Məşhur rejissoru və həyat yoldaşını öldürən
inək
Həyat yoldaşı ilə birgə qətlə
yetirilən rejissor Dariuş Mehrcuinin
"İnək" filmi haqqında
Sənət filmləri İtalyan
neorealizmindən başlayır.
1940-55-ci illəri əhatə edən cərəyanın
ilk filmləri Roberto Rossellinin
"Roma - açıq şəhər",
De Sikanın "Umberto D" və Fellininin "Yol" filmləridir.
İtalyan neorealizmindən əvvəl
- Mussolini İtaliyasında "ağ telefon filmləri" adlı kostyumlu, qalstuklu melodramlar çəkilirdi.
"Ağ telefon filmləri"nin məqsədi
neorealizmdən fərqli
olaraq izləyicini mövcud sosial-ictimai, siyasi-iqtisadi vəziyyətdən,
diktaturanın fırıldaqlarından
alı qoymaq idi.
İran neorealistik filminin banisi isə Dariuş Mehrcuidir.
Mehrcuinin
"İnəy"i İran kinematoqrafiyasının ilk festival filmidir.
1966-da çəkilsə də,
qadağalar ucbatından
ilk mükafatı 1971-də - Venesiyada
alıb.
Film Qulam Saedinin "Bəyəl əzadarları"
hekayələr kitabındakı
"İnək" əhvalatının
motivləri əsasında
çəkilib.
"Bəyəl əzadarları"
İranda magik-realizmin
ilk nümunələrindən sayılır.
Taleyin hökmünə təslim
olmuş kəndlilər;
fanatizm, cəhalət,
qorxu...
Əslində, Qulam Saedinin
"Bəyəl"i İran cəmiyyətinin ucqar modelidir.
Müəllif, bir növ,
"özünü öldürür",
obrazlarla üz-üzə
qoyduğu oxucunu bəyəllilərin əzadarlığına
dəvət edir.
Mehrcui
"İnək" filminin
ssenarisini Qulam Saedi ilə birgə yazıb.
Filmin çəkilişi zamanı
rejissor İranın mədəniyyət, sənət
sahəsindəki qadağalarla,
rəsmi dairələrdəki
bürokratik əngəllərlə,
senzuralarla əməlli-başlı
savaşıb.
Nəticədə, film mövzusu, üslubu
ilə İran kinosunun
sərhədlərini genişləndirən
yeni estetik anlayışın
yaranmasına səbəb
olub.
"İnək" insan ruhunun dərinliyinə işıq tutur, iqtisadi məsələlərin
psixoloji fəsadlarını
faş edir. Ümumiləşdirsək, dövrün
əsl üzünə
güzgü tutur...
Filmin çəkildiyi kənd -
İranda gerçək
bir kənd həyatının bütün
sərtliyi ilə təsvir olunur. Bu, o dövrdə İran filmlərində
görünməyən realistik
fənddir.
Mehrcui, kənd həyatını
idealizə etmir - əksinə, onun bütün çətinliklərini,
cəhalətini və
sosial sıxıntılarını
olduğu kimi göstərir.
Qeyd edim ki, digər obrazları peşəkar aktyorlar yox, kəndlilər canlandırıb
və bu da, əlbəttə, filmin həqiqiliyini, inandırıcılığını
artırıb.
Film inəyini qızı kimi, arvadı kimi, dostu kimi,
bəlkə də, anası kimi sevən Həsənin metamorfozasıdır.
Həsən pastoral çıxılmazlığın
Qreqor Zamzasıdır:
inəyə çevrilir,
özünə yadlaşır,
nəhayət, rasionalla
irrasionalın sərhədi
itir.
Həsənin inəyə çevrilməyini,
əslində müxtəlif
cür mənalandırmaq
olar.
Məsələn, deyərsən ki, filankəsin
inəyə çevrilməyi
siyasidir, bəs, rejimin günahıdır;
filmi siyasi-iqtisadi məsələlərin
fonunda şərh edərsən. Yaxud deyərsən ki, Həsən
havalanır, özünü
heyvan yerinə qoyur.
Başqa
biri də başqa cür mənalandırar: deyər
ki, o kənddəkilər hamı
inəkdir. O kənddə
çoxlu adam, bir inək yox,
bir adam və inək sürüsü var. O adam
ki ölür, inəyi
onun yoxluğuna çevrilir.
Qaranlığın çıxış
qapısı elə qaranlığın giriş
qapısıdır.
Olur belə,
bəzən oxucular, izləyicilər əsəri
elə şərh edirlər ki, əlbəttə, müəllif
ömrü boyu o məqama yetişməyəcək,
həmin detallar, bənzətmələr onun
başı üçün
deyil.
Fəqət, sənətin gücü də məhz bu yerdədir: əsərin müəllifi
oxucudur, filmin rejissoru izləyicidir.
Sənət səni müəllifə
çevirir.
Pastoral ağqaralığın
hökm sürdüyü
kənddə bircə
inək var: Həsənin gözünün
ağı-qarası.
Həsənin inəyinə kənd uşaqlarının süd
anası da demək olar.
Həsən inəyini çimizdirir, onun üçün mahnı oxuyur, hara getsə, inəyini də özüylə aparır.
Təkcə ona görə yox ki, Həsənin uşağı yoxdur, həm də ona görə ki, köçəri bolorilər gecə-gündüz
onu güdürlər,
inəyi oğurlamağa
fürsət axtarırlar.
Hamı Həsənə
hörmət edir, daha doğrusu, hamı Həsənin inəyinə hörmət
edir, kobud desəm, hamı o inəyin məməsindən
asılıdır.
Bir gün
Həsən inəyinin
doğum gününə
hədiyyə almaq üçün şəhərə
gedir və elə həmin gün inək ölür.
Kəndlilər qərara gəlirlər ki, inəyin ölümünü Həsəndən
gizlətsinlər.
İnəyi ədəb-ərkanla kəndin
mərkəzində basdırırlar.
Dua oxuyurlar, üstəlik, hamı halallıq alır, halallıq verir...
Kənddəki yeganə həqiqət carçısını - kəndin
dəlisini də mağaraya salıb ağzını, ayağını
bağlayırlar.
Nəhayət, Həsən qayıdır...
Ora qaçır,
bura qaçır...Əllərini başına,
başını dizlərinə
vurur...
Deyirlər ki,
bəs, inək yoxa çıxıb... Deyirlər ki, axtarırlar, hələlik
xəbər yoxdur...
Beləcə günlər keçir...
Deyərsən, o inək heç bu həyatda olmayıb.
Həsən axtarır, axtarır...Həsən gözləyir,
gözləyir...
Nəhayət, özünə yadlaşır,
yoxalır, inəyə
çevrilir: özünü
tövləyə bağlayır,
inəyinin axurundan ot yeməyə başlayır...
Heç kimə
qulaq asmır, daha doğrusu, heç kimi başa düşmür, ona yoluxmağa gələn kənd sakinlərini bolorilər zənn edir, onların üstünə
cumur.
Xülasə, onun əl-qolunu bağlayırlar, boğazına
ip salıb tövlədən çıxarırlar.
Qərara gəlirlər
ki, onu həkimə
aparsınlar.
Əslində, kəndlilər özləri
də bilmirlər ki, həkimə nə deyəcəklər,
həkimə apardıqları
inəkdir, yoxsa Həsən; inəyi Həsəndən, yoxsa Həsəni inəkdən
xilas etmək istəyirlər...
Fəqət, Həsəni ram etmək mümkün deyil. Nəhayət, "dəli inək" kəndlilərin əlindən
çıxır, qaçır,qaçır... və özünü ağqaralıqdan gölməçəyə
atır...
Qeyd edim
ki, iki il
əvvəlin oktyabrında
filmin rejissoru, İran
neorealizminin banisi Dariuş Mehrcui Kərəc şəhərindəki
evində həyat yoldaşıyla birgə qətlə yetirilib.
Əminəm ki, onu inəklər
öldürüb...
Ömər
XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.5.