Keşişin missiyası
İtaliya neorealizmindən bəhs
edərkən, ağla
gələn birinci sənət nümunəsi
"Roma - Açıq şəhər"
filmidir. Roberto Rossellini tərəfindən
ekranlaşdırılan bu
film neorealizmin İkinci
Dünya savaşından
bəhrələnməsini sübut edir.
Rejissor savaş bitməmiş bu filmin çəkilişlərinə
başlamışdır. R.Rossellini üçün
filmi çəkmək çox
ağrılı olmuşdur.
İşğaldan yeni qurtulan
Romada filmə maliyyə ayrılmasının
özü çətin
idi. Yun taciri Aldo
Venturi filmə maliyyə
ayırmışdı. Filmin
çəkilişlərinə başlayandan bir neçə gün sonra o, pulu dayandırmışdı.
Buna baxmayaraq, R.Rosselleni onu prodüser olaraq inandırmışdı; filmin
davamının çəkilməsinə
nail olmuşdu. Nəticənin
müsbət olması
R.Rossellinin rejissor fəaliyyətinə
parlaq təsir göstərmişdir. Bunun nəticəsində
"Roma - Açıq şəhər",
"Payıza", "Almaniya
sıfır ili" filmlərindən ibarət
trilogiya meydana çıxmışdı.
Haqqında bəhs etdiyimiz
"Roma - Açıq şəhər"
filmi sənədli film estetikasında
çəkilsə də,
özünün bədii
tutumu və fikir yönü ilə seçilir. Film başlanğıcda tamaşaçılara
hadisələrin real həyatla
əlaqəli, personajların
isə təsadüfi
olması mesajını
çatdırır. R.Rossellini bununla
neorealist kinonun kredolarından
birini tamaşaçılara
təqdim edir.
Tarixin müxtəlif dövrlərində
insanlar qurtarıcıya
ehtiyac duyublar. Bu, özünü dini cəhətdən Dəccal-Mehdi
qarşıdurması şəklində
ifadə edib. İnsanlar, xüsusən,
qiyamət öncəsi
xilas üçün
bu inanca sarılıblar. Lakin 19-cu əsrdə
bu axtarışa etiraz edən kitab yazıldı. Bu, Fridrix Nitsşenin "Dəccal"ı
idi. Almaniyada
1933-cü ildə hakimiyyətə
gələn nasional-sosialistlər
bu əsəri özlərinin əsas fikri dayağı kimi gördülər.
"Roma - Açıq şəhər"
nasionalistlərin Dəccal
idealına münasibət
bildirən ekran işidir.
Nasizmin dəccallığı filmdə
özünü qaranlıq
şəhər fonunda
göstərir. Qaranlıq
Romada nasistlər partizanları həbs eləməklə azadlıq
işığını söndürməkdə
israrlıdırlar. Qaranlığın
təmsilçisi Gestapo şefi
Mayor Bergmann əsas müqavimətçinin
kim olduğunu yaxşı bilir. O, Corcio Manfredidir. Corcio həyatını müvəqqəti xilas etsə də, təhlükə onu izləyir. Buna səbəb
tək nasistlər deyil, zamanında sevdiyi Marinadır. Aktrisa olan Marinanın
narkotikə qurşanması
onun iradəsini öz ixtiyarından alır. O artıq Gestaponun qadın işçisi Rosvita Şimitin toruna düşür. Lakin bununla
yanaşı, Corcionun
həyatını xilas
edən insanlar da var. Onlar kifayət qədər çətin
vəziyyətdə olsalar
da, müqavimətçilərə yardım göstərirlər.
Pina (Anna Maniani) onlardan
biridir. Aclıq səbəbindən çörək
zavodunu soyan amerikalıların qurtarıcı
kimi gələcəyinə
ümid edən Pina savaşın əsl qurbanlarından biridir. Qeyd edək ki, Anna Manianinin realist oyun tərzi filmə xüsusi rəng qatır. Ümumən filmdə az sayda peşəkar aktyorlar çəkilib.
Corcio kommunist olsa da, onun Sen Kelement kilsəsinin keşişi
Don Pietroya (Aldo Fabrizi)
ehtiyacı var. Bu, müxtəlif
dünyagörüşlü insanların faşistlərə
qarşı blok yaratmalarıyla bağlıdır.
Filmdəki bu məqam gerçək tarixi hadisələrlə
üst-üstə düşür.
Corcio Don Pietroya güvəniləcək, qurtarıcı
şəxs kimi ehtiram bəsləyir. Pina oğlu Marçellonu keşişin yanına göndərir. Don Pietro Marçelloya
kilsəyə gəlməməsinə
iradını bildirir.
Marçello buna cavab olaraq müqavimətçilərin
fikrini çatdırır.
Marçello: "Kilsəyə
tez-tez gəlmək vaxt itkisidir, əsas iş indi düşmənə zərbə vurmaqdır",
- deyərək, nasizmə
qarşı savaşın
ibadət qədər
önəmli olmasını
diqqətə çatdırır.
Demək, Don Pietro filmdə
tək xilaskar deyil, ona da təsir
edən insanlar var. Balaca Marçello da özlüyündə bu missiyanın daşıyıcısıdır.
Partizanlara çatacaq bir milyon liret pul
Don Pietroya əmanət
olunur. Bu pullar kitabların içindəki
vərəqdə gizlədilir.
Din, kitab, pul yanlış
yerə istifadə olunarsa, savaşlar üçün bəhanə
yaranır. Don Pietro isə
şüurlu formada xeyirin yanında yer alaraq əmanəti
sahiblərinə çatdırmaqla
bu iblisanə detallara qarşı çıxır.
Din bir çox hallarda ölümün təmsilçisi kimi insanların şüurunda
yer alır. Filmdə bu məqama etiraz tragikomik şəkildə
təqdim olunur. Belə ki, nasist əsgərləri binanı
mühasirəyə alanda
Don Pietro xəstə qocaya
kömək edir. İxtiyar insan birinci onu görəndə
qorxur, elə bilir ki, öləcək. Daha sonra o, Don Pietronun şəxsini xilas etmək istədiyini biləndə
sakit olur. Bu epizodda nasizmin xəstələri zəifləri
məhv etmək düşüncəsinə də
bir etiraz var. İxtiyar insanın həyatı xilas olsa da, Pina ölümün
ağuşundan qurtula
bilmir. Çox sevdiyi Franseskonun nasistlər tərəfindən
həbsinə üsyan
edən qadın qətlə yetirilir. Lakin Fransesko müqavimətçilər
tərəfindən xilas
edilir.
Corcio Marinayla son görüşündə
onun bütün daxili dünyasından xəbərdar olur. Marina kasıb qalmaq qorxusuyla başqa kişilərlə münasibətdə
olduğunu, bu səbəbə görə
maddi cəhətdən
təmin olunduğunu etiraf edir. Corcio
üçün Marina artıq
bununla bitmiş olur. Bu söhbətlərin
Məryəm-İsa tablosu
fonunda getməsi keçmiş sevgililərin
dəyərlər üzərindən
ayrılmalarına işarə
verir. Corcio təmizliyin, ilahiliyin,
Marina isə çirkinliyin,
şeytaniliyin cinahında
yer alır. Hər iki seçimin
şüurlu olması
gün kimi ortadadır. Bundan sonra Marina Corcionu narkotik qarşılığında
Gestapoya satır. Bundan mənəvi əzab çəkən Marinaya Rosvita Şimit yalançı təsəlli verərək
onun Corcionu sevdiyini deyir. Marinanın cavabı isə sərrast olur: "Mən heç kimi sevmirəm." Sevgisizlik bütün bəlaların,
haqsız savaşların
əsl səbəbi kimi göz önündə
dayanır.
Mayor Berqmann Corcioya işgəncə verdirərkən,
o biri otaqda klassik musiqilər fonunda ziyafət düzəltdirir. Şər
sistemin iyrəncliyi bu epizodda aydın
görünür. O, özlüyündə
ali irqin nümayəndəsi kimi, italiyalı Corcionu işgəncələrə təslim
edib ram edəcəyini
güman edir. Lakin Berqmanna qarşı Don
Pietro da var. Mayor Berqmann Corcionun
kommunist olduğunu keşişə xatırladır,
onu ələ verməyə dəvət
edir. Don Pietro bu zaman
Gestapo şefinə fəlsəfi
cavab verir: "Allahın yolu özü qədər böyükdür. Corcio
da onun yolundadır".
Don Pietro bu məqamda katolik keşişi yox, filosofa çevrilir.
Onun üçün artıq heç bir dini-ideoloji sədd, hüdud yoxdur. Filmin ideyasının böyüklüyü
burada təcəlli edir. Verilən əzablar Corcionu yolundan döndərmir. Bu prosesləri dərindən
duyan, Birinci Cahan savaşında iştirak edən digər alman zabiti isə: "Biz ali irqin nümayəndəsi deyilik", - deyə proseslərə dəqiq qiymət verir. Ali irq sevdası sadə insani rəftarın qarşısında
məğlub olur.
Mayor Berqmann keşişin
iradəsi qarşısında
təslim olmağa vadar olaraq, "Bu adam bütün planlarımı pozdu",
- deyir. Corcionun və Don Pietronun fiziki şəkildə ölümü onların
mənəvi qələbə
qazanmasına səbəb
olur.
Don Pietro
edam olunanda artıq səhər açılır.
Burada da bir simvolika var. Demək, dəccalların gecəsi
artıq bitmək üzrədir. O, edam ərəfəsində
"Çətin olan
yaşamaqdır", - deyir.
Lakin Don Pietro sadəcə bir
ömür sürmür,
özündən sonra
tələbələr yetişdirir.
Onlar səhəri açılmış Romanın
fonunda həyatlarına
davam edirlər. Demək, insanlara ümid verən gənc fidanlar Don Pietronun varisi kimi mövcuddurlar. Şər üzərində
qələbə də
ancaq bununla reallaşa bilər. Film bu nəcib mesajla
tamamlanır.
"Roma
- Açıq şəhər"
1946-cı ildə keçirilən
Kann kinofestivalında
"Ən yaxşı
rejissor işi" nominasiyasına layiq görülüb.
Ceyhun MİRZƏLİ
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(№22).- S.32.