Patiryat
Hekayə
Məhləmizdə o qədər it
var ki, bizə kimsə
qonaq gələndə
zooparkın yaxınlığında
qaldığımızı zənn edir. Dəfələrlə "Toplan"
heyvanların mühafizə
xidmətindən gəlib
sahibsiz itləri yığsalar da, səhər
durub görürdün
ki, yağışdan sonra
yerdən göbələk
çıxan kimi
yeni-yeni itlər peyda olub. Bu peydakarların arasında bir it diqqətimi yaman çəkmişdi. Məhlədə
hamı o itə xüsusi qayğı göstərirdi. İtin məharətindən danışım.
Elə ki məhləmizə
yad maşın və
ya adam gələrdi,
o dəqiqə həmin
it quyruğunu dikəldib
hürər, tanımadığı
obyektə sarı cumub, yad subyektin dərhal məhləni tərk etməsini istəyərdi. Birdən məhlədə balaca uşaqlar oynayanda başqa məhlələrin
itləri bizim məhlə uşaqlarının
üstlərinə cumub,
hürüşməyə başlayardılar. Dərhal
hamının diqqət
marağı olan bu gözünə döndüyüm özünü
olay yerinə yetirib, yad itləri qovar, balacaları qoruyardı. Artıq mən də həmin itlə dostlaşmışdım. Hətta
onun bu qədər
həssas, məhləmizin
asayişini qoruması
məni heyrətə
gətirmişdi. Bu münasibətlə
itə ad da qoymuşdum:
"Patiryat". Məhlədə
hər kəsin sevimlisi olan Patiryat sakinlər tərəfindən qayğı
görür, evlərdə
bişən yeməklərdən
Patiryat üçün
xüsusi olaraq ayrılırdı. Bir gün
də biz - məhlə
uşaqları yığışıb,
Patiryata yuva düzəltmişdik. Öz
aramızda sözləşmişdik
ki, balaları olan kimi hərəmiz bir balanı götürüb Patiryat kimi böyüdəcəyik.
Bilmirəm, niyə, amma təbiətdən çox,
onun dilsiz canlılarını daha çox sevirəm. "Dilsiz" deyəndə
ki, bəzilərindəki hissiyyat
düşünən, danışan
canlılardan aktivdir. Bizim məhlənin Patiryatı da danışa
bilməsə də, hissiyyatı o qədər
aktiv idi ki, çox vaxtlar zamanımı onunla keçirir, hətta söhbət də edirdik. Təbiətdəki
bütün canlılar
ilahi düstur üzrə özləri gedərkən mütləq
yerlərinə digərlərini
əvəzlədər. Necə
deyərlər, qadınlar
uşaq gətirər
dünyaya, dişi çiçəklər tozlanma
nəticəsində yeni tumurcuqlarını
pöhrələdər, dişi
heyvan və quşlar da, ya yumurta üstə yatıb, ətcəbala çıxarar, ya da bəşər övladı
kimi, əzabla güc edib doğarlar...
Bizim Patiryatın da halı ağırlaşmışdı. Gözlədiyimiz gün yaxında idi. Dördgözlə gözləyirdik
ki, itimizin balaları gəlir dünyaya. Patiryat yuvadan bayıra çıxmırdı.
Gecələr yuvasında
özünəməxsus hürməyi
olan Patiryatın səs-küyü gəlmirdi.
Səbəb isə qarnındakı sancılar
idi. Doğuşa hazırlaşırdı. Hətta
məhləmizin ağsaqqalları
bir-iki dəfə baytarlıqdan həkim də çağırmışdılar
ki, Patiryatın doğuş
gününü təyin
etsinlər. Mən də hər dəfəsində orada olardım. Öyrənmişdim
ki, həftəsonu doğacaq.
İndi məhləmizin gəncləri
- hamımız həyəcan
və sevinc dolu nəzərlərlə
bir-birimizə baxıb,
baxışlarımızla "Balaca Patiryatlar gəlir!" - deyirdik. Həmin həftə, demək olar ki, bir saatdan bir
yuvaya baş çəkib, Patiryata süd, sümük parçaları aparırdım.
Səbirsizliklə doğuşunu gözləyirdim.
Hətta bir gün qardaşım işdən gələndə
kağız sellofanda xeyli sosiska da almışdı ki, Patiryata
aparım. O günü
də həvəslə
aparmışdım. Nədənsə
həmin gün Patiryatın sancıları
azalmışdı və
sosisləri ləzzətlə
yemişdi.
Həftəsonu yetişdi. Bütün
məhlə həyəcanla
Patiryatın doğuşunu
gözləyirdi. Deyəsən,
baytarın diaqnozu düz çıxmamışdı.
Hələ doğuş
baş tutmadı. Mən yarıbikef, yarısevincli evə gəldim. Ümidlə sabahı gözləməli
oldum. Patiryatın səsinə elə öyrəşmişdim ki, hər
səhər onun özünəməxsus səsinə
oyanırdım yuxudan.
Hər səhər üfüqdən gün yarı boylananda hürüşünə diksinib
oyandığım Patiryatın,
son vaxtlar halı ağır olduğu üçün həvəssiz
idi, hürmürdü
və mən də diksinib yuxudan oyana bilmirdim.
Günortaya yaxın yuxudan oyandım. Paltarımı geyinib, cəld məhləyə
- Patiryatın yuvasına
qaçdım. Gördüyüm
mənzərə heç
də ürəkaçan
deyildi. Məhlə uşaqları məndən
cəld tərpənmişdilər.
Gecədən dünyaya
gələn balaları
seçib hərəsi
birini götürmüşdülər.
Yuvada bircə ətcəbala qalmışdı.
Patiryat eləcə həmin balasını yalayır, çənəsini
balasının başına
söykəyib, zingildəyirdi.
Arabir də qabaq ayaqları ilə balasını ehmalca sağa-sola çevirirdi. Heyrətdən
gözlərim böyümüşdü.
Zavallı ətcəbala
doğuşdan əngəlli
doğulmuşdu. Arxa ayağının biri, bir də sol gözü yox idi. Astaca əlimi
yuvaya uzadıb bu şikəst doğulan balaya toxunmaq istədim. Lakin Patiryat həvəssiz, çox da ucadan olmayan səslə havladı. Və mənə imkan vermədi ki, balasına toxunam. Bir müddət kənardan durub, yuvaya tamaşa etdim.
İndi bir başqa aləm məni əhatə etmişdi. Bir
ananın şikəst
balasına olan həssas duyğularla yanaşması və əgər dili olsaydı: "Tanrım, axı əzab çəkirəm bu balam üçün",
- deyərdi. Patiryat o qədər üzgün görünürdü ki, hətta
gözlərindən burnuna
uzun iz salmış
xətləri aydın
görmək mümkün
idi. Bu Patiryatın göz yaşları idi. Bikef evə
qayıtdım. Məhləmizdə
də qəribə bir durğunluq var idi. Hamı Patiryatın 7 baladan bircə əlil doğulan bu balasına heyfsilənir, acıyırdı. Şər
qarışmışdı. Mən hələ də eyvanda durub, həyətdə - söyüdün dibindəki
yuvaya boylanırdım.
Sanki ümid gözləyirdim.
Amma heç cürə
təkrar yuvaya getmək istəmirdim. Patiryatı o vəziyyətdə,
aciz, şikəst balasını qolları arasına sıxıb, zingildəyən görmək
istəmirdim. O gecəni
birtəhər başa
vurub, sübh tezdən Patiryata baş çəkməyə
getdim. Həyətə
düşəndə gördüm
ki, söyüdün ətrafı
məhlə sakinləri
ilə doludur. Addımlarımı itilədib
yuvaya yaxınlaşdım.
Qapı qonşumuzun oğlu burnunu çəkə-çəkə mənə sarı gəldi. Əlinin dalı ilə üzünə süzülən
göz yaşını
silib, boğunuq səslə dedi:
- "Patiryat artıq yoxdur!"
"Ola bilməz ki, Patiryat şikəst doğduğu
balasını özbaşına
yuvada tərk edib getsin". Bu fikirləri öz-özümə
mızıldandım. Adamların
arasından cəld yuvaya soxuldum. Gördüyüm mənzərə
mənə aylarla psixoloji təsir bağışladı. Patiryat
yumurlanmış, ətcə
balasını sinəsinə
sıxmış, bir qolunu balasının boynu ardına, o biri qolunu qarnına
qoyub, burnunu balasının burnuna dirəyib hər ikisi uzun bir
yuxuya getmişdi... Məhləmizin ağsaqqallarının
kövrək səsi məni sükutda boğulmuş halımdan ayırdı:
- "Elə bu söyüdün
dibi münasibdir. Bel gətirin! Burada qazın yerlərini!.."
Racu ŞIXLI
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.27.