Mahmud Kaşğari türkçülük məfkurəsi:

Azərbaycandan baxış

 

"Divanü Lüğat-it-Türk"-950

 

"Divanü Lüğat-it-Türk" kitabı

 

türk dünyasının dilçilik xəritəsi,

türk-müsəlman dünyasının birinci

ensiklopedik lüğətidir.

 

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti, akademik

 

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan "Ulusu sevmək fənni" kitabında yazır: "Türklərdə milli kimlik anlayışı tarixən müxtəlif aşamalardan keçir. İlk mərhələ 1072-1074-cü ildən etibarən, yəni Mahmud Kaşğarinin "Divan"ından başlayır". Əli bəy Hüseynzadənin 1905-ci ildə yaratdığı düşüncə dalğası, 1920-25-ci illərdən Ziya Gökalpın "Türk törəsi" "Türk mədəniyyət tarixi" kitablarında davam etdirildi" (Azər Turan.  "Ulusu sevmək fənni". Bakı: Elm təhsil, 2025).

Məfkurə - fikir, düşüncə, görüşdür. Məfkurə - hər millətin öz varlığını dərk etməsi idrakdır. Məfkurələr millətlərin vicdanından doğur. XI yüzillikdə yaşamış Mahmud Kaşğari (1029-1126) elm aləmində "Divanü Lüğat-it-Türk" əsəri ilə məşhurdur. O, türk dillərinin ilk sözlüyü sayılan bu əsərini 1077-ci ildə yazıb bitirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğarinin türklərin qarşısında ən böyük xidməti odur ki, onların varlığını təxminən, min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir. M.Kaşğari lüğəti ərəb dili qrammatikası üslubunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən , ərəblərə türk dilini öyrətmək olmuşdur. M.Kaşğari qaraxanlılar sülaləsinə məxsus bir şahzadə olmuşdur. O, Buğra xanın altıncı nəslindəndir. "Divanü Lüğat-it-Türk" ("Türk dillərinin divanı") əsəri türk millətinin şanlı, şərəfli bir abidəsidir. Ərəblərin türk dilini öyrənməsi məqsədilə yazılmış bu əsər türk dili ədəbiyyatının ilk ana qaynağı özülüdür. "Divan" Qaraxanlılar mühitində dövlət idarə dili sayılan türk dilini öyrənmək zərurəti ehtiyacından yaranmışdır.

XI əsrdə Mahmud Kaşğarinin ərəb dilində yazdığı "Divanü Lüğat-it-Türk" ("Türk dillərinin qamusu") türk dilini, türk mədəniyyətini, türk folklorunu, türk adət-ənənələrini, türk etnoqrafiyasını, türkün milli-mənəvi dəyərlərini, coğrafiyasını, tarixini, iqtisadiyyatını, psixologiyasını, sosial münasibətlərini nəhayət, türkün milli kimliyini ərəblər arasında yaymağa türkü tanıtmağa xidmət edirdi. "Divan" ərəblərin türk dilini öyrənməsi arzusu ilə yazıldığına görə, burada şərh izahlar ərəbcə, söz, ifadə bədii örnəklər isə türk dilindədir. Türkcə kəlmələr ərəb lüğətçiliyi ənənələri əsasında düzülmüş, tərtib edilmişdir. Bununla belə "Divan" adi bir lüğət kitabı deyil. Bu sözlük XI yüzilliyə qədər keçib gələn türk dili, ədəbiyyatı, tarixi, coğrafıyası s. elmlərinin ensiklopediyasıdır.

Akademik İsa Həbibbəyli Mahmud Kaşğari, "Divanü Lüğat-it Türk" Xalid Səid Xocayevin orijinaldan tərcüməsinin "Ön söz"ündə yazır: "Divanü Lüğat-it Türk" kitabı türk-müsəlman dünyasının birinci ensiklopedik lüğətidir", "Divanü Lüğat-it Türk" Türk dünyasının ilk elmi qrammatikası, birinci ədəbiyyat antologiyası, qədim tarixi zəngin coğrafiyasıdır, "Divanü Lüğat-it Türk" türk dünyasının qızıl elmi açarıdır, İntibah mədəniyyətinin isbatı, Türk xalqlarının çoxcildlik ortaq dilçilik, tarix, ədəbiyyat, coğrafiya etnoqrafiya ensiklopediyasıdır.  "Divanü Lüğat-it Türk" kitabı türk dünyasının dilçilik xəritəsidir, "Divanü Lüğat-it Türk" dünya Türkologiya elminin şah əsəridir, təməl kitabıdır.

Azər Turan "Ulusu sevmək fənni" kitabında yazır: "Müasir türkologiyada  Xalid Səid imzasının daha qabarıq göründüyü iki mühüm istiqamət var: M.Kaşğari "Divan"ının ilk tərcüməsi Krımda, Türküstanda, Azərbaycanda latın qrafikasına keçid hərəkatının gerçəkləşməsi yolunda fəaliyyəti. Xalid Səid Xocayev Kaşğari "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, "Divanü Lüğat-it Türk" ün türkşünaslığın çağdaş prinsipləri baxımından ilk izahı, elmi tərcüməsini yaradıb". (Azər Turan. "Xalid Səid Xocayev - şəhid türkşünas". Bakı, 2009).

Özbək alimi, professor Baltabayev yazır: "Azərbaycan alimi Azər Turan "Xalid Səid Xocayev - şəhid türkşünas" adlı bir kitab yazmışdır. 1937-ci ildə Xalid Səidin əsərləri məhv edilsə , qızı Bəhicə xanımın xatirələri əsasında müəllif onun elmi portretini yaratmışdır". (Azər Turan. "Ulusu sevmək fənni". Bakı: Elm təhsil, 2025,  s.251).

"Divanü Lüğat-it Türk"ün Xalid Səid Xocayev tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin əlyazması AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli tərəfindən 2024-cü ildə tapılıb yeni nəşrə hazırlandı (Akademik İsa Həbibbəyli. "Mahmud Kaşğari, "Divanü Lüğat-it Türk" Xalid Səid Xocayevin orijinaldan tərcüməsi"nin "Ön söz"ü").

Professor Nadir Məmmədli "Divan" Xalid Səidin tərcüməsində" "Ön söz"ündə yazır: "Ümid yalnız bu bağlamalara qalırdı. Sonuncu ölən ümidlərdir! Bəli, "Divan"ın Dilçilik İnstitutunda olması ehtimalları düz çıxdı. 2021-ci ildə Dilçilik İnstitutuna direktor təyin edildiyim ilk vaxtdan akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışı uğurla nəticələndi. Düz 86 ildən sonra kəm taleli kitabın bəxti açıldı. "Şəhid bir alimin sahibsiz qalmış elmi mirası"nın tapılma tarixi məhz o gündən başlandı - 19 yanvar 2023-cü il. Qəzet məqalələrində, çıxışlarında "Divan"ın məhz Dilçilik İnstitutunda olduğunu söyləyən ciddi axtarış aparmağı dəfələrlə məndən xahiş edən Azər Turana dərin təşəkkürümü bildirirəm".

"Belə... Nəhayət, sirli seyfin tilsimi qırılır... Bu kitaba görə qanına qəltan edilmiş, bu kitaba görə edam olunmuş, bu kitaba görə taleyi dərbədər olmuş bir insanın - Türk elminin nakam şəhidi Xalid Səid Xocayevin çiləli ruhu 86 ildən sonra 1937-ci ilin qanlı çarmıxından endirilir..." (Azər Turan. "Ədəbiyyat qəzeti", 15 aprel, 2023).

Eyni zamanda Azər Turanın 2008-ci il 12 sentyabr "Ədəbiyyat qəzeti"ndə "Bu dünyada bir Xalid Səid vardı", 2008-ci il 14 noyabr "Ədəbiyyat qəzeti"ndə "Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət" adlı məqalələri çap olunmuşdur.

M.Kaşğari "Türk dilinin nəhvi" adlı ayrı bir əsər yazmış, amma çox təəssüf ki, bu əsər əldə yoxdur. Hər iki əsər təsdiq edir ki, M.Kaşğari eyni zamanda türk dili qrammatikasının ilk müəllifıdir, ilk dialektoloq xalq ədəbiyyatı nümunələrini yazıya alan ilk folklorçu olmuşdur.

M.Kaşğari türkün onun dilinin gələcəyinə inanırdı. Bu dilin ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin gözəl olduğunu inamla bəyan edirdi.

"Divan"dan görünür ki, XI yüzillikdə türk dillərində on mindən artıq söz işlənilmişdi... Əlbəttə ki, bu sözlər alınma deyil, türk dilinin özünəməxsus sözlərdir. Böyük bir imperiyanın dövlət dili olan türk dilində alınma sözlər yox deyildi. Müəllifin belə sözlərə üz tutmaması "Divan"ın ərəblərin türk dilini, məhz türkün ana sözlərini öyrənmək arzusu ilə yazıldığından irəli gəlirdi.

"Divanü Lüğat-it-Türk"ün Azərbaycan nəşrinə yazdığı Ön sözdə kitabın tərcüməçisi tərtibçisi prof. Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri - ensiklopedistlərini - Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. "Divanın digər ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfı "Mühakimət ül-lüğəteyn" əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir şair Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqribən, 8 əsr qabaqlamışdır". Kononov, Malov, Kraçkov, Juze başqaları lüğətin tərcüməçiləri deyil, tədqiqatçıları olmuşdur (Ramiz Əsgər. Mahmud Kaşğari onun "Divanü Lüğat-it-Türk" əsəri. Bakı, 2008).

M.Kaşğari yazır ki, "Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq münasibdir. Dərdini söyləmək türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur". Mahmud Kaşğarinin bir fikri çox vacib əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb fars dillərinin ədəbi dilimizi qəliz izafətlərlə, yabançı sözlərlə doldurulmasının təhlükəsini çox öncədən görürdü. Bir hədisdə isə deyilir ki, "Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm" - deyir (Anar. Türkçülüyün banisi. "Ədəbiyyat qəzeti", 05.03 2018).

Türklük təəssübü, türkçülük ideyası beş ortaq abidəmizdə Orxon yazılarında, "Kitabi-Dədəm Qorqud"da, "Divanü Lüğat-it-Türk"də, Yusif Balasaqunlunun "Qutadqu-bilik" poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində bu ya digər dərəcədə öz ifadəsini tapmışdır. Amma bu ideya ən ardıcıl şəkildə, həm konkret linqvistik, etnoqrafık, tarixi folklor materiallarına əsaslanaraq Mahmud Kaşğarinin ölməz kitabında əks olunmuşdur. Odur ki, bu böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik (Anar. Türkçülüyün banisi. "Ədəbiyyat qəzeti", 05.03 2018).

Divanda üç yüzdən artıq dördlük formasında yazılmış şeir parçası öz əksini tapmışdır. M.Kaşğari bu şeirlərin haradan necə toplandığını bildirməklə yanaşı, onlara xüsusi məna verirdi: "Mən bu kitabi əlifba tərtibində hikmətli sözlər, səslər, məqaləlar, qoşuqlar, rəcəz nəsrə dair ədəbi parçalarla bəzədim".

Habelə müəllif, "Dastan"da Alp Ər Tonqa İsgəndərlə bağlı əfsanə rəvayətləri qələmə almış, şeir şəkilləri, vəzn, istiarə məcazlar barəsində müəyyən mülahizələr irəli sürmüşdür.

Bəzi tarixi hadisələri M.Kaşğari şəxsən görmüş onlara dair bədii örnəkləri öz əsərinə daxil etmişdir. Yabğularla (vəliəhd) qaraxanlılar arasında baş verən döyüş buna nümunə ola bilər. Lüğətdə həmin döyüşlə səsləşən şeirlər vardır:

 

Budraç yenə qudurdu,

Alplarım ayırdı.

Ordusun yenə qaldırdı,

Gəlmək üzrə toplaşır.

Dan atanda yürüyəlim,

Budraç qanın istəyəlim,

Basmıl bəyin yaxalım,

İndi igidlər toplansın.

 

Bu dördlüklərdə adiçəkilən Bəkə Budraç yabğuların sərkərdəsi olmuş qaraxanlılarla döyüşlərin birində Aslan Təkin tərəfindən əsir alınmışdır. Şübhə yoxdur ki, M.Kaşğari bu savaşı görməmiş deyil.

"Divan"da manilərin müəllifı, əlbəttə ki, bəlli deyil. Onların çoxunun naməlum şair ozanlar tərəfindən yazılmasını inkar etmək olmaz. M.Kaşğari bu şeir müəlliflərindən fəqət Çuçu adlı birisinin adını çəkmişdir. Heç şübhə yoxdur ki, "Divan"da olan şeirlərdən bəziləri Çuçuya məxsus olmuş, onun qələmindən çıxmışdır.

Şeirlərin böyük hissəsi dördlüklərdən ibarətdir bunların da əksəriyyəti 4-3 bölgülü yeddiliklə yazılmışdır.

"Divan"da dördlüklər qoşma şəklində qafıyələnir. Daha doğrusu, şeirin üç misrası həmqafıyə, dördüncü misranın qafıyəsi isə bütün bəndlərdə təkrarlanır. Dördüncü misrada olan ortaq qafıyə - ayaqlı qafıyə ilə bir-birinə bağlanır.

Dördlüklərin çoxunda savaş, döyüş ovqatı öz əksini tapmışdır.

Türk şeirinin ən əski örnəyi Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıda onun ölümündən türk ellərinin kədərlənməsi, yasa batması göz yaşları ilə qələmə alınır. Ağı başdan-başa dördlüklərdən ibarətdir. Şair bu yenilməz türk bahadırının ölümünü "dünyanın pozulması" kimi mənalandırır, keçmiş günləri xatırlayaraq göynəyir, alışıb yanır. Alp Ər Tonqanın ölümünü ümumxalq matəmi kimi mənalandırır.

Əlinə qopuz alıb oxuyan ozan bu acı mənzərəni seyrə dalaraq ona şeirlər qoşmuş, ulu xaqanın ölümünə qəlbən acımışdır:

 

Alp Ər Tonqa öldümü, 

Yaman dünya qaldımı?

Zaman öcün aldımı,

Artıq ürək yırtılır.

 

Fələk fürsət gözətti,

Gizli tuzaq uzattı,

Bəylər bəyin şaşırttı,

Qaçsa necə qurtulur?

 

Ağıda Alp Ər Tonqanın gözəl insani keyfiyyətləri səmimiyyətlə xatırlanır. Xaqanın qonaqsevərliyi, igidliyi yağı ilə çarpışmasından yana-yana danışan ozan onun ölümünü qatı, soyuq qışda xalqın ümidsiz qalması kimi anlayır. Alp Ər Tonqanın yoxluğu ilə sanki türk ellərinin ümidi, pənahı qırılmışdır:

 

Qonaq doyuran idi,

Düşmən püskürtən idi,

Boynun tutub qıran idi,

Ölüm basdı, yerə çaldı.

Qalxışardı böyük işlərə,

Süfrə vururdu aşlara,

Qatı, soyuq qışlarda

Xalqı ümidsiz qoydu.

 

"Divan"dakı dördlüklərdə təbiət, baharın ürəkaçan mənzərələri ilhamla vəsf olunmuşdur. Baharın gəlişi, təbiətin canlanması, qarların əriməsi, ağacların çiçəklənməsi, mavi buludların göy üzündə qayıq kimi üzməsi, yer üzünün yaşıl donunu geyməsi kimi mənzərələrin tərənnümü xoş ovqat yaradır:

 

Qar-buz hamısı əridi,

Dağ suları axışdı,

Mavi bulud ötüşdi,

Qayıq kimi salmır.

Türlü çiçək yarıldı,

İpək döşək sərildi,

Cənnət yeri görüldi,

Soyuqlar geri gəlməz.

 

"Divan"da maldarlıq ovçuluğun tərifi, sevgi şeirləri, nəsihətamiz misra beytlər vardır. "Dedim-dedi" rədifli şeirlər isə türk ədəbiyyatında ilk deyişmə kimi qiymətləndirilə bilər. Bu baxımdan qış ilə yazın deyişməsinə həsr edilmiş dördlüklər çox maraqlıdır. Üç dördlük yazın, üç dördlük qışın dilindən verilir. Bir-birinin yaxşı pis sifətlərini sayan, bir-birinə qarşı çıxan yaz ilə qış deyişir, mübahisə aparır. Qışa görə, insan heyvanlar qışda dincəlir, aram tapır, ilan-çayanlar isə yazda baş qaldırır. Yaza görə isə yoxsullar qış soyuğundan üşüyür, gözəl səsli quşlar ancaq yazda ötüşür:

 

Qış yaza qarşı söylər,

Ər, at mənimlə sərtləşir,

Xəstəliklər sağalır,

Ət bədən bərkiyir.

Səndə qopar çayanlar,

Sivri sinək, ilanlar.

Minlərcə, on minlərcə

Quyruq dikib yürüşür,

Çayır quşu səndən qaçar,

Qırlanqıçlar məndə durar,

Bülbül dadlı-dadlı ötər,

Erkək, dişi ötüşər.

 

(Əliyar Səfərli, Xəlil Yusifli.

Qədim orta əsrlər Azərbaycan

ədəbiyyatı tarixi.  2008, 696 s.)

 

"Divan"da bütün dördlüklər axıcı, təbii canlı bir dildə yazılmışdır. Türk şeir şəkillərinin təşəkkül tarixini izləmək üçün "Divan"da verilən bu şeirlər böyük əhəmiyyət kəsb edir.

M.Kaşğari türk ləhcələrini təsnif edərək onları iki yerə ayırır: xaqaniyyə və oğuz ləhcələri. Xaqaniyyə Kaşğar, Balasaqun şəhərləri və Qaraxanlılar dövlətinin dilidir. Oğuz ləhcəsi isə oğuz, qıpçaq, yemək, peçeneq və bulqar türklərinin ləhcəsi sayılırdı.

M.Kaşğarinin "Divan"ı ortaq abidə kimi bu gün də bütün türk xalqları tərəfindən sevilir, öyrənilir, haqqında elmi araşdırmalar aparılır.

O da diqqətəşayandır ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Mahmud Kaşğari olmuşdur və "Divan"da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan da "ərzi Azərabadqan" şəklində göstərilir.

M.Kaşğarinin "Divan"ı ortaq abidə kimi bu gün də bütün türk xalqları tərəfindən sevilir, öyrənilir, haqqında elmi araşdırmalar aparılır. Bu əsər bir daha təsdiq edir ki, yüzilliklər boyu türk xalqlarının dili, ədəbiyyat və mədəniyyəti müştərək olmuş, vahid ədəbi-tarixi ənənə və qaynaqlara əsaslanmışdır.

2024-cü il dekabrın 13-də Fransanın paytaxtı Parisdə türk dünyasının ən qiymətli kitabı Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olundu. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəldilər. UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Daimi nümayəndəliklərin birgə təşkilatçılığı ilə "Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: "Divanü Lüğat-it-Türk"ün 950-ci ildönümü" mövzusunda beynəlxalq konfrans uğurla keçirildi.

Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən olan "Divanü Lüğat-it Türk"ün 950 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyindən, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açdı.

UNESCO Baş direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko konfrans iştirakçılarını salamladı. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə türk dünyası deyil, həm də qlobal mədəni irs üçün böyük əhəmiyyətini vurğulayaraq, "Divanü Lüğat-it-Türk"ü türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırdı.

 

Yeganə İSMAYILOVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 2 may, ¹15.- S.20-21.