Həqiqi ədəbiyyatın qədirşünası
Böyük ədəbiyyat məbədinə qədəm qoyanda o
çox gənc idi, cəmi 23 yaşı vardı.
Beş illik Universitet təhsili
və üç aylıq Quşçu kənd orta məktəbində
müəllimlik təcrübəsi arxada qalmışdı.
Öndə isə ədəbiyyatşünaslıq elmimizin
çağdaşlıq duyğusu ilə yoğrulmuş, yeni
milli təfəkkürlə incələnmiş çətin
və mətin mərhələləri - geniş ədəbi
üfüqlər, uca zirvələr onu gözləyirdi...
Reallığın zaman və məkan əqrəbi 1976-cı
ilin yanvar ayını və Nizami adına Ədəbiyyat
İnstitutunu nişan verirdi. İlk ədəbi tənqidi məqalələrini
həmin il, baş laborant işlədiyi vaxtlarda, dövrün
ən nüfuzlu mətbuat orqanlarında dərc etdirmişdir.
"Konfliktsizlik" simfoniyasının sədaları
altında mürgüləyən ədəbi mühitin səmasında
"Həqiqi poeziyanın xətrinə" adlı tənqidi
yazı şimşək kimi çaxdı, göy gurultusunu
andıran dalğavari əks-sədaları gündəmə
çevrildi. "Nəşriyyatlarımızın
buraxdığı onlarca kitabda əsl poeziya ilə "nəzm"
arasındakı sərhədlər gözlənilmir. Oxucuya
şeir adı altında təqdim olunan qafiyəli, vəznli
söz yığını zövqləri korlayır" -
deyə ədəbi məmura qarşı etiraz
hayqırtısı qulaqlarda cingildədi.
Çoxlarının (elə bu sətirlərin müəllifinin
də!) yaddaşına əsl, həqiqi poeziyanın xətrini
istəyən, qədrini bilən, təəssübünü
çəkən gənc və istedadlı tənqidçinin
imzası həkk olundu - Şirindil Alışanlı!
Ötən yüzilliyin 70-80-ci illərində
Nizami adına Ədəbiyyat İnstitutunun qaynar ədəbi
mühitini formalaşdıran Mirzə İbrahimov, Məmməd
Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal
Talıbzadə, Bəkir Nəbiyev, Məmmədhüseyn Təhmasib,
Yaşar Qarayev, Kamran Dadaşoğlu, Arif Hacıyev, Qasım
Qasımzadə, Mirəli Seyidov, Qafar Kəndli, Azadə
Rüstəmzadə və b. görkəmli alimlərin
sıralarına gənc, coşğun, kükrəyən
dağ çayına bənzər yeni qüvvələr:
Vilayət Quliyev, Teymur Kərimli, Kamran Əliyev, Nizaməddin
Şəmsizadə, Zaman Əsgərli, Şirindil
Alışanlı və digər, eyni nəsli təmsil edən,
güclü ədəbiyyatşünaslar dəstəsi daxil
oldu.
Ş.Alışanlı təhsilini
davam etdirməyə,
elmi-nəzəri biliyini yüksəltməyə xüsusi
önəm verdi. Ədəbiyyat İnstitutunun göndərişi
ilə 1977-1980-ci illərdə Moskva şəhərində fəaliyyət
göstərən M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda elmi təcrübəyə yiyələndi,
dünya ədəbiyyatının
qanunauyğunluqlarını, tarixi-ədəbi prosesini, bədii
metod və ədəbi məktəblərini dərindən
araşdırdı və mənimsədi. Bakıya, doğma
instituta qayıtdıqdan bir müddət sonra bu elmi-tədqiqat
müəssisəsinin elmi katibi vəzifəsinə
seçildi və beş il (1982-1987) ona həvalə
edilmiş missiyanı şərəflə, ləyaqətlə
yerinə yetirdi...
Şirindil müəllimin "Mənəvi
sabahın sorağında", "Bədii
metodun tipoloji tədqiqi", "Milli realizmin
tipologiyası", "İşıqlı poeziya",
"Müasirlərimiz bədii ədəbiyyatda" və s.
elmi-nəzəri aspektdə yazdığı məqalələrini
hələ tələbəlik illərindən böyük
diqqət və maraqla oxusam da, özü ilə 1986-cı ilin
payızında şəxsən görüşüb
tanış oldum: ucaboy, şux qamətli, gülərüz,
zarafatcıl, qara, qalın saçlı, şümal bir
oğlan idi. O vaxt institutun elmi katibi vəzifəsində
çalışırdı və məni dissertasiya
mövzusunun təsdiqi ilə əlaqədar Elmi şuraya dəvət
etmişdi. Bir neçə yazımı "Ədəbiyyat və
incəsənət"də dərc etmiş və həmin qəzetin
şöbə müdiri işləyən Rəhim Əliyev
mövzu məsələsində qayğılandı,
haqqımda məlumat vermək üçün elmi katibə zəng
vurdu. Məlum oldu ki, Şirindil müəllimdə dissertant
haqqında geniş məlumatlar var... Elmi şurada mövzu ilə
bağlı ilkin məlumatlar təqdim edildikdən sonra
görkəmli ədəbiyyatşünaslar arasında ciddi
polemika baş verdi... Suallara dissertantın cavabları qaneedici
təsir bağışlasa da, nəticə bəlli
olmadı. İclasdan sonra elmi katib mövzunun təsdiq
olunduğunu bildirərək elmi işi sürətlə
yazmağı mənə tövsiyə etdi.
Sonralar Şirindil müəllimlə
tez-tez görüşdük, eyni institutda
işlədik, həmkarlıqdan əlavə uzaq səfərlərdə
yol yoldaşı olduq. Məhəmməd Füzulinin 500 illik
yubileyi münasibətilə 1994-cü ilin sentyabrında
Bakıdan Bağdada gedən nümayəndə heyətinin tərkibində
eyni avtobusla yola düşdük. Şirin, baməzə
söhbətləri yol yoldaşlığına unudulmaz məziyyətlər
əlavə edirdi. O, dərin biliyə,
dünyagörüşə malik, safürəkli, səmimi, səxavətli,
mərd, prinsipial şəxsiyyət idi. Onunla İraqın
Bağdad, Kərkük, Kərbəla, Nəcəf, Kufə
şəhərlərini ziyarət etdik, Məhəmməd
Füzulinin qəbri önündə, İmam Hüseyn Məscid-məqbərə
kompleksi qarşısında, Babil festivalında yadigar şəkillər
çəkdirdik. Tehran, Urmiya (1995) səfərlərimiz də
yaddaqalan xatirələrlə zəngin oldu.
Şirindil müəllim Azərbaycanın
müstəqilliyi ərəfəsində
- 1990-cı ildə ilk müstəqil yayın evini -
"Sabah" nəşriyyatını qurdu, təsis etdi.
Yaratdığı yeni müəssisəyə ad seçərkən
bəlkə də, 1977-ci ildə qələmə
aldığı, "Azərbaycan" jurnalında nəşr
olunan "Mənəvi sabahın sorağında" məqaləsinin
sərlövhəsi dadına çatıb. Bu üç kəlməlik
cümləni 34 il fasiləsiz fəaliyyət göstərən,
milli kitab mədəniyyətimizə peşəkarlıqla
xidmət edən "Sabah"ın manifesti də
adlandırmaq olar. Vaxtilə nəşriyyatlarımızın
yol verdikləri qüsurları, yanlışlıqları
aradan qaldırmaq, oxucuların zövqünü yüksəltmək
üçün daha müasir, məzmunlu, keyfiyyətli kitab nəşrini
təşkil etmək qayəsi, amalı onun çatmaq istədiyi
hədəflərdən idi.
"Çırpınırdı Qara dəniz" (1992),
"Tufanlardan keçən ömür" (1995) adlı ilk
kitablarım "Sabah" nəşriyyatının zəhməti
və qayğısı nəticəsində araya-ərsəyə
gəlmişdir.
Şirindil müəllim əsl
söz adamı idi, amma yersiz, mənasız
söz-söhbəti xoşlamazdı, sevməzdi. Sözü
bütöv, sözünün üstündə dayanan,
sözünün yerini bilən, sözün düzünü
deyən, düz sözü üzə deməyi bacaran,
sözün qədir-qiymətini artıran, sözün hikmətini
və estetikasını dəyərləndirən, onun
yaşamaq haqqını tanıyan söz sərrafı idi. Bu
ölçülü-biçili qənaətlərə gəlmək
üçün onun "Sözün estetik
yaddaşı" (1992), "Romantizm: mübahisələr, həqiqətlər"
(2000), "Sözün yaşamaq haqqı" (2022) adlı
fundamental tədqiqat işləri yetərincə əsas verir.
Yeri gəlmişkən, müəllif
qəlbinin hərarətini, alim ruhunun səmimiyyətini
özündə təcəssüm etdirən avtoqraflar
müxtəlif zaman kəsimində yazılsa da, hər birində
eyni ürək döyüntüsünün ritmi
duyulmaqdadır: "Əziz Asif Rüstəmli
üçün hədiyyə. 14.01.02. Ş.A.",
"Köhnə dostum, eloğlum Asif Rüstəmliyə hədiyyədir.
Ş.A. 04.05.2022", "Qarabağın ətrini, duzunu
özündə təcəssüm etdirən Asif Rüstəmliyə
hədiyyədir. Ş.A. 07.04.2023" və s.
Professor Şirindil Alışanlı
1992-2003-cü illərdə Azərbaycan Respublikası Prezident
Aparatı Humanitar siyasət şöbəsinin müdir
müavini, Nizami adına Ədəbiyyat İnstitutunda Nəşr
və mətn sektorunun müdiri, Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin böyük elmi işçisi, Tarixi
poetika şöbəsinin müdiri vəzifələrində
çalışmış, 2003-cü ildən
ömrünün sonunadək (14 mart 2024) - düz 21 il XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə
rəhbərlik etmişdir.
"Sovet ədəbiyyatı şöbəsi"
adı ilə bu qurum ilk dəfə Azərbaycan
Elmlər Akademiyası Rəyasət Heyətinin 15 oktyabr
1947-ci il tarixli (protokol №32) qərarı ilə
yaradılmış, şöbənin ilk rəhbəri
professor Mir Cəlal Paşayev təyin edilmişdir. Mir Cəlal
müəllim şöbənin 1947-51 və 1957-61-ci illərdə
müdiri vəzifəsində işləmiş,
üçcildlik "Azərbaycan ədəbiyyatı
tarixi" kitabının həmmüəlliflərindən
biri olmuşdur. Ondan sonra şöbəyə müxtəlif
vaxtlarda akademiklərdən Məmməd Cəfər Cəfərov,
Məmməd Arif Dadaşzadə, Bəkir Nəbiyev, o cümlədən,
Yəhya Seyidov, Qasım Qasımzadə, Arif Abdullazadə, Bədirxan
Əhmədli başçılıq etmişdir. Professor
Şirindil Alışanlıya qədər şöbənin
böyük tarixi ənənələri təşəkkül
tapmış, ədəbiyyatşünaslıq, ədəbiyyat
tarixi, ədəbi tənqid yönümündə
mühüm işlər görülmüşdür. Ş.Alışanlının
şöbəyə rəhbərlik etdiyi dövrdə on
cildlik Azərbaycan ədəbiyyatı tarixinin VII cildini (sovet
dövrü) əhatə edən əsas icmallar və
oçerklər yazılmış, Azərbaycan ədəbiyyatının
ədəbi-nəzəri problemlərinin
araşdırılmasına həsr olunmuş silsilə məcmuələr
("XX əsr Azərbaycan ədəbiyyatı məsələləri",
I-IV kitablar) nəşr edilmiş, janrlar üzrə
antologiyaların nəşrinə
başlanılmışdır. Poeziyaya həsr edilmiş ilk
dörd cild çap olunmuş, növbəti janrlar üzrə
tədqiqat işləri davam etdirilməkdədir.
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı
şöbəsində professor Mir Cəlalın bünövrəsini
qoyduğu, akademiklərdən - Məmməd Cəfər Cəfərovun,
Məmməd Arif Dadaşzadənin və Bəkir Nəbiyevin
davam və inkişaf etdirdiyi ənənələr prof. Ş.Alışanlının şöbə
müdiri olduğu son 21 il müddətində
formalaşdırılaraq daha da təkmilləşdirilmiş,
müstəqillik dövrünün məfkurəvi, mədəni,
mənəvi dəyərləri və meyarları nəzərə
alınmaqla zamanın çağırışlarına cavab
vermək əzmi, yaşamaq haqqı qazanmışdır.
Prof.
Şirindil Alışanlı böyük sözün,
canlı poeziyanın, həqiqi ədəbiyyatın əvəzsiz
xiridarı, bənzərsiz qədirşünası idi. Zaman
keçdikcə onun ədəbiyyatşünaslıq elmimizdəki
xidmətləri, ədəbiyyat tarixindəki uca və şərəfli
yeri daha aydın görünəcəkdir.
Asif
RÜSTƏMLİ
Ədəbiyyat qəzeti.-
2025.- 2 may, №15.- S.15.