Unudulmuş milli hekayə
Bir neçə ay öncə
İstanbulda Üsküdar
meydanının ətrafındakı
bukinistləri gəzərkən
Azərbaycanla bağlı
nadir bir kitaba təsadüf etdim. Memduh Necati adlı
müəllifin kitabının
adı qapaqda bu şəkildə yazılmışdı: "Dilek.
Milli Hikaye. Azerbaycan İntibalarından". Əsər
1931-1932-ci ildə Amasiya
Vilayət Mətbəəsində
çap olunmuşdu. Kitabın arxasında müəllifin imzası ilə bu qeyd
verilmişdi: "Üstadımız
Efendi zade Yusuf beyefendiye.
13-IX-932. Amasya. Mektupçu
Memduh".
Azərbaycanlı olduğumu bilən
bukinist olduqca yüksək qiyməti olan bu nadir əsəri
müəyyən qədər
endirimlə satmağa
razı oldu və nəticədə ölkəmizlə bağlı
unudulmuş bir hekayəni Vətənə
gətirə bildim.
Kitabı
əldə etdikdən
sonra araşdırmağa
başladım, lakin müəllif haqqında, təəssüf ki, yetərli
bir məlumat tapmadım. Amma kitabın bir il sonra yenidən
nəşr edilməsi
haqqında azərbaycanlı
mühacir alim Əhməd
Cəfəroğlunun İstanbulda
çap etdiyi "Azərbaycan yurd bilgisi" jurnalından bilgi öyrəndim. Dərginin 1934-cü ildə
çıxan 31-32-ci qoşasayının
"Təhlil və tənqidlər" bölümündə
Əhməd bəy
"A.C" imzası ilə
qısa bir tanıtım məqaləsi
yazıb:
"Memduh Necati. Dilek. Milli Hikaye. Azerbaycan İntibalarından,
İsparta, İlkadım
mətbəəsi, 1933, s. 76. Qiyməti 50 quruş.
Hissi olduğu qədər də milli bir hekayə olan "Dilək" Azərbaycan həyatına təmas edən ilk Türkiyə əsəridir. Azərbaycanın
istiqlal quruluşuna iştirak edənlər bu ölkədəki milli hərəkatı az-çox
görmüşlərdir. Fəqət
bugünkü vəziyyət
dolayısı ilə
milli Azərbaycan hərəkatı
istər hekayə, istər roman tərzlərində
olsun, məttəəssüf,
kimsəyə mövzu
olmamışdır. Memduh
Necati bəy ilk olaraq bu işə
atılmış bir Azərbaycan dostudur. Sayğılı müəllifi
bu yolun ilk yolçusu olmaları hasəbiylə təbrik və kəndilərinə
təşəkkür edəriz.
İlk dəfə Amasiyada,
ikinci dəfə isə İspartada təb edilmişdir. Oxucularımıza tövsiyə
edəriz".
Göründüyü kimi, Cəfəroğlu da nə
müəllif haqqında,
nə də kitabın mövzusu haqqında məlumat verməyib. Buradan öyrənirik ki, əldə
etdiyimiz nüsxə kitabın ilk nəşrindəndir.
Kiçik ölçülü
ilk nəşr 148 səhifədən
ibarətdir.
Rəfiqin
dəftəri
Kitabın girişində birinci şəxsin dilindən şirin bir qəsəbədə yaşayan
üç dostdan bəhs edilir: Özü, Necdət və Fəxri. Dərd yoldaşı olan bu dostlar
mütəmadi toplaşar,
bildiklərindən, gördüklərindən
danışar, səhərə
qədər söhbətə
davam edərlərmiş.
Bu gecələrin birində
zabit Necdət qırmızı qablı,
ikiyə qatlanan, tozlu bir dəftəri
cibindən çıxararaq
deyir: "Əlimdəki
bu boynubükük dəftəri bu gecə oxumaq məndən, dinləmək
də sizdən olacaq... Nişanlı ikən şəhid olan, fəqət bildiyiniz nişanlılara əsla bənzəməyən
bir zabitin yanğılı qeydlərini
və bu qeydləri yazdıran idealı və o idealın da müxtəsər
tarixçəsini oxuyacağam.
Bu tarixçə hüdudumuzdan
Azərbaycana girən
və ən nəhayət, İnönü
təpələrinə gömülən
zabit Rəfiqin şəhadətindən sonra
cibindən çıxan
bir dəftər və məktubdan ibarətdir".
Müəllif əsərdə zabit
Rəfiqin məktubunun
mətnini verdikdən
sonra "Rəfiqin dəftəri" adlanan ikinci əsas bölümə başlayıb.
Osmanlının son illərində - Birinci
Dünya müharibəsinin
yaratdığı acınacaqlı
hadisələrin içərisində
yaşayan zabit Rəfiqin dəftəri dövrün təsviri ilə başlayır. İntiqam hissi ilə yaşayan zabitin barmağında Ədirnədə şəhid
düşən bacısının
yoldaşının nişan
üzüyü vardı.
Bu anda komandanları döyüşün olmayacağını,
Rusiya hüduduna yaxın olan ərazilərdəki insanların
köçürüləcəyini bildirir və zabitə bu iş tapşırılır.
Bu işi yerinə yetirdikdən sonra növbəti əmrləri
gözləyərkən yaşadığı
qəsəbənin yollarında
gününü keçirən
Rəfiq bir gün qatar stansiyasına düşür.
Bu anlarda gələn lokomotivlərdən birini seyr edərkən diqqətini qatardan düşən bir yolçu cəlb edir. Geyimindən, tövründən yolçunun
xristian olmadığını
anlayan Rəfiq ona nəzər yetirməyə başlayır.
Rəfiq də həmin şəxsin diqqətini cəlb edir, nəticədə məchul adam bir az tərəddüd
etdikdən sonra ona yaxınlaşır:
"- Əfv edərsiniz, - dedi, - siz müsəlmansınızmı?
- Əvət, əfəndim,
türkəm, - dedim,
- bu qarşıdakı
qəsəbədənəm.
- Ah, nə əla, - dedi, - mən də, zatən, qəsəbənizə gedirəm.
Azərbaycan Cəmiyyəti-Xeyriyyə
məmurlarındanam".
Əsərin bu yerinə çatdığım zaman məni
həyəcan bürüdü.
Çünki ötən
əsrin əvvəllərində
Hacı Zeynalabdin Tağıyevin qurduğu bu cəmiyyətin Azərbaycanın sərhədlərindən
kənarda da necə güclü fəaliyyət
göstərdiyinə dair
xeyli xatirə oxumuşdum. Xüsusilə,
Osmanlı zabitlərinin
xatirələrində cəmiyyətin
Batumda ruslara əsir düşən əsgərlərə göstərdikləri
xidmətlər barədə
məlumatlar vardı.
Qars, Oltu, Batum kimi bölgələrdə
təmsilçiləri fəaliyyət
göstərirdi. Buralarda
baş verən fəlakətlərdə cəmiyyətin
etdiyi yardımlar tariximizin ən qiymətli səhifələrindəndir.
Bu baxımdan bir türk müəllifin romanında cəmiyyət
məmurunun obrazının
yaradılması olduqca
xoş olmuşdu. Daha sonrakı səhifələrdə bu
həyəcanım daha
da artacaqdı.
Rəfiq
cəmiyyətin məmuruna
mehmandarlıq edir, yolda onun ülvi
məramını öyrənmiş
olur: "Mən buraya sizi alovlardan
qurtarmaq, sıxıntı
çəmbərindən çıxarmaq,
bunları edə bilməsəm, uzaq yerlərdəki türk qardaşlarınızın gecə-gündüz
sizi düşündüklərini
söyləmək üçün
gəldim. Bunları bacara bilsəm, məmləkətimə piyada
qayıdacağam".
Məmur
sərhəd qəsəbəsindəki
vəziyyətlə bağlı
məlumatları toplayıb
geri qayıdarkən Rəfiq ona bir təklif edir: "Məni özünüzlə Azərbaycana
getmək səadətinə
qovuşdurmağınızı istirham edirəm".
Məmur
bunu sevinclə qəbul edir, bir türkün Azərbaycandakı qardaşlarına
təqdim edilməsindən
sevinc duyacağını
bildirir və hazırlaşmasını istəyir.
Böyük sevinc və həyəcan içində dostları,
çevrəsi ilə
vidalaşan Rəfiq tezliklə onların da qurtulacağını bildirərək
sonradan adının Məhəmməd olduğunu
öyrənəcəyimiz Cəmiyyəti-Xeyriyyə
məmuru ilə birlikdə Bakıya doğru gedir.
Beləliklə, Azərbaycana gələn
Rəfiq bəy buradakı ictimai yerlərə qatılır,
Cəmiyyəti-Xeyriyyənin binasında olur, Məhəmməd bəy vasitəsilə azərbaycanlı
Yusif bəy və onun qızı
Gülsüm xanımla
tanış olur.
Əsərin qəhrəmanının Bakıdakı günləri,
İstanbul ilə Bakı
şivələri arasındakı
müqayisələri olduqca
maraqlıdır. Nəhayət,
Məhəmməd bəy
hazırladığı raporu
Cəmiyyəti-Xeyriyyəyə təqdim etdiyi zaman Rəfiq və Yusif bəy də onunla birlikdə olurlar. Cəmiyyətin binasında
ikən Yusif bəy "Açıq söz" qəzetində
çıxan yazını
sevinclə Yusif bəyə göstərir.
Əsərdə verilən
xəbərdə yazılmışdı:
"Hərbzədələrə kömək.
Təzədən əlli
min rublə. Təsvirini
yuxarıda basdığımız
xeyirpərvər zatı
hamımız tanıyırıq.
Bu alicənab insan yazıqlar babası Zeynəlabdin Tağıyevdir.
İndiyə kimi xeyli ianələr veribdir. Cəmiyyətdən
bizə bildirirlər
ki, bu səfər əlli min rublə daha ianə eyləyiblər. Ondan ötrü ki, məşğul
olan türk torpaqlarında ac qalan hərbzədələrin öz
yerlərində ehtiyaclarını
tədarük eyləyə
bilmələri asan olsun. Həmin məqsədlə pul ianəsinə iştirak eyləyən mülkədarların
adlarını da "Qardaş
köməyi" məcmuəsində
oxumaq mümkün olar".
Hərbzədələrə olan bu dəstəyə görə sevinən Rəfiq "Qardaş köməyi" jurnalını
axtararaq toplu məcmuələrin arasından
tapır və tədqiqatçılara tanış
olan jurnalı bu şəkildə təsvir edir:
"Yusif bəyin yardımı ilə bu məcmuənin ötən həftədən
qalma bir nüsxəsini tapdım, qaparcasına aldım və gözlərim ilk öncə qapaqdakı rəsmə ilişib qaldı: Yerə yıxılmış yaralı
bir maral yavrusu ilə yarayı yalayan mütəhəvvir bir ceyran. Ağlamamaq üçün özümü
çətinliklə saxlayırdım....
Xeyli vaxtdır adları, sanları eşidilən tanınmış
azərbaycanlı mühərrir
və ədiblərindən
bir çoxunun bu məcmuədə mənzum və mənsur yazıları, şeirləri, daha doğrusu, milli duyğularını
ifadə edən xitabələri, sənihələri
və mərsiyyələri
vardı".
Rəfiq
bəy Bakıda keçirdiyi günlərdə
Gülsüm xanıma
aşiq olur, aralarında məhəbbət
yaranır. Bakıdakı
vəzifəsi bitdikdən
sonra Türkiyəyə
qayıdan Rəfiqin ardınca Gülsüm də yanına yollanır, gənclər nişanlanırlar. Rəfiqin
dəftəri xoş anlarla bitir... Ta ki dəftər tapılandan sonra Rəfiqin döyüşlərin birində
şəhid olduğunu
zabit Necdətin dilindən öyrənirik.
Gülsümün isə
İstanbula göndərildiyi
qeyd olunur.
1917-ci ilin sonlarında baş verən bu hadisələrə, bəlkə də, müəllif özü birbaşa şahidlik edib. Çünki romanda Nargin adasında əsir saxlanılan Osmanlı əsgərlərinin taleyi,
insanların onlara yardımı məsələlərinə
də toxunulub.
İmzalı nüsxədə müəllif
"məktubçu Memduh"
ifadəsini qeyd edib. Osmanlıdan qalma bu vəzifə
1864-cü il vilayət nizamnaməsinə
əsasən yaradılıb.
Məktubçuluq vilayət
idarəsində yazışmaları,
rəsmi sənədləri
və arxiv işlərini idarə edən bir məmurun
vəzifəsi idi. Həmçinin, vilayət
qəzetinin yayılması,
livalara göndəriləcək
sənədlər üçün
nəqliyyatın təşkili
kimi vəzifələri
də yerinə yetirirdilər. Eyni zamanda vilayətin mətbəəsini də
idarə edirdilər. Türkiyənin rəsmi
"Hakimiyeti Milliye"
qəzetinin 31 oktyabr
1932-ci il tarixli sayından
oxuyuruq ki, Amasiya məktubçusu Memduh Necati bəy İsparta məktubçuluğuna
təyin edilib. Demək ki, Amasiyadan bu şəhərə getdikdən sonra Memduh bəy kitabın ikinci nəşrini orada çap edib. Türkiyə mətbuatından
əldə etdiyimiz digər məlumatlara görə, Memduh bəy daha sonra
Gümüşhane, Maraş,
Urfa, Bingöl bölgələrində
də bu vəzifəni yerinə yetirib, 1943-cü ilin avqustunda mərkəzə
çağırılıb. 1945-ci ildə o, İsmət İnönünün qərarı
ilə Siirt məktubçuluğuna təyin
edilib, lakin həmin il yenidən nazirliyin əmrinə verilib.
Rəsmi
xəbərlərdən anlaşılır
ki, 1934-cü il soyad qanunundan
sonra Memduh Necati bəy Tosun soyadını qəbul edib.
Kitabın imzalandığı Yusif Əfəndizadə adlı şəxsə gəldikdə isə, bu ad-soyadda bir
insana Cənubi Qafqaz Seyminin müsəlman deputatları
arasında rast gəlinir. Ola bilsin ki, həmin şəxsdir və ya kitabda
bəhsi keçən
Yusif bəy də gerçək bir şəxsiyyətdir.
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.24-25.