Əgər Allah-Təala sənə vergi verməyibsə, yazma, veribsə, yaz...
Yazıçı-publisist Hacı
Qəni Camalzadə ilə müsahibə
- Yazıçı-publisist, tarixi
romanların və çoxsaylı hekayələrin
müəllifi, Qarabağ
müharibəsi iştirakçısı
Hacı Qəni Camalzadə...
- Bəzən nədənsə
danışırsan, dediklərin
qalır bir yanda, soruşurlar ki, hardansan? Sanki bunun burda danışılanlara
hansısa bir aidiyyəti var. Hər dəfə yada düşdükcə
təəccüblənirsən... İndi
xatırlayıram: 17-18 yaşım
olardı. Keçib düz baş redaktorların yanına gedirdim. Beləcə, ilk dəfə çəkinmədən
Seyfəddin Dağlının
kabinetinə daxil olduğum yadımdadır.
İçəri girib
dedim: - Gəlmək olar? Baxdı ki, arıq, çəlimsiz bir oğlanam. Dedi: - Nə istəyirsən, bala? Dedim: - Hekayə gətirmişəm. Nurani bir
insan idi, ağ saçları vardı. Yanımdaca oxudu. "Gələn nömrədə verəcəm,
" - dedi. Amma heç
soruşmadı ki, neçə
yaşım var, hardanam,
harda yaşayıram? Bircə onu soruşdu ki, nə ilə məşğulam.
"Tələbəyəm", - dedim. Vəssalam. "Adət" hekayəm beləcə dərc olundu. "Heç nə itmir" hekayəm isə "Ədəbiyyat və incəsənət" qəzetində
dərc olundu. İllər keçib, amma hələ də o qənaətdəyəm
ki, doğrudan da, heç
nə itmir...
Tələbəykən Yavər Əsədzadə ilə dərnəyə gedirdik. Yavər Əsədzadə
də karikaturaçı
idi. Əlimdə bükülmüş bir kağız vardı. Bildi ki, hekayədir, alıb oxudu, "Gedək, bunu verək "Ədəbiyyat"a",
- dedi. Apardı məni Sirus Təbrizlinin yanına. Doğrusu, Sirus ilk baxışdan kobud, özündənrazı insan
təsiri bağışlayırdı.
Qayıtdı ki, yenə
təzə bir
"Nobel" mükafatçısını
gətirmisən? Doğrusu,
bu söz heç xoşuma gəlmədi. Yavər təkidlə dedi ki, "Sirus müəlliim, siz bir oxuyun".
O da alıb kənardakı
yazılar toplanan yeşiyə atdı. 3-4 gün keçəndən
sonra dözmədim, dedim gedib mən
də bir acı söz deyim...
Görən kimi dedi: "Nə lazımdır?"
Dedim: "Mənəm,
Qəni Camal". Qalxıb
ayağa dedi: "Səni təbrik edirəm, çox gözəl hekayədir. Oxumamısan?" Dedim,
"nəyi?" Dedi"
"Qəzetdə çıxıb
hekayən. Sən böyük yazıçısan".
Gəzdirdi məni bütün redaksiyada, hamıyla tanış etdi ki, baxın, Qəni Camalzadə bu uşaqdır. O vaxt Yusif Əzimzadə
idi baş redaktor. Sonra məni onun otağına aparıb tanış etdi. Beləcə, birinci hekayəm çox uğurlu alındı.
- Sizin ilk oxucunuz kim oldu? Kim sizi
yazmağa həvəsləndirdi?
- Mən 5 yaşımda getmişəm məktəbə.
Həvəsliydim, əlifbanı
da bilirdim. 3-cü sinfə
keçəndə müəllimim
bir kitab verdi mənə, dedi, "tətildə bunu oxumayıb gəlsən, qulaqlarını dartacam".
Köhnə kiril əlifbasında olan kitabın üzərində,
yadımdadır ki, bir
qız şəkli vardı, əlində də çətir. Mənə dedi ki, bu kitabın müəllifinin adını
yaxşı yadında
saxla. Bunun yaxşı
uşaq hekayələri
var. Dedim, "o, adamdır?"
"Əlbəttə", - dedi. Soruşdum ki, adamlar kitab yaza bilirlər? Dedi ki, yazırlar. Bizim o vaxt fikrimizdə kitab ancaq Qurani-Kərim idi. Həmişə də evdə deyirdilər: "ona əl vurma!" Dedim: "Mən də kitab yaza bilərəm?" "Yaza
bilərsən, amma çoxlu oxumalısan",
- dedi. Beləcə başladı oxumaq, mütaliə... Ailəmizdə
savadlı adamlar vardı. Mən Molla Camalın nəvəsiyəm. O, bütün
həyatı boyu Quran
oxuyub, kimisə dəfn etdiyinə görə bir qəpik də almayıb. Hamısını
ürəkdən, havayı
edib. Quranı oxuyardı, sonra da gedib xışdan yapışıb özü
üçün tarlanı
əkərdi. Belə
bir insan idi.
- Belə bir ailədən
çıxmısınız və özünüz də inanclı bir insan kimi
tanınırsınız. Həcc
ziyarətində olmusunuz
və bu günümüz üçün
müzakirələrə yol
açan "Şeytana
daş atanlar" romanını qələmə
almısınız. Bu romanın
əsas qayəsi, fəlsəfəsi nədən
ibarətdir?
- Mən bir-neçə dəfə Həcc ziyarətinə getmək istəmişəm. Müxtəlif
səbəblərdən alınmayıb.
1992-ci ildə ilk dəfə
getmək istəyəndə
məni müharibəyə
apardılar. O dönəmdə
Moskvaya gedib səfirliyə müraciət
etməklə getmək
olurdu. Ətrafımda
inanclı adamlar vardı, birlikdə getmək istəyirdik. İlyarım müharibədə
oldum və kontuziya alıb qayıtdım.Vəziyyətim
bir az ağır
idi. Beş-altı il əlimə qələm
ala bilmədim. Əllərim
əsirdi, canımla əlləşirdim. Uşaqlar
da balacaydılar... 1997-98-ci illərdə bir də təklif elədilər. Onda artıq hardansa icazə almağa ehtiyac yox idi.
Müstəqil Azərbaycan
var idi. Amma onda da maddi imkanım o deyildi. Düşündüm
ki, gərək evdə
ehtiyat pul qoyasan, bir hadisə
olsa, uşaqlarım məndən sonra heç olmasa, bir müddət dolana bilsinlər. Dostlarım əl çəkməsələr də,
düşündüm ki, bu
vəziyyətdə heç
cürə gedə bilməyəcəm...
İllər sonra başıma
bir iş gəldi və elə bilin, mən təzədən doğuldum. Onda düşündüm ki, Həcc
mənə artıq vacibdir və mən getdim. Bu, inam, inanc məsələsidir.
Gedərkən yolda çox maraqlı və bəzən də ağrılı müşahidələrim oldu.
Mən bir hissəsini yazdım, böyük bir hissəsini necə yazacağımı fikirləşdim...
Bir şey deyim, bizim açıq yataq səhnələri yazılmış kitablarımız
yoxdur. Kənardan oxuyuruq, Avropa, xüsusən, fransız ədəbiyyatından ... Amma bəzən
düşünəndə ki, bunları biz də yaşamışıq, biz də
yaza bilərdik, onda belə bir sual ortaya
çıxır ki, mən
bunu kimin üçün yazıram?
Bu sual qarşına çıxırsa, demək,
sənin oxucun yoxdur... Əslində oxucun var. Sadəcə, gözləyirik ki, bu səddi birinci kim adlayacaq? Qoy birinci o pozsun,
sonra mən. Ondan sonra baxaram
ki, yazmaq olar, ya yox... Əlbəttə,
mən gənclik illərimdən danışıram.
İndi qarşımda tamam
başqa məsələlər
dayanır, daha böyük məsələlər...
Məsələn, təhsil
sistemimiz elə yerə gəlib ki, cavanlarımız kitab da oxumurlar.
Bu, böyük bir bədbəxtçilikdir. Sanki nəsillərdən-nəsillərə
ötürülmə prosesi
dayanıb. Sovet dövründə yazılan
bir çox əsəri oxuyan yoxdu. Oxusalar da, onlardan nəsə əxz eləmək mümkün deyil; tək-tək ədəbi
nümunələri çıxmaq
şərtilə. Hazırda
bu sahədə bir boşluq var. Yəni nəsillərdən-nəsillərə
keçid olmalıydı,
o da yoxdur. Nə mənəvi cəhətdən
keçid var, nə yazı cəhətdən,
nə də üslub...
Mənim
düşüncəmə görə, yazıçı
gördüyünü yazırsa,
o yazıçı deyil.Yazıçı əgər
onu təxəyyülündən
keçirə bilmirsə,
ona necə yazıçı deyək?
Fikir verirsinizsə,
son illər onlarla tarixi roman yazılıb. Hətta bizim ən hörmət etdiyimiz yazıçının
da yazdığı romanı
qaldırırsan və
dərhal bilirsən
ki, mənasız bir şey oxuyursan. Çünki o cür yazmaq olmaz. Məsələn,
Şah İsmayıl Xətai haqqında o cür yazılmamalıdır.
Əzizə Cəfərzadənin
"Aləmdə səsim
var mənim" kitabı
bizim ürəyimizə
təsir edən yazılardandır. Amma keçmişimizə
münasibətdə yeni yanaşma
olmalıdır. Əgər
təxəyyül yoxdursa,
bunu etmək mümkün olmayacaq. Mənim "Şeytana daş atanlar" romanımın böyük
bir hissəsi də təxəyyülün
məhsuludur.
"Şeytana daş atanlar"da mənim qarşımda bir neçə məsələ
dayanırdı - inanclı
adamları göstərmək...
Orda yüzlərlə,
minlərlə insana baxırdım və düşünürdüm ki, sən
atdığın daşın
səsini necə eşidə bilərsən?
Deyirdim ki, bu, yəqin mümkün deyil. Orda bir
inanclı axund var idi, neçə dəfə gedib-gəlmişdi
ziyarətə. O mənə
dedi ki, sən eşidəcəksən, öz
atdığın daşın
səsini eşidəcəksən.
Dedi, gedəndə görəcəksən. Təsəvvür
edin ki, hər tərəfdən səni
sıxırlar və sən doqquz daşı tutmusan əlində, ehtiyat üçün cibinə
də qoymusan. Mən daşı qaldıranda bir anlıq ətrafdakı bütün səslər kəsildi. Elə bildim, mən yeganə insanam, daş əlimdə divarla üzbəüz dayanmışam. Atdım və çıqqıltısını
eşitdim. Eşidəndən
sonra yenə bütün səslər peyda oldu. İkinci
daşı atanda onu eşitmədim. Sonra yenə ziyarətə getdim. Amma o daşın səsini daha eşitmədim. İnanclı
insanların əksəriyyəti
bunu keçib. Amma kitabda təkcə inanclı insanları göstərə bilməzdim.
Başqalarının da obrazını
romana gətirdim. Bu mövzuda təmsil, yol qeydləri, publisistik yazılar yazılıb, amma Azərbaycanda Həcc ziyarəti haqqında roman
yazılmamışdı. Mən
bu romanla Həcc ziyarətinin fəlsəfəsini ortaya
qoydum. Zərdüştdən
soruşurlar ki, atəşpərəstlər
niyə sənə sitayiş edirlər? Deyir, "atəşpərəstlər
o oda ki, sitayiş edirlər, o mənim qəlbimdə yanır. Onlar qəlbimdə yanan oda sitayiş
edirlər, mənə
yox".
- Deyirlər, insanın dünyaya gəlişi ilə alın yazısı da yazılmış
olur. Yazıçılıq
alın yazısı
- tale işidir?
- Tez-tez məktəblərdə,
mədəniyyət mərkəzlərində
görüşlərim olur.
Onlara dediyimi sizə də deyirəm. 20, 30, 50 kitab oxuyandan
sonra istənilən səkkiz sinif təhsilli adam artıq oturub yaza bilər. Əlbəttə, ədəbiyyatşünaslığın
əsaslarını, nəzəriyyəsini
də oxumuş olsa, lap yaxşı. O artıq povest, roman yaza bilər. Qoyursan qabağına bir süjet xətti və yazırsan. Amma bu yazılar quru alınır. Mən mühəndisəm. Yarımkeçiricilər
nəzəriyyəsi var.Yarımkeçiriciləri yanaşı qoyursan və nə qədər ki, bunlara tok verməmisən, enerji verməmisən, bu elektronlar xaotik hərəkət edirlər. Bunlara müsbət və mənfi enerji qoşulan kimi keçidlər hamısı
hərəkətə gəlirlər,
enerjini yaradırlar.
Yeni bir enerji yaranır. Kitab da belədir.
Quru haldadır yaratdığın struktur,
personajlar, hadisələr,
hərəkətsizdirlər. Əgər Allah-təala sənə vergi veribsə, nəfəsini verirsən və personajlar hərəkətə
gəlirlər. Əgər
Allah-təala sənə
vergi verməyibsə,
yazma, veribsə, yaz. Verginin də
olub-olmadığını yazandan sonra bilirsən. Bu mənim ədəbiyyat haqqında
bildiklərim və düşündüklərimdir. Əgər mənim personajım hərəkət
eləmirsə, mənim
hadisələrim səni
cəlb eləmirsə,
deməli, məndə
istedad yoxdur.
- Maraqlıdır, niyə ayrı-ayrı insanlar öz peşələrində
uğur qazansalar da, yenə də ədəbiyyata üz tuturlar və bəzən, bayaq dediyiniz kimi, "yazılmış" kitablar
ortaya çıxır?
Hansı ehtiyacdan, tələbatdan yaranır
o? Sizə bu mənzərələr, yəqin
çox tanışdır...
- Məncə, siz bunu məndən yaxşı bilməlisiniz.
Siz özünüz də publisistika ilə məşğulsunuz.
Siz elə özünüz də yazıçısınız. Mənim
fikirlərimə gəldikdə
isə, bilirik ki, əyami-qədimdən söz
adamları həmişə
yüksəkdə dayanıb,
söz sahibləri həmişə işıqlı
sayılıblar. Hətta
ən işıqsızı
da işıqlı sayılıb.
Çünki yazıblar.
Ona görə bəziləri
buna aldanırlar. Deyirlər,
mütləq biz də
söz sahibi olmalıyıq. Onlar bilirlər ki, pulnan uzağa getmək mümkün deyil, amma söznən yaddaşlarda qalmaq olar.
- Əsərləriniz bir-çox
dillərə tərcümə
edilib, xarici ölkələrdə çap
olunub... Necə başladı bu proses, necə oldu ki, sizi bizdən çox uzaqlarda da oxumağa başladılar?
Axı bəziləri
tez-tez deyir: "Öz yazdığımızı
özümüzdən başqa
oxuyan yoxdur..."
- Mənim övladım Amerikada yaşayır. Bəlkə də elə buna görə mənə yol açıldı. Hər
şey "Qızıl
xotuq" ilə başladı... 2008-cil ildə
"Literaturnaya Azərbaycan"
jurnalı gözəl
tərcüməçi Nadir Ağasıyevin tərcüməsində
onu dərc elədi. Sonra kitab halında
çap edildi. Həmin kitabla getdim Amerikaya və orada Nyu-York
Ədəbiyyat Klubu ilə tanış oldum, ora üzv
oldum. Həmin kluba onda Zinovu
Karovin rəhbərlik
edirdi. İndi rəhmətə
gedib. Əsasən, rusdilli ədəbiyyatçıları
toplamışdı ora.
Mən həmin kitabı verdim və oxuyub çox xoşuna gəldi. Dedi, "Əgər razısansa, mən dəstək olacam ki, bu kitab burda da çap olunsun". Sonra "Karxana"
romanımı Kamran Nəzirli
tərcümə elədi.
Onu da ora göndərdim və o kitabım da belə nəşr olundu. Orada çox maraqlı insanlarla tanış oldum, ünsiyyət qurdum. Çox istəyərdim
ki, "Şeytana daş
atanlar" da ingilis dilində orda çap olunsun.
- Yazıçının yazmaqla
işi bitmir, ondan sonra yeni proses başlayır - tanıtım...
Satirik üslubda qələmə alınan
ilk irihəcmli əsərinizdən
sonra daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan
"Karxana" əsəri
həm roman janrının
tələbləri, həm
də mükəmməlliyilə
daha çox tanındı. Demək olar ki, məhz elə Sizin - Hacı Qəni Camalzadə imzanızı
da oxucuya ən çox o tanıtdı.
- Yox, mənə elə gəlir ki, sadəcə, ədəbi
tənqid "Qızıl
xotuq" və "Karxana" romanıma daha yaxşı nəzər salıb. Onlar haqqında kifayət qədər tərifli fikirlər söylənib. Amma "Kiaksarın
axırıncı savaşı",
"Şeytana daş
atanlar" haqqında
yazılanlar üzdən
yazılıb, mahiyyətinə
vara bilməyiblər,
yəni içinə
girə bilməyiblər.
Çünki "içinə
girmək" üçün
bir az inanclı
insan olmaq lazımdır. "Kiaksarın
axırıncı savaşı"ı
haqqında yazmaq üçün gərək
tarixə ekskursiya edəsən...
- Qırx il hakimiyyətdə
olmuş şahənşah
Kiaksarın parlaq surəti, sərkərdə
məharətini qələmə
almaqla onun simasında qədim tariximizin unudulmuş səhifələrinə işıq
salmısınız... Kiaksarın
qəhrəmanlığını, əzmini, qətiyyətini
bu günlə əlaqələndirsək...
- İllər öncə məndən soruşurdular
ki, niyə Qarabağ müharibəsi haqqında
kitab yazmırsan? Doğrusu,
başlamışdım, amma
axıra çatdıra
bilmirdim. Onda özümüzü məğlub
kimi hiss edirdik və mən bunu yaza bilmirdim,
ifadə etməyə
çətinlik çəkirdim.
Heç almanlar da uduzduqları müharibə
haqqında roman yazmadılar.
Çünki acıdır.
Çox acıdır...
İnsanları acıya
səsləmək olmur.
Bizim insanlarımıza
həddindən artıq
böyük işgəncələr
verilmişdi. Bunu ədəbiyyata gətirmək
çox ağır idi...
- Sizin Qarabağ mövzusunda qələmə
aldığınız əsərlər
çox fərqli, canlı və inandırıcı olmalıdır.
Yəqin ki, top-tufəng
səsləri hələ
də qulaqlarınızdadır...
- Biz indi qalib xalq
kimi öz ağrı-acılarımızı yazmalıyıq. Bu gün
artıq qələbə
çaldıqdan sonra
məğrur xalq olaraq, əlbəttə, o
mövzuda yazacağıq...
- Yazdıqca özünüzü
psixoloq kimi hiss edirsiniz?
- Psixoloq kimi yox.
Bütün yazılarımda
mən varam. Mən orda diktə
eləmirəm. Mən
özümə bir oxucu kimi baxıram,
öz fikrimi soruşuram. Bəzən fikrim yaxşı olanda onu ora
gətirirəm. Çox
vaxt özümün əsiri oluram. Çox vaxt da özümdən kənarlaşdırıram.
- Nə istəyir insanlar, elə sizin qəhrəmanlar?
- Mənim qəhrəmanlarım
heç vaxt nə pis olublar,
nə də yaxşı. Onlar adi insanlardır. İnsanlar da xoşbəxtlik
istəyirlər. Çamurluğun
içində belə,
xoşbəxtlik istəyirlər.
Amma xoşbəxt ola bilmirlər.
Bu, taledir.
- İndi
hansı yaşdasınız?
- İnsan sağlam olanda özünü cavan hiss edir, ağrıyanda qoca. Mən müharibədən
qayıdan cavan uşaqları görürəm.
Müharibədən şikəst,
əzilmiş, psixikası
pozulmuş gəliblər.
Onların bir qismi özünü çox qoca hiss edir, çünki ağrıyırlar. Mən
də ağrıyanda
özümü qoca, ağrımayanda cavan hiss edirəm. Mən həm də cavanlıqdan özümü
belə tərbiyə
etmişəm ki, bir az qabağı fikirləşim...
- Haqqınızda deyilənləri
ümumiləşdirsək, belə bir qənaətə
gəlmək olar: ziyalı mövqeyi olan düşüncə adamı, yazıçı
adını qoruyan, yaşadan yaradıcı intellektual insan... Və eyni zamanda
ziddiyyətli insan...
- Mən hər adamın xoşuna gəlmirəm. Çox
"şirin" adam
deyiləm. Mən bəzilərinin xoşuna
ona görə gəlməyə bilərəm
ki, müstəqil adamam.
Dostluq edəndə də kişi kimi dostluq edirəm.
Yaxşı insanın
mənəvi cəhətdən
quluyam. Elə insanlar var ki, onlarla bir stəkan çay da içmək olmur, gözün görə-görə sənə
pislik edir. Elə adam var ki, onu aldatmaq asandır.
Elə adamdan nədənsə hamının
xoşu gəlir. Bir sözlə, hesab edirəm ki, mən lazımlı adamam.
Söhbətləşdi: Kəmalə MİRZƏYEVA
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.26-27.