Hüseyn Nihal Atsız Rüstəm Behrudi

yaradıcılığında Kür Şad obrazı

 

XX yüzildə türk milliyyətçiliyi fikrinin Ziya Göyalpdan sonra ən quvvətli təmsilçisi türkçü və turançı Hüseyn Nihal Atsızın "Bozqurdların ölümü" və "Bozqurdlar dirilir" əsərlərinin qəhrəmanı, adı tarixdə çox az çəkilən, lakin türk irqini kökündən qurutmaq, türkləri çinliləşdirmək istəyən Çin İmperatorluğuna qarşı 40 silahdaşı ilə üsyan edən Kür Şad qüsursuz, 1-ci qəhrəmandır. O, nə böyük ölkələr aldı, nə qanunlar qoydu, nə də kasıb əhalinin güzəranını yaxşılaşdırdı, tarixin hər hansı bir səhifəsində kiçik bir həyat məlumatı ilə yer alan Kür Şad çinlilərlə nisbətsiz çarpışmada düşmənin ürəyinə, ruhuna hücum etdi, onların ürəyində elə bir qorxu və dəhşət yaratdı ki, çinlilər Çində əsir olan bütün türklərin Türk obalarına göndərilməsindən başqa bir şey düşünmədilər və Kür Şadın üsyanından sonra bunu etdilər, türkləri çinliləşdirmək siyasətinə müvəffəq ola bilmədilər.

Heç bir tarixi qəhrəman Kür Şad kimi böyük bir məqsədlə, qorxmazlıq, igidlik və cəsarətlə öz yurdundan çox uzaqlarda əsiri olduğu bir məmləkətdə 40 nəfərlə ölümünü gözə alaraq çarpışmaya girməmişdir. Bu çarpışma qələbə ilə bitməsə belə, ən böyük qəhrəmanlıq olaraq türk millətinə əbədi şan və şərəf qazandırdı, türk millətinin tarixdən silinməsinin qarşısı alındı. Göytürklərin tarixini "Bozqurdların ölümü" və "Bozqurdlar dirilir" əsərlərində bədiiləşdirən Hüseyn Nihal Atsız Kür Şadı publisistik məqalələrində "cahan tarixinin ən böyük qəhrəmanı" və "ən böyük türk qəhrəmanı Kür Şad" adlandıraraq alovların, işıqların, mehtabların və yanardağların yanında parlaması və sönməsini düşən ulduzlara bənzədir, lakin bu düşən ulduzun işığı tarixin gedişini dəyişdirdi, qısa aydınlıqda Kür Şad və onun 40 nəfər yurd fədaisinin türk yurdlarının yenidən canlanması üçün etdikləri qəhrəmanlıqları əbədiləşdirdi.

Kür Şad yoldaşları öldürüldükdən sonra da köksündən, üzündən, boynundan qan axsa belə, məğlub olmaq istəmir, çarpışır, vuruşurdu, ölüm pərisinin onun əlinə verdiyi qədəhi gözünü qırpmadan içmiş, Kür Şad ölmüş, lakin qılıncı əlində atından yıxılıb düşməmişdi (1,s.356). Hüseyn Nihal Atsız tarixin bu qəhrəmanlıq anını bədii vasitələrlə o qədər canlı, obrazlı və təsirli əbədiləşdirmişdir ki, Kür Şad və onun 40 silahdaşının ruhunun Tanrı Dağından "daha nə qədər gözləyəcəyik?" söyləmələrinin bir həqiqət olduğuna inanmamaq mümkün deyil.

41 şəhidin ətrafına bir anda toplaşan yüz minlərlə şəhidin Tanrının hüzurundan əzəmətli və tükürpədici bir türkü oxuyaraq rəsmi keçidi kainatı titrətdi:

 

Dəlinsə yer, çöksə göy, yansa, kül olsa dörd yan,

Uca diləyə doğru yol gedirik hər zaman,

İldırımdan, borandan, qasırğadan qorxmayan,

Ölümlərlə əylənən tunc ürəkli Türklərik!

 

Kür Şad onun silahdaşlarının üfüqlərə baxaraq aylı-ulduzlu qızıl bayrağı gözlədiyi qədər Nihal Atsız da dünənki türk ellərində türklük ruhunu əriyib sönməyə qoymayan Kür Şad silahdaşları üçün abidə olmasını düşünür. Həmin abidənin önündə Kür Şada silahdaşlarına sayğı olaraq börk çəkmə geyinmiş, qılınc sadak taxmış türk gənclərinin dik addımlarla rəsmi keçidini, Kür Şadla yoldaşlarının yaralarından hələ qan axsa belə, gülümsəyərək salam aldıqlarını hər yerdən "yaxında gələcəyik" deyə, yüksələn haykırışlarını düşünür. Hüseyn Nihal Atsız Kür Şadın 13 yaşlı qızına atasının kəsilmiş başını göstərərkən göz yaşları içində "Yurd Şərəf üçün" deməsini qələmə almaqla bəşər tarixinə türklərin necə yurdsevər, şərəfli, qadınlarının belə kimsəyə baş əymədiyini göstərmişdir. Qəhrəmanlıq türk millətinin təbiətindədir.

Hüseyn Nihal Atsız "Cahan tarixinin ən böyük qəhrəmanı" məqaləsində yazır: "cahan tarixində, xüsusilə , Türk tarixində bir çox qəhrəmanlar olmuşdur, bunlardan bəzilərinin şöhrəti dünyanı tutmuş, kimisi böyük fəthlər etmiş, kimisi şanlı bir müdafiənin qəhrəmanı olmuşdur, lakin bu qəhrəmanlar böyük olsalar da, şəhvət hissi, şəxsi hissi, şəxsi uğurları üçün törətdikləri cinayətlər bəzilərinin qadınlara alət olaraq düşdükləri yanlışlıqlar olmasaydı, onlar bizim gözümüzdə daha böyük olacaqdılar. Kür Şad isə onların heç birinə bənzəmir, o cahan tarixinin birinci qəhrəmanıdır, Kür Şadda bu kiçikliklər yoxdur. Tarixdə heç bir qəhrəman Kür Şad kimi böyük bir məqsədlə, onun qədər şərtlər içində çarpışmamışdır. Hökmdarlara saraylardan kənarda sui-qəsdlər edənlər olub, lakin əsiri olduğu məmləkətin sarayına hücum etmək heç bir yerdə olmamışdır (3, s.20)". 40 adamla qüvvətli bir məmləkətin hökmdarına hücum etmək hər qırx qəhrəmanın edəcəyi deyil. Nihal Atsız Kür Şadın bu hərəkətini çılğınlıq adlandıranları qəhrəmanlığın demək olduğunu anlamayan, qəhrəmanlığa qiymət verə bilməyənləri "zavallılar" adlandırır, mənsub olduğu millətini qurtarmaq üçün həyatından keçərək torpağa düşməyin qartal kimi göyə yüksəlmək olduğunu yerdə zahifə kimi sürünənlərin anlaya bilməyəcəklərini bildirir.

Tarixin hər hansı bir səhifəsində ilişib qalmış bir neçə sətirlik məlumatdan türk millətini məhv olmaqdan qurtaran Kür Şadın böyük rolunu çıxara bilmək cox çətin bir işdir. Nihal Atsız bunu etmiş, türk milləti var olduqca öz xilaskarı olan qəhrəmanını nəsillərin tanıması üçün onun əbədiləşdirilməsini arzulamışdır.

Kür Şad hökmdar sülaləsindəndir, o özünün böyük planını yerinə yetirdikdən sonra taxtda otura bilərdi, qəhrəmanlığı hər zaman qiymətləndirməyi bilən türk milləti onu özünə Xaqan seçərdi, lakin Kür Şad bunu düşünmədi belə, yalnız milləti üçün, öz qanı bahasına başqasını taxta çıxartmaq üçün böyük savaşa başladı. Kür Şadın bu hərəkatı qalibiyyətlə bitməsə belə, o bugünkü türklərə əbədi bir şan şərəf qazandırmış oldu, Kür Şadın qəhrəmancasına hücumu olmasaydı, çinlilər türkləri çinliləşdirmək siyasətinə müvəffəq olacaqdılar.

Nihal Atsız "Bozqurdlar ölür, dirilir" kitabının son hissəsində yazır: "yağılar Kür Şadın igid başını gövdəsindən ayırıb Çin kağanına apardılar. Çin kağanı, bütün saray əhli ondan tir-tir əsmişdi. Bu titrəyişin səbəbi təkcə Kür Şad deyildi, həm onu yetişdirən bir xalq idi. Kür Şad öz ölümü ilə bütün xalqını köləlikdən, qorxudan qurtarmışdı". Bəli, qəhrəmanlıq türk xalqı üçün bir təbiət, fəzilət vərdişdir. "Qəhrəmanlar azadlıq uğruna ölürlər ki, azadlığı gələcək nəsillər üçün dirildə bilsinlər (1,s.5). Gələcək həyatı qorumaq yaşatmaq üçün özünü qurban verə bilmək fədakarlığı yalnız türklərə məxsus olan xüsusiyyətdir. Türk qadınlarının məğrurluğu isə tarixdən məlumdur. Kür Şadın ocağını sonadək söndürmək üçün çinlilər üsyandan sonra bütün şəhəri axtarmış, Kür Şadın həyat yoldaşı türk soyunun qorunması naminə 4 yaşlı oğlunu götürərək naməlum bir yerə çıxıb getmiş, Kür Şadın 13 yaşlı qızı evdə qalmışdı. Çinlilər atasının kəsilmiş başını Kür Şadın qızına göstərərək sağ qalmaq müqabilində bildiklərini söyləməyi təklif etmişdilər, lakin Kür Şadın qızı göz yaşları içində "Yurd Şərəf üçün" deyərək susmuşdur. Əslində bu 13 yaşlı qızın üsyandan xəbəri var idi. Hüseyn Nihal Atsızın əsərdə təsvir etdiyi bu səhnə türk millətinin nəinki igidlərinin, hətta qız uşaqlarının da qorxmaz, millətinə sadiq, məğrur hazırcavab olduğunu göstərir. Hüseyn Nihal Atsız "Bozqurdların ölümü" əsərinin bir bölməsində qeyd edir ki, çinlilər əsgər olmaq deyil, toxumaq, məhsul yetişdirmək filosof olmaq üçün yaradılmış yarımçıq adamlar idi, halbuki türklərin kiçik uşaqları belə, çinli əsgərlərdən daha yaxşı döyüş üsulları bilir, 8 yaşlı bir qız uşağı ox atmaqda, at minməkdə çinlilərdən daha üstündür (1,s.313). Göytürk üçün atın yəhərinin olub-olmamasının elə bir fərqi olmamışdır, bildikləri şey türk şərəfini qorumaq üçün silaha sarılmaq olmuşdur. Hüseyn Nihal Atsızın " Bozqurdlar ölür, dirilir" əsəri bir qəhrəmanlıq dastanıdır.

Kür Şadın üsyanı tarixdə geniş yer almasa da, bu hərəkət türklərin əsarət altında qalmayan bir millət olduğunu sübut etdi. Nihal Atsız "Bozqurdlar dirilir" kitabında yazır ki, Çin xaqanı bu hadisədən sonra qorxurdu, hələ gün batdıqdan sonra hər qaraltı, hər kölgə onu vahimələndirir, uğursuz üsyançılardan birinin qaranlıqlar içindən çıxaraq yay gərib ox atdığını düşünürdü. Çin xaqanı bu qədər böyük bir gurultunun 41 nəfərlə salındığına inana bimirdi. Bu üsyançılar qədər çılğın olurlarsa-olsunlar, 300-dən çox Çin əsgərini öldürmək böyük bir şəhərə bu qədər qorxu sala bilmək üçün, hər halda ən azı bir neçə yüz nəfər olmalıydılar (1, s.359). Öz doğma şəhərlərində nəinki çınlı əhalini, hətta Çin xaqanını belə vahiməyə salan Kür Şad hərəkatı əslində məğlub olmamışdı, türklərin Çinin içərisində qalmaqla onlara təhlükə olduqlarını anlayan Çin xaqanı onun tərəfdaşları türklərin yenidən əski yurdlarına göndərilməsini qərara almışdılar. Bu gün tarixdə bir epizod olaraq qalan Kür Sad hərəkatını dərindən təhlil etsək, Kür Şad onun 40 silahdaşı XXI əsrdə dünyanın hər yerinə səpələnmiş türk millətinin xilaskarı, onun yer üzündən silinməsinin qarşısını alan qəhrəmanlardırlar. Kür Şad 40 qəhrəman tarix səhnəsində epizodik rol alsalar belə, Hüseyn Nihal Atsızın "Bozqurdların ölümü" "Bozqurdlar dirilir" romanlarında bu qəhrəmanlar adlarına dastanlar yazılacaq türk igidləri olaraq təsvir edilir. Kür Şadın ömür-gün yoldaşı türk qadınlarının simvoludur, hətta onu yaşadıqları obanın ruhu adlandırırlar. Kür Şad üsyanından sonra türk soyunu qorumaq üçün dörd yaşlı oğlunu götürüb qaçan ana bütün olacaq təhlükələri sovuşdurmaq üçün dörd yaşlı uşağa hər şeyi unutdurmaq, o qədər unutdurmağa çalışırdı ki, hətta ona danışmağı belə qadağan etmiş, illərlə, son nəfəsinə qədər özünün, övladının kim olduğunu oğlundan gizləmiş, onu böyüdüb ər kişi etmək üçün yaşamışdı. Bir gün Ötükənə, o mübarək yerə dönəcəyinə ürəyində həmişə ümid işığı olmuşdur.

Hüseyn Nihal Atsız "Bozqurdlar dirilir" romanında yazır: "Öldüyüm zaman soyuyub donmuş ürəyimi yarıb açan olsa, ordakı qığılcımı görər. O qığılcımın üstündə Ötükənin xəyalı da vardır!" Əsərdə nəinki türk igidlərinin vətəninə, millətinə bağlılığı, sədaqəti, hətta Kür Şadın ömür-gün yoldaşının timsalında bütün türk qadınlarının öz millətinə ər igidlərinə sədaqəti fədakarlığı diqqət mərkəzindədir. Üsyana gedərkən Kür Şadın həyat yoldaşına verdiyi Bozqurd soyunun tilsimli bıçağını illərlə göz bəbəyi kimi qoruyaraq oğluna vermiş, yalnız ölüm yatağında olarkən bütün sirləri oğluna danışan, xaqan soyundan olan oğlunu çinlilərdən qorumaq üçün 13 yaşlı qızını qurban verən, övladlarının həqiqi adlarını unutmağa özünü məcbur edən qadın yalnız Türk qadını ola bilərdi. Kür Şadın oğlu fəxrlə daşıdığı bu bıçağın ilk Türk xaqanı Bumun Kağandan qaldığını, üzərində Bumun Kağanın adının damğasının həkk olunduğundan anasının bu sirri açana qədər məlumatı olmamışdır. Kür Şadın xatunu türk igidlərindən at çapmaqda, ox atıb, qılınc oynatmaqda geri qalmayan türk qadını olaraq oğluna nəsihət verir: "Kağan olmaq haqqı ola-ola atan bu haqdan vaz keçərək vuruşdu, əgər sən atana layiq oğul olmaq istəyirsənsə Bozqurd soyundan olduğunu kimsəyə söyləmədən yaşa. Bayrağımızın Qurdbaşlı dirəyi Ötükəndə dikilincəyə qədər vuruş".

Hüseyn Nihal Atsızın "Bozqurdların ölümü", "Bozqurdlar dirilir" romanlarını şifahi xalq ədəbiyyatının dastan janrının qəhrəmanlıq növünə aid etmək olar, burada həm nəsr, həm nəzm hissələri vardır. İgidlərin qəhrəmanlığı nəsrlə təsvir olunduğu kimi, Qara Ozanın Kür Şad onun üsyandan sonra sağ qalan yoldaşlarının Vey çayını keçməsi üçün Çin qoşununun qarşısına çıxaraq, gecənin qaranlığında, yağışın altında qopuz çalıb özünü oxumağa məcbur etməsi, Kür Şad 40 igidin son halını nəzmlə ifadə etməsi romanın, həm qəhrəmanlıq dastanı olmağına heç şübhə doğurmur.

 

Bozqurd bizim ünümüz,

Qırx əsgərdi varımız,

Şan qoludur dünümüz,

Düşüb qaldı yarımız.

Yetincə son günümüz

Baş qoyacaq yerimiz

Başdan çıxan son olur.

Qara yerlə daş olur.

Qara Ozan, söz üzün,

Fəryadı çox qopuzun,

Bir-bir andıqca, gözün

Qanlı-qanlı yaş olur.

 

Hüseyn Nihal Atsız türk millətinin tarixini misralarında canlandıran, türk duyğusunun demək olduğunun açıqlamasını verən türkçü bir şairdir. O, mahir bir şair kimi şeirlərində türk igidlərinin qəhrəmanlıq fəlsəfəsini yaratdı: "Qəhrəmanlıq yalnız bir yüksəliş deməkdir, ulduzlar kimi parlayıb sönməməkdir.... Bunun üçün ölümə bir atılış deməkdir. Atıldıqdan sonra da bir daha dönməməkdir". Kür Şad məhz belə qəhrəmanlardandır.

Hüseyn Nihal Atsızın fikri yazıları, hekayələri, tarixi romanlarından başqa türk gəncliyi üzərində ən təsirli ədəbi məhsulu şeirləridir. Atsızın şeirlərində dastanların böyük təsiri vardır. Bir çox epik şeirlərində türk dastanlarının qəhrəmanlarının isminin yer aldığını görürük. Yurd vətən anlayışları Atsızın şeirlərində önəmli bir yer tutur. Vətən deyilən torpaqlar şəhidlik mərtəbəsi ilə anlam qazanır.

 

Şehidlerden elli milyon bekçisi olan,

Aşılmaz bir kayadır bu ebedi Vatan.

 

Atsıza görə, Türk tarixi özü bir qəhrəmanlıq şeiridir.

 

Türk tarihi denilen kahramanlık şiirini,

Yeniden yazmak için harcayacağın kandır.

 

Hüseyn Nihal Atsız həyatı ideal uğrunda bir savaş adlandırır.

 

Savaş türküleriyle aylı kızıl bayrağı,

Kefensiz ölülerin ruhunu özleyen var.

 

Atsız qəhrəmanlığı qəhrəmanları, şəhidləri qaziləri ən uca məqamda görür, şəhidlik mərtəbəsini qəhrəmanlıq fədakarlığın ən böyük göstəricisi ən üstün mövqe bilir. 

Türk tarixinə son dərəcə vaqif olan Hüseyn Nihal Atsız şeirlərində gənclərə milli ruhu milli şüuru aşılamaq üçün Kül Tekin, Tonyukuk, Mete, Atilla, Alparslan, Çağrı Bəy, Kılıçarslan Kür Şad kimi milli qəhrəmanlardan söz açır. O, qəhrəmanca yaşamağı bir həyat biçimi, yaşama tərzi olaraq görür, amma bu qəhrəmanlıq şan-şöhrət, zənginlik qazanmaq üçün deyildir. "Kahramanlar can verir, yurdu yaşatmaq için."

Vətəni vətən edən adı olmayan şəhidlərdir, onlar şan-şöhrət düşünməz, adsız qalmağa üstünlük verərlər. Bəlkə Hüseyn Nihal Atsız da bunun üçün Atsız soyadını seçmişdir.

 

Ebedi yiğit!

Adı yok şehit!

Kefenin: Vatan...

Tabutun: Cihan...

 

Nihal Atsız şeirlərində yaşamağın bir həyat tərzi olduğunu göstərdiyi kimi, yaşamağın bir vəzifə yerinə yetirmək olduğunu da gənclərə aşılayır, yalnız zövq əyləncəyə görə yaşayanların həyatının heyvanların həyatından fərqlənmədiyini bildirir.

 

Hiç düşündünmü niçindir yaşamak?

Bir görev yapmak içindir yaşamak.

Er kişiysen görevin neyse, başar

Zövke, eğlenceye hayvan da koşar.

 

Hüseyn Nihal Atsızın qəhrəmanlıq, vətənpərvərlik ruhunda yazılmış şeirlərinin fövqündə bir Tanrı Dağı durur, Tanrılar tanrılaşanlar dağı. O Tanrı Dağı ki, orda Kür Sadın yenilməyən ruhu dolaşır 13 əsrdir ki, türkləri gözləyir.

 

Ulu Tanrı! Kür Şadın yenilmeyen ruhunu

Yüce Tanrı Dağında daha bir az barındır!

Gelecegiz yakında! Yarın bütün oralar

Demir bileklerdeki çelik kılıçlarındır!

 

Bu şeirin başqa bir bəndində:

 

Yurt ve şeref uğrunda sen seril de toprağa

Varsın hecbir dudakta anılmasın er adın!

Kan sızarak gögsünden huzuruna varınca

İstirabı dinecek belke o gün Kür Şad`ın.

 

Kür Şadın ruhu Tanrı Dağında dolaşaraq yol gözləyir, Tanrı Dağına gedən yol isə çətin yoldur, çünki o yol müqəddəsdir, çətin yollarsa qəhrəmanlarla aşılır.

 

Yufka yüreklilerle çetin yollar aşılmaz,

Çünki bu yol kutludur, gider Tanrı Dağına.  

 

Atsızın qəhrəmanları savaş meydanlarında vuruşduğu kimi, Atsız da söz meydanında ömrünün əlli ilini savaşmış, bir gün öz ruhunun da Tanrı Dağında yol gözləyən ruhlara qovuşacağına inanırdı:

 

Arzularım bir okdur, aşar ulu dağları,

Düşdüyü yer uzakda "Dilek" adlı bir saray.

O sarayda bulunca tanrılaşan erleri 

Artık gözüm arkaya bir daha dönməyəcək

Hepsi sussa da Kür Şad uzadarak əlini:

"Hoş geldin, oğlum Atsız, kutlu olsun", deyecek.

 

Türkdilli ədəbiyyatımızın böyük şairi, fikir düşüncə adamı Rüstəm Behrudi yaradıcılığında da Kür Şad obrazı xüsusi yer tutur. Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Rüstəm Behrudini "Türk ruhunun keşikçisi adlandırır" (4, s.35). Akademik İsa Həbibbəyli "Bütövlük genişlik" məqaləsində yazir: "Rüstəm Behrudi üçün Vətən anlayışının sərhədləri Azərbaycandan Altaylara qədərki məsafələri ifadə edən geniş bir məfhumdur. Onun içində böyük Turan sevdası yaşayır. O, Turana Vətən deyir, "bir ucu günbatan, biri gündoğan olan bu böyük coğrafiyanın şeirini yazır".

Son yüz ilin Azərbaycan şeirində Rüstəm Behrudi yaradıcılığında olduğu qədər heç bir sənətkarın əsərlərində türk dünyasının taleyi bu qədər dərinlikdə genişlikdə öz əksini tapa bilməmişdir.

 

Göy Tanrı, Qara xan, Oğuz, Güntəkin

Tənəsi içdiyim bir anddan gəlir,

Mənim ruhumdakı bu üsyan, qiyam

Tanrıqurt Metedən, Gürşaddan gəlir.

 

Hüseyn Nihal Atsızın yaradıcılığında Kür Şad obrazı at belində qılınc oynadan, böyük imperiyaya qarşı üsyan edən, öləndən sonra da atının üstündə dimdik dayanan tarixi bir qəhrəmandırsa, Rüstəm Behrudi yaradıcılığında mənəvi-ruhi varlığın bütövlüyün rəmzi kimi çıxış edir. Şairin nəzərində Kür Şad onu yerlə-göylə bağlayan, müqəddəslik nümunəsi ola bilən, sevgi azadlıq haqqındakı mətləblərini ifadə edən ümumiləşmiş bir obrazdır. Kür Şad, geniş mənada, Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətidir. Kür Şad Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz uca ruhun ideal obrazının poetik ifadəsidir. Kür Şadın adının əksər məqamlarda Tanrı Dağı ilə birlikdə çəkilməsi bu obrazı böyük ideallarının təcəssümü kimi ilahiləşdirmək - müqəddəsləşdirmək mənalarını ifadə edir.

Özünü Kür Şadın ruhu adlandıran Rüstəm Behrudi gecələr Tanrı dağında gəzən şəhid ruhlarının onu rahat buraxmadığını, yurd yerlərində sönən ocaqların külünə inandığını "Şaman duası" şeirində dilə gətirir:

 

Ağacın yarpağına,

gülünə inanıram,

yurd yerində dayanıb,

sönən ocaqların, mən

içində qor saxlayan

külünə inanıram.

 

Şair bir gün bu inandıqlarının, içində qor saxlayan külün atəşə çevriləcəyini görmək istəyir, şairi danışdıran içində gəzdirdiyi ruhlardır:

 

Dil açıb danışan mən deyiləm, yox!

Heç zaman qəbrinə sığmayanların

Ruhudu, danışır mənim dilimcə!

 

Rüstəm Behrudi içində yaşatdığı ruhların bir gün onu Tanrı dağına, "Qızıl alma"ya aparacağına inanır.

 

Səni and verirəm içilən anda,

Girmişəm tabuta, ruhum soyuma,

Məni gözləyən var Tanrı dağında

Mənimlə getməsən, məni qoyma.

 

yaxud:

 

Tanrı dağdan kimdi baxır?!

Dərdinin ahı darıxır,

Gürşadın ruhu darıxır,

Dur, gedək "Qızıl alma"ya.

 

Rüstəm Behrudinin ruhunda bir Turan sevdası var. O, Turana Vətən deyir, gündoğandan günbatana böyük coğrafiyada Kür Şadın, Bilgə Xanın, İltərişin ruhunun dolaşdığını, bu ruhların arxasında yurd, Turan sevdalılarından ibarət bir ordu olan "gözü göydən mavi, ağzı atəş kimi bir qurdu", "Mənə üz tut yurda ocaq qurana, Turan deyib Boz qurd kimi durana, sonun yoxdu çevrilməsən Turana-Vətən!" deyən şairi gözlədiklərini Rüstəm Behrudinin şeirlərində görürük.

 

Turan - Tilsimi biziynən açılacaq bir ölkə,

Turan - Ruhu sözlərimdə çırpınan bir məmləkət!

 

Kökünə, soyuna türklüyünə ruhən bağlı olan Rüstəm Behrudi türk irqini məhv olmaqdan xilas edən Kür Şadın ruhunu içində gəzdirərək "istəyinin arxasınca getmək, kökünə dönmək üçün yalvarır:

 

Səni and verirəm qolça qopuzun

Bitib tükənməyən ölməz dərdinə,

Məni öz əslimə, kökümə qaytar,

Qaytar "Bay gölü"ndə təmizlənməyə,

Məni Urmiyada, Savalandakı,

Ulu Altaydakı kürkümə qaytar.

 

yaxud:

 

Çin səddində Gürşadam,

sufiyəm, dərviş...

Tanrı dağda Bilgəyəm,

Ötükəndə İltəriş.

 

Rüstəm Behrudi "Tanrı dağdan əsən rüzgar" şeirində yazır:

 

Tanrı dağdan əsən rüzgar,

Əs, keç, zaman dolmadan...

Gürşaddan masallar anlat,

Xəbər ver "Qızıl alma"dan...

 

Tanrı dağından əsən küləkdən xəbər gözləyən şair "Qızıl alma"nı ulaşılacağı xəyal belə edilməyəcək bir işiq, bir nur adlandırır və deyir: "Nə qədər ki, ona can atacağıq, biz ölməzik! Digər tərəfdən də, igidləri "Qızıl alma"ya doğru getməyə, Vətənin də Turan olmasına səsləyir:

 

Nə yatmısan, oyan, igid,

Bir vaxt ola-olmaya...

Səsimə səs ver, dur gedək,

Dur, gedək "Qızıl alma"ya.  

 

Hüseyn Nihal Atsız Rüstəm Behrudi yaradıcılığında vətənpərvərlik mövzusu prioritet təşkil edir, vətənpərvərlik mövzusunun ana xətti isə Türkçuluk Turançılıqdır. Azad düşüncəyə, fərqli təfəkkürə türkçülük ideyalarına sadiqlik hər iki mütəfəkkirin yaradıcılığında parlaq şəkildə özünü göstərir. Rüstəm Behrudi yaradıcılığında hər şeyə - ota, ağaca, gülə-çiçəyə, insana bütövlükdə cəmiyyətdə olan hər şeyə fəlsəfi bir baxış var, bu fəlsəfi baxış sözlərdə öz poetik ifadəsini tapır. Şairin yaradıcılığında vətənpərvərlik mövzusu Kür Şad Bozqurdun fövqündə əks olunur. Önündə Bozqurd gedən orduların Tanrı dağda gözü yolda olan Kür Şada doğru yol alması Rüstəm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın qayəsidir. Türk millətinin tarixin dolaylarında hansı yollardan necə keçdiyinin, türk millətini məhv olmaqdan xilas edən Kür Şadın xalqa tanıdılmasında Türkün 1300 illik tarixini bilən Hüseyn Nihal Atsızın istər şair, istərsə nasir kimi qədər böyük rol oynadığı danılmazdır. Hətta cənazə mərasimində belə cansız yatanın Atsız deyil, türk milliyyətçiliyinin bir dövrü olduğu söylənilmişdir. Hüseyn Nihal Atsız Rüstəm Behrudi yaradıcılığını təkcə Kür Şad obrazı deyil, hər iki mütəffəkirin yaradıcılıqlarının əsasını təşkil edən Türkçülük, Turançılıq "Qızıl alma"ya qovuşmaq ideologiyası birləşdirir. Professor Ahmet Bican Erculasun Əli bəy Hüseynzadə, Ziya Göyalp, İsmayıl Qaspıralı, Yusif Akçuranı şaman nəvəsi, Rüstəm Behrudini isə zamanlar üstündə yaşayan bir şair, ağzı dualı bir şaman nəvəsi adlandırır.

 

Hicran ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2025.- 2 may, ¹15.- S.18-19.