"Türk birliyi"ndən bir ərməğan
"Anadolu,
Qafqaz, Azərbaycan türklüyünün səsi
aylıq milliyyətçi,
kültür və sənət dərgisi"
"Türk birliyi"nin
ilk nömrəsi 1966-cı ilin aprel ayında
mühacirət poeziyasının
istedadlı nümayəndələrindən
şair Kərim Alxanın (Yaycılı)
(1913-1979) müdirliyi ilə
Ankarada nəşri fəaliyyətə başlamışdır.
"Türk birliyi... nə gözəl və mənalı isim! İllərdən bəri özləmini duyduğumuz milli ülkünün
adı... Bəli, Türk birliyi... Yəni Türkiyə, Azərbaycan, Balkan, İraq, Türkistan,
topyekin (hamısı
- T.A.) əsir Orta Asiya türklüyünün
hür olaraq bir bayraq altında
toplanması ülküsü..."
idealı ilə oxucularının görüşünə
gələn dərgi mühacirət mətbuatı
tarixində parlaq iz qoymuşdur. Dövri nəşrin
1972-ci ilədək 71 nömrəsi
buraxılmışdır.
Mühacirət dövrü və müstəqillik illəri
Azərbaycan, həmçinin
Türkiyə ədəbiyyatşünaslığında
istedadlı şair Kərim Yaycılının
həyat və fəaliyyətinə dair bir sıra tədqiqat
işləri aparılmışdır.
Fikrimizcə, onun miras qoyduğu əsərlərdən biri
də "Türk birliyi" dərgisidir. Dərgini Azərbaycan mühacirlərinin həyat
və fəaliyyətinin,
istiqlal uğrunda mücadilə yolunun, işğala, Stalin rejiminə,
kommunist ideologiyasına
qarşı mübarizənin
aynası adlandırmaq
olar. Dərgidəki bədii, publisistik nümunələrin əksəriyyətinin
ideyası aktual, məzmunu təsirli, düşündürücü, sənətkarlığı mükəmməldir.
Dərgidə dərc
olunan bir əsəri - nəinki mühacirət irsində,
bütövlükdə Azərbaycan
nəsrində bənzərsiz
hesab etdiyimiz hekayəni oxucuların diqqətinə təqdim edirik. Müəllifi hələlik məlum olmayan hekayəni əsərin qəhrəmanı
qatarla Sibirə sürülən - repressiya
olunan bir soydaşımız yoldan Şimali Qafqazdan nəql edir...
Bir tren
yolçuluğu
Həyəcanla titrəyən qəlbimin
yaşartdığı gözlərlə
ayrılığın acı
və yaslı mənzərəsini seyr edirəm.
Titrək
əllərdə yaralı
bir göyərçin
çırpıntısını andıran ağ məndillər sallanır...
Trenin bir adı həsrət
qovuşdurandırsa, bizi
niyə tərsinə
aparır? Bu an aramızdakı
bir çox bəxtiyarlar yuvalarına yaxınlaşmaqdan doğan
sevinc və həyəcan
dəqiqələrini yaşayırlar.
Fəqət bizlər...
zavallı bizlər...
Ey qapqara kirli makina!
Öz içini yandıran atəşi söndürmədən başqalarının
həsrətini dindirən
zavallı Məcnun kimi fəryad edərək, issız (kimsəsiz - T.A.) çöllərdə
qoşarkən heç
düşündünmü ki, bu daşıdığın
yüzlərlə yolçunun
arasında bizim kimi əzəli qəriblər də var?
Gəl,
bu sıra dağların
sarı, mor görünüşünə
aldanıb şığıma!
Qayıt, səni qanlı papatya (çobanyastığı - T.A.) və lalələrlə bəzənmiş yollara götürüm.
Orada istiqlal günəşinin
doğmasını hələ
də ümidlə gözləyən Azərbaycan
qızlarının göz
yaşları ilə sulanmış sehrli güllər var.
Gəl,
qayıdaq, tren!
Orada Qafqaz dağlarının qarlı təpələrindən
axan şəlalə səslərinin ilahi musiqisini dinlərsən!
İnan
ki, bu an əski yırtıq səccadəsinə
yaşlı gözlərini
sürtən qara bəxtli analar ümidlə hələ də bizi gözləyir,
gəl, qayıdaq , tren!
Əgər sən bu xəstə qəribi onun qucağına yetişdirəməyəcəyini düşünürsən, esef
(peşmançılıq - T.A.) etmə!
Oraya varamadan ölürsəm belə, yaralı bağrımdan axan qanlarla süslü həsrət köynəyim
o ağsaçlı anamın
gözlərinə bir
şəfa olar...
Gəl,
qayıt, tren...
1937
Çərkəzköy
Abid
TAHİRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.11.