Himn mistikası:
Yaxud bir şeirin ətrafında yaranmış mif
5
may Əhməd Cavadın doğum günüdür
Martın
12-də Milli Elmlər Akademiyasında "İstiqlal
marşı"nın 104-cü ildönümünə həsr
olunmuş tədbirə dəvətliydim. Böyük məmnuniyyətlə
qatıldığım konfransda Mehmet Akiflə, onun
"İstiqlal marşı" ilə bağlı fikirlərimi
bölüşdükcə çıxışıma
yansıtmasam da, içimdə nəyinsə
sıxıldığını hiss etdim. İçimdə
sıxılan nə idi?.. Düşündüm, biz
"İstiqlal marşı"ndan daha əvvəl
yazılmış Azərbaycan himninin ildönümünü
qeyd etsək və həmin tədbirə də bu konfransda
olduğu kimi, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki
səfirini, Qüzey Kıprısın Azərbaycandakı
daimi nümayəndəsini dəvət etsək, o mərasimdə
himnimiz barədə nə danışardıq?
Alimlərimiz
Azərbaycanın "İstiqlal" marşını elə
labirintə salıblar ki, otuz ildir, əlimizi sinəmizin
üstünə qoyub oxuduğumuz, sədasına sayqı
duruşu ilə qarşılıq verdiyimiz himnin mətn
müəllifi ilə bağlı mübahisələr səngimək
bilmir. Bir qism iddia edir ki, himnin mətni Əhməd Cavadın
deyil, Cəmo Cəbrayılbəylinindir. Başqa bir qism iddia
edir ki, himnin sözləri nə Əhməd Cavadın, nə
də Cəmo Cəbrayılbəylinindir, mətn Camo
Hacinskinindir. Gətirilən arqumentlər isə, sadəcə,
yeni mübahisələrə yol açır. Alimlərimiz bu
mövzuda, hətta Milli Məclisi köməyə
çağırır ki, parlament "ədaləti" bərpa
etmək üçün qərar çıxarsın.
Himnin
mətni 1919-cu ildə "Milli nəğmələr"
kitabında "Cəmo bəy" imzası ilə çap
olunub. Amma heç kəs elmi dəlillərlə isbat edə
bilmir ki, bu "Cəmo bəy" Cəmo Cəbrayılbəyli,
yoxsa Cəmo Hacinskidir, yaxud o dövrdə yaşamış
hansısa başqa bir Cəmo bəydir. Bəlkə Cavad
Əhməd Məhəmmədəli Oğludur...
Xatırlayıram,
2011-ci il aprelin 28-də ATV kanalında 2 saat davam edən
canlı yayımda Əhməd Cavadın nəvəsi Anar
Axundzadə ilə bir yerdə aparıcının bu barədə
suallarını cavablandırırdıq. Həmin verilişə
telefon bağlantısı ilə akademik Bəkir Nəbiyev də
qatıldı və "Cavad Əhməd Məhəmmədəli
Oğlu" fikrini də həmin gün efirdə o səsləndirdi.
1992-ci
ildə Himnin mətni Parlamentdə müzakirə olunarkən,
Elm, təhsil və mədəniyyət komissiyasının sədri,
professor Firudin Ağasıoğlu da "Cavad Əhməd Məhəmmədəli
Oğlu" versiyasını diqqətdə
saxlamışdı.
Azərbaycan
himninin mətni ilə bağlı müzakirələr
Əhməd Cavad irsinin tədqiqatçısı, indi
Almaniyada yaşayan Aybəniz Əliyeva Kəngərlinin
"Respublika" qəzetinin 1999-cu il 5 fevral tarixli sayında
dərc olunmuş "Cəmo bəy kimdir" məqaləsi
ilə başladı. Aybəniz xanımın məqaləsindən
sonra Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun o zamankı direktoru Yaşar Qarayev məsələnin
Elmi Şurada müzakirəsini təşkil etdi. Yekun qənaət
birmənalı olmadı. Ardıyca problem AMEA-nın
akademik-katibi Bəkir Nəbiyevin sədrliyi ilə
yaradılmış komissiyada araşdırıldı. Lakin o
komissiya da işini yekunlaşdırmadı.
Göründüyü kimi, müzakirə 25 ildir ki, davam
edir.
Aybəniz
Əliyeva Kəngərlidən sonra məsələyə tənqidçi
İlham Abbasov rəvac verdi. Onun, hətta "Himnimizin müəllifi"
adlı kitabı çıxdı.
Professor
Alxan Bayramoğlu isə israrla bildirdi ki, bu, "Cəmo bəy"
Cəmo Cəbrayılbəyli deyil, Camo Hacinskidir. Hətta
Alxan müəllim yazılarının birində belə bir
ilginc məqamı qeyd edirdi ki, "Mənə öz
mövqeyimdən müəyyən maraqlar müqabilində
geri çəkilmək və ya həmin şeirin C.Cəbrayılbəylinin
olması barədə mətbuatda çıxış etmək
təklif edildi".
İndi
isə məsələni "Himn Əhməd Cavadın deyil,
Cəmo bəy Cəbrayılbəylinindir" qənaəti
ilə professor Asif Rüstəmli aktuallaşdırır:
("Cəmo Cəbrayılbəyli. Həyatı və bədii
yaradıcılığı" kitabında bu məsələyə
ayrıca hissə ayırır).
2005-ci
ildə Alxan Bayramoğlu, 2025-ci ildə isə Asif Rüstəmli
"yanlışın" təshih olunması
üçün Milli Məclisə xitab edirlər.
"Himn
mətninin müəllifi Camo Hacinskidir" deyən Alxan
Bayramoğlu təklif edirdi ki, məsələni
"parlamentin müzakirəsinə çıxarıb,
mövcud qərarda redaktə xarakterli düzəliş aparmaq
nəinki mümkün, hətta vacibdir. Camo bəy Hacinskinin
müəlliflik hüququnun bərpası həm də
dövlət atributumuzun saflığının,
nöqsansızlığının təmininə xidmət
etmiş olardı".
Üstündən
20 il keçib. İndi də "himnin müəllifi Cəmo
Cəbrayılbəylidir" fikrini yenidən gündəmə
gətirən Asif Rüstəmli "Yol verilmiş
yanlışlığın hüquq və ədalət naminə
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
aradan qaldırılması təşəbbüsləri zəruridir.
Burda müəlliflik hüququnun ciddi şəkildə
pozulması faktı müəyyən edilmişdir", - deyə
yazır.
Asif
Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli"
kitabında himnin mətni ilə bağlı hissələri
oxuduqca akademik Bəkir Nəbiyevin 2004-cü ildə nəşr
olunmuş "Əhməd Cavad" kitabında
yazdıqlarını xatırladım. Əhməd Cavadın
şeirlərini təhlil edən Bəkir Nəbiyev bildirirdi
ki, "Bu şeirlərdən biri musiqisini Üzeyir Hacıbəyovun
yazdığı Azərbaycan Xalq Cümhuriyyətinin himnidir.
Himn çox böyük fikri-bədii təsir qüvvəsinə
malikdir... Adama elə gəlir ki, onun sözləri adicə
mürəkkəblə yox, şairin ürəyinin qanı ilə
yazılmışdır... Bu, himnin ilk baxışda çox
dar görünən meydanında şair doğma Azərbaycanın
miniatür poetik tarixçəsini vermişdir... Nəqəratda
dönə-dönə təkrarlanan "Azərbaycan!",
"Azərbaycan!" nidası mətnin və musiqinin
bütün tərkib hissələrini özündə birləşdirən
böyük və qüdrətli bir akkord kimi səslənərək,
onların hamısını himnin əsas məqsədi,
baş ideyası ətrafında birləşdirir". Bunlar
himnin mətn müəllifinin kimliyini araşdırmaq
üçün yaradılmış komissiyanın sədri Bəkir
Nəbiyevin kitabında həmin müzakirələrdən
sonra himnlə bağlı yazılan hissənin cüzi bir
qismidir. Məsələ burasındadır ki, himni Əhməd
Cavadın əsəri olaraq şərh və vəsf edən
Bəkir Nəbiyevin həmin kitabının redaktoru bu gün
"himnin müəllifi Əhməd Cavad deyil", - deyə
israr edən Asif Rüstəmli idi.
Bu
"yanlışlıq" heç zaman ortadan qalxmayacaq. Ona
görə ki,
1. Bu
gün himn olaraq oxunan "Azərbaycanın Dövlət
Himni" Cümhuriyyət dövrü parlamentində təsdiq
olunmayıb. Çünki Azərbaycan Nazirlər
Şurasının "Azərbaycan Cümhuriyyətinin milli
himninin layihəsinin hazırlanması haqqında" 1920-ci ilin
30 yanvarında qəbul etdiyi qərara əsasən, Azərbaycan
Maarif Nazirliyinin elan etdiyi müsabiqənin son müddəti
1920-ci il mayın 20-də göstərilir. Belə ki,
müsabiqə yekunlaşmadan, necə deyərlər,
Cümhuriyyət özü tamamlanıb. Deməli, bu himn
parlamentdə müzakirə edilməyib. Parlamentin sənədlərində
də bu barədə heç bir işarə yoxdur.
2.
"Milli nəğmələr" kitabında dərc olunan
şeirdə müəllif olaraq "Cəmo bəy"
yazılıb. Tədqiqatçıların bir qismi,
yuxarıda xatırlatdığım kimi, "Cəmo bəy"in
Cəmo Cəbrayılbəyli, bir qismi Cəmo Hacinski, bir qismi
də "Cavad Əhməd Məmmədəli Oğlu"
olduğunu deyir.
3.
Asif Rüstəmli Cəmo bəyin Cəmo Cəbrayılbəyli
olduğunu israrla iddia edir. Bunu təsdiq edəcək
hansısa qaynaq varmı? O, Qulam Məmmədlinin
"İmzalar" kitabına istinad edir: "Qulam Məmmədlinin
"İmzalar" (Bakı, 1977) kitabına əsasən
düşünmək olar ki, bu Cəmo bəy Cəbrayılbəylidir..."
Belə bir qərara necə gəlmək olar? Bir halda ki, Qulam
Məmmədlinin "İmzalar" kitabında təqdim
olunan gizli imzalar Azərbaycan ədəbi-mədəni həyatındakı
imzaları tam əks etdirmir. Məsələn, bu kitabda
Əli bəy Hüseynzadənin "Turani", "Səlyani",
"Əbdülnəqqaş", "Ə.B.Hüseynzadə",
"Ə.H.", "Ə.H.-zadə", "Həyati",
"Füyuzati", "Hürrəndiş", yaxud Məhəmməd
Əmin Rəsulzadənin "Yalvac oğlu", "M.
Əlif Rəsulzadə", "Məhəmməd
Əmin", "Haman", "Sosialist", "MAR",
"MAR-zadə", "M. R-zadə", yaxud Mirzə Bala Məmmədzadənin
"Mirzə Bala", "A.Kut", "M.M.Məmmədzadə",
"Əli Kutluk", "M.B.Daşdəmir",
"Nuhoğlu", eləcə də bir çox
başqalarının gizli imzaları heç yerli-dibli yoxdur.
Nəinki gizli imzaları, bu müəlliflərin adları belə
sovet ideoloji tabularına görə o kitabda xatırlanmır.
Yaxud Qulam Məmmədlinin "İmzalar" kitabında
"Nofəl" imzasının sahibi kimi iki nəfərin -
Şuşalı İbrahim Tahir Musayevin və Əliağa
Vahidin adı göstərilir. Yaxud "Mülhid"
imzası həm Vahidin, həm də Həsən Səyyarın
gizli imzası olaraq təqdim edilir. Və Əliağa Vahidin
1975-ci ildə Qulam Məmmədlinin tərtibatı ilə
çap olunmuş kitabında, Həsən Səyyarın da,
İbrahim Tahir Musayevin də bəzi yazıları Vahidin
kitabına daxil edilmiş və bu, elə zamanında Azərbaycan
ədəbiyyatşünaslarının müzakirəsinə
səbəb olmuşdu. Bu barədə Məmməd
Nuruoğlunun 1983-cü ildə nəşr olunmuş
"Əsər ki qaldı cahanda" kitabında ayrıca bəhs
olunub. Mən Qulam Məmmədlinin mədəniyyət və ədəbiyyat
tariximizdəki əvəzsiz xidmətlərinə təzim edərək
bu faktları bu məqamda xatırlatmağı zəruri hesab
etdim. Bu mənada, Asif Rüstəmlinin irəli
sürdüyü "Qulam Məmmədlinin
"İmzalar" kitabına əsasən düşünmək
olar ki, bu Cəmo bəy Cəbrayılbəylidir" qənaətinə
birmənalı şəkildə necə inanmaq olar?
4.
Filoloji baxımdan təhlil olunsa, Cəmo Cəbrayılbəylinin
digər şeirlərinin intonasiyasının,
poetikasının bu şeirlə əsaslı bir təzad təşkil
etdiyi görünəcək. Məsələn, Cəbrayılbəylinin
bu şeirinin strukturu, intonasiyası və poetikası:
İstər
idim səninlə bir yerdə
Bir
az artıq bulunmaq.
Etməz
ömrüm daha vəfa, yoldaş!
Bu yavuqda
qayıtsan evimizə sən,
Soran olsa
məni bir əhli-vətən,
De: "Dəyib
güllə sinəsin keçmiş!
Yox
gücü... Həm ümid yox dursun".
5. Alxan
Bayramoğlu "himnin müəllifi Camo Hacinskidir" deyəndə
istinad etdiyi qaynaq "Azərbaycan Sovet Ensiklopediyası"nda
Hacinski barədə yazılmış bu cümlədir:
"Milli nəğmələr" kitabçalarında
şeirləri çap edilmişdir". Müəllifin bundan
başqa hansısa dəlil və sübutu yoxdur.
6. Asif
Rüstəmli "himnin müəllifi Cəmo Cəbrayılbəylidir"
deyəndə, istinad etdiyi qaynaq yenə həmin "Milli nəğmələr"
kitabındakı "Cəmo bəy" imzası ilə
çap olunmuş "Vətən marşı"
şeiridir. Və onun da bundan başqa hansısa dəlil və
sübutu yoxdur.
.
Şeirin əlyazması yoxdur. Asif Rüstəmlinin
kitabında təqdim etdiyi əlyazma Cəmo Cəbrayılbəyliyə
aid deyil, Cəbrayılbəylinin böyük
bacısının nəvəsi Gülsüm Əfəndizadə
tərəfindən sonradan kağıza
köçürülüb. Halbuki himn Akademiyada müzakirə
olunarkən, o zaman Cəbrayılbəylinin qohumları
şeirin əlyazmasını hansısa arxivə verdiklərini
demişdilər. Arxivlər yerindədir və
Bakıdadır. Həmin arxivə baş çəkmək,
şeirin əlyazmasını ortaya çıxarmaq
olmazdımı? Üstündən 20 ildən artıq vaxt
keçəndən sonra, 1967-ci ildə bir qohumun yaddaşdan
yazıya köçürdüyü əlyazma belə ciddi
mövzunun dəlili ola bilərmi?
Əgər
dedikləri sənəd Asif Rüstəmlinin kitabında təqdim
etdiyidirsə, bu, dediyim kimi, Cəmo bəyin xətti deyil, onun
böyük bacısının nəvəsinin xəttidir.
Yoxsa arxivə verilmişdisə, bəs onu iyirmi ildən sonra
Asif Rüstəmliyə Cəmo bəyin nəvəsi niyə
təqdim edirdi?
Haşiyə
çıxmaq istəyirəm: Asif Rüstəmli
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad
olunduğu günlərdən bəhs edərkən, yazır
ki, "...Cəmo bəy qələminə sarıldı, qəlbindən
keçən coşqun poetik duyğular selini kağıza
köçürdü. Marş motivləri üzərində
düzənlədiyi şeirinin adını "Vətənim"
qoydu... Cəmo bəyin "Vətənim" şeiri həqiqətən,
zamanında yazıldı və çox uğurlu poeziya
nümunəsinə çevrildi. Müəllif şeirin
misralarını dodaqaltı zümzümə etməkdən
yorulmaz, uşaqlar üçün vətənpərvərlik
mövzusunda sevilən nəğmə ola biləcəyini
düşünərək mətni Üçüncü
ali-ibtidai məktəbdə birgə işlədiyi müəllim
yoldaşı Üzeyir bəy Hacıbəyliyə təqdim
etdi". Yaxud Asif Rüstəmli bu əlyazmanı
kitabının bir yerində belə təqdim edir: "C.Cəbrayılbəyli
yenicə yazdığı "Vətənim" şeirinin əlyazmasını
Ağa Həsən Mirzəzadə üçün
oxudu..." (Müəllif bütün bunları hansı
qaynağa istinadən deyir? Cəbrayılbəylinin şeiri
Üzeyir bəyə verdiyini, "dodaqaltı zümzümə
etməkdən yorulmadığı" şeiri əlyazmadan
Ağa Həsən Mirzəzadə üçün
oxuduğunu bildirən hansısa bir qeyd varmı? Ümummilli
bir məsələdə və bu qədər həssas bir
mövzuda yazılmış elmi araşdırmada, Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun qrifi ilə nəşr olunmuş əsərdə
xəyal qurmaq, əsaslı mənbələrə istinad etmədən
fikir söyləmək hansı anlama gəlir?)
Asif
Rüstəmli əlyazma ilə bağlı fikirlərini bu
axarda davam etdirir: "Cəmo bəy "Vətənim"
şeirinin ilk əlyazmasında tarix qeyd etməsə də...
Cəmo bəyin böyük bacısının nəvəsi
Gülsüm Nüsrət qızı Əfəndizadə bu
şeirin əlyazması olan vərəqin ətəyinə
1918-ci ildə yazıldığını qeyd
etmişdir".
Kitabın
başqa bir səhifəsində isə təqdim olunan əlyazma
ilə bağlı belə bir qeyd var: "Gülsüm Əfəndizadənin
Şəfiqə xanım Cəbrayılbəyliyə (Cəmo
bəyin həyat yoldaşı) əski əlifba ilə surətini
köçürərək ünvanladığı Cəmo
bəyin "Vətənim" şeiri..." Bu qədər,
hətta son günlər televiziya kanallarından ölkə
ictimaiyyətinə tapıntı kimi təqdim olunan əlyazma
budur və belədir.
eyd:
Əlyazmada şeirin adı "Vətənim"dir. Amma
"Milli nəğmələr" kitabında o, "Vətən
marşı" adı ilə çap olunub. Asif Rüstəmli
bunu Ağa Həsən dünyasını dəyişəndən
sonra kitabı çap etdirən Qafur Rəşadın redaktəsi
kimi şərh edir...
Bu bizim
himnimizin taleyidir. Biz qutsal bir başlanğıcı olan
himnimizin mətni ilə bağlı məsələni belə
bir labirintə salmışıq.
Qutsal
başlanğıc deyəndə nəyi nəzərdə
tuturam? Azərbaycanda himn, yaxud milli marş, milli nəğmə
ideyasının müəllifi Yusif Vəzir Çəmənzəminlidir.
İlk dəfə, 1917-ci il dekabrın 19-da yazdığı
"Milli Şərqi" məqaləsi ilə himnin,
marşın bir millət üçün zəruriliyini diqqətə
çatdıran Çəmənzəminli deyirdi ki, "Bizə
milli şərqi lazımdır... Milli şərqi bizim
yatmış milli hisslərimizi oyadar. Milli tərəqqi əmələ
gətirmək üçün şairlərimiz və
musiqişünaslarımız, Üzeyir bəy Hacıbəyov
çalışmalıdırlar. Yaxşı olardı ki,
milli komitə və ya Mərkəzi-Musavat milli şərqi əmələ
gətirmək üçün mükafat vəd edəydi".
Məsələyə bir də bu aspektdən
yanaşılmalıdır. Himnin yazılması
üçün mükafat söhbəti varsa, deməli,
müsabiqə elan olunmalıdır. Olunubmu, olunmayıbmı,
bilmirəm. Cümhuriyyət dövrünü araşdıran
alimlərimiz həm də bu suala cavab tapmalıdırlar.
Qulam Məmmədlinin
"Üzeyir Hacıbəyov" salnaməsində 1917-ci ilin
31 dekabrına aid bir xəbər var. Xəbər "Uluq
Türküstan" qəzetində dərc olunub: "Qafqaz
müsəlmanlarının məşhur kompozitorlarından
Üzeyir bəy Hacıbəyov cənabları gözəl
bir milli marş yazmışdır". Üzeyir bəy
özü isə yazırdı ki, "milli qəsidə
yazmaq haqqında mən bir müddət
çalışıram. Hələlik bir milli marş
yazmışam". Deməli, Üzeyir bəy ikinci
marşı da yazmaq niyyətindədir. Çünki "hələlik
bir milli marş yazmışam" deyir.
Milli komitə,
musavat firqəsi Çəmənzəminlinin təklif etdiyi
müsabiqəni keçiribmi? Keçiribsə, o zaman Əhməd
Cavad bu mətni Cümhuriyyətin qurulmasından əvvəl
"CƏMO" şifrəli imza ilə yaza bilməzdimi?
Yusif Vəzirin məqaləsindən beş ay sonra Cümhuriyyət
qurulub. "Cəmo bəy"ə aid olan şeir isə
1919-cu ildə nəşr olunub. Növbəti il, yəni
1920-ci ilin yanvarında Cümhuriyyət hökuməti
müsabiqə elan edib. Və müsabiqə yekunlaşmadan
Cümhuriyyət süqut edib.
Asif
Rüstəmli Əli Yusifin 1919-cu ilin 30 may sayında dərc
olunmuş "Pəncərə önündə yarım
saat" məqaləsinə istinad edir, Əli Yusif yazır
ki, "on yaşından yeddi yaşınadək
çocuqlar... bir cınqıraq sədası qədər lətif
səslərilə oxuyurlardı. Mən yalnız
"Şanlı Vətən" dediklərini anlaya bildim Pək
müəssir bir mənzərə idi".
Asif
Rüstəmli Əli Yusifin məqaləsindəki "Mən
yalnız "Şanlı Vətən" dediklərini anlaya
bildim" cümləsini belə şərh edir:
"Dövrün nüfuzlu qəzetində dərc edilən
bu məlumat dövlət himninin yaradılması haqqında
müsabiqəyə göndəriləcək, dahi Üzeyir
Hacıbəyovun bəstələdiyi, son misraları
"Şanlı vətən, şanlı vətən"
misrası ilə bitən "Vətən marşı"
haqqında ilk və ən dəyərli fakt idi". O illərdə,
Bakıda daha çox türk hərbi marşları səslənirdi
və "şanlı vatan" bir çox türk
marşlarının mətnində təsadüf olunan adi bir
ibarəydi:
Bağrındadır
ulu toprak
Qanlı
göydən şafak şafak
Parıldıyor
Haqq nurunun
Hey
göy qədər şanlı vatan.
Bəllidir
ki, dünyada yazılmış bütün himn mətnlərinin
üzərində sonradan təshihlər aparılıb. Necə
ki, Azərbaycan himnindəki "Al bayraq" bir neçə
ay sonra üçrəngli bayraqla əvəz olunub. Əhməd
Cavadın "Al bayrağa" şeirini xatırlatmaq, bilmirəm,
indi nə dərəcədə yerinə düşər:
Bu bənzəyiş
nədən gözüm,
Şəhidlərin
qanına?!
Uğurunda
can verənlər
Neyçün
qıyar canına?!
Himnin mətni
ilə bu şeiri eyni ruhun yaratmadığına necə
inanasan?
Qeyd: Alxan
Bayramoğlu 2003-cü ildə, yəni Akademiyadakı həmin
müzakirələrdən sonra nəşr etdirdiyi "Azərbaycan
Demokratik Respublikası dövründə ədəbiyyat"
adlı çox dəyərli əsərində Camo Hacinskinin
yaradıcılığı barədə söhbət
açmır və himnin mətnini (!) Cümhuriyyət
dövrü ədəbiyyatından bəhs edən antologiya səciyyəli
kitabına daxil etmir. Maraqlıdır ki, Alxan Bayramoğlunun bu
kitabının rəyçisi də Asif Rüstəmli
olmuşdu və kitabda, Camo Hacinski barədə hansısa fikir
olmadığı kimi, Cəmo Cəbrayılbəyli barədə
də bir işarə yox idi. Üstəlik, kitaba
yazdığı "Cümhuriyyət ədəbiyyatı"
adlı Ön sözdə Yaşar Qarayev "onlarla
ehtiraslı şeiri elliklə oxunan marşa, himnə, nəğməyə
çevrilmiş" Əliyusif Rai, Um Gülsüm, Əmin
Abid (Gültəkin), Cəfər Cabbarlı, Davud, Əli
Şövqi kimi gənclərin sırasında öncə
Əhməd Cavadı xatırladır və onu
"Cümhuriyyət şairi" epiteti ilə fərqləndirir.
Və həmin siyahıda, yəni şeiri "marşa,
himn"ə çevrilmiş gənc şairlərin
sırasında nə Cəmo bəy var, nə Cəbrayılbəyli,
nə də Hacinski...
Xatırladım
ki, başqa bir yazısında, böyük şairin
"Seçilmiş əsərləri"nin latın
qrafikalı nəşrinə yazdığı Ön sözdə
Ədəbiyyat İnstitutunda himnlə bağlı
keçirilən elmi şuraya sədrlik etmiş Yaşar
Qarayev Əhməd Cavadın Cümhuriyyət dövrü poeziyasını
təhlil edərkən qeyd edirdi ki, "Dövlət himninin mətni,
həmçinin "Can Azərbaycan", "Al bayraq",
"Azərbaycan bayrağına", "Qardaş",
"Mən bulmuşam" həmin dövrün bədii sənədləridir".
Yaşar Qarayevin təbirincə, Azərbaycan sözü ilk dəfə
poetik mübtədaya, xəbərə dönüb və
Əhməd Cavadın yazdığı nəğmədə
təkrir və nəqərat olub".
Bilmirəm,
Yaşar Qarayev Əhməd Cavadın hansı nəğməsini
nəzərdə tutur. Amma Cümhuriyyət
dövrünün yalnız iki poetik nümunəsində,
1919-cu ildə yazılmış iki şeirdə bu hal təkrar
olunur. Cavadın "Azərbaycan" şeirində
"Qorxun yoxdur, düşmanın var. Azərbaycan! Azərbaycan!"
təkriri eynən himndəki kimidir: "Azərbaycan, Azərbaycan.
Ey qəhrəman övladın şanlı vətəni!"
Asif
Rüstəmli deyir ki, Azərbaycan himninin mətni Azərbaycandan
kənarda heç vaxt Əhməd Cavadın imzası ilə
çap olunmayıb. Məsələ burasındadır ki,
1925-ci ildən etibarən Türkiyənin də, Avropanın
da müxtəlif nəşrlərində onu çap edən
mühacirlər müəllif olaraq heç Cəmo bəy
imzasını da göstərməyiblər. Türkiyədə
"İstiqlal uğrunda" toplusunun hazırlanmasında
yaxından iştirak edən Əmin Abid bu şeirin onun əziz
dostu Cəmo Cəbrayılbəyliyə aid olduğunu
bilmirdimi? Yaxud bilirdisə, Asif Rüstəmlinin ifadə etdiyi
kimi, bunu, yəni şeiri imzasız çap etməyi Cəbrayılbəylinin
təhlükəsizliyi naminə edirdisə, bu ikili münasibəti
necə anlamaq olar? Əhməd Cavadın şeirləri öz
imzası ilə çap olunur. Cəbrayılbəylinin
şeiri imzasız... Əhməd Cavadın təhlükəsizlik
qarantiyasımı var idi? Türkiyədə məhz həmin
topluda nəşr edilmiş şeirlərinə görə
Bakıda ideoloji məhşərə çəkilən
Əhməd Cavad deyildimi? Yalnız o idi. Bu mövzu təkcə
1929-cu ildə "Kommunist" qəzeti müəlliflərinin
deyil, az qala, ölkə yazıçılarının
böyük əksəriyyətini Əhməd Cavada
qarşı səfərbər etmiş, Cavad buna görə
tövbə mislində izahat verməyə məcbur edilməmişdimi?
Hətta daha sonrakı illərdə (yəni
altmışıncı illərdə) də həmin məsələ
Azərbaycan ədəbiyyatşünaslığının
diqqət mərkəzində olmuşdu. Bu sətirlər də,
1967-ci ildə nəşr olunmuş ikicildlik "Azərbaycan
sovet ədəbiyyatı tarixi" kitabındandır:
"Əhməd Cavadın İstambul mətbuatında millətçi
şeirlər çap etdirməsi, ədəbi ictimaiyyəti
çox narahat edirdi..." və s.
Türkiyədə
nəşr olunmuş "İstiqlal uğrunda" məcmuəsindən
söz düşmüşkən, xatırladım ki, professor
Bədirxan Əhmədli də 2017-ci ildə nəşr
olunmuş "Azərbaycan mühacirət ədəbiyyatı:
təşəkkülü, problemləri, şəxsiyyətləri"
kitabında həmin məcmuədə Əhməd Cavadın
10 şeirinin dərc olunduğunu bildirir, müəllifsiz təqdim
edilən "Azərbaycan" himnini də Əhməd
Cavadın həmin on şeiri sırasında
xatırladırdı.
Asif
Rüstəmli isə "İstiqlal uğrunda" məcmuəsi
barədə danışarkən, Əhməd Cavadın
"Ə.Cavad" imzası ilə 9 şeirinin topluya
salındığını bildirir və ardıyca da "Cəmo
bəyin "Vətənim" şeiri "İstiqlal
uğrunda" məcmuəsində "Azərbaycan"
adı ilə imzasız nəşr edilmişdir" deyir.
Burda mətnin
kim tərəfindən yazıldığını, əsl
müəllifin aydınlaşdırılması
üçün atribusiya mütləq nəzərə
alınmalıdır. Əziz Mirəhmədovun bildirdiyi kimi,
bunun üçün arxiv, memuar ədəbiyyatı, senzura
materiallardan ibarət zəngin məxəzlərə nəzər
salınmalıdır. Statistik metod və s. tətbiq edilməlidir.
"Bu məqsədlə əsərin dilçilik,
üslubiyyat baxımından təhlilinə də
böyük əhəmiyyət verilir.
Yazıçının ifadə xüsusiyyətləri və
üslub sistemi üçün səciyyəvi özünəməxsusluq,
orijinallıq tədqiq olunub üzə
çıxarılmalıdır". Himnin müəllifinin
kimliyini isbatlamaq üçün bütün bunlar edilibmi?
***
Haşiyə:
1937-ci il repressiya qurbanı olan şairlərimizin bəraətdən
sonra nəşr olunan kitablarında diqqəti cəlb edən
məqamlar barədə. Tutaq ki, Mikayıl Müşfiqin
"Seçilmiş əsərləri" 1957-ci ildə,
Əhməd Cavadın "Şeirlər" kitabı 1958-ci
ildə nəşr olunub. Hər iki kitabda əksər
şeirlərin altında şeirlərin yazılma tarixi
göstərilir. Amma hər iki kitabda hər iki şairin
eyniadlı şeirinin - "Qurban olduğum" şeirinin ətəyində
tarix yoxdur. Əhməd Cavadın "Qurban olduğum"
şeirinin ilk iki misrası belədir:
Bir xeyli
zamandır, getdi, gəlmədi
Əhd-peymanına
qurban olduğum...
Müşfiqin
"Qurban olduğum" şeirinin ilk iki misrası belədir:
Bilməm
məni neçin atmış, unutmuş
Əhdü
peymanına qurban olduğum...
Bu
şairlərin mətninin atribusiyaya ehtiyacı yoxdur.
Çünki onların yaradıcılığı dəqiqləşdirmə
tələb etmir... Amma problem "Azərbaycan himni ilə
bağlıdırsa, bu zaman vəziyyət tamam başqa şəkil
alır...
Himnin mətninin
Cəmo Cəbrayılbəyliyə aid olması barədə
ilk qənaət Mövsüm Əliyevin 1990-cı ildə
"Ədəbiyyat və incəsənət" qəzetində
dərc olunan "Tarixin "ağ səhifələri" məqaləsindən
qaynaqlanıb. Asif Rüstəmli də bunu kitabında bir
neçə dəfə vurğulayır. Yazır ki,
"Mövsüm Əliyev 70 illik sovet rejimi dövründə
Üzeyir Hacıbəylinin "Azərbaycan
marşı"nın, yəni "Milli Nəğmələr"
(1919) kitabındakı "Vətən
marşı"nın sözlərinin Cəmo Cəbrayılbəyliyə
məxsus olduğunu mətbuat vasitəsilə ilk dəfə
bəyan etmişdir". Mövsüm Əliyev bunu hansı
qaynağa istinadən deyib? Asif müəllim yazır: "o,
"Milli nəğmələr" (1919) kitabındakı
"Vətən marşı"nı yazmış "Cəmo
bəy" imzasının kimliyini müəyyənləşdirmək
üçün Qulam Məmmədlinin "İmzalar"
kitabına da istinad edərək doğru nəticəyə gəlmişdir".
Mövsüm Əliyevin həmin məqaləsindən məlum
hissəni sitat verirəm. Bunu Asif Rüstəmli də
kitabında sitat gətirir: "Ü.Hacıbəyov "Milli
Azərbaycan marşı" (sözləri Əhməd
Cavadındır) və "Azərbaycan marşı"
(sözləri Cəmo Cəbrayılbəylinindir) əsərlərini
bəstələmişdir. O, 1920-ci ilin əvvəllərində
Azərbaycan Demokratik Respublikasının dövlət himni
üçün elan olunmuş müsabiqədə birinci
mükafatı almışdır. Azərbaycan
Respublikasının dövlət himni (sözləri
Əliabbas Müznibindir) İstiqlal dövründə təntənəli
surətdə səsləndirilmişdir." Mövsüm
Əliyevin Qulam Məmmədliyə istinadən belə
söylədiyini dedik. Bəs Əhməd Cavada məxsus Milli
Azərbaycan marşının sözləri hanı?
1990-cı ildə Mövsüm Əliyev bunu deyərkən
hansı qaynağa istinad edib? Yaxud indi heç kəsə sirr
deyil ki, Əliabbas Müznibin yazdığı mətn, nə
vaxtsa Azərbaycan Respublikasının dövlət himni
olmayıb və İstiqlal dövründə təntənəli
surətdə heç bir yerdə səsləndirilməyib.
Yenə də
Üzeyir bəyin yazdığı marşa qayıtmaq istəyirəm.
Üzeyir bəy "Hələlik bir milli marş
yazmışam" deyirdi. Və həmin marşın klavir
variantı bəstəkar Sərdar Fərəcovun "Ədəbiyyat
və incəsənət" qəzetində (14 iyul 1989)
çap olunmuş "Üzeyir Hacıbəyovun iki
marşı" adlı yazısından sonra Ramazan Xəlilov
tərəfindən üzə çıxarıldı. Bəs
bu gün himn olaraq oxunan marş? Sərdar Fərəcovdan bu
barədə soruşmuşam. O, həmin marşın notunu
1966-cı ildə Ankarada Etem Üngör tərəfindən
nəşr olunmuş "Türk marşları"
kitabından götürüb. Üzeyir bəyin arxivində
marşın not yazısı yoxdur. O zaman sual doğur: bəs
Etem Üngör bu not yazısını haradan əldə
edib? 1918-ci ildə bəstələnmiş marşın -
himnin not yazısı Bakıda yoxdursa, burda qalmayıbsa o,
SSRİ-nin dəmir pərdəsini necə yarıb, Ankaraya
hardan və hansı yolla ulaşıb? Cavabını gözləyən
əsl tədqiqat mövzusu budur...
Himnin mətninin
Əhməd Cavada aid olması fikri 1992-ci ildə Vaqif Səmədoğludan
qaynaqlanıb. "1968-ci ildə maestro Niyazi Türkiyədən
"Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə
zəng vurub bu barədə danışdı və
görüşdük, o həmin dərgini mənə verdi...
Jurnalın əvvəlində indiki himnimizin sözləri və
notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir
Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd
Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni
köçürdüm, həm də notu. Sonra jurnalı
Niyazinin özünə qaytardım... Hər kəs də mətn
müəllifinin Əhməd Cavad olduğunu bilirdi.
Düşünürəm ki, bunu problem etməyə dəyməz".
Xalq
yazıçısı Anar Əhməd Cavadın 1918-1920-ci
illər yaradıcılığı barədə
danışarkən qeyd edir ki, "bu əsərlər
arasında öz dövründə Azərbaycan himni olan və
ikinci müstəqilliyimiz dönəmində də dövlət
himni kimi bərpa edilən şeirlər var idi". Anar bunu
yazır və "Min beş yüz ilin oğuz şeiri"
antologiyasının 1-ci cildində "Azərbaycan
himni"ni Əhməd Cavadın şeiri olaraq təqdim edir və
s.
"Himnin
mətni Əhməd Cavadın deyil" fikrində israr edən
Asif Rüstəmli qeyd edir ki, Əhməd Cavadın 1919-cu ildə
nəşr olunan "Dalğa" kitabında himnin mətni
yoxdur. Ona qalsa, Mehmet Akif Ərsoy da "İstiqlal
marşı" haqqında "bu mənim şeirim deyil, onun
müəllifi türk millətidir" deyə marşı
külliyyatına - "Səfahət"ə daxil etməmişdi.
Bir türk cümhuriyyətinin "İstiqlal marşı"nı
başqa bir türk cümhuriyyətinin "İstiqlal
marşı"ndan 2 il əvvəl qələmə
almış Əhməd Cavad da Mehmet Akif kimi davrana bilməzdimi?
İndi
necə olsun?
"Milli
Məclis qərar çıxarıb yanlışı təshih
etsin" deyirlər. Amma Parlament o qərarı nəyə və
hansı arqumentə əsasən çıxarsın? Azərbaycan
ədəbiyyatşünaslığının bu suala konkret
cavabı varmı? Yalnız 1919-cu ildə çap olunmuş
şeirin altındakı imza - "Cəmo bəy" Cəmonun
kimliyini təsbit etmək üçün yetərlidirmi? Bəlkə,
yuxarıda dediyim kimi, "Cəmo" Cəbrayılbəyli
Cəmo deyil, Cəmo Hacinskidir, yaxud Cavad Əhməd Məmmədəli
Oğludur? Bəlkə başqa bir Cəmodur?
***
"Azərbaycan
Milli Ensiklopediyası"ndakı "Əhməd Cavad Azərbaycan
Xalq Cümhuriyyəti himninin müəllifidir", yaxud
"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nda
"Cümhuriyyətin himninin yazılması Üzeyir
Hacıbəyli və Əhməd Cavadın adı ilə
bağlıdır", yaxud "Üzeyir Hacıbəyov
Ensiklopediyası"nda "Hacıbəyovun bəstələdiyi
ADR Dövlət Himninin sözləri Əhməd
Cavadındır" sözlərinə yenidən düzəlişmi
ediləcək? Orta məktəb dərsliklərinin ilk səhifəsi
dəyişiləcəkmi? Bəs məsələnin mənəvi
tərəfi? 30 ildir ki, dərs kitablarını Üzeyir
Hacıbəylinin və Əhməd Cavadın müəllifi
olduqları "Azərbaycan Himni" ilə açan nəsil
belə bir müqəddəs mövzuda xəyal
qırıqlığınamı uğrasın?
***
Nə qəribə
taleyi var imiş Əhməd Cavadın?!
Ermənilər
"Çırpınırdın, Qara dəniz"ə
iddialıdır.
Biz isə
Himnin sözlərinin Əhməd Cavada aid
olmadığını iddia edirik...
"Pələng
dərisi geymiş pəhləvan" əsərinin Cavad tərəfindən
tərcüməsi də təxminən, eyni aqibəti yaşayıb
və s.
Mistikadırmı?
Mistikadır...
***
Bu
yazını bitirərkən, hardansa fikrimə Kekulenin
sözləri gəldi: "Gəlin, xəyal etməyi öyrənək,
cənablar". Unutmayaq, övladlarımıza Əhməd
Cavad sevgisi hələ uzun illər gərək olacaq... Bu
sevgiyə rəxnə salmaq heç kəsin haqqı deyildir.
Bu mövzu ədəbiyyatşünaslıq predmetindən daha
çox, Azərbaycançılıq problemidir.
Ədalətli
qərarın verilməsi üçün bir-birini təkzib
edən mülahizələrə deyil, mütəfəkkir
münasibətə ehtiyacımız vardır. Yaşar
Qarayevin fikirlərini xatırlatmaq istərdim: "Gerbimiz
öz rəngini, himnimiz öz musiqisini, marşımız
öz ritmini Əhməd Cavadın poeziyasından
alıb".
Sizcə,
bu, bəs deyil?
28 aprel
2025
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.2-4.