Türk təbiətsevərliyi:
nəzəri və ekoloji
yanaşmaların kəsişmə sahəsində
III məqalə
Təbiətsevərlik və ekoloji siyasət
Dünya
sivilizasiyasının vahid,
mürəkkəb və
açıq sistem kimi təkamülünün
müxtəlif mərhələlərində
cəmiyyət-təbiət münasibətləri fərqli
olmuşdur. İnsanın
təbiətə münasibəti
fərdi səviyyədə
çox müsbət
ola bilər. Həqiqətən
də, fərd kimi təbiətsevərlər
kifayət qədərdir.
Lakin insanlar qədimdən
kollektiv halında birgəyaşam formasında
mövcud ola bilirlər.
Bu, hər bir etnosa aid olan aksiomdur. Kimsə şübhə etmir ki, insan kollektiv, yəni birgəyaşam formasında mövcud ola bilir. Bunun alternativi hələlik yoxdur.
Buradan özlüyündə sual
meydana gəlir: milyonlarla insanın birgəyaşam formasında
təbiətə münasibəti
ilə yüz minlər və ya on minlərlə insanın birgəyaşam
formasında təbiətə
olan münasibəti arasında keyfiyyət fərqləri vardırmı?
Bir qədər də
elmiləşdirsək, sualı
daha ümumi ifadə edə bilərik: yüz minlərlə insanın birgəyaşam məkanı
olan dövlətin təbiətə münasibəti
daha az sayda
insanın yaratdığı
dövlətlər və
cəmiyyətlərin münasibətindən
hansı özəllikləri
ilə seçilməlidir?
Sualın
bu cür qoyuluşunun tam nəzəri
əsası vardır.
Çünki müasir
elmi təlimlərdə
insanın yaratdığı
cəmiyyətlərdə yaşayanların
sayının həm cəmiyyətə, həm
də dövlətə
keyfiyyətcə təsir
etdiyi birmənalı vurğulanır. Məntiqcə
bu, aydındır: yüz minlərin qarşılıqlı münasibətlər
sistemi on milyonların
və yüz milyonların qarşılıqlı
münasibətlər sistemindən
mütləq fərqlənəcək.
Bu kimi sualların elmi cavablarını axtarmaq zərurətini Qərbdə keçən
əsrin 60-cı illərində
anladılar. O mərhələdən
"ekoloji siyasət"
və "ekopolitologiya"
kimi elmi anlayışlar meydana gəldi. Bu, sadəcə,
elmin cəmiyyətlə
təbiətin münasibətlərində
yaranmış böhrandan
çıxış cəhdimi
idi? Yaxud onun daha dərin
dünyagörüşü səbəbləri mövcuddur?
İstənilən müasir müstəqil
dövlət üçün
böyük əhəmiyyəti
olan "ekoloji siyasət" və "ekopolitologiya"nın təhlilinə
keçmədən öncə
etnosun təbiətə
münasibəti kontekstində
dünyagörüşü xarakterli bir məqamı vurğulayaq.
Etnosun "təbiət duyumu"
və tarix
Martin Haydegger yazırdı ki, əgər fəlsəfədə
"varlıq" kateqoriyası
latın mənşəli
deyil, yunan mənşəli olsaydı,
indi fəlsəfə
tamamilə başqa məzmunda olardı. Bu fikrin etnos-təbiət münasibətlərinə reduksiyası
qəribə görünə
bilər. Lakin şübhə
etmirik ki, əgər dünya sivilizasiyası türk etnosunun təbiətə münasibəti
üzərində bərqərar
olsaydı, indi bəşəriyyətin qarşılaşdığı
bir çox problemlər olmazdı. Ancaq tarixin reallaşma
potensialı həmişə
alternativlidir. Lakin o həmişə
ancaq bir ssenari üzrə reallaşır. İndi dünya
əsasən, Qərbdə
formalaşmış təbiətə
"texno yanaşma"
üzərində bərqərar
olmaqdadır. "Texno"
insana yeni texnoloji mühit yaratmağa geniş imkanlar açaraq, dünyanın
hər hansı məkanında yüksək
inkişafa təkan versə də, bütövlükdə onun
təbiətlə harmoniyada
yaşamaq imkanlarını
xeyli məhdudlaşdırır.
Bu münasibəti "təbiəti
zəbt etmək" adlandırmaq olar.
Türklərdə isə tamamilə
fərqli yanaşmanın
ruhu vardır. Türklərin passionarlıq
kimliyində işğal
və ya zəbt etmək yoxdur - fəth etmək vardır! Fəth etmək isə, hər şeydən öncə, nüfuz edilən məkanı qurmaq, yaratmaq istəyini ifadə edir. Türk dağıtmaq üçün fəth etmir - ilahi nizamı
Yer üzündə yaşamaq üçün
fəth edir. Bu baxımdan o, təbiətin
də fatehidir! Yəni özü ilə təbiəti bütöv hesab edərək, ilahi ədalət və nizamı ona da sirayət etmək niyyətindədir. Ancaq məsələ ondan ibarətdir ki, əgər
söhbət İlahi
ədalət və düzəndən gedirsə,
təbiətin də İlahi ədalət və düzəndən meydana gəldiyini qəbul etmək gərəkdir.
Bu məqamda ön sıraya etnosun bu həqiqətə münasibəti məsələsi
çıxır. Yəni
etnos bu həqiqəti dərk edirmi? Dərk edirsə, ona necə qiymət verir və reaksiya
göstərir? Bu da avtomatik
olaraq istənilən etnos üçün şüur və siyasət məsələsini
aktuallaşdırır. Biz məhz bu səviyyədə
və kontekstdə
"türk etnosu təbiətsevərdir" deyirik.
Məhz bu anlamda "türklər özünü təbiətin
ayrılmaz hissəsi kimi dərk edirlər" tezisinə dayanırıq! Daha da ümumiləşdirib, müasir
reallıqlar kontekstinə
gətirdikdə isə,
məsələ həm
nəzəri olaraq böyük fəlsəfəyə,
həm də praktiki olaraq dövlətin təbiətə
siyasətinə transfer olur!
Təbiətə türk yanaşmasının
müasir dövlətçilik
aspektində humanitarlığını
vurğuladığımız yanaşmanın prizmasında
dərk edə bilərik. Məsələ
onunla bağlıdır
ki, türk etnosunun təbiətə İlahi
sevgi və ədalətlə yanaşması
bir ənənədir.
Bu ənənənin türk
dövlətçilik tarixində
təzahürləri də
şübhəsizdir. Lakin müxtəlif
səbəblərdən bir
neçə əsr dünyanın aparıcı
kəsimindən kənarda
qalan türk xalqlarının müasir
dövlətçilik modelləri
fonunda təbiət siyasətləri təhlil
edilməlidir. Bu təhlillər
təbiətə "türk
münasibəti"nin humanitarlığını,
şəfqətliyini və
mərhəmətliyini anlamağa
yardım edər. Həmin prizmada türk dövlətlərinin
XXI əsrdə ekoloji
siyasəti və onun ekopolitologiyada araşdırılması məsələsinin
aktuallığı şübhə
doğurmur.
Müasir dövlətlərin ekoloji siyasəti
Ekoloji siyasətin standart anlamı vardır. Ekoloji siyasət dövlətin həyata keçirdiyi tədbirlər
sistemidir. Yəni hər hansı dövlətin (və ya dövlətlər qrupunun, regional və beynəlxalq miqyaslı təşkilatın) dağınıq
deyil, konkret məqsədli, davamlı,
dayanıqlı və
tədricən reallaşdırılan
dövlət münasibətindən
söhbət gedir. Həmin sistem bütövlükdə cəmiyyətin
təbiətə təsiri
ilə əlaqəlidir.
Ekoloji siyasət elə niyyət və prinsipləri özündə birləşdirir
ki, onların əsasında
konkret məqsədlər
və vəzifələr
müəyyən edilir.
Daha ümumi səviyyədə ekoloji siyasət məqsəd və vəzifələrin
ekoloji strategiyasını
müəyyən edir
və onu reallaşdırır.
Buradan alınır ki, ekoloji siyasət dövlət səviyyəsində cəmiyyətin
maraqlarını nəzərə
alaraq elə fəaliyyətdir ki, sadəcə,
təbiətin qorunması
ilə məhdudlaşmır.
O, həm də cəmiyyət-təbiət münasibətlərində
mənəvi, mədəni
(kültürəl), psixoloji,
siyasi və geosiyasi faktorların diqqətə alınmasını
tələb edir. Vurğulanan məqam etnosun, ümumiyyətlə,
təbiətə münasibəti
ənənəsi ilə
dövlətin ekoloji siyasəti arasında daxili bağlantının
olması zərurətini
ifadə edir.
Belə
görünür ki, əslində
dövlətin ekoloji siyasəti dərindən müxtəlif elmi aspektlərdə öyrənilməlidir.
Burada fəlsəfi yanaşma ilə politoloji və ya kulturoloji yanaşmalar sintez halında iştirak edə bilərlər. Daha çox elmin ortaq tədqiqat
sahəsində ekoloji
siyasət araşdırıla
bilər. Bizcə, daha adekvatı və müasir elmin tələblərinə
cavab verəni ekoloji siyasətin fənlərarası yanaşma
çərçivəsində araşdırılmasıdır. Bu əsasda problemin fəlsəfi, sırf ekoloji, kulturoloji, etnik-mədəni, psixoloji,
sosioloji, geosiyasi və digər aspektlərini vahid məntiqi çərçivədə
tədqiq etmək imkanı yaranar. Həmin prizmada ekopolitoloji yanaşma ayrıca aktuallıq kəsb edir.
Ekopolitologiya
Bu, ekoloji-siyasi qərarların
qəbulunu öyrənən
fənndir; keçən
əsrin 60-70-ci illərində
Qərdə yaranmışdır.
Həmin dönəmdə
Avropada ekoloji problemlərin siyasi gündəmə gətirilməsi
uğrunda ictimai fəalların ciddi mübarizəsi gedirdi. Bununla da Avropada XX əsrin 70-ci illərindən
"ekologiya və siyasət" yox, "ekologiya-siyasət", yəni
cəmiyyətin (daha geniş anlamda dünyanın) ekoloji durumu üzvi surətdə dövlətin
siyasi kursunun (həm də siyasi sistemin) tərkib hissələrindən
biri olmağa başladı. Görünür,
həm də müasir dövrün bu xüsusiyyətinə görə, ekopolitologiyanı
bəzən "gənc
plüralistik siyasi fənn" də adlandırırlar. Qısaca
mənası üzərində
dayanaq, çünki əsas məqsədimiz ekopolitologiyanı təhlil
etməkdən ibarət
deyildir.
Ekopolitologiya bizim baxdığımız
mövzu kontekstində
ona görə vacibdir ki, bəşər
tarixində faktiki olaraq ilk dəfə cəmiyyətin ekoloji məsələləri sistemli,
ümumnəzəri xarakterli
və həm də konkret faktlara əsaslanan müasir elmi istiqamət çərçivəsində
tədqiq olunurdu. Bu o deməkdir ki, həmin məqamdan ekologiya sadəcə dövlətin
siyasətinin mühüm
aspekti deyildir - onu daim elmi
dərk edərək siyasi xəttin seçilməsində ondan
yararlanmaq lazımdır.
Metaforik desək, türk toplumlarının
qədimdən "toplum-təbiət"
münasibətləri gerçəkliyinə
dixotomik deyil holistik, sinxronik, həmahəng, harmonik yanaşması daha doğru imiş. Qərb rasional düşüncəsi bu qənaətə XX əsrin
ikinci yarısında gəldi, lakin türklər qədimdən
onun ümumi fəlsəfəsinə malik etnos
olmuşdur. Ancaq...
Türk
etnosunun bu yanaşmasını ilk olaraq
elmə türklər
özləri çevirə
bilmədilər. Doğrudur,
tarixin müəyyən
dönəmlərində türk
etnosu qiymətli əsərlər, o cümlədən,
siyasi idarəetmə ilə bağlı sanballı kitablar yaratdılar. Həmin bağlılıqda "Kutadğu-Bilik"
əsərini xatırlamaq
kifayətdir. Filosoflardan
N.Tusi, İbn-Sina, Ə.Bəhmənyar,
Ş.Y.Sührəvərdi və digərləri insan-təbiət, cəmiyyət-təbiət
münasibətlərinin harmoniyası
ilə əlaqədar
çox dəyərli
fikirlər irəli sürmüşlər. Əslində,
indi ekopolitologiyada istifadə edilən ekoloji ziddiyyətsiz inkişafa dair konsepsiyaların bir kökü gedib həmin araşdırmalara
çıxır.
Lakin məsələ ondan ibarətdir ki, ekoloji məsələləri və
ümumilikdə cəmiyyət-təbiət
münasibətlərini vahid
elmi istiqamət çərçivəsində və elmi tədqiqatın
rasional kriteriyalarına
cavab verən formada ilk dəfə Qərbdə öyrənməyə
başlamışlar. Biz də
bu gerçəkliyi nəzərə alaraq, müasir müstəqil Azərbaycanın dövlət
quruculuğu kursu kontekstində ekoloji siyasətin bir sıra məqamlarına nəzər salacağıq.
İqtisadiyyat, cəmiyyət və
ətraf mühit arasında balans
Qlobal ekoloji böhran fonunda bu, hər
bir müstəqil dövlət üçün
prinsipial əhəmiyyət
daşıyan məsələ
kimi görünür.
Əslində həmin
problem strateji xarakterlidir
və ciddi əsaslandırılmış yanaşma tələb edir. Ölkədə iqtisadiyyat-cəmiyyət-ətraf mühit "üçbucağı"nda
uyğunluq yaratmaq kifayət qədər mürəkkəb vəzifədir.
Bunlar Azərbaycan Respublikasının ekoloji
konsepsiyasında geniş
nəzərə alınmışdır.
Bundan başqa, Azərbaycanın 2030-cu ilə
qədər sosial-iqtisadi
inkişaf sənədində
məsələnin bu
tərəfi əsaslı
şəkildə qoyulmuşdur.
1993-cü
il iyun ayından başlayaraq həyata keçirilən dövlət
quruculuğu siyasətində
ətraf mühitin sağlamlığının təmini
mühüm faktorlardan
biri kimi qəbul edilmişdir. Enerji strategiyası bu bağlılıqda çox vacib yer tutur. Çünki
məsələnin bir
tərəfi milli maraqlara
dayanırsa, digər tərəfi regional və
qlobal miqyaslarda cəmiyyət-ətraf mühit
münasibətləri ilə
bağlıdır. Azərbaycanın
enerji strategiyası bunlara görə yalnız neft və qazın ixracı ilə məhdudlaşmır, o, geniş
anlamda ekoloji, sosial, hüquqi, təhlükəsizlik və
geosiyasi faktorları özündə birləşdirir.
1995-ci ildə qəbul
edilmiş Azərbaycan
Respublikası Konstitusiyasında
39-cu maddə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə bağlıdır.
Konstitusiyanın 78-ci maddəsində
isə ətraf mühitin qorunmasının
hər bir vətəndaşın borcu
olduğu vurğulanır.
Yəni ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə yazılmış
Azərbaycan Konstitusiyasında
ekoloji mühitin sağlamlığı bir
hüquqi dəyər
kimi ifadəsini tapmışdır.
Ümummilli lider tam şəkildə
ekoloji qanunvericiliyin formalaşdırılmasını təmin etmişdir. Bu çərçivədə "Ətraf mühitin mühafızəsi haqqında",
"Ətraf mühitə
dair informasiya almaq haqqında", "Xüsusi mühafızə
olunan təbiət əraziləri və obyektləri haqqında",
"Ekoloji təhlükəsizlik
haqqında" və
"İcbari ekoloji sığorta haqqında"
qanunlar imzalanmışdır.
Bununla ulu öndər
müstəqil Azərbaycan
Respublikasının ekoloji
siyasətinin hüquqi
bazasını yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin strateji dövlət quruculuğu kursu çərçivəsində
ətraf mühitin qorunması və ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı beynəlxalq müqavilələrə
qoşulmağa ayrıca
diqqət yetirilmişdir.
Nümunə kimi, bir sıra sənədləri
göstərə bilərik:
"Biomüxtəliflik haqqında", "Nəsli kəsilmək təhlükəsi altında
olan təbii flora və fauna növlərinin
beynəlxalq ticarəti
haqqında", "Səhralaşmaya
qarşı mübarizə
haqqında", "Bitkilərin
mühafızəsi haqqında" və digər beynəlxalq konvensiyalar.
1998-ci ildə isə "Ətraf mühitin mühafizəsi üzrə
Milli Fəaliyyət Planı"
hazırlanmışdır. Bu vacib sənəddə Azərbaycanın ekoloji prioritetləri müəyyən
edilmişdir.
Bütün bunlar müstəqil
Azərbaycanın ekoloji
məsələyə yüksək
diqqətini ifadə edir. Onun nəticəsidir
ki, regional və qlobal
miqyaslarda da Azərbaycan
ekologiyanın müxtəlif
layihələrində ekoloji
faktora ciddi əhəmiyyət vermişdir.
Eyni zamanda bu məsələdən süni istifadə etməyə çalışanların
yolunu bağlamışdır.
Bir maraqlı faktı
xatırlayaq.
Bakı-Tbilisi-Ceyhan
neft ixrac marşrutunun Gürcüstan
ərazisində ekoloji
mühiti korlaması ilə bağlı süni hay-küy qaldırmışdılar. Bir sıra
qeyri-hökumət təşkilatları
Qərbdən olan təhriklər əsasında
bu layihənin reallaşmasına əngəl
olmağa çalışırdılar.
Ancaq ulu öndər Heyər Əliyevin müdrikliyi sayəsində
problemi müsbət həll etmək mümkün oldu. Deməli, öncədən,
Azərbaycanın enerji
siyasətində bütün
incəliklər nəzərə
alınmışdı və
onları ardıcıl
olaraq ölkə rəhbərliyi həll edirdi.
Sonrakı proseslər də
Azərbaycan rəhbərliyinin
ekoloji məsələlərə
çox ciddi diqqət yetirdiyini göstərdi. Prezident
İlham Əliyev 2022-ci il sentyabrın
2-də İtaliyanın Çernobbio
şəhərində keçirilən
beynəlxalq forumunda nitqində ifadə etmişdi: "Bizim enerji strategiyamız mərhələlərə bölünüb.
1994-cü ildə müstəqilliyimizin
bərpasından, sadəcə,
üç il keçmişkən
ilkin mərhələdə
biz dünyanın aparıcı
enerji şirkətlərini
Xəzər dənizində
çalışmağa dəvət
edən ilk ölkə
olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.
Uzun illərdir ki, Azərbaycan İtaliyanı
neftlə təchiz edən bir nömrəli
ölkədir. Lakin açıq
dənizə çıxışı
olmayan ölkə olaraq bizim ixrac
boru kəmərlərinə
ehtiyacımız var idi.
Biz iki strateji neft boru kəmərinin
inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi
prosesində təşəbbüsü
üzərimizə götürdük.
Biri Türkiyənin Aralıq
dənizi sahilindəki
limana qədər uzanır, digəri isə Gürcüstanın
Qara dəniz sahilindəki limana qədər. Beləliklə,
biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə
nail olduq". Sözlərinə
davam edərək dövlət başçısı
ikinci mərhələni
"nəhəng qaz yataqlarının istismarı
ilə bağlı"
xarakterizə etmişdir.
Nəhayət, üçüncü
mərhələ bərpaolunan
enerji ilə əlaqəlidir.
Beləliklə, Azərbaycanın enerji
strategiyasının mərkəzi
prinsiplərindən biri
ekoloji təmiz mühit şəraitində
müxtəlif istiqamətlərdə
enerji sahəsində əməkdaşlığı inkişaf etdirməkdən
ibarətdir. Hazırda
Azərbaycan Avropa İttifaqı, Çin və digər böyük güclərlə
enerji və nəqliyyat-loqistika sahələrində
əməkdaşlığı əsas olaraq "yaşıl iqtisadiyyat",
"yaşıl ölkə"
və "yaşıl
enerji" kontekstində
inkişaf etdirir.
Onu vurğulayaq ki, Azərbaycanın
bu istiqamətdə siyasəti ilə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf strategiyası uyğunluq təşkil edir. Aİ-nin də strateji inkişafla bağlı sənədlərinin məzmunu
ilə BMT-nin həmin inkişaf strategiyasının ziddiyyət
təşkil etmədiyi
haqqında məlumatlar
vardır. Bunlardan başqa, Azərbaycan BMT-nin COP tədbirlərində
aktiv iştirak etməklə qlobal miqyasda ekoloji təmizliyə birbaşa praktiki töhfəsini verir. Bütün bu məqamları bir sistem halında
birəşdirdikdə müasir
mərhələdə Azərbaycanın
ekoloji siyasətinin başlıca özəlliklərini
ümumiləşdirə bilərik.
Ekoloji siyasətin regional və
qlobal proyeksiyaları
Ümumi
səviyyədə baxanda
Azərbaycanın "yaşıl
ölkə" olmaq məqsədi, onun regional və qlobal miqyaslarda ekoloji siyasətinin proyeksiyası
ilə sıx bağlı görünür.
Bu, maraqlı fəlsəfi
məqamdır. Hətta
geniş bir geosiyasi məkanda ilk nümunədir. Çünki
Azərbaycan ekoloji siyasətində üç
vacib miqyası sintez edə bilmişdir. Milli, regional və
qlobal səviyyələrdə
eyni uğurla ekoloji xətti aparmaq mürəkkəb işdir. Və bütün bunlar 2030-cu ildə Azərbaycanın
"yaşıl ölkə"
olmaq hədəfinə
çatmasını təmin
etməlidir.
Problemin
bir tərəfi ölkə daxilində ekoloji mühiti daha da sağlamlaşdırmağa,
digər tərəfi
isə bu proseslə regional və qlobal səviyyədə gedən və ekologiyaya birbaşa aidiyyatı olan yeniləşmə prosesləri
ilə uyğunluq təşkil etməyə
bağlıdır. Ölkə
daxilində ekoloji mühiti daha da sağlamlaşdırmaq,
öz növbəsində,
infrastrukturu yeni "yaşıl texnologiyalar"la
təmin etməkə
əlaqəlidir. Azərbaycan
hazırda daxili mühitin bütün sferalarında həmin istiqamətdə proqramlar həyata keçirir.
Hələ 2010-cu ildə Prezident İlham Əliyev bəyan etmişdi: "Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər
nəticəsində yaxın
zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük
dərəcədə yaxşılaşdırılacaq.
Azərbaycan vətəndaşları
təmiz ekoloji şəraitdə yaşayacaqlar".
İndi külək və günəş enerjisindən, bərpa olunan enerjinin başqa növlərindən
geniş istifadə edilir. Ərzaq sağlamlığı istiqamətində
ən yeni texnologiyalardan yararlanılır.
Azərbaycan rəhbərliyinin Qarabağ
və Şərqi Zəngəzurun yenidən
bərpası proqramlarında
ekoloji faktora xüsusi diqqət yetirdiyi hər kəsə məlumdur. Bu aspektdə həyata keçirilən
proqramlarda ekologiya ən yüksək səviyyədə nəzərə
alınır.
Ölkə daxilində
aparılan bu prosesin fonunda Azərbaycanın regional miqyasda ekologiyanın sağlamlaşması yönündə
atdığı addımları
da vurğulamaq lazımdır. Nümunə
kimi, rəsmi Bakının Ermənistanın
çay və gölləri çirkləndirməsi
məsələsini qaldırmasını
göstərmək olar.
Bundan əvvəl ölkə rəhbərliyi
Qarabağda Ermənistanın
təbii resursları qanunsuz istismar etməsi və bu zaman ətraf
mühiti çox çirkləndirməsi ilə
bağlı konkret addımlar atmışdı.
Azərbaycanın ekoloji siyasətinin qlobal miqyasda proyeksiyasının ən
bariz nümunəsi
COP tədbirləri ilə
bağlıdır. COP29-un Bakıda
böyük uğurla
təşkil edilməsi
müstəqil dövlətçilik
tarixində mühüm
hadisədir.
Biz bu məsələlərin üzərində
detallı dayanmırıq.
Çünki onlarla bağlı KİV-də geniş informasiyalar mövcuddur. Ancaq bir nəzəri ümumiləşdirməni aparmağı
zəruri hesab edirik.
Məsələ onunla bağlıdır ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi milli, regional
və qlobal miqyaslarda səmərəli
ola bilən ekoloji siyasət hazırlamışdır. Onun
praktiki nəticələri
artıq özünü
göstərir. Azərbaycanın
bir tərəfdən
qlobal ekoloji problemlərin həllində
iştirakı getdikcə
daha da genişlənir,
digər tərəfdən,
ölkənin daxili inkişaf kursunda ekoloji təmiz ən yeni texnologiyaların
tətbiqi vüsət
alır. Bununla Azərbaycanın yaxın
perspektivdə ekoloji mühitin təmizliyi sferasında da regionun aparıcı dövləti olacağına
şübhə yoxdur.
Ən əsası isə, Azərbaycan müstəqil dövlət
olaraq "yaşıl
ölkə" nümunəsinə
doğru inamla addımlayır. Bu prosesdə xalqın qədimdən gələn
təbiətə münasibəti
ilə məharətli
siyasi inkişaf kursu bir-birini tamamlayır.
Sadiq
QURBANOV
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.8-9.