturub ağı deyib ağlayırdılar,
Solmaz bibim Qurandan ayələr oxuyurdu. Ürəyimdə
Allaha nənəmin ağrılarına son qoyduğuna
görə şükür
etdim, əzablarının
o dünyada kəffarəsi
olmasıyçün dua
etdim. Sonra pasportumun arasına qoyduğum Bakı-Sankt-Peterburq təyyarə bileti yadıma düşdü.
Özümdən asılı
olmayaraq gizlincə sevindim.
Atamın
danışdığına görə, gecə saat birdən başlayaraq nənəm çarpayıda gah o tərəf-bu
tərəfə çevrilir,
gah da oturub tez-tez ayaqlarını yerə çırpır, ağır-ağır
nəfəs alır, dili tutulduğundan atamın "Nənə,
nə lazımdı? Nə istiyirsən?" suallarına cavab verə bilmirmiş. Canvermə səhərə
qədər davam edibmiş (atam bunları "Son döyüş"
povestində ətraflı,
nasir ustalığıyla
təsvir edib). Nənəm son nəfəsini
alıb-verəndə, atam
divar saatına baxır. Əqrəb düz 6:00-ı göstərirmiş.
Saat məsələsini
eşidəndə, sağ
dizim titrədi, sanki nənəm ikinci dəfə öldü. Ürəyimdə
"Sübhanallah", deyib
yüngülləşdim.
Atam son illər doğma kəndindən ötrü
çox darıxırdı,
ata-anası, ana nənəsi
tez-tez yuxusuna girirdi, bəzən yuxularını bizə danışıb kövrəlirdi.
Vətən müharibəsindən,
Zəngəzur dəhlizi
məsələsindən sonra
doğma yerləri gedib görəcəyinə
çox ümidliydi.
Xırdalan qəbiristanlığında atamla nənəm yanaşıdırlar. Onlara
baş çəkməyə
gedəndə, bəzən
bir səhnə canlanır xəyalımda.
Ana-bala sübh tezdən Lök kəndində zəmiyə
gedirlər, başında
ağ araqçın
üzü nurlu ulu babamızın marallarla torpağı həvəslə
şumlamasına tamaşa
edə-edə ona deyirlər: "Yorulmayasan,
ay baba. Allah qollarına qüvvət
versin". Seyid Əhmədsə, "Amin!" deyib həvəslə öz işinə davam edir.
20 aprel-16
iyun 2025
Bakı
Alpay AZƏR
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.25.