Ağ at
Ədəbiyyat üzrə Nobel mükafatı
laureatı (1968) yapon yazıçısı
Yasunari Kavabata 11 iyun 1899-cu ildə Yaponiyanın Osaka şəhərində
doğulub. Ziyalı və varlı ailədə doğulan Yasunari Kavabata üç yaşında valideynlərinin hər ikisini itirib. Yazıçı və bacısı ana tərəfdən
baba-nənəsinin himayəsində
böyüyüb. Yazıçı
altı yaşında
olarkən nənəsi
və bacısı da
ölüb. Bu faciəvi
hadisələr gələcək
yazıçının psixikasına
təsirsiz ötüşməyib.
Kavabata ilk əsərlərindən
biri olan və həyatdakı sonuncu yaxın adamının, babasının
ölümündən az
əvvəl yazdığı
"On altı yaşlı
oğlanın gündəliyi"
(1914) avtobioqrafik hekayəsində
başına gələn
faciələri əks
etdirməyə çalışıb.
Yazıçı 1920-ci ildə Tokio
Universitetinin ingilis dili və ədəbiyyatı
bölümünə daxil
olub. Lakin bir il sonra yapon ədəbiyyatı
bölümünə dəyişilib.
Sonuncu kursda təhsil alanda Kavabata artıq "Buncay syuncyu" ("Dövrün ədəbiyyatı")
jurnalının redaksiya
heyətinin üzvü
idi. 20-ci illərin ortalarında isə o, bir qrup gənc
yazıçı ilə
birlikdə yapon ədəbiyyatında
modernist istiqamətin tribunasına
çevrilən "Bunqey
dziday" ("Müasir
ədəbiyyat") jurnalının
əsasını qoyub.
"Rəqqasə İdu"
(1925) povesti gənc müəllifin ilk uğurlu
əsəri sayılır.
Kavabatanın növbəti
"Quşlar və vəhşi heyvanlar"
(1933) kitabında bir gəncin insanlarla təmasdan qaçıb təbiətə sığındığı,
yalnız sevdiyi gənc qızın xəyalı ilə yaşadığı təsvir
edilirdi. Yazıçının
bu qəhrəmanı
Məhəmməd Füzulinin
"Leyli və Məcnun" əsərindəki
qəhrəmana bənzədilir,
"XX əsr yapon Məcnunu"
adlandırılır.
Sənətkarlıq təcrübəsi
artdıqca Kavabata, əsasən, Avropa mədəniyyətindən nəşət
edən eksperimentlərdən
uzaqlaşmış və
milli ənənələrə daha çox bağlanmışdı. "İdzulu
rəqqasə" (1926), "Qarlı diyar"
(1935,1937-1947), "Dağın səsi" (1949-1954), "Köhnə
paytaxt" (1962), "Asakuslu
şən qızlar"
(1961), "Minqanadlı durna"
(1949-1952) kimi əsərlərin
müəllifi olan yazıçı Fransanın
İncəsənət və
Ədəbiyyat Ordeni zabiti (1960) adına layiq görülüb.
1948-1965-ci illərdə o, yapon PEN-klubunun sədri, 1959-cu ildən həyatının
sonuna qədər isə Beynəlxalq PEN-klubun vitse-prezidenti olub. Yasunari Kavabata Nobel mükafatı
alan ilk yapon yazıçısıdır.
İsveç Akademiyası
1968-ci ildə "yapon şüurunun
mahiyyətini əks etdirən yaradıcılıq
məharətinə görə"
Yasunari Kavabatanı
Nobel mükafatına layiq
görüb.
Yazıçının həyatı faciəvi sonluqla bitib. 1970-ci ildə yaxın dostu, tanınmış yapon yazıçısı,
kino-aktyor və sağ təmayüllü
siyasi xadim, nəhayət, uzun illər yapon ədəbiyyatının
ən şanslı
Nobel iddiaçılarından biri olan Misimanın
yapon hərbi bazalarından
birində əsgərləri
hökumət əleyhinə
üsyana qaldırmaq cəhdi uğursuzluqla bitəndən sonra xarakiri edərək özünü öldürür.
Bu, Kavabata üçün
böyük sarsıntı
olur və yazıçının narkotik
asılılığı daha da güclənir. Nəticədə onun meyiti 16 aprel 1972-ci ildə yaşadığı
mənzildə qazla zəhərlənmiş halda
tapılır. Bu, intihar
hadisəsi kimi qeydə alınır. Hər hansı bir məktub olmadığından bu dəhşətli addımın
səbəblərini müəyyənləşdirmək
də mümkün olmur. İntihar versiyası ilə yanaşı, Kavabatanın
ölümünü bədbəxt
təsadüf hesab edənlər də az deyil. İndiyə
qədər bu sirrin üstü açılmamış qalmaqdadır.
Əgər həqiqətən, intihar
olubsa, yapon yazıçısının
bu hərəkəti taleyin qəribə ironiyalarından sayıla bilər. Çünki Kavabata Nobel mühazirəsində
məhz müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq belə demişdi: "İnsanın
dünyaya yadlaşma dərəcəsindən asılı
olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına
son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz".
Yazıçının "Ağ
at" hekayəsini ilk dəfə
Azərbaycan dilində
təqdim edirik.
Yasunari Kavabata
Ağ
at
Yapon palıd ağaclarının
(meşələrinin) yarpaqları
arasına gümüşü
bir günəş şüası süzülmüşdü.
Noquçi, səbəbsiz yerə
başını qaldırdı,
gözlərini qıyaraq
bu parıltıya baxdı və sonra bir də
nəzər saldı.
Günəşin işığı
birbaşa gözlərinə
vurmurdu: o, yarpaqların
sıx örtüyündə
ilişib qalırdı.
Bir neçə palıd yanaşı bitmişdi; aralarında nəhəng bir ağac vardı
ki, ona baxanda adam düşünürdü
ki, bir yapon palıdı
necə bu qədər uca və gövdəli ola bilər?! Bu ağaclar qərbdən gələn
günəşi qarşılayıb
meşənin dərinliklərinə
süzürdülər. Onların
aşağı budaqları
budanmamış, elə
əl dəyilməmiş
qalmışdı. Yayın
qərbə boylanan günəşi palıdların
arxasında asta-asta batmağa davam edirdi.
Olduğu
yerdən günəşi
bütöv görə
bilmirdi, çünki
yarpaqların bir-birinə
dolaşmış sıx
toxuması onu gizlətmişdi; günəş
yalnız yarpaqlar içində bir işıq parıltısı
idi. Noquçi buna adətkərdə (günəşi
belə görməyə
alışmışdı) idi. Bura dəniz səviyyəsindən min metr
yüksəklikdə, dağlıq
bir bölgə idi və burada
yarpaqlar Avropa ağaclarınınkı kimi
təravətli, yaşıl
olurdu. Günəşin
batdığı vaxtlarda
yapon palıdlarının yarpaqları
solğun-yaşıl, şəffaf
bir rəng alırdı. Bəzən
yüngül bir meh əsəndə, bu yarpaqlar sanki işıqdan ibarət dalğalar buraxırdı.
Amma həmin gün, günün sonuna yaxın, yarpaqlar hərəkətsiz idi, işıq da yarpaqların
içində sükut
içində dayanmışdı.
- Hə? - Noquçi təəccübünü dilə
gətirdi. Gözləri
səmadakı qaranlığa
bənzər rəngi
sezmişdi. Bu, hələ
palıd ağaclarının
arasında gizlənən
səmanın rəngi
deyildi; bu rəng elə bir rəngdi ki, sanki günəş indicə batmışdı.
Palıdların yarpaqları
arasında ilişib qalmış gümüşü
işıq hələ
də qalırdı, çünki ağacların
arxasında süzülən
kiçik bir ağ bulud, artıq batmış günəşin son işığı
hələ də işıldayırdı. Ağacların
sol tərəfində, uzaq
dağ silsilələri
tədricən tünd
mavi kölgəyə
bürünürdü.
Birdən,
palıdların arasına
hopmuş o gümüşü
işıq qəfil söndü. Sıx yaşıl yarpaqlar qaraldı. Elə həmin anda, ağacların ucundan bir ağ at sıçrayaraq solğun
göyə (küllü
səmaya) doğru çapdı.
- Ah! - dedi Noquçi, amma bu təəccüb
əslində o qədər
də təəccüb
sayılmazdı. Çünki
bu, onun üçün qeyri-adi görüntü deyildi.
"Deməli, o yenə minmişdi. Və yenə qara geyinmişdi"...
Ağ atın belindəki qadının qara, uzun geyimi arxada
dalğalanırdı. Daha
doğrusu, atın qalxmış quyruğunun
üzərindən geriyə
doğru axan o qara parçanın qıvrımları, həm
onun paltarı idi, həm də
ona aid olmayan, öz-özünə dalğalanan
bir varlıq idi.
- Bu nə ola bilərdi? - Noquçi təəccübləndi
və gördüyü
siluet artıq göydə itib yox olmuşdu. Amma atın ağ ayaqlarının hərəkəti
onun yaddaşında iz buraxmışdı. Baxmayaraq ki, at yarışdaymış
kimi çox sürətlə hərəkət
edirdi, amma bu görüntü vaxtı ayaqları aydın görünürdü
və dırnaqları
iti, dəqiq cizgilərlə seçilirdi.
- "Bəs o uzun qara parça nə idi? Bəlkə
o parça deyildi?!"
- Noquçi bu qeyri-müəyyən düşüncə
içində tərəddüdlə
susdu.
Noquçi ibtidai məktəbin
yuxarı siniflərində
oxuyarkən, bir dəfə Taeko ilə birlikdə oleandr çiçəkləri ilə
çevrələnmiş bir
bağçada oturub şəkil çəkmişdi.
Razılaşmışdılar ki, hər ikisi at şəkli çəkəcək.
Taeko sanki göydə
çapırmış kimi
görünən bir
at çəkdiyi üçün
Noquçi də onun kimi bir
at çəkmişdi.
- "Bu,
dağı təpikləyib
tanrıların çeşməsini
fışqırdan atdır",
- demişdi Taeko.
-
"Amma qanadları yoxdur
axı!" - Noquçi
heyrətlə səslənmişdi.
Onun çəkdiyi atın isə qanadları vardı.
- "Ona
qanad lazım deyil", - Taeko cavab vermişdi, - "Ayaqlarındakı
dırnaqları sivridir".
- "Bəs onu kim
sürür?"
-
"Taeko. O atı sürən
Taekodur. Mən çəhrayı paltar geyinmişəm və ağ ata minmişəm".
- "Hımm! Deməli, dağı təpikləyib
tanrıların çeşməsini
fışqırdan atı
sürən Tae-çandır?"
- "Hə, elədir. Noquçi-canın atının
qanadları var, amma heç kim ona minmir".
-
"İndi oturacaq!" - Noquçi
tələsik şəkildə
atın belinə bir oğlan çəkdi. Taeko kənardan
baxaraq izləyirdi.
Bütün məsələ belə
olmuşdu; Noquçi
sonradan başqa bir qadınla evləndi, uşaqları oldu, qocaldı və bu xatirəni
tamamilə unutdu.
Bu hadisəni yuxusuz gecələrin birində,
qəfil xatırlamışdı.
Oğlu universitetə
qəbul imtahanından
kəsilmişdi və
hər gecə saat ikiyə, üçə qədər
dərs oxuyurdu; bu isə Noquçini
elə narahat edirdi ki, yuxuya gedə bilmirdi. Yuxusuz gecələr çoxaldıqca Noquçi
həyatın boşluğunu
hiss etməyə başlamışdı.
Oğlunun qarşısında
hələ gələcək
vardı, arzuları vardı, heç yatağa da girmirdi. Ata isə, sadəcə yataqda gözünü tavana dikib uzanırdı.
Və bu, oğlu üçün deyil, özünün içini gəmirən boşluqdan irəli gəlirdi. Bu hiss bir dəfə içində
yuva qurduqdan sonra onu rahat
buraxmırdı, qarmaqarışıq
kökləri ilə Noquçinin bütün daxili aləminə kök salmışdı.
Noquçi yuxuya getmək üçün müxtəlif
yollar sınadı. Sakit xəyallara dalmağa çalışdı,
xatirələrə sığındı.
Sonra bir gecə, təsadüfən Taekonun
ağ at rəsmini xatırladı. Orijinal rəsmi aydın xatırlaya bilmirdi. Amma qaranlıqda gözlərini
yumarkən, Noquçinin
gözünün önünə
uşaq əlilə çəkilmiş bir atdan çox, göydə qaçan ağ atın silueti gəlirdi.
- "Ho!
Görəsən, bu çəhrayı paltarda
at sürən Taeko-çandırmı?
Göydə çaparaq qaçan
ağ atın fiquru aydın idi, amma üstündəki
adamın nə rəngi, nə də forması seçilirdi. Amma deyəsən
qız da deyildi.
Hər halda, göy boşluğunda qaçan
o ağ atın sürəti tədricən
azaldıqca və o, uzaqlaşaraq yox olduqca Noquçi həmin an yuxuya getdi.
O gecədən sonra, Noquçi ağ atın zühurundan yuxu çağırışı
üçün istifadə
etməyə başladı.
Və doğrudur, Noquçi, bəzən yuxusuzluğa qapılırdı;
nə vaxt ki narahatlıq, qəm-qüssə
onu bürüyürdü,
bu hal onun
vərdişinə çevrilirdi.
Artıq
uzun illər idi ki, Noquçi yuxusuzluğunun dərmanını
həmin görüntüdə,
həmin xəyalda axtarırdı. Ağ atın silueti canlı və möhtəşəm idi,
amma onu sürən şəxs bütün dünya üçün sanki qara libasda bir
qadına bənzəyirdi.
Bu, çəhrayı geyimli
balaca qız uşağı deyildi. Üstəlik, həmin qara geyimli qadının
surəti - Noquçinin
xəyalında belə
- solğun, yaşlı
və getdikcə daha sirli görünməyə
başlayırdı.
Bu gün isə bir ilk idi: Noquçi
ilk dəfə ağ atın görüntüsünü
yataqda gözlərini
yumaraq deyil, oyaq halda kresloda
oturarkən görmüşdü.
Və bu da bir ilk idi ki, görüntüdəki qadının
arxasından uzanaraq dalğalanan uzun, qapqara bir parça
görünürdü. Ağır,
qalın, axın kimi sürünən o qara şey - "Axı bu nə
idi belə?!"
Noquçi baxışlarını o tədricən qaralan, kül rənginə dönmüş səmaya
dikdi - o səma ki, ağ atın görüntüsü orada
itib, yox olmuşdu.
Artıq
qırx il idi ki, Taekonu görməmişdi.
Onun taleyi, harda olduğu barədə heç nə bilmirdi.
P.S.
"Shiro-uma" (Ağ At) - Nobel mükafatlı yapon
yazıçı Yasunari Kavabata
tərəfindən 1963-cü ildə yazılıb və P.Metevelis tərəfindən 1983-cü ildə,
Çiba prefekturasının
İçikava şəhərində
ingilis dilinə tərcümə olunub.
Yasunari Kavabata
Tərcümə etdi: Nilufər Hacılı
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.31.