Bakı - mənim ilk müəllimim
Unutmağa
kimsə var...
(Əvvəli
ötən saylarımızda)
Yazacaqdım
ki, ilk müəllimim ibtidai sinifdə Rübabə müəllimə
olub. Gözəl müəllimə, gözəl insan idi.
Qayğıkeş qadın idi. O zaman məktəbdə
valideyn iclaslarına anam gedib-gələrdi. Sonralar, illər
ötəndən sonra anam danışardı ki, Kamalın
adı gələndə Rübabə müəllimə əllərini
sinəsinə döyər və "oy, oy, bu Kamalın əlindən",
- deyərək məndən guya bu cür dad
qılırmış. Ola bilər. Anam bunu özündən
uydurmazdı. Onların - bacılarımın və anamın
uydurması ona çatardı ki, dörd-beş yaşım
olanda mənim pal-paltarımı bir çamadana
yığıb qapının ağzına qoyardılar və
guya gizli danışardılar, amma mənə eşitdirərdilər
ki, bu uşağı aparıb əsl ata-anasına verək,
bu bizim canımızı boğazımıza
yığdı. Mən bir küncə çəkilib
xısın-xısın ağlardım. Bunlar da gülərdilər.
Belə də ailə oyunu olar?! Amansız və zalım bir
oyun. Uşaq tərbiyəsinə qətiyyən dəxli olmayan
avantüra. Mənim ağlamağıma bunlar necə
dözürdülər, ağlıma
sığışdıra bilmirəm.
Rübabə
müəllimə bizim üçün (1 "b" sinfində
oxuyan uşaqlar üçün)
doğmalaşmışdı. Onun bizim məktəb
üçün dözümlü olmamızı saxlayan bir
dayaq olduğunu fəhmlə də olsa anlamışdıq.
Əslində, ibtidai məktəbdən sonrakı sinif rəhbərlərimiz
- Nabat müəllimə, Şərqiyə müəllimə
də bizim məktəb adlı möhtəşəm bir
sınaqdan keçməmizdə ciddi rol oynadılar. Mənə
sonralar aydın oldu ki, məktəb konsertdən əvvəl
orkestr ifaçılarının öz musiqi alətlərini
yoxlaya-yoxlaya çalmaq üçün hazır vəziyyətə
gətirməsidir. Musiqi isə guruldamırdı. Bəs bu
musiqi nə zaman guruldayacaqdı?! Biz bunu indi də bilmirik. Bircə
aydın olan odur ki, səs yerinə oturmalı olduğu kimi,
uşağın da xasiyyəti yerinə oturmalı idi. Məktəb
də bu işi bəzən bizi əzə-əzə yerinə
yetirirdi. Bunu necə edirdi?! - Bizim
azadlığımızı əlimizdən ala-ala. Əlbəttə
ki, biz azadlığa can atırdıq. Azadlıq bizim
üçün dərsdən qaçmaq, dərsdə yeri gəldi-gəlmədi
şuluq etmək və başqa yasaq sayılan məqamlardan
ibarət idi. Bunların qarşısını məktəb və
onun amansız direktoru, xatirəsi bizim hamımız
üçün bu gün əziz olan Sona müəllimə və
onun komandası o zaman "qəddarcasına" almaqla məşğul
idi.
Rübabə
müəllimə dörd il bizə dözdü. Əlində
xətkeş olardı və o xətkeş ancaq bizim
başımızın üstündə havada oynardı, o xətkeşin
acısını bizim heç birimiz çəkmədi.
Əlimizdən ən çox yığdığı vaxtda
belə, Rübabə müəllimə ancaq "bax, vuraram
ha..." dedi. Sonralar biz yuxarı siniflərə
çatıb özümüzü hər şeyi bilən
adamlar saydığımız zaman məktəb dəhlizlərində
hərdən Rübabə müəllimə ilə
qarşılaşanda yenə də əvvəlki
dilsiz-ağızsız quzu balalara dönərdik. Onun ətrafına
yığışar, hər tərəfdən onu
qucaqlayıb az qala yerə yıxar, bizdən yapışan əllərini
sığallayardıq, nəfəsinə isinərdik. Məncə,
indi o sağ olsaydı, biz yaşımızın bu
çağına baxmadan yenə də onun yanında eyni
dilsiz-ağızsız uşaqlara dönərdik.
Ricət.
Biz çox-çox sonralar bildik ki, Rübabə müəllimə
həyatının sonunda ağır bir sınaqdan keçəsi
olub. Bu cür ipək xasiyyətli insan üçün belə
bir sınaq son dərəcə ədalətsiz idi. O, tənha
bir qadın idi, ailə qurmamışdı. Həyatının
mənasını onda görmüşdü ki, uzaq qohumu olan
bir oğlan uşağını Təzəpir tərəfdəki
atadan qalma evinə gətirib oğulluğa
götürmüşdü və onu öz övladı kimi
böyütmüşdü. Sən saydığını
say, gör fələk nə sayır - burda deyiblər. Bu
oğlan uşağı böyüyür, böyüyür
və günlərin bir günü Rübabə müəllimə
onu ürəyi istəyən, sevdiyi qızla evləndirir,
şadyanalıqla evinə gəlin gətirir.
Qərəz,
gün keçir, ay dolanır. Bu gənc ər-arvad öz
aralarında nə danışırlar, nə
danışmırlar, günlərin bir günü artıq
qocalıb əldən düşmüş Rübabə
müəlliməni evdən çıxarırlar, başqa
sözlə, evin sahibəsini evdən qovurlar. Heç kimə
şikayət etməyən Rübabə müəllimə
bir gün bir qohumugildə, iki gün o biri qohumugildə
qala-qala ömrünü beləcə yaşayır. Ricətin
sonu.
Bizim sinif
uşaqları Rübabə müəllimənin başına
gələn fəlakəti o, rəhmətə gedəndən
çox-çox sonra, tamam təsadüfən öyrənmişdilər.
Nə edə bilərdik?! "Allah rəhmət eləsin, qəbri
nurla dolsun" deməkdən başqa bir çarəmiz
qalmışdımı, qalmamışdı. Rübabə
müəllimənin oğulluğunu söyməkdən
savayı əlimizdən nə gəlirdi?! Mən onda hələ
bilmirdim ki, o cavanda, deyəsən, axı bir günah yoxdur.
Günah bütövlükdə millətə xas olan bir
günahdır. Hamımızın günahıdır. Bu günahın
adı belədir: minnətdar olmağı bacarmamaq
günahı. Son dərəcə üzücü,
biabırçı bir sindrom. Mən bunu çox-çox
sonralar anladım. Öz təcrübəmdə, mənim də
başıma gəldikdən sonra. Bəli, bizim insan öz qəlbində
ona yaxşılıq edən birinə hökmən nifrət
bəsləməlidir; ona borclu olmaqdan yaxasını qurtarmaq
üçün. İnanmaq çətindir, amma bu, bir həqiqətdir.
Acı həqiqətdir. Başqasına düşünmədən,
heç bir əvəz gözləmədən
yaxşılıq edənlər (Allah eləsin ki,
hamısı olmasın) bu durumu yaşayıblar. Sonradan etdiyinə
görə peşman olanlarla peşman olmayanları da bir-birindən
ayırmaq lazımdır. Peşman olmayanlar "o etdiyi pislikdən
usanmır, mən niyə yaxşılıq etməkdən
usanmalıyam" kimi ideoloji dayaq nöqtəsi tapırlar, bir
müddət sonra başına gələnlərdən
heç bir dərs almadan öz yaxşılıq etmək
şakərlərinə davam edirlər. Qərəz, bu, bir
başqa özəl hekayətdir və yeri gəldikcə həyatın
mənim qarşıma çıxardığı
(başıma gətirdiyi) bir çox məqamlarda bu sindromun -
minnətdar ola bilməmək sindromunun başqa təzahürlərinə
də toxunacağam. Mirzə Fətəlidəki evimizin ən
yaxın qonşusu Badam nənə deyən kimi, "vələdüznalar"
var və olacaq və mən də onlara
qoşulmamalıydım. Qoşulsaydım, damdabaca gəlib məni
aparacaqdı.
Bizdə
isə Rübabə müəlliməni sevən hər kəsin
qəlbində onunla bağlı belə bir işıqlı
inam qalmışdı. Biz inanırdıq ki, Rübabə
müəlliməmiz indi cənnətdədir. Və oradan bizləri
seyr edib dodaqlarının ucundakı azca istehzalı təbəssümü
ilə gülümsəyir, həmişəki kimi əlindəki
xətkeşi dikinə tutaraq gülə-gülə
pıçıldayır: "bax, özünü
doğru-düzgün apar, vuraram ha..."
Bəli,
məktəbdə ilk müəlliməm Rübabə müəllimə
idi. Ancaq ona da "ilk müəllimim" deyə bilmirəm.
Qoy o məni son dəfə bağışlasın. Mən qəhər
içində yenə də dərsin şirin yerində bu
başdan o başa Aslana, Etibara, Əbülfəzə nəsə
qışqırıb demək istəyirəm, amma səsim
çıxmır. Güc verirəm, səsim isə batıb.
Rübabə müəllimə görür ki, mənim səsim
batıb, özüm də əzab içində, oturduğum
yerdəcə qıvrılıb qalmışam, məni
ayağa qaldırır:
- De, ay
bala, ay Allahın bəlası, nə demək istəyirsən,
de, ürəyində qalmasın, səsinə nə oldu sənin?
-
"Heç nə demək istəmirəm". - Səsim yenə
də çıxmır, bu dəfə mən artıq
gözlərimlə deyirəm: "Bağışla məni,
Rübabə müəllimə. Bağışla bizi..."
Rübabə
müəllimə məni bağışlar. O məni
başa düşər. O da məni təsdiqləyər ki, mənim
ilk müəllimim Bakı şəhəri olub. Çünki
mən bilirəm: onun da ilk və son müəllimi Bakı
olub. Çünki Rübabə müəllimə
bütün varlığı ilə Bakı şəhərinin
özü idi. Onun içində də əriyib getdi. Bəli,
Rübabə müəllimə Bakı idi, ancaq Bakı təkcə
Rübabə müəllimə deyildi.
Bakı mənimçün
Mirzə Fətəli küçəsindəki balaca həyətimizdən
başlamışdı. Müharibə (İkinci Dünya
müharibəsi) 10 il idi ki, qurtarmışdı. Mənim 5
yaşım var idi. Üzlərdəki qırışıq
yavaş-yavaş açılırdısa da, adamların
ürəyində müharibənin xofu hələ də
qalırdı. Balaca həyətimizə düşməyə
mənə güclə icazə verirdilər. Allah, bu mənim
üçün necə böyük bir bayram olurdu. Bu
bayramı yaşamaq üçün mən gərək anama
xeyli yalvaraydım. Vaxtında, çağıran kimi evə
qaça-qaça qayıtmalıydım. Yoxsa bir də həyətin
üzünü bir həftə sonra, ya görərdim, ya
görməzdim. Artıq pal-paltarımı çamadana
yığışdırıb qapı ağzına qoymaq
nömrəsi keçmirdi (həyatımın bu "faciəli"
məqamı ilə bağlı bir qədər yuxarıda
danışmışdım). Mən artıq
böyümüşdüm. Həyətə düşmək,
qonşumuz, yaşıdım göygöz Nizami ilə elə
beləcə, heç nə etmədən pilləkəndə
oturub söhbət eləmək özü doymaq bilmədiyim
bir ləzzət idi. Küçədən vıjıltı
ilə dəmir podşipnikli möcüzəli və ləzzətli
qutunu itələyə-itələyə keçən
"marooojni!!!" deyə qıy vuran dondurmasatanı həsrətlə
gözləmək özü belə marojna yemək qədər
adama kef verirdi. 10 qəpiyə moloçnı (südlü),
15 qəpiyə slivoçnı (qaymaqlı), 20 qəpiyə
isə plombir satırdı. Plombirə pulumuz çatmazdı,
onun dadı da fərqli idi, çox dadlı idi, hətta
adı belə sirli idi. Mən heç indi də bilmirəm,
"plombir" sözünün mənası nə deməkdir.
Nizami ilə
söhbətlərimizin konkret mövzusu olardı. Onların
evində hələm-hələm hər evdə olmayan təzə
çıxmış ecazkar bir qutu vardı - adına televizor
deyirdilər. Nizami mənə dünən axşam o qutunun
ağzındakı şüşədə göstərilən
cürbəcür oyunlardan, tamaşalardan
danışırdı. Axşamlar (bu, yay aylarında,
havanın isti olan vaxtında olardı) mən də öz
balkonumuzdan Nizamigilin açıq qalmış pəncərəsinə
gözümü dikib pəncərədən o tərəfdəki
otaqda, yuxarı başda uca bir servantın üstündə
qürurla dayanmış balaca qutuya (Zeynal televizoru
adlandıran kimi desək: "danışan güzgü"yə)
gözlərimi zilləyirdim. Konsertlər, kinolar arasında
xeyli fasilələr olurdu. Televizorun pərdəsi uzun zaman
bağlı qalırdı. "Danışan
güzgü" bu cür hərdən nazlı-nazlı paltarını
soyunub ona baxanlara bədənini göstərməkdən, guya
ki, utanan "tərbiyəsiz" qızlar kimi ətrafına
fors atırdı. Uzun dəqiqələr keçirdi, amma bu
nazlı qız paltarını soyunmağa tələsmirdi.
Televiziya dilində buna "pərdə" deyirdilər. Bu pərdə
öz arxasındakı xəbərləri, konsertləri, teatr
səhnəciklərini, bədii filmləri gizlədirdi. Onun
açılması yarım saata qədər çəkə
bilirdi. Televizorun balaca şüşəsi inadla öz
içindəki pərdəni qaldırmırdı.
Olurdu ki,
Nizamigilin açıq pəncərəsinin üstündə
Nizaminin mənim rahat görməyim üçün bir kənara
çəkdiyi alabəzək sətin pərdəni meh vurub pəncərənin
önünə qaytarır, bu balaca sehrli qutu mənim gözlərimdən
yox olurdu. Bu zaman mən yavaş səslə Nizamini
çağırırdım və o gəlib pəncərənin
pərdəsini yenidən bir kənara çəkirdi. Sonra yenə
evin içinə öz yerinə - televizorun qabağına tələsirdi.
Hər nə isə, həyətdə danışmağa,
fikrimizi bölüşməyə mövzumuz var idi. Bizim
dünən axşam televizorda göstərilənlərlə
bağlı söhbətimizi hərdən yuxarı mərtəbədən
Badam nənənin mənə yönəli zabitəli səsi
yarıda qoyardı: "Həyətdəsən? Bax,
küçəyə çıxma ya. Heç kimə
qoşulma. Hamısı vələdüznadı. Həyətdən
bayıra çıxma. Damdabaca gəlib səni aparar".
Allah, mən
atamdan çox, bu damdabacadan qorxardım. Bu sözün qəribə
sehri var idi. Elə bil, söz özü bir dev idi, şeytan
idi, cin idi, ya nəydi. Badam nənə bu sözü əlində
çubuq kimi sağdan sola, soldan sağa fırladıb
çırpırdı. Amma mən böyüdükcə
Badam nənənin "damdabaca" deməsilə
dodağının bir qırağına gəlib qonan təbəssüm
də yoxa çıxırdı. Onun özünə də
gülməli və qəribə gəlirdi ki, bu sözdə
nə vardı ki, mən onu eşidən kimi o saat
dönüb "quzu bala" oluram?! Mən bu sözün
Badam nənənin tələffüzündə özü ilə
gətirdiyi sirriçində qorxuya inanıram, ya yox?! Və
günlərin bir günü bu "damdabaca" söhbəti
yığışdırılandan sonra mən bir daha Badam nənənin
üzündə o təbəssümü görmədim.
Ricət.
Mənə "quzu bala" ləqəbini rəhmətlik
Müşkinaz xala vermişdi. Mən, təxminən, on-on iki
yaşına qədər elə bilirdim ki, o mənim doğma
xalamdır. Tez-tez o da, rəhmətlik Turan xanım da bizim Mirzə
Fətəlidəki evimizə gələrdilər.
Müşkinaz xanımla mənim anam bacılıq idilər.
Müşkinaz xanım Cavidlə evlənəndən sonra
köçüb gəldiyi ev, yəni, Naxçıvanın
Əlixan məhləsindəki Hüseyn Cavidin ata-baba evinin
bağçasını mənim babamın evinin arxa
bağçasından bir divar ayırırdı.
Bağçaları ayıran bu divar, heç elə bil, yox
idi. Divarın təndirəsərə yaxın yerində bir
taxta qapı vardı və o qapı həmişə
açıq olardı. Biz - yayda Naxçıvana gələn
mən və Naxçıvandakı qohum yaşıdlarım,
eləcə də, Hüseyn Cavidgilin evindəki həmyaşlarım
bu açıq qapıdan Cavidgilin həyətinə, sonra da
Cavidgilin həyətindəki bayır qapısından
keçirdik küçəyə və görürdük
ki, qarşımızdan nəhəng bir çay axır. Bu,
çirkli suyu ilə utanmadan axan Naxçıvan
çayı idi. Yayda Naxçıvanda o iki həyətdə
dayıuşaqları ilə, Hüseyn Cavidgilin evində
yaşayan bizim yaşıdımız olan qohumları ilə
oynadığımız oyunların dadı hələ də
damağımdadır. Məndən bir-iki yaş böyük
olan Əbülfəz adlı Cavid əfəndinin bir qohumu
vardı. Qardaşı nəvəsi idi. Naxçıvan
çayının qırağında onunla dəfələrlə
güləşərdik, o biri uşaqlar da
qışqırışa-qışqırışa bizi
dövrəyə alıb tamaşa edərdi. Əbülfəz
sonra Əbülfəz Naxçıvanlı oldu, şeirlər
yazdı, Bakıya köçdü, Cavidin ev-muzeyində
işləməyə başladı. Bizi yenə də isti
münasibət birləşdirirdi. Tez-tez gülə-gülə
mənə deyirdi ki, sən mənim sözümə
baxmalısan, çünki mən sənin dayınam.
Ricət.
Əbülfəzin bu sözlərində həqiqət yox
deyildi. Ata-anasının Əbülfəzdən əvvəl
doğulan uşaqları doğulduqca yaşamırdılar.
Naxçıvanda belə bir qədim inanc var idi. Təsəvvür
belə idi ki, əgər bir qadının doğulan
uşağı hər dəfə ölürdüsə, həmən
qadının yeni doğulan uşağını başqa bir
qadın köynəyindən keçirirdi və bu zaman
uşaq yaşayırdı. Bu şəkildə
naxçıvanlılar taleyi aldatmaq istəyirdilər. Və
bəzən buna nail olurdular. Əbülfəz Naxçıvanlının
timsalında bu, belə olmuşdu. O doğulana qədər
ondan əvvəl doğulan bütün
bacı-qardaşları ölürdü. Mənim doğmaca nənəm
doğulduğu an onu köynəyinin içindən
keçirmişdi. Beləliklə, Əbülfəz
Naxçıvanlı mənim dayım idi ki, vardı. Və hər
dəfə görüşəndə özü bunu mənim
yadıma salırdı. Ricətin sonu.
Mən
Cavidgilin həyətində ürəkdən, arzu-kamla
açan qızılgülləri daha heç harda görmədim.
Bizim həyətimizdə də o cür ətirli
qızılgüllər az deyildi. Amma Cavidgilin həyətindəki
o güllərin pardaxlanıb açılmış al
qırmızı, enli ləçəklərindən
heç harda yox idi. O qızılgülləri qoxlaya-qoxlaya
cürbəcür uşaq oyunları oynamaqdan yorulardıq,
gedib Naxçıvan çayının ağzına
bacardığımız qədər daş düzüb suyun
qabağını kəsərək dərinləşdirərdik
və çimdikcə o çirkli çayda çimərdik.
Bir dəfə
artıq yaşlı vaxtımda Naxçıvana gəldiyimdə
həyətimiz məni çəkdi, gəldim, gördüm
ki, bizim həyətdən haman çaya gedən yol (təndirəsərin
yanındakı Cavidgilin həyətinə açılan
qapı) artıq yoxdur. Cavidə ev-muzeyi tikəndə o
qapını ləğv eləmişdilər. Həyətimizin
küçə qapısından keçib, Hüseyn Cavidin
ev-muzeyinin ətrafına fırlanıb çaya
çıxdım. Haman təlatümlü, nəhəng
çayın yerində böyük bir arx idi, sakit-sakit
axırdı. Suyu da həmənki kimi çirkli idi.
Hüseyn
Cavidə olan inam və ehtiram o dərəcədə idi ki,
babam öz qızını, mənim anamı
bacılığı Müşkinaz xalaya qoşaraq yaxın
qonşusu, uzaq qohumu Cavidin dərs dediyi məktəbdə
oxumaq üçün Bakıya göndərmişdi. Beləliklə,
necə deyərlər, Cavidin dərs dediyi Qızlar məktəbində
anam və Cavidin həyat yoldaşı Müşkinaz xala
bir-birilə ünsiyyətdən əlavə, həm də ədəbiyyat
elminə "vaqif" olurlar. Cavidin yazdıqlarına hörmət
və sevgidən başqa mən anamı heç zaman ədəbiyyat
bilicisi kimi tanımadım. Və anam Cavidin dərs dediyi məktəbi
bitirdikdən sonra Naxçıvana qayıdıb bir müddət
Nehrəm kəndində - babamın doğulduğu kənddə
müəllimə kimi işləyir. Daha sonra anam müəllimliyin
"daşını" atır, ixtisasını dəyişib
diş həkimi olur. Əslən şuşalı olan atam da
bu vaxtlar Naxçıvanda işləyirmiş. Yəqin ki,
dişi ağrıyır, xəstəxanaya gəlir. Beləcə,
onlar görüşüb tanış olurlar, ailə qurub
Bakıya köçürlər.
Bu o vaxt
idi ki, artıq Hüseyn Cavid həbs edilmişdi, əsərləri
yasaq olunmuşdu. Müşkinaz xala və Turan xanım bizim
Mirzə Fətəlidəki evimizə tez-tez gələrdilər.
Sonralar ailə söhbətlərində eşidirdim ki, bəzən
belə gəlişlər zamanı atam ehtiyat üzündən
evimizin qapı-pəncərəsini bərk-bərk
bağlayar, onlar - Müşkinaz xala, anam və atam
üçlükdə oturub Cavid əfəndinin şeirlərini
bir-birinə oxuyub söylərdilər.
"Quzu
bala" ləqəbinə gəlincə. Evdə sakit dura bilməməyim,
cürbəcür oyunlardan, həngamələrdən
çıxmağım anamın və bacılarımın bəzən
doğruçu, bəzən yalançı hiddətinə səbəb
olan zaman Müşkinaz xala öz əvəzedilməz sakit
tövrü, həlim təbəssümü ilə
gülümsəyib sakit-sakit "ona dəyməyin, Kamal bu
işi görməz, o quzu baladı" deyərmiş.
"Quzu bala" sözü o vaxtdan qalan sözdür.
Müşkinaz xalanın bu sözlərində həm də əməlli-başlı
sarkazm vardı. O çox zaman demək istədiyini zarafata
salıb deyirdi. Əlbəttə ki, "quzu bala" ifadəsi
məni tanıyan hər kəsin üzündə istehzalı
bir təbəssüm oynadırdı.
Artıq
Cavid əfəndi bəraət alandan sonra Müşkinaz
xalanı müxtəlif məktəblərə, təşkilatlara
fəxri qonaq kimi çağırıb şagirdlərlə
görüşünü təşkil edirdilər. O,
şagirdlərə Cavidlə bağlı xatirələrindən,
istibdad dövrünün keşməkeşlərindən
danışırdı. Bu və bu kimi görüşlər
məktəblilərin tərbiyəsi istiqamətində
görülən işlərdən sayılırdı.
Üçüncü,
ya dördüncü sinifdə oxuyurdum. Müşkinaz xala
bizim məktəbə qonaq gəlmişdi. Sona müəllimə
və Müşkinaz xala məktəbin akt zalına keçdikləri
yerdə mən irəli atılıb özümü ona
göstərdim. Uşaqların yanında axı forslanmalı
idim ki, bu qonağı mən tanıyıram, o da məni
tanıyır. Nə isə... buna "uşaqlığın
ilk sabahı" deyək. Sona müəllimə mənə qəzəblə
baxdığı an Müşkinaz xala məni özünə
tərəf çəkib qucaqladı və bərkdən
dedi:
- Quzu
bala, salam. Necəsən?
Sona
müəllimənin bir an içində dəyişmiş
üzündəki təəccübü görmək
lazım idi. Ən çox da "quzu bala" sözünə
təəccüb edirdi. Ricətin sonu.
(Davamı
var)
Kamal
ABDULLA
Ədəbiyyat qəzeti.- 2025.- 2
may, №15.- S.16-17.